“Qrafoman”
Polşada
525-ci Qəzet/ 04.12.2010
Bu günlərdə Polşada,
Vroslavın “ATUT” nəşriyyatında tanınmış yazıçı Əjdər Olun
“Qrafoman” adlı hekayələr kitabı nəşr olunub. 10 hekayənin
daxil olunduğu kitabın tərcüməçiləri, son illər
Azərbaycan-Polşa ədəbi əlaqələri, tərcümə və qarşılıqlı
mübadilə sahəsində diqqətəlayiq işlər görmüş Vüsalə
Mustafayeva, Sonya Piriyeva və Helena Karetinadır. Kitabın
Azərbaycan tərəfindən redaktoru Agnieszka Raczka, Polşa
tərəfindən isə tanınmış polyak ədəbiyyatşünası Maciej
Zalewskidir. Nəşriyyatın direktoru Witold Podedwornydır.
Nəşrin koordinatoru “Dünya ədəbiyyatı” jurnalının baş
redaktoru Səlim Babullaoğludur. Kitabda müəllif haqda
müfəssəl avtobiqrafik məlumatla yanaşı “Tənqid.net”
jurnalının baş redaktoru, doktor Tehran Əlişanoğlunun
Əjdər Ol haqqında yazısından fraqment, habelə müəllif
haqqında “İzvestiya” (Rusiya), “Orta Doğu” (Türkiyə) kimi
ciddi nəşrlərdə yer almış rəylərdən parçalar
yerləşdirilmişdir. Kitabdakı tərcümələr “Dünya ədəbiyyatı”
jurnalının “Azərbaycan ədəbiyyatını təbliğ proqramı”
çərçivəsində hazırlanmışdır. Səlim Babullaoğlu bizimlə
söhbətində bildirdi ki, Əjdər Olun kitabının Polşada uğur
qazanacağına inanır. Onun fikrincə, Aşağı Sileziyanın
mərkəzi olan Vroslav, Varşava və Krakov kimi bütövlükdə
Polşanın mədəni-intellektual mərkəzlərindən biridir: “Bu
şəhər Tadeuş Rujeviçin, Urşula Kozelin şəhəridir. Bu
şəhərin sakinləri Polşanın ən çox mütaliə edən insanları
sırasındadırlar. Əjdər Olun kitabı isə çağdaş nəsrimizi
xaricdə təmsil etməyə layiq olan dəyərli kitabdır. Onun
Milli Kitab Müsabiqəsinin əsas qaliblərindən olması faktı
ilk əvvəl bizim naşirlərlə danışıqlarımızda əhəmiyyətli
rol oynadı. Sonradan, onlar əsərləri oxuyanda bizim
seçimimizin təsadüf olmadığını dəfələrlə təsdiq elədilər.
Ədəbiyyat tariximiz üçün bir maraqlı fakt da məhz bu
şəhərlə bağlıdır. Hələ 1948-ci ildə böyük şairimiz Səməd
Vurğunun şeirlər kitabı da məhz bu şəhərdə nəşr olunub.
Ümumiyyətlə, ATUT nəşriyyatı, onun rəhbərləri milli
ədəbiyyatımıza sayğı duyurlar və bu çox vacibdir.
Nəşriyyat təkcə Polşanın deyil, ümumavropa mədəni
həyatında aktiv iştirak etməyə çalışır, demək olar bütün
regional, beynəlxalq kitab yarmarkalarında iştirak edir.
Düşünürəm, bu kitabın populyarlaşmasında az rol
oynamayacaq”. Kitabın tərcüməçilərinin kitab haqqında
maraqlı təəssüratları və fikirləri var, onlardan parçaları
diqqətinizə çatdırmağı lazımlı bilirik. Məsələn, Vüsalə
Mustafayeva deyir: “Əjdər Olun əsərləri zəmanəmizin
reallıqlarını göstərir, belə əsərlər çox olsa, yaxşı olar.
Bu əsərləri oxuyanda gülüşlə kədərin sərhədində hiss
edirsən özünü, elə həyatdakı kimi. Məsələn, “Fa...”
hekayəsindən ağlımda ilişib qalan adı bir cümlə: “..hamının
qonşuluğunda, tanışlardan, qohumlardan qaçqın və ya köçkün
ailəsi yaşayır, çətin vəziyyətdə, haradasa, hansısa
daxmada, vaqonda, baxçada sıxışıb közərən ümidlə yaşayır...”
Əsərləri oxumağa başlayanda dayanmaq olmur, lakin
tərcüməyə keçəndə bu artıq adekvat çətinlik deməkdi. Milli
mədəniyyati, reallıqları, gözəl ata sözlərimizi,
deyilişləri polyak oxucularına daha dəqiq, onların bütün
gözəlliklərini, düzgün mənaları saxlayaraq çatdırmaq
gərəkdir. Əlbəttə, bunun üçün biz çalışmışıq da. Düzdü,
bəzən çətinliklərlə üzləşirdim – dini, mədəni, etnik
fərqlər milliyyətlərimiz çox ayrıdı, lakin çalışdım polyak
oxucusu bizi özü qədər anlasın. Hər halda, Əjdər Ol sadə,
hamının anladığı dildə yazır. Bu onu xalqa daha yaxın edir,
xalqın dostuna, sözçüsünə çevirir. Problemləri əsərlərdə
əks etdirmək, pislikləri danmamaq, insanları düşündürmək
lazımdır. Bu lazımlı, faydalı, gələcək nəslin
formalaşmasına təsir edəcək amildir. Bu layihədə iştirak
etdiyim üçün çox şadam, buna görə Səlim Babullaoğluna
təşəkkürümü bildirirəm” Sonya Piriyeva deyir: “Bu kitabda
4 hekayə tərcümə etmişəm. Hər birisi mühüm sosial
problemlərə toxunur. Məsələn, “Hərbi-səhra komandiri”
hekayəsində müharibə dövründə hərbi hissələrin vəziyyəti
göstərilir. Burada Komandirin, əsgərlərdə vətənpərvərlik
hissini güclədirmək əvəzinə, günlərini şənlənmək,
yeyib-içməklə keçirtdiyi əks olunub. “Ölümlə zarafat”
hekayəsi real bir hekayədi. Hətta orada personajların adı
dəyişdirilməyib. Bu əsərdə insanların ölüm qarşısında olan
zaman özünü necə aparmaları, situasiyada özlərini faş
etmələri ustalıqla göstərilib. “Şər Nizi” hekayəsində isə
insanların pula görə nəyə gedə biləcəklərini, nə üsullara
əl ata biləcəkləri əks olunub. “Qəbulda” hekayəsində isə
insanların müharibədən sonrakı vəziyyəti göstərilir. Bir
sözlər ədəbiyyatın məqsədi insanı olduğu kimi göztərmək
bacarığıdı və müəllif buna yüzə-yüz nail olub. Bu bizim
tərcüməsındə iştirak etdiyimiz ikinci antalogiyadı. İlk
dəfə biz polyak yazıçıların əsərlərini Azərbaycan dilinə
tərcümə etmişdik. Çox sevindirici haldır ki, artıq ikinci
kitab işıq üzü gördü. Bu kitablar Azərbaycan və Polşa
xalqının yaxınlaşmasına, bir birimizin mədəniyyətini daha
da yaxından tanımağımıza imkan yaradır. Ümid edirəm ki, bu
bizim son layihəmiz deyil...” Digər tərcüməçi Helena
Karetinanın fikri belədir: “Əsəri, kitabı oxumamışdan
əvvəl, hər bir oxucunun təsəvvüründə onun obrazı yaranır.
Əsərin adı da, sözsüz ki, burada ən vacib rol oynayır.
Əjdər Olun polyak dilinə çevirdiyim “Qrafoman” hekayəsi bu
müəllifin ilk oxuduğum əsəriydi. Bir tərəfdən, əsasən
mənfi mənada işlədilən və hətta psixiatriyada müəyyən
psixiki pozulmanın simptomlarından biri sayılan
“qrafomaniya” termini müsbət emosiyalar doğurmamışdı.
Digər tərəfdən isə, bu ad böyük maraq – qrafomanın kim
olduğunu bilmək istəyini oyatmışdı. Məşhur rus yazıçısı
Anton Çexov əsərlərində “balaca adam” anlayışı yaradıb.
“Balaca adam” – milyonlardan biri, digərlərdən seçilməyən,
axınla gedən, həyatını sanki əvvəlcədən hazırlanmış
şablonla yaşayan insan deməkdi. Hekayə-portret janrında
yazılmış əsərində isə Əjdər Ol böyük ustalıqla və
təkrarolunmaz yumor duyğusu ilə “balaca yazarın” surətini
yaradıb. Olun “qəhrəmanı” özünü yazar hesab edən, ədiblər
arasında dolaşan, əslində isə çoxsaylı qrafoman kütləsinin
bir vahidi olan “balaca” yazardır. Müəllifin dili
zənginliyi ilə seçilir, o, frazeologiyalar, dialoqlar kimi
ifadə üsullardan bol-bol istifadə edir və mən tərcümədə də
bu xüsusiyyətləri birəbir ötürməyə çalışmışam. Baş
qəhrəmanın adından yazılmış hekayədə Əjdər Ol bizi müasir
Azərbaycan ədəbiyyat aləminə daxil edir, incəsənət
xadimlərinin üzləşdiyi problemlərə toxunur. Əsərdə eləcə
də, Azərbaycanın siyasi və ictimai həyatında son iyirmi il
ərzində baş vermiş əsas hadisələr öz əksini tapır”.
Kitabın redaktorlarından biri olan Agnieszka Raczkanın
fikri də maraqlıdır: “Polyakların bir çoxu üçün Azərbaycan
az tanınmış ölkədir. Onun paytaxtı, Bakı şəhəri əsasən
“Bahardan əvvəl” tanınmış polyak hekayəsinin qəhrəmanı,
Tsezarı Barıka ilə assosiasiya edilir – bu hekayədə
əhvalatlar başqa şəhərlərdə və eləcə də Bakıda baş verir.
Beləcə, polyaklar Azərbaycanı ədəbiyyat ilə assosiasiya
edirlər, lakin bu doğma ədəbiyyatdır, çünki polyak
oxucular Azərbaycan yazıçılarının yaradıcılığı ilə, demək
olar ki, heç tanış deyillər. Bu vəziyyətdə Əjdər Olun
hekayələr toplusu polyak oxucularını Azərbaycan nəsri ilə
tanışlığı üçün əla fürsət olacaqdır. Toplu bir neçə qısa
və fərqli tematikalı əsərlərdən ibarətdir. Onların sadə və
plastik dili oxucunu Azərbaycanın reallığına aparır,
müasir eləcə də keçmiş reallığa. Qorxmadan demək olar ki,
müəllif Azərbaycan ruhunu tam anlayır. Başqa mədəniyyətlə
maraqlanan oxucular üçün burada bir çox anlar var. Məncə,
bu kitabın mütaliəsi müstəsna dərəcədə maraqlı təcrübə
olacaq”. Təxminən bir ay əvvəl Əjdər Olun Ankarada
kitabının nəşri ilə bağlı yazılar, əsərlə bağlı müsbət
resenziyalar dərc etmişdik. O vaxt müsahibəsində Əjdər Ol,
əsərlərinin xaricdəki nəşri ilə bağlı olduqca təvazökar,
bir qədər də soyuqqanlı fikirlər söyləmişdi. Demişdı ki,
başqa dilə çevirilmək, oxucu miqyasını genişləndirmək hər
bir qələm sahibinin arzusu olsa da, yaradıcı kimi onun
üçün öz ölkəsində, doğma dilin hüdudlarında daha çox
tanınmaq istəyi olub: “Düzdü, nəsr kitablarının başqa
ölkələrdə çıxması hər halda məni istiləndirir, amma əgər
həmin yazılar vətəndə xoş qarşılanıbsa, bu isə daha
vacibdi, kənarda da oxunacaq, çünki insan elə hər yerdə
insandır”. Biz isə öz növbəmizdə müəllifi təbrik edir, ona
yeni yaradıcılıq uğurları, daim genişlənməkdə olan oxucu
coğrafiyası arzulayırıq.
GÜNEL
Əjdər Olun kitabının
məmnuniyyətlə oxunacağına inamım tamdır
525-ci Qəzet/ 06.11.2010
Bu günlərdə Türkiyədə, Ankaranın məşhur “Bengü”
nəşriyyatında tanınmış yazıçı Əjdər Olun “Komutanın
maymunu” (“Hərbi səhra komandirinin meymunu”) adlı
hekayələr kitabı nəşr olunub. 11 hekayənin daxil olunduğu
kitabın tərcüməçisi tanınmış türk yazıçısı və tərcüməçisi,
son illər müasir Azərbaycan Ədəbiyyatında davamlı və
maraqlı tərcümələr edən İmdat Avşardır. Nəşriyyatın və
kitabın genel yayın yönətməni Avrasiya Yazarlar Birliyinin
sədri Yaqub Dəliöməroğlu, nəşrin koordinatoru “Dünya
ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğludur.
Kitabda müəllif haqda müfəssəl avtobioqrafik məlumatla
yanaşı “Tənqid.net” jurnalının baş redaktoru, doktor
Tehran Əlişanoğlunun Əjdər Ol haqqında yazısından fraqment,
habelə müəllif haqqında “İzvestiya” (Rusiya), “Orta Doğu”
(Türkiyə) kimi ciddi nəşrlərdə yer almış rəylərdən
parçalar yerləşdirilib. Kitabdakı tərcümələr “Dünya
ədəbiyyatı” jurnalının “Azərbaycan ədəbiyyatını təbliğ
proqramı” çərçivəsində hazırlanıb. Səlim Babullaoğlunun
sözlərinə görə, Əjdər Olun eyni proqram çərçivəsində başqa
ölkələrdə də kitabları nəşrə hazırlanır və artıq Polşada
“Qrafoman” kitabı çap olunub, rus, gürcü, çex, ukraynalı
naşirlər və tərcüməçilərlə danışıqlar gedir.
Oxucularımız üçün maraqlı olacağını düşünərək, İmdat
Avşarın kitaba giriş yazısını, həmçinin Əjdər Olla yığcam
müsahibəni diqqətinizə çatdırırıq.
Əlinizdəki kitab Azərbaycan ədəbiyyatına 1980-ci illərdə
daxil olan və o illərdən bu günə qədər yazdığı şeir və
hekayələrlə, elədiyi tərcümələrlə diqqətləri öz üzərində
cəmləyən Əjdər Olun Türkiyə türkcəsində nəşr olunan ilk
kitabıdır.
Əjdər Ol 1980-ci illərdə ömrünü tamamlamağa və tarixin
qaranlıq dəhlizlərində qeyb olmağa başlayan Sovetlər
Birliyinin son illəri ilə müstəqil Azərbaycanın ilk
illərinə şahidlik edən bir sənətçi. Bu səbəblə bəhsə mövzu
olan illər Əjdər Olun hekayələrinin Ana Vətəni sayıla
bilər. O eyni zamanda yaşadığı dövrdəki ağrılı ictimai
hadisələri, köklü siyasi, iqtisadi, sosial dəyişiklikləri
və bu dəyişmə dalğasının sahilə vurub atdığı insanları
həqiqi sənətkarlara xas bir duyarlıq və böyük diqqətlə
sərf-nəzər edərək yazan bir yazıçıdı. Onun bu kitabı
dövründə baş verən gerçək hadisələrdən, həmin hadisələrin
şahidi, iştirakçısı olmuş insanlar haqqında müəllifin
vaxtında yazılmış hekayələrindən ibarətdir. Azərbaycanın
gənc və istedadlı şairi, dostum Səlim Babullaoğlunun
tövsiyə və təqdiri, təşkilatçılığı nəticəsində Türkiyə
türkcəsinə qazandırdığımız bu kitabda yer alan hekayələr,
son 20 ildə qardaş Azərbaycanda baş verən hadisələri
yaxından izləyən oxucular üçün həm də tanış, həm də
realist mənzərələr təklif edəcəyinə şübhəm yoxdur.
Qardaş Azərbaycan xalqının XXI əsrin astanasında yaşadığı
iki böyük sarsıntı var.
Bunlardan birincisi, müstəqilliyə gedən yolda yaşanan
qanlı 20 yanvar hadisələri, ikincisi isə müstəqillikdən
həmən sonra yaşanan, Azərbaycan xalqını dərindən sarsıdan
və təsiri hələ də davam edən Qarabağ Savaşı. Bu
hadisələrin birincisi zəfərlə, ikincisi vətən
torpaqlarının işğalı, minlərcə şəhid, yüz minlərlə
Qarabağlı türkün sürgünü və kədərli bir sonla
nəticələnmişdir. Heç şübhəsiz, varlığına yönəlmiş
təhdidlər və ağır məğlubiyyətlər,faciələr, millətlərin
ruhunda, zəfərdən daha köklü,daha dərin izlər buraxır.
Dastanlarımızın qaynağının millət kimi yaşadığımız
faciələr olmasının başlıca səbəbi də budur. Bu səbəblə,son
illərdə Azərbaycan ədəbiyyatına yön verən-ən usta
qələmlərdən ən gənc yazarlara qədər bütün yazıçıların,
sənətkarların əsərlərində ən çox dilə gətirilən baş mövzu
Qarabağ Savaşı, xüsusən bu savaşın yaratdığı dramatik
nəticələr olmuşdur.
Əjdər Olun realist bir təhkiyə və naturalist bir müşahidə
içindən süjetə dayalı olmayan, gerçək hadisələri və
insanları anladan hekayələrində bəhs etdiyimiz tarixi
dönəmlərdə və bu dönəmlərdə yaşanan faciələlərlə dolu
ictimai hadisələrin arxa planına, hakim bir zirvədən və
geniş bir pəncərədən baxmaq mümkündür.Bir tarixi dövrün
inşa ettiyi qaranlıq arxa planin önündəki səhnədə isə
Əjdər Olun bəzən dramatik, bəzən tragedik, zaman-zaman isə
mizahi bir üslubla ələ aldığı, böyük dəyişiklik dalğasıyla
sərt qayalara çırpılıb sahilə atılan Azərbaycan insanı,
insanları vardır.
Kitabda yer alan “Hərbi səhra komandirinin meymunu”, “Qəbulda”,
“Usta Yusifin kamançası”, “Namiq Abdullayevin axırı”,
“Börüsoy” və “Fa” kimi hekayələr son illərdə Azərbaycanda
yaşanan fəlakətlər və ictimai dəyişikliyin doğurduğu
sosial hadisələrə ədəbiyyat cəbhəsindən tutulan aynanı
xatırladır. “Hərbi səhra komandirinin meymunu” adlı əsərdə
bir müharibənin arxasını xırdalayan yazar“Qəbulda” və “Fa”
əsərlərində o müharibənin cəmiyyətdə əks olunuşunu, fərqli
insan sifətlərini göz önünə gətirir. Yazıçı “Usta Yusifin
kamançası” və “Börüsoy” hekayələrində oxucuya 70 il sonra
çökən vərdiş olunmuş bir sistem yerinə qurulan yeni
qaydalara əməl etməyə çalışan insanların düşdüyü qəribə
mənzərələri göstərir. Bu hekayələr eyni zamanda Əjdər Olun
içində yaşadığı toplumu,o toplumun insanlarını və
problemlərini bir sənətkar ustalığı və məsuliyyəti ilə
ədəbiyyat aynasından gələcək nəsillərə əks etdirdiyi,
ötürdüyü önəmli miras və əsərlərdir.
Əjdər Ol əsərlərində real həyatdan aldığı qəhrəmanları
fərqli yönləriylə işləməkdə olduqca bacarıqlı bir hekayəçi.
Yazıçı “Şər Nizi”, “Qrafoman”, “Qatillə görüş”
hekayələrində işlədiyi tiplər ilə “Namiq Abdullayevin
axırı”, “Ölümlə zarafat” və “Börüsoy” adlı hekayələrində
gerçək adamları, dəyişən ictimai davranış qəlibləri və
insan psixologiyalarını da çox təsirli bir dil və üslub
ilə təqdim edir. Hekayələrində dil və üslub baxımından da
uğurlu bir mənzərə təklif etməsi, Azərbaycan ədəbiyyat
tənqidçilərinin də dediyi kimi “ənənəvi qəliblərlə bərabər
çağdaş və dinamik Azərbaycan türkcəsinə vaqif olmasıyla”
bağlıdır.
Onun 2010-cu ilin may ayında yekunlaşan bir çox məşhur
Azərbaycanlı yazarın da qatıldığı Milli Kitab
Müsabiqəsinin əsas qaliblərindən biri olması da bütün
deyilənləri sübut edir.
Son 20 ildə iqtisadi anlamda sosializmdən kapitalizmə
keçən, siyasi mənada isə Sovetlər Birliyindən qopub
müstəqillik qazanmış bir ölkə kimi Azərbaycanda ağrılı
keçid dövrünü və bu dövrdəki Qarabağ Savaşını yaşayan,
içində yaşadığı toplumu və insanları son dərəcə dəqiq
müşahidə edən, əsərlərində ictimai problemləri uğurlu
şəkildə dilə gətirən Əjdər Olun Türkiyədə nəşr olunan ilk
kitabının məmnuniyyətlə oxunacağına inamım tamdır.
Bu kitabın hazırlanmasında və nəşrində əməyi keçən
Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu,
“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, azərbaycanlı
dostumuz Səlim Babullaoğlu, “Qardaş Qələmlər” dərgisi
redaksiya heyəti üzvü Ömər Küçükmehmetoğlu və çevri
çalışmaları sırasında mənə yardımçı olan oğlum Manas
Avşara təşəkkürümü borc bilirəm.
Əjdər OL: “Üzlərdəki
mimikaları oxumaq kitab oxumaq kimidir”
– Əjdər müəllim, əvvəllər
də xaricdə, müxtəlif jurnallarda və dillərdə şeir və
hekayələriniz çap olunub. Amma indi təxminən eyni vaxtda –
Polşada və Türkiyədə kitablarınız işıq üzü gördü. Özü də
siz bir neçə il əvvələ qədər daha çox şair ampulasında
təqdim olunurdunuz Azərbaycan ədəbi mühitində. İndi isə
ciddi nasir kimi Avropa oxucusu ilə təmasa girirsiniz.
Təəssüratınızı və düşüncələrinizi bilmək maraqlı olardı.
– Bəri başdan onu deyim ki, yaradıcı olaraq mən həmişə öz
ölkəmizdə, öz dilimizin hüdudlarında daha çox tanınmaq
istəmişəm. Düşünmüşəm ki, özününkünün işinə yarayan
haçansa başqalarına da lazım ola bilər. Əlbəttə, başqa
dilə çevirilmək, oxucu miqyasını genişləndirmək hər bir
qələm sahibinin arzusudur. Amma şeirin tərcüməsi getdikcə
məni vurur. Xüsusilə də ciddi ölçüləri – vəzni, qafiyəsi,
milli ruhu olan şeirin. Sərbəstdə, verlibrdə yazılmış
poetik nümunələrin işi bambaşqadır. Onların çevrilməsi elə
böyük çətinliklər yaratmır.
Şeirlərimə baxıram, düşünürəm, deyəsən bundan sonra
onların hansısa dilə çevrilməsindən (türk dilinin
qollarından başqa) vaz keçəcəyəm. Məncə, şairinki öz eli,
öz vətənidir. Onu da deyim ki, haçansa başqa dillərdən
şeirin anlamının nəsr şəklində tərcüməsinin vacibliyinin
zamanı gələcək, görərsiniz. Nəsr kitablarımın başqa
ölkələrdə çıxması hər harda məni istiləndirir. Görək
tutacaqmı?!
– Son illər sizin portret hekayələriniz çox ciddi ədəbi
mükalimələrə səbəb oldu. Bu janra müraciətiniz nə ilə
bağlı idi?
– Mənim üçün janr sərhədi yoxdur, bütün janrlarda yazmağı
sevirəm. Hətta janrsız da özümü ifadə edirəm. Bu hekayələr
isə yaddaşımın yazılarıdır, bir janrlıq deyil. Deyəsən,
çox güclü yaddaşım və müşahidə duyumum var. Uşaqlıqdan
bəri kimi ilk dəfə harda, haçan, hansı rəngdə, hansı dəbdə
olan paltarda görmüşəmsə, eləcə yadımda qalıb. Maraqlı bir
epizod, əhvalat baş veribsə, müdrik, duzlu-məzəli deyim
səslənibsə, hamısını yığıb-yığışdırmışam. Mənim
diqqətimdən yayınmaq müşkül məsələdir. Ona görə də
tanıdıqlarımı köklü-köməcli tanıyıram, bildiklərimi yaxşı
bilməyə çalışıram. Mənim yanımda deyilən qiymətli söz
havaya uçmur. Üzlərdəki mimikaları oxumaq kitab oxumaq
kimidir. Duyduqlarımı bəzəyib-düzəmədən, heç nə uydurmadan,
arıdıb, təmizləyib uc-uca calayanda bu hekayələr alınır.
Əgər həmin yazılar bizdə xoş qarşılanıbsa, kənarda da
oxunacaq. İnsan elə hər yerdə insandır.
– Milli Kitab Müsabiqəsinin əsas qaliblərindən biri kimi,
ədəbi müsabiqə və mükafatlar, dəyərləndirmə institutları,
bu mənada bizdə çatışan və çatışmayan məqamlar haqda
düşüncələrinizi bilmək istərdik.
– “Milli kitab mükafatı” ədəbi mühiti xeyli silkələdi.
Mükafat şirin şeydir, azlığından-çoxluğundan,
böyüklüyündən-kiçikliyindən asılı olmayaraq qalibi
ruhlandırır. Ciddi və layiqli mükafat ölkənin durumuna,
siyasi, iqtisadi, mədəni səviyyəsinə bağlı məsələdir.
Güclü təşkilatlanmış mədəni qurumlar, ədalətli mükafat
bölgüsü apara bilər. Özbaşınalıqda, “mənəm-mənəm”likdə,
dostbazlıqda münsifin münsifə ehtiyacı olur. Mükafat həm
də çox güclü təbliğat vasitəsidir. Qiymətləndirmə
aksiyaları genişləndikcə mənəvi yüksəlişimiz artacaq.
2010-cu ildən müstəqil Azərbaycanın Dövlət mükafatları
verilməyə başladı. Bu ölkəmizdə mükafat institutunun
güclənməsinə, təkmilləşməsinə səbəb ola bilər.
İmdat AVŞAR
Şair Əjdər Olun Müstəqil
İnformasiya Agentliyinə (mia.az) esklüziv müsahibəsi
-
Şair kimi populyarlaşan Əjdər Ol necə oldu ki, nəsr
əsərləri-hekayələr, Namiq Abdullayev, Əlisəmid Kür
haqqında ədəbi portretlər, pyeslər yazmağa başladı? Şeir
öldümü?
- Yox, ölmədi. Ədəbiyyatda janr formadan başqa bir şey
deyil. Əsas özünüifadədir. Özünüifadə də bütün formalarda
ola bilər. Yazıçı bütün janrlarda risk etməyi bacarmalıdır.
Mən qəzəl də yazmışam, heca şeiri də, sərbəst şeir də.
Bütün janrlar mənə doğmadır. Kimsə bir janrda əla yazır,
eləsi də var ki, bir neçə janrda o ortaya fərli şey qoya
bilmir.
- Bəs nəsrə niyə keçdiniz?
- Qafiyəsiz də danışmaq olar. Mən öz şeirlərimdə də ədəbi
fakturaya əsaslanmışam. Mənim şeirlərimdə dramaturji
detallar var. Fakturasız əsər isə əsər deyil. Düzdür,
təxəyyül də lazımdır və vacibdir. Lakin təkcə təxəyyüllə
uzağa getmək olmaz. Poeziya hisslərdir, nəsr təfərrüatdır.
Nəsrdə ovqatını təfərrüatlarla ifadə edirsən. Poeziya
şirədir, sən duyğularının şirəsini çəkirsən. Həyat da
belədir. Orda duyğu da var, təfərrüat da.
- Yazıçılar Birliyinin qeyri-funksional məqamlarında siz
Ədəbi Klub yaratmısınız. AYB-nin bəzi funksiyalarını
yerinə yetirmisiniz. Bəs indi Yazıçılar Birliyinə
münasibətiniz necədir?
- Yazıçılar Birliyi keçən əsrdə yaradılmış təşkilatdır.
Ora yazıçıların ocağıdır. Yazıçılar Birliyinin güzəştləri
olub, indi də var. Kimlərsə ondan istifadə edir.
Təşkilatsız inkişaf olmur. Dünyanın hər yerində yazıçı
qurumları var. Azərbaycanda XIX əsrdən ədəbi məclislər
olub. Onlar Yazıçılar Birliyinin rüşeymləridir. Yazıçılar
Birliyi bir çox yaxşı əsərlərin yaranmasına dəstək olub.
Gənclərin AYB rəhbərliyindən xoşu gəlməməsi o demək deyil
ki, AYB olmamalıdır. Təşkilat mütləq olmalıdır.
Təşkilatlanmamış millət heç nəyə nail ola bilməz. Biz
tarixdən, siyasi təcrübədən görürük ki, tarixboyu başımıza
gələn bəlaların çoxu vaxtilə milli təşkilatlarımızın
olmamağıdır. AYB yaşamalıdır. Amma olsa bilsin, daha çevik,
daha demokratik üsullar tapılmalıdır. Hamının qəbul
edəcəyi formalar tətbiq edilməlidir. Mən belə düşünürəm
ki,Yazıçılar Birliyinin təqaüdləri, mükafatları istedada
görə verilməlidir, sosial vəziyyətin ağırlığına görə yox.
Mən bunun qəti şəkildə əleyhinəyəm.
- Yazıçılar Birliyindən kənardakı ədəbi qüvvələr var.
Onlar haqqında nə düşünürsünüz?
- Mən ümumiyyətlə, nifrətlə düşünməyi sevmirəm. Hər şey
dəyişir. Bu gün sənin bəyənmədiyin bir gənc yazıçı sabah
ortaya gözəl bir əsər qoya bilər. Hadisələr davam edir,
proses gedir. Proses başa çatmamış qiymət vermək olmaz.
Gənclər davamlı yazırlar, yaradırlar. Sizin nəsil gəncdir,
biz isə artıq yetkin yaşdayıq. Mən gənclərin yazdıqlarına
soyuq başla baxıram. Kiminsə zəif əsəri, naqis hərəkəti
məni sizin qədər qıcıqlandırmır. Məni onların ədəbi
əsərləri daha çox maraqlandırır, nəinki kimlikləri.
- Yazıçılar Birliyində olan gənclərlə Azad Yazarlar Ocağı
daxilindəki gənclərin fərqini nədə görürsünüz?
- Mən onların hamısına qələm dostlarım kimi baxıram.
Düzdür, onlar mətbuatda bir-birinə qarşı çıxırlar,
bir-birlərinin əleyhinə yazırlar. Amma mən onları ədəbi
məclislərdə, xeyirdə-şərdə bir yerdə görürəm. Siz bu fərqi
hiss edirsiniz, amma mən etmirəm. Onların didişmələri mənə
xırda və ötəri görünür.
- Əjdər Ol bütün janrlarda öz gücünü sınamış yazar kimi
özünün şair, yazıçı, dramaturq, yoxsa esseist kimi təqdim
edilməsini xoşlayır?
- Mən sadəcə bir qələm adamıyam.
- Sizcə Azərbaycanda Nobel almağa haqqı çatan yazıçı varmı?
Tez-tez deyirlər ki, bizdə Nobel almağa haqqı çatan yoxdur.
- Mənim “Ölümlə zarafat” hekayəmdə belə bir yer var. Əmir
Pəhləvan deyir ki, Nobel qardaşları haqqında əsər yazmışam
və Nobel komissiyasına təqdim etmişəm. Nobel mükafatı
komissiyası sürpriz etməyi sevir. Bəzən əsər təqdim
olunandan 10-15 il sonar təltif olunur. Demək istəyirəm ki,
Nobelə təqdim olunmuş əsərimiz var. Mükafatlar ciddi
məsələdir. Nobel almaq üçün onun yolunu tapmaq, dalına
düşmək lazımdır. Əsər beynəlxalq dillərə tərcümə
olunmalıdır. Dünyada böyük satış şəbəkəsi olan
nəşriyyatlar var. Kitab bazarına onlar nəzarət edirlər.
Nobel almaq üçün müəyyən kanallara çıxılmalıdır. Qabaq biz
Sovetlərin tərkibində idik. Bizim yazıçılar heç bu haqda
düşünmürdülər də. Amma Pasternak antisovet yəhudi
yazıçıları vasitəsi bu mükafatı aldı. Heç yerdə, elə
Azərbaycanda da yerində oturmaqla mükafat almaq olmur.
Gərək gedəsən, müraciət edəsən, əsərini göndərəsən.
- Tutaq ki, Nobeli Əjdər Ol verir. Kimə verərdi bu
mükafatı?
- Sənə. Əlbəttə zarafatdır. Mən başqa bir şeyə toxunmaq
istəyirəm. Mükafatın arxasında ciddi dəyər dayanmalıdır.
Pul mükafatın qarantıdır. Azərbaycan tarixində o qədər
mükafatlar veriblər ki. Kənd bağışlayıblar, qızıl, gümüş
veriblər. XIV Lüdoviqin bir yaxşı sözü var. Deyir bir
adama yaxşı vəzifə verəndə 99 narazı və bir naşükür
yaradırsan. Narazılar deyir niyə o vəzifəni bizə vermədi,
naşükür isə gileylənir ki, daha yüksək vəzifə ala bilərdi.
Biri idarə müdiri, biznesmen haqda bir kitab yazır, o da
ona elə böyük mükafat verir ki, bu pul hətta dövlətin
verdiyi təqaüddən də çox olur. Bu da mükafatdır.
- Azərbaycan ədəbiyyatında Sovet dövründə böyük
qruplaşmaların olması heç kimə sirr deyil. Sizin bu
qruplaşmaların heç birinə daxil olmamağınız yüksəlməyinizə,
çap olunmağınıza təsir etməyib ki?
- Zəif adamlar qruplaşırlar. Özünə arxayın olan qrup
yaradıb başqa qrupa qarşı mübarizə aparmaz. Bu ədəbiyyat
işi deyil. Bu qruplaşmalar ədəbi hakimiyyəti ələ keçirtmək
üçün yaradılır. Roman yazmaq üçün heç kim dəstəbazlıq
etməz. Kiminsə ehtiyacı olub, qruplaşıb. Mənim qarşımda
elə bir maneə olmayıb Mən heç kimdən minnət götürməmişəm,
heç kəsə minnət də qoymuram. Hardasa çap olunmaq üçün,
hardasa çıxış etməkdən ötrü sinov getməmişəm. Qruplaşanlar
mütləq bir gün hansısa şəkildə qrupdan çıxacaqlar.
- İlk şeiriniz nə vaxt dərc olunub?
- 1981-ci ildə “Azərbaycan” jurnalında çıxıb. Əkrəm
Əylislinin vaxtında.
- Bəs indi Yazıçılar Birliyinin jurnallarını oxuyursunuz?
- Oxuyuram. Özüm də “Azərbaycan” jurnalının redaksiya
heyətinin üzvüyəm.
- Necə olur ki, Birliyin 1400 üzvü ola-ola jurnallar min
tirajla, Anarın kitabı isə 500 tirajla çıxır?
- Düz danışmırsınız. Anarın kitabı elə vaxt olub ki, 100
min tirajla çıxıb. İndi o vaxtlar deyil, ovqat dəyişib,
kitab satışı şəbəkəsi yoxdur. Səbəb ancaq budur. Mən bütün
prosesi izləyirəm. Bəlkə də çox az adam var ki, mənim kimi
hamını oxuyur. Demək olar ki, ədəbi mühitdə hamının
qabında nə olduğunu bilirəm.
- Bəs birliyin jurnalları ilə “Alatoran” jurnalı arasında
nə fərq var?
- “Alatoran” jurnalı eksprimental jurnaldır. Amma
“Azərbaycan” və “Ulduz” jurnalı isə ənənəvidir. Bütün
jurnallarda zəif əsərlər də çıxır, güclü əsərlər də. Bu
jurnallar ədəbi prosesin tərkib hissəsidir. Rasim Qaraca
çox işləyir. Ədəbi prosesi canlandırır. Sizin üstünlüyünüz
odur ki, cavankən çap olundunuz. Sizə baxanda biz çox gec
çap olunduq. Düzdür,çap olunana qədər yetkinləşdik. Siz
azadsınız. Amma bunun ziyanlı tərəfi də var. İndi görürsən
ki, 17 yaşlı birisi sağını-solunu biçə-biçə gedir. Bəzən o
heç ədəbi məsuliyyət də hiss eləmir. Hətta, kövrək oxucuya
bəzən təsir edir. Hərdən mənə elə gəlir ki, siz özünüz
yazıb özünüz oxuyursunuz. Oxucuya çıxmaq lazımdır. Zəmanə
dəyişib.
- Bəs ədəbiyyatın axırını necə görürsünüz? İndi hər yerdə
olduğu kimi ədəbiyyatda da keçid dövrüdür.
- Ədəbiyyat insan ruhunun maddiləşmiş formasıdır. Çətin
dövrlərdə insanlar mənəviyyatca geri çəkilirlər. Ruhi
aşınmalar gedir. Amma bu uzun sürmür. İnsan həmişə ruhunu
təzələmək istəyir. Yeni doğulan uşaqlarla dünya təzələnir.
Ədəbiyyat ruhdur, insan isə ruhsuz yaşaya bilməz. Ruh
varsa, ədəbiyyat var. Dünyada ruh daşıyıcıları yazıçılar
var, bizim də yazıçılarımız onların içində. Onlar
kitablaşırlar, kitaba dönürlər. Biz də kitabları oxuyanda
o ruh yenidən dirilir. Söhbət etdiyimiz bu anda bəlkə heç
5 adam Füzulini oxumur. Bu o demək deyil ki, Füzuli yaddan
çıxıb. Ədəbiyyat hansısa dövrdə yaranmırsa klassiklər
aktuallaşır. Klassiklər həmişəlikdir. Biz zaman-zaman
əlimizi kitab rəfinə atıb, onları yenidən oxuyuruq.
Onların kitab rəflərində yeri möhkəmdir.
- Bəs sizin tez-tez əlinizi rəfə atıb götürdüyünüz kitabı
kim yazıb?
- Elə yazıçılar var ki, mən onlara vaxtaşırı qayıdıram.
Füzulini, Seyid Əzimi tez-tez oxuyuram, Sabirin
yazdıqlarının demək olar ki, hamısını əzbər bilirəm. Amma
Füzili çox yazdığına görə hər dəfə ondan nəsə təzə bir şey
tapıram. Konkret bir yazıçının üstündə durmuram. Mopassanı,
Haqverdiyevi, Mirzə Cəlili, Çəmənzəminlini, Tolstoyu,
Dostoyevskini, arabir vərəqləyirəm. Misal üçün, götürüb
Çexovun iki hekayəsini oxuyuram, kitabı qatlayıb qoyuram
yerinə.
- Bəs sizin dünyanızda ən çox yer tutan kimdir?
- Allah…
- Bəs yazıçı?
- Mənim kumirim olmayıb. Hər yazıçının öz yeri var. Bir
yazıçını bütün yazarlara qarşı qoymaq cığalların işidir.
“Ən yaxşı” nisbi termindir. Ədəbiyyat uğurlu bir misra
yazmış sairsiz yarımçıqdır.
- Tutaq ki, 50 il sonra demək olarmı ki, Əjdər Olsuz
ədəbiyyatımız natamam görünür?
- (Gülür) 50 il sonra gəlib məndən müsahibə alarsan. O
vaxt bu barədə danışarıq. |