İsmayıl Şıxlı
Xalq yazıçısı
“Poeziyamıza təzə nəfəs gətirən Əjdər Cəbiyevin (Əjdər
Olun red.) və Namizəd Xalidoğlunun yaradıcılığı üçün
obrazlılıq, duzlu dil, şeirdə ənənələrin yeni formalarla
möhkəm bağlılığı səciyyəvi haldır.”
“Gənc yazıçıların Şüvəlanda keçirilən yaradıcılıq seminarı”
məqaləsindən
Nəbi Xəzri
Xalq şairi
Bu gün gözəl dəstxətləri olan şairlərimiz daha çoxdu...
Əjdər Olun şeirləri zövqümü oxşayır.
Fikrət Qoca
Xalq şairi
Əjdər Olu mən tanıdığım on beş ildən artıq olar. Tanıdığım
gündən də onun istedadına inanmışam. Bu gün də inanıram,
inanıram ki, ömrün son anına kimi yeni nəfəsini,
özünəməxsus yazı üslubunu qoruyub saxlayacaq. Bu
kor-koranə inam deyil. Hər şeyin əsası olduğu kimi inamın
da gərək bir əsası olsun. Yoxsa mənim bu söylədiklərim
könül görmək üçün deyilmiş əsassız tərif olardı.
Mən ədəbiyyat aləmində Əjdər kimi dostlarımı xatırlayanda
özümü gümrah hiss edirəm. Mənə bu hissi keçirməyə imkan
yaratdığına görə Əjdər Ol deyirəm, həmişə ol. Həmişə
sağlam ol.
Fikrət Sadıq
Bu şairin imzasını ilk dəfə görəndə mən istər-istəməz
dedim Əjdər Ol doğrudan da şeirimizə od-alov gəldi. Lo
gəldi. Qədim gəraylımızı sındırıb bugünləşdirdi. Mahnıya
bənzəyən bir zərifliyə bürüdü şeirimizi. Öz şeir dili,
sadəliyi, səmimiliyi var Əjdər Olun. Deyir cəsur olun,
igid olun, Əjdər olun.
Söz ən qədim silahdır. Sözlə silahlanın, sözü hədəfə düz
atın.
Əjdər Ol bir də yığcamlığı, bədii təsvir vasitələrinin
təzəliyində özünü tanıtdı. Kitablarını bəyənirəm. Gördüyü
işləri də! Gənc istedadları axtarıb tapır. Onlara qayğı
göstərir. Elə təkcə buna görə də o, çörək tapacaq. Şeir də
yazacaq.
Mən ona şeirdə, həyatda uğurlar arzulayıram.
Günü-gündən Günəş nurundan içib, işıqlı şeirlər yazsın,
dostlarını və oxucularını, elini-obasını sevindirsin.
Nüsrət Kəsəmənli
OL!
Bu, tanrının əmridir. Bir «Ol!» kəlməsiylə bəşəriyyəti
yaradan Allah sevdiyi, seçdiyi bəndələrinə də yəqin ki,
hələ ana bətnində olanda «Şair ol!» nidasını eşitdirmişdir.
Elə həmin andan başlayan, sehirli bir qaranlıqdan keçən
yol Dünya nuruna atılandan sonra hamının həsrətinə,
intizarına, mübarizlik ruhuna şərik doğulur.
«Ol» - sədasını eşidənlər hamı kimi doğulsa da hamı kimi
böyümür, hamı kimi ağlasa da, hamı kimi düşünmürlər.
Əjdər Olu tanıdığım gündən şair olduğuna inanmışam.
Dünyanın məlum mənası onun yazılarında yeni mənalar kəsb
etməyə başladı. Şairin «ayaqları ürəyini bir cüt oğrutək,
fikir dustağı başına əlləri çörək, gözündən qaçan
yuxularını isə kəpənəklər aparmağa başladı»…
«OL!» sözü sənə nəsib olub, Əjdər. Kim olursan ol, istər
şair, istər rəssam, istər bəstəkar. Amma özün ol. Yəni –
Əjdər Ol!
Belə də var…
Adil Cəmil
Mən Əjdər Olu illər ərzində «bir bayraqlı», bir üzlü, bir
sözlü söz adamı kimi tanımışam.
Vaqif Yusifli
tənqidçi
Ümumiyyətlə, bir şair kimi Əjdər hansı hisslərlə yaşayır?
Qısaca olaraq belə izah edə bilərik: Əjdər özü ilə dünya,
ətraf mühit, cəmiyyət, real varlıq arasında münasibəti
müəyyənləşdirməyə çalışır. Öz taleyinin, daha doğrusu,
damcının və qətrənin dünya və cəmiyyət nəhrində izini hiss
eləmək, ömrünün mənasını aydınlaşdırmaq istəyi onun
şeirlərinin başlıca motivləridir. Şair həddindən artıq
narahatdır və biz onun narahatlığını yaxşı başa düşürük:
o, taledən beş can istəyir:, çünki öz «yarıcanı»
istəklərinə yetə bilmir.
Əli Əmirli
yazıçı-dramaturq
Həyatın bir üzünə çox tez bələd olmuş şairin «Nə az, nə
çox, vur-tut on beş yaşında, Dünya mənə xeyli köhnə
göründü» misralarını oxuyanda bir daha əmin oldum ki,
Əjdərin yaradıcılığı həqiqətin özünə çox oxşayır, onun
şeirləri də dünyanı çox erkən dişinə vurub,
bərkliyini-boşluğunu dişində yoxlayıb. Yaxşı ki, bu
gərdişdə o, qüvvətli çıxıb, şikayəti, giley-güzarı yaxına
buraxmayıb, özünün dediyi kimi «dərdlərini yaxşı çəkir»,
sızıldamır, bunu şeirlərinə də rəva bilmir, yəqin elə buna
görədir ki, onun ilham pərisi dipdiri şeirlər gətirir
poeziyamıza…
Ağalar Bayramov
Əməkdar artist
Repertuarımda şair dostum Əjdər Olun vətənlə bağlı
şeirləri də vardır. İrili-xırdalı bütün auditoriyalarda
Əjdərin «Can Azərbaycan» şeiri ilə özümü güclü və arxalı
hiss eləyirəm.
Arif Əmrahoğlu
tənqidçi
İçi olmayan, yaxud da olan içini görməyən çölündə qüsur
tapmaqla çölündən utanar.
İçini görən, içindən artıq görünməyə çalışmayan zat isə nə
çölündən, nə də özündən utanar. Xüsusən də sənətkar.
Sənətkar əsərində, içi ilə çölü eyniləşən, bütövləşən
yaradıcılıq məhsulunda gözəldir. Onun gözəlliyi özü
olmağındadır. Sənətkarda mən özümü görüb tapanda, içimə
bələdəmsə, əsəri vasitəsilə yenidən özümlə tanışlığıma
ehtiyac, həvəs qalmır. İşıqlı dünya ilə birgə yaranmış
bəzi həqiqətlərin inkarından başqa əsərində bütün
məsələlərə orijinal, hətta mümkün yalnış münasibətləri ilə
birlikdə özü görünən sənətkar sənət üçün də, adi oxucu
üçün də daha maraqlıdır.
Əjdər Olu mən belə tanıyıram: öz sözünü özü bildiyi,
istədiyi, bacardığı kimi deyən, hətta çoxları üçün
gözlənilməz dərəcədə fəqli bildirməkdən çəkinməyən şair
kimi – öz Sözündən utanmayan şair dostum kimi.
Tofiq Nurəli
Əjdər Ol bütün parametrlərilə mənsub olduğu ədəbi nəslin
layiqli təmsilçisidir. Ən öndə gedənlərindəndir…
Vaqif Bəhmənli
... Oldur
Qəribədir, təxminən iyirmi illik dostum, istedadlı şair
Əjdər Olun bir çox şairlərdə rast gəlinən sadəlövh, o
qədər də ciddi poetik məna daşımayan, «ilk qələm təcrübəsi»
deyilən şeirlərini xatırlamıram. Əksinə o, ədəbiyyata lap
gənc yaşından mükəmməl və peşəkar şair kimi gəlib. Bəlkə
də Əjdərin «ilk qələm təcrübələri» olub, var. Görünür,
şair qardaşımda hər zaman bəyəndiyim hədsiz məsuliyyət
duyğusu onu oxucuyla ala-yarımçıq, tələm-tələsik görüşdən
saxlayıb.
Əjdər Olun kitablarını, mətbuatda dərc olunmuş silsilə
şeirlərini maraqla oxuyub bəyəndiyimi etiraf etməyə
borcluyam.
Hər dəfə Əjdərin şeirlərini, hətta ən kədərli şeirlərini
oxuyanda, nədənsə ürəyim yüngülləşir, ovqatım durulur.
Əjdərin şeirlərində adi, eyni zamanda təbii insan
danışığının intonasiyası var, başqa sözlə bu şeirlər məhz
adam dilindədir.
Ələkbər Salahzadə
Əjdər öz səsi, öz nəfəsi olan, başqalarına bənzəməyən,
iddiasız, özünü gözə soxmayan şairlərdəndir. Təbii, səmimi
şeirləri həm xalq yaradıcılığı axarında, həm də çağdaş
nymunələrin istiqamətindədir. Təvəzökar, yaşıdlarının
təbliğinə ürəkdən, böyük şövqlə qoşulan, dost sevincini öz
sevinci, kədərini öz kədəri sayan həssas bir insandır. «Ədəbi
klub»dakı fəaliyyəti onu ədəbiyyatımıza canıyanan bir yazı
adamı, vətəndaş kimi səciyyələndirməyə kifayətdir.
Əlisəmid Kür
Səhrada bitən çiçəyi döşə taxmırlar, heç onu görən olmur.
İllah da ki bu çiçək gecələr aça…
Əjdər Ol özü kimi olub həmişə, çoxları ya onu görmək
istəməyiblər, ya da əllərini üzlərinə tutub mən səni
görmürəm deyiblər. Onu görmək, ətrini duymaq üçün gərək
poeziya ilə nəfəs alasan.
Əjdər Olun şeirləri səhrada gecə açan çiçəklər kimidir.
Gecə açan çiçəkləri çoxumuz görmürük. Bu aran balası
dağı-daşı da, çəməni-gülü də, göy üzü kimi aydın görür,
adamı isə yeddi arxa dönənini tanıyan kimi iliyinə qədər
tanımağa çalışır, bir kəlmə danışmadan sakitcə öz işini
görür, yəni taleyin ona bəxş etdiyi qismətə arxa
çevirmədən qarışqa əzabı ilə POEZİYAMIZIN bir zəhmətkeşi
olaraq qalır. Və indi mənim bu sözlərimə dodaq büzənlər
neçə illərdən sonra (Əlisəmid Kürün diaqnozu həmişə dəqiq
olur) dilimdən çıxan kəlmələrin həqiqət olduğunu
görəcəklər.
Ağacəfər Həsənli
İnsanın rəngarəng daxili dünyası, mənəvi saflığı ilə
bütövlüyü, tarixə səyahəti, ətraf aləmə özünəməxsus baxışı,
nifrəti, sevgisi bütün çılpaqlığı ilə Əjdər Olun
şeirlərinin ruhuna hopub.
Sabir Sarvan
Əjdər Ol bizim nəslin içində öz dəsti-xətti ilə seçilən və
sevilən şairlərdəndir. Ən yaxşı cəhəti isə «sənət
sərçələri»nin arxasınca nə deməsinə fikir vermədən, məhəl
qoymadan arı kimi öz işini görməsidir.
Qardaşxan
Şair dostum Əjdər Ol, şübhəsiz, sözün qədir-qiymətini
biləndir, ciddi qələm sahibidir. O, şeirdə hələm-hələm
mövzuya girişməz, girişdisə o mövzu mütləq poetik həllini
yüksək şəkildə tapmış olacaq.
Rafael Hüseynov
filologiya elmləri doktoru,
professor
ƏJDƏR OLMAQ
(Əjdər Olun “Könül vuruşu” kitabına ön söz)
Günlərin birində Namiq Abdullayev vəfat etdi.
Dərdli bir həyat bitdi.
Sahibinin çoxdan arzuladığı ölüm gəlib illərdən bəri
həsrətlə onu gözləyən qurbanını apardı.
Namiq müəllim yazıçıydı, yüksək istedad sahibi idi, çox
bilən və əqidəsi saf ziyalı idi, pak bir varlıq idi, uşaq
kimi xıltsız idi və ömrü boyu o qədər içmişdi ki, onun
mənəvi ləkəsizliyinə vücudunun spirtlə yuyulub arıtlanmış
sterilliyi, təmizliyi də qovuşmuşdu.
Yaradıcılıqda özünə də, başqalarına da çox ciddi, tələbkar
Namiq müəllim nisbətən cavan yaşlarında «Balaca Kiberin
macəraları» adlı fantastik povest yazmışdı, kitab çıxmışdı,
bəyənilmişdi, ancaq yazıçı sonra uzun illər susmuşdu,
özünü elmi fantastikaya həsr etməyi qərara aldığından
çoxlu mütaliə etməyə başlamışdı.
Ahıl yaşlarında çoxillik öyrənişlərinin və düşüncələrinin
yekunu olaraq bir kitabı da çıxdı. Misilsiz fantastik
hekayələr toplusu idi bu. Lakin artıq o vaxtlar yazıçının
ömrü xeyli vardı məhvərindən çıxmışdı. O, evsiz-eşiksiz,
ailəsiz, geyim-keçimsiz, pulsuz idi. Laübalı yaşayırdı.
Elə bil özü də hansısa fantastik aləmdən qopub gəlmiş
sirli bir məxluq idi.
Heç unutmaram. Hələ o, son kitabının çıxmasından xeyli
əvvəl – 1984-cü ilin qızmar avqust günlərindən birində
onunla səhər tezdən, işin başlamasına xeyli qalmış
Telestudiyanın həyətində rastlaşdım.
Bir az pərişan, bir az hirslə ötən gecə başına gələni
nağıl elədi: «Gecə dəniz vağzalının yanında skamyada
yatmışdım. Milis gəlib oyatdı ki, dur get burdan. Dedim
axı orda it yatıb, ona heç nə demirsən, məni niyə qovursan?
Qayıtdı ki, onun sənə dəxli yoxdur, o itdir.»
Və ürəyində kin-kudurət, intiqam hissinin yoxluğuna
inandığım Namiq müəllim ona xas olmayan və məni
təəccübləndirən sözlər dedi: «Mən bunun hayıfını mütləq
alacağam!.»
Və qisasını aldı Namiq müəllim.
O gecə onu dəniz vağzalındakı skamyada yatmağa qoymayıb
qovan milisdən yox.
İtdən!
Bir hekayə yazdı. İti döndərib adam elədi. Adama çevrilmiş
itin başına heyvanlardan qat-qat qəddar adamların arasında
nələr gəldiyini təsvir elədi. İtə adam olub adamlar
arasında yaşamağın nə müsibət olduğunun əzabını «başa
saldı».
Nə səs olur olsun, gecə keçəndə
Deyirsən hənirdir,
Xoşuna gəlir.
Olmuş əhvalat tək qərib gecən də,
Elə hey təzədən başına gəlir.
Kimsəsiz, səs-səmirsiz gecələrin tənha adam üçün nə zillət
olduğunu son dərəcə sərrast təsvir edən bu misralardakı
şeiriyyət bir yana, bu anda mənim üçün həmin sətirlərin
bir başqa qiyməti onların Namiq Abdullayevə həsr
olunmasıdır.
Hamı üçün gündüzün davamı və sonu olan gecələr məhz Namiq
kimi faciəvi insanlar üçün adicə saat, vaxt hadisəsi deyil.
Doğrudan da bu sətirlərdə şairin tam haqlı və dəqiq
söylədiyi kimi Namiq kimi adamların başına hər gecə sanki
hər dəfə qəfildən gəlir. Təkliyi xüsusi vurğulayan, bütün
əyaniliyi ilə ortaya qoyan qaçılmaz bir bəla kimi təzədən
gəlir.
Və o təkliyin, qulaq cingildədən, ruhu üşəndirən sükunətin
içində ən eybəcər səsdə həyatı yada saldığı üçün, səni
müdhiş yalqızlıqdan xilas etdiyinə görə doğma görünür.
Dünya köhnə dünyadır və bir zamanlar üzücü gecələrin
pəncəsində qıvrılan, yeganə həmnəfəsinin öz «ah»ları
olduğunu qəmli Füzuli də yanıqlı misralarıyla anlatmışdı…
Dünya başına dar gələn, bu dar aləmə sığmayan, ölüm
diləyən Namiq Abdullayevə «O biri dünyadan əl çək» şeirini
Əjdər Ol yazıb.
Namiq Abdullayevin sağlığında yazıb.
Və «sağlıq dostuna» artıq onun sağ olmadığı və daha
sağlığına sağlıqlar demək də, onu ölüm arzularından
çəkindirmək mümkünsüz olduğu vaxtlarda – Namiq Abdullayev
dünyadan köçəndən sonra – Əjdər Ol bir şeir də yazıb.
Yasına gələnlərin hamısı
Sağlığında səndən qaçırdı.
Qəribədir, xətrinə dəymirdi
Bu, səni açırdı.
Düppədüz yazıb. Bu müşahidəsi də dəqiqdir şairin.
Namiqin yasına sağlığında ondan qaçanların yığıldığını
seçdirməsini, düz tapmasını demirəm. Bunu hər tanıyan
müşahidə edə, yaza bilərdi. Amma Əjdərin müşahidəsinin
sərrastlığı, bu müşahidədəki əsl şeir – həyat acısı odur
ki, o mənzərəni Əjdər Namiqin gözüylə görə bilib.
Həqiqətən Namiq müəllim ona üstən aşağı, hərdən ikrahla
baxan, onu görməməzliyə vuran tanışlarından inciməzdi və
yasında hansı möcüzəyləsə dirilib söz demək imkanı olsaydı,
onları indi özü olmayanda gəlmələrinə görə riyakarlıqda
ittiham etməzdi, qınamazdı. O, həyatı da, insanı da
tanıyırdı və olduğu kimi də qəbul edirdi.
Onun dünyada, insanlarda nəyisə dəyişməyə nə heyi vardı,
nə həvəsi.
O, mübariz deyildi.
O, alim xislətli, dərviş təbiətli nurlu bir kimsə idi.
Cavanlığından öz içərisindəcə qocalmış, piraniləşmiş
məxluq idi.
Əjdər nə qədər düz deyir – öz yasında ruhu ilə yox, elə
vücudu – gendən səfil təsiri buraxan görkəmi ilə iştirak
edə bilsəydi, Namiq Abdullayev özünü məhz bu cürə aparardı:
Bir kimsəyə baxmadan
ehsanından yeyirsən.
Arabir də lələşinə göz vurub,
Xəlvət-xəlvət yüz vurub
Özün-özünə rəhmət deyirsən.
Əjdər Olun təzə kitabına ön söz başlayarkən Əjdəri və
şeirlərini bir kənara qoyub ayrı mətləblərdən, ayrı
yaradıcıdan bəhs etdiyimçün qınamayın.
Mənim nəzərimdə şeir odur ki, o sözə dönməzdən, şairin
içərisindən qələminə çatmazdan öncə onun ürəyini qanadır.
Əjdərin zahirən ən fərəhli, ən qüssəsiz, lap şuxluq, məzə
çökmüş şeirlərində də mən həmin şeir kağıza yetişənəcən
çəkilmiş əzabın əks sədasını duyuram.
Ürəyi qanada-qanada yazılmış şeirlərin sayı çox az ola
bilməz.
Əjdər Olun şerlərinin miqdarı azdır.
Kitablarından birinin ünvanını «Beş-on şeir» qoyub.
Şeirlərinin toplam sayı 5-10-dan «bir qədər» çox olsa da,
hər halda bu deyim elə təxminən doğru kimi səslənir.
İndi kitab nəşrinin, şeir çap etdirməyin asanlaşdığı, şeir
adlandırılan sicilləmələrin, horraların zay bolluğunda
Əjdərin nazikcə kitabları elə 5-10 şeirdir ki, var.
Amma 5-10-nun hamısı şeirdir.
Çünki Əjdər mənim hiss etdiyim dərəcədə şeiri yazmır, bir
ana kimi ağrı çəkir və şeiri doğur.
Doğmaq da elə işdir ki, onun ən dəyərlisi övladdır, o da
5-6-nı aşandan sonra şitləşir.
Gərək az ola.
Lap ixtiyar çaglarında Əjdər bütun şeirlərini bir kitaba
toplayıb ona «50-100 şeir» ünvanı qoysa, buna
təəccüblənmərəm. Əslində şerlərinin sayı o rəqəmlərdən bir
qədər çox ola bilər. Amma elə o həndəvərdə dolanar.
Çünki Əjdərdə şeir yazmağın abrı var və şeir yazmaq
abrı-həyası olan adam da heç vaxt sözü incitməz, həddi
aşmaz – ürəyi qoymaz ki, çızıqdan qırağa çıxsın.
Əjdər Ol şeiri dərd kimi içərisindən damcı-damcı sıxıb
çıxarmasaydı, bu 8 milyonluq Azərbaycanda şeir ithaf
eləməyə ayrı adam da tapardı – gedib, istedad, dərd,
məsumluq mücəssəməsi olan Namiq Abdullayevi seçməzdi.
Daxilində nəbz kimi döyünən həmdərdlik duyğusu olmasaydı,
Əjdər dərd heykəli Namiqə üz tutmazdı.
Rəhmətlik Namiq müəllimlə dostluqlarının baş tutması da
ibrətlidir.
Namiqdə olan saflıq, sadədillik, səmimilik Əjdərdə də var.
Özündə də, şerində də.
Əjdər Ol ənənəvi olaraq şairlər məkanı sayılmayan, təbiəti
yavan, dağsız, meşəsiz, yalın, yaşılsız torpağı Günəşin
qarsıb qovurduğu Muğanda doğulub.
Bəlkə göz açıb dünyanı rənglər, boyalar arxasında deyil,
çılpaq, ovuc içərisindəki kimi açıq gördüyündən və
təbiətin gözlərinə verdiyi bu tərbiyədəndir ki, Əjdər
nədən yazırsa yazsın bər-bəzəksiz təsvir edir.
Mahiyyətə enə bilir.
Xəsis cizgilərlə, boyu qısa, sayı az misralarla bir
təsirli ömür qırpımını canlandırmağa müvəffəq olur.
Təbiiliyə, təbiətə, saflığa, ilkinliyə daimi
mailliyindəndir ki, aylar, illər, sərf edib öyrəndiyi
latış diliylə latış ədəbiyyatından ana dilimizə latış
nağıllarını çevirib bir də latışların bayatılarımız kimi
saya daynlarını.
Bu cazibədir.
Həmin cazibə ki, Əjdəri Namiq Abdullayev haqqında şeirlər
yazmağa sövq edib, həmin cazibədi ki, Əjdərə «Ol»
təxəllüsünü götürtdürüb.
Nə məhşər qur, nə qal elə,
nə sinəni təbil elə.
Əjdər Olsan, qəbul elə
hamını olduğu kimi.
Hamını və hər şeyi olduğu kimi qəbul eləmək azdır.
Müşkül olan, qədimlərdən süzülüb gələn «Ya göründüyün kimi
ol, ya olduğun kimi görün» düsturuna əməl etməkdir.
Qəlizi olduğu kimi qəbul etdiklərini elə olduğu kimi şeirə
gətirməkdir.
Əjdər hər şair kimi şerinin əvvəlindəmi, axırındamı,
mütləq adını yazmalıdır və aydın məsələdir ki, adının
yanında da təxəllüsünü.
Və təxəllüsü də hər dəfə Əjdərin yadına bir daha salır ki,
sən Əjdərsən, Əjdər olduğunu unutma və həyat səni hansı
havasıyla dəyişibsə, o havanın təsiriylə özünü unudub bu
şeirin içində bir az çaşmısansa, özünə gəl, özünə qayıt –
Əjdər Ol!
Amma insanın bezmək, yorulmaq adəti də var.
Həmin rəhmətlik Namiq Abdullayevin özünəməxsus
hikmətlərindən idi – deyirdi ki, içkini yaradanlar onu
adamın hərdən özü olmaqdan bezməyinə bir dərman kimi
ixtira ediblər.
İçirsən, azacıq da olsa öz adi halından aralanırsan.
Şeirdəsə bu dopinqə yer yoxdur.
Bezmək və özündən ayrılmaq ixtiyarın yoxdur.
Əjdərsənsə, gərək həmişə Əjdər olasan və Əjdər olduğunu
unutmayasan.
Şairsənsə və şair olmağın ali qaydasına riayət edirsənsə –
sözə sədaqətdəsənsə, sənə zaval yoxdur.
Lap Allahla da öcəşsən də, lap ölüm mələyi Əzrayılla
dirəşsən də, haqqın var. Çünki, haqq-təala özü də olanın
olduğu kimi olmasının və olduğu kimi söyləməsinin
tərəfindədir (hələ «Quran»dakı «Şüəra» - «Şairlər»
surəsində təşbehlərə, mübaliğələrə, istiarələrə bol-bol
meyl edib şeri gerçəklikdən uzaqlaşdıranlara, «etmədiklərini
etdim deyən» şairlərə Allah istehza da etmişdi).
Axı Allahın özünün də ilk sözü «Ol» olub.
Axı O dünyanı «Ol» kəlməsiylə yaradıb.
Və Əjdər hər şeirinin ya əvvəlində, ya axırında «Ol!»
yazır.
Cənab Əzrayılı kim tanımır, kim,
onun nə birliyi, nə dirliyi var.
Baş qoşmur şairə Allah müəllim,
çünki, Allahın da şairliyi var.
Əjdərin ilk şeirlər kitabı çıxanda 1987-ci il idi, onda
əsrin sonuna çox qalırdı. Əjdər gənc idi, hər halda
indikindən cavan idi, qarşıdakı illər – artıq yaşamış
olduğumuz illər hələ gəlməmişdi. Və kitabçanın adı: «Gələcəkdə
yaşayıram» idi.
4 il ötdü. Əjdərin bir kitabı da çıxdı və o kitabda da
Əjdər gələcəkdə yaşayırdı.
Ona görə ki, baxtı, taleyi dəyişmək niyyətində idi və
kitabçasına da niyyətini ad eləmişdi: «Alın yazıma düzəliş».
Xəyalən yaşamış olduğu illəri bir də – artıq gerçəkdən
yaşaya-yaşaya, taleyi, alın yazısını dəyişməyə cəhd
edə-edə, nəyisə pozub, qismətindəki nəyisə təzədən yazmağa
çalışa-çalışa Əjdər və onun şeiri gəlib yetişdilər 2000-ci
ilə, əsrin sonuna, minilliyin axırına.
Əjdər hamımız kimi arzulasa da, bu dünyanı dəyişə bilmədi,
alın yazısını pozub təzədən yaza bilmədi.
Amma hər halda ömrünün şeirlə baş-başa yaşadığı 20 ildən
artıq parçasında «5-10» yaxşı şeir yaza bildi.
Poeziyamızın iqlimi o şeirlərlə bir az da xoşlaşdı, bir az
da canayatan oldu.
O sadə, səmimi, duru şeirlər tam haqla Azərbaycan şeirinin
yaxşı şeirləri cərgəsinə qoşula bilər.
O şeirlərin yuvasından – Əjdərin ürəyindən uçub şeir
fəzamıza qanadlanmış o qoşquların – bundan belə yaşamaq
haqqı var.
Əjdərli də, Əjdərsiz də.
Əsrin son çərəyində poeziyamızda ölüm-itim mövzusunun
qəribə bir dəbə düşdüyü çağlarda Əjdərin həyatla,
gələcəklə, ümidlə dolu şeirləri adamı həm də işığının
bolluğu ilə sevindirir.
Bəlkə də poeziyamıza gələn cavanların beynində və
qələmindəki qara-qura ölüm yaşantılarının bədbin ovqatını
dağıtmağa sövq-təbii bir canatmanın diqtəsiylə Əjdər bu
illərdə şeirlərini yaza-yaza sənət və qələm adamlarımızın
ömründən məzəli, mənalı, dodaq qaçıran, ürək açan, eyni
zamanda öyüdlü olan əhvalatlardan ibarət 3-4 kitab da
buraxıb.
Əslində elə onlar da özünə görə şeirdir.
Gecəmiz xeyrə qalsın!
Gecəmiz şeirə qalsın!
Bu alxışlı, dualı misralar da şair Əjdər Olundur və
qarşıdan sabahlar gəlir.
Sabah – gələcək, gələcəyin içində ondan daha gələcəkdə
yaşamaq arzusu, gəlməmiş günlərdə ola biləcəkləri dəyişmək
istəyi.
Əjdərin bu dünyada heç kəsdən asılı olmadığı, tam asudə,
güclü, xoşbəxt olduğu ada – Şeirdir.
Əjdərin bu kitabı bu əsrdən ömrünə düşən şeirli illərdə
doğurduqlarıdır.
Bu kitab yekundur və inanıram gələcək gözəl şeirlərin
müqəddiməsidir.
Qabaqdan sabah gəlir.
Sabahın xeyr olsun, sabahın şeir olsun deyirəm!
Və daim Əjdər olmağın bugünəcən büdrəmədən gəldiyin çətin
yolunda ol deyirəm!
Ol!
“Çaşıoğlu” - 2000
Rafiq Tağı
İçi lirikalı polad
(Portret)
Əjdər Ol mənə, kənardan təəccüblü görünəcək tərzdə, yaxın
insandır. Xarakterimiz yerlə göy qədər fərqli; yəqin elə
bizi birləşdirən də vəhdətdə olan bu dialektoloji
əksliklərdir. Təsadüfi coğrafilik-zad yox, onu mənə “Alın
yazıma düzəliş”(1991) kitabı doğma etmişdir. Şeirlərini
oxuyub, sanki dostluğa gecikərəm deyə, tez-tələsik özüm
onu tapdım.
Əjdər Ol zahirində bəlkə maraqsızdır da, batinindəsə
vacibən maraqlıdır. Zahirdə hökümlü-imperativ, dövlətinki,
batindəsə zərif-həssas, bizimkidir. Bax, Əjdər bu yerdə
deyə bilər: bəs dövlət də sizinki deyilmi? Doğrudan da,
onun dövlətçi və dövlətcil olmağı dolayısıyla bizim kimi
xalq insanlarına xeyirlidir. Şəxsən mənim adım həmişə
“xalq” məfhumu içində gedir və mən bundan fəxarət duyuram.
Bilirik və çox arxayınıq da: Azərbaycana bir şey olsa,
Əjdər Ol çataçat onun yanındadır. Azərbaycan hay desə, o,
huy deyəcək. “Azərbaycana olan olub, ta indən sonra nə
olasıdır?” – haqlı-haqlıca söylənə bilərlər. Ancaq bu
haqlı-haqlıcanın içində mülki şəxsdən hərbi şücaət
gözləmək nahaqcası var. Şeirlərindən görübsünüz: onun
sevdiciyi - Azərbaycandır. O, əlini ağdan-qaraya
vurmayanlarımıza bənzəməz, əksinə, Azərbaycanın nəfinə ən
qarasından ən ağınacan – hər işin qulpundan can-başla
yapışar. Özü də bir təmənna güdmədən. Lakin ən çox
amiranəliyə maildir və inzibati-təşkilati işlərdə özünü
suda balıq kimi hiss edir. Məni qınağa çəkməyin, ictimai
həyatda inzibati-təşkilati işlər də, məsələn,
bənnalıq-dülgərlik, həkimlik-dəlləklik qədər qaçılmaz və
vacibdir. Onun gördüyü, ya görəcəyi işləri mən bacarmır (deyə
bilərlər: səndən söhbət getmir), üstəlik, heç xoşlamıramsa
da, bacaranlara və xoşlayanlara dilimdən ancaq alqış
eşidilər. İnzibati-təşkilati şövqlü işlər heç də
poeziyadan əskik deyil. Saltıkov-Şedrin yaxşı bir
çəkməçini yüz Puşkindən üstün tuturdu. Hələ Dostoyevski –
o, bəşəriyyətə çörək daşıyan arabacığı Rafaelin
Madonnasından faydalı sanırdı.
Əjdər Ol Azərbaycanın təşkili işlərində poetik uçuşludur.
Ondakı vəzifə canatımları əslində öz vətənsevərliyini
dolğun reallaşdırmaq cəhdi, birbaşa Azərbaycanın dərdinə
yanmaq istəyindəndir. O, mistik-melanxolik, asketik-hücrə
dərdəyanmaları anlamır, bu insanlarsız-mücərrəd çabalara
yaddır və kökündən belə yalanların əleyhinədir. Vəzifə
onun üçün fəaliyyət arealının genişlənməsi, əməkçi
azadlığı imkanıdır. Vəzifə tanıtımı Cəbiyev Əjdər olan
dostum hamımızın arzuladığı, görmək istədiyi yeni tipli
dövlət məmurlarındandır. Ay balam, vəzifə başında bir
əzazil-qansız oturunca, qoy qəlbi qəlbimizdən olan Əjdər
otursun daa. Onusa burunlamayaq!
Əjdər bəyin vəzifə kürsüsünü poeziyası rövnəqləndirir. O,
Azərbaycana - “belə upuzun adın yaxşı yatır dilimə”,
“həmişə ərk et mənə, özünküyəm, balanam”, deyir. O,
deqradant dekadentlərimiz sayağı ağlamağı-sıtqamağı
xoşlamır. Mən onun fikrindən keçənləri sözə çevirirəm:
siçovullar da andeqraunddur. Əjdər Ol “Mersedes” oxşarlı
partylərdə əyləşən üzü və özü qırmızı siyasilərimiz kimi
də gözbağlıcalığı-rəmmallığı yox, belə deyək, vəzifə
hambalçılığını peşə seçib və bu dəqiqənin özündə “oturub
palanın üstündə hambal”(S.Vurğun).
Açığı, 15 ildən çox olar, az olmaz ki, mən onun
dövlətçilik tərbiyə məktəbinin müdavimiyəm. Təhsilimizin
vermədiyi dövlətçilik tərbiyəsini mənə Əydər bəy verib.
Onun sayəsində mən artıq (söhbət səndən getmir, hökmən
deyəcəklər) nihilistlərə qəşəng-qəşəng sözlər söyləmək
imkanındayam: Vətən bizim evimiz, müstəqil Dövlət milli
uğurumuzdur; biz dünyanın ən nəcib millətlərindənik.
Kim düzgün həyat “rels”lərinə düşmək istəyirsə, gərək
Əjdər Olla dost ola; əgər Əjdərin bu dostluğa vaxtı
çatarsa. Çünki artıq çoxdandı o, biz köhnə dostlarını da
növbəylə və reqlamentlə danışdırır. Sanki həyatı çatışmır,
ömrü ona azlıq edir deyə. Biz ondan incimirik, qorxumuzdan
incimərik də. Buna haqqımız-icazəmiz yox. Onsuz sonradan
könlümüzü alacaq, axı, boş-boşuna niyə inciyək?
Deməliyəm və dərhal deyirəm də ki, Əjdər bəy üzdən ancaq
xoş günün dostu kimi görsənir, əslindəsə yalnız ağır günün
dostudur. O, xoş günündə bəlkə sənə vaxt tapmaz da, amma
agır günündə mütləq tapacaq. Yazarlar arasındakı 3-dən 2
“yıxılana balta çalan”larımızla müqayisədə Əjdər Ol
xeyirəməl dahisi, Comolunqma mərdlik zirvəsidir. Burda
zəiflik göstərib şəxsi həyatımdan bir misal çəkmək
istərdim. Cild-cild qalınüz kitablarıyla insanda, ya elə
inək-dana, at-eşşək başında da, qapalı kəllə-beyin
travması törətmək mümkün olan, balaca respublikada tez-tez
rastlaşdığımızdan, artıq dost qələmində gedən gönüqalın
birisi mən həbsdən çıxandan bir ay sonra “mobil”imə çağrı
atası: qoy ona zəng çalım, o da məni şit-boyat sevinclərlə
təbrikləsin. Konturlarına qənaət edib. Vallah, dünyanın ən
şortu arvadları da bunu eşitsə, gülər – “utanaq yerinə”,
ona deyər. İndi mən çəkilim qırağa, siz qiymət verin, bu
cür molyuskların əsərlərini ədəbiyyat adıyla
şərəfləndirmək dürüstdürmü? Onları hansı həvəslə və niyə
oxuyasan? Qardaşlar, insanların vaxtını alan kitabları
müəllif ədəbsizliyi adlandırmaq daha düzgün olar. Bəli,
vaxt gəlir, vədə yetişir, dar gündə sınaqdan çıxmayan,
ömrü boyu sənə istismarçı burjuy gözüylə baxmış
psevdodostlarla vidalaşmalı olursan. Qoy girib-çıxmış
yoldaş kimi də bəyan edim ki, bu, insana cənnət yüngüllüyü
gətirir.
Psevdolara dair xatirələrsə də daha şirin olmur.
Artıq mən əxlaqı naqis ədəbiyyat məxluqatından iyrənirəm.
Onlar məni qurbağalar kimi çimçəşdirir.
Əxlaq bəşəriyyətin ən vacib, ən nəhəng kəşfidir və mən
onun aludəsiyəm.
Yenə sağ olsun dünyanın hörmətli təkləri, insanı
ölməyə-itməyə qoymayanları! Əjdərolları!
Əjdər Ol həm karlı vətəndaşdır, həm barlı şair. Lakin
məncə, onun poeziyası vətəndaşlığından önəmlidir. Burda
Əjdər bəy deyə bilər: bəs poeziya da vətəndaşlıq təzahürü
deyilmi? Düz sözə nə deyəsən. İlk poetik tumurcuqlar
həmişə Vətən ağacında tin vurur. Gəl, burasını da
vurğulayaq ki, elə biz də onun kimi vətəndaş ola bilərik,
kim demiş, hətta buna borcluyuq və bəlkə onun kimi, ya bir
az ondan fərqli, varıq da. Ancaq onun kimi sərt-lirik şair
olmaq mümkünatımız xaricindədir. İstəsək də, ola bilmərik,
çünki belə şey istəməklə olmur. Onun poetik dünyası
bizimkinə bənzəməz. Onun poeziyasının Azərbaycan
ədəbiyyatında əlahiddə və çox mühüm yeri var.
Elə xoşum gəlir, eyvanımızda
Sakitcə oturub oxuyum, yazım.
Bir qom çiçək olsun güldanımızda,
Çiçəyin ətrini qoxuyum, yazım.
Görəm bir kəpənək – köynəyi mil-mil,
Uzaqdan bilinir şehdə çimdiyi.
Görəm ki, misramın üstündə deyil,
Altından xətt çəkib sərçə dimdiyi.
Günüm çiçəklərdən yoğurulanda,
Ətəyim yarpaqdan, yaxam kağızdan.
Elə xoşum gəlir, çağırılanda,
Boylanam qələmdən, baxam kağızdan.
Əjdər Ol zahirində soyuq mərmər sütunlu, batinindəsə
olduqca təbii, təzəcə şumlanmış torpaq ətirlidir.
Duyğuları - sımsıcaq. Onun özünə də batini daha xoşdur.
Batinində azad, zahirindəsə dustaq kimidir; ancaq hər
ikisindən həvəslə danışacaq.
Onun azadlıgı, hər zaman gözlənilməz güllər açırsa da,
dustaqdır.
Əjdər Ol zahirlə çörək qazanır, batinlə - əbədiyyət.
Dostum çörək də qazana bilir, əbədiyyət də.
...Əjdər Ol taleyin zərbələrindən az yeməmişdir. Lakin mən
onu şaşdırası zərbəni qəti görmədim. Mənim nəzərlərimdə o,
hiperşəxsiyyətdir. Bəlkə qəzavü-qədər özü onun qarşısında
təhriflərə, demontaja uğrayar da, heyrətdən şoka düşər.
Onun polad iradəsiylə müqayisədə qəzavü-qədər
şaltay-baltay, formasız-ləng bir şeydir. Əjdər bəy alın
yazısı üzrə hərəkət etmir, belə şeyi sevmir də. Yeri gəlsə,
alın yazısı tabeçiliyinə düşənləri aciz-avara, bir az da
irəli gedib şalğam-çuğundur adlandırar. İkimizin də dostu
Qorxmaz Şıxalıoğlu demiş, o, kökü dərinlərə işləyən,
torpaqdan qoparmağın müşkül bir iş olduğu, ya qoparılarkən
əli didib-qanadan çöl-səhra bitkiləri kimi hədsiz
yaşarıdır. Aramızda sevə-sevə “çinovnik” adlandırdığımız
bu adamı - dəyirmanın boğazına ölü at, diri çıxacaq,
deyirik. Əlbəttə, bu bir aksiomdur və mən bir dəfə
yazmışam da ki, diribaşlıq ölüvaylıqdan mütləqa üstündür.
Düzü, bizdəki milli ölüvaylıq artıq beynəlxalq ikrah
doğurur. Əksər şairlərimizdəki düzəlməz ölüvay poza isə
çox dözülməz və həm yalançı qaraçı şikəstliyi kimi idbar
bir şeydir. Əjdər Olu sındırmaq namümkündür. O, içi
lirikalı poladdır. Polad içrə lirikası həmişəlik yaşıl
sular kimi cilvələnir.
Mən onu qardaşının ölüm xəbərini alan anlarda görmüşəm.
Əjdər bəy özünü heç nə olmayıbmış kimi aparırdı. Əslində
də, axı, nə olmuşdu – qardaşının ruhu sanki bir quşdu,
uçub bir budaqdan başqasına qonmuşdu. Əjdər sal qaya
duruşuyla, baş barmağı sərt yana, qalan dördü bitişik,
“dayan” işarəli, kəsici-yastı bir sağ əl tənzimi ilə
dekorativ sel-suyun, şorhaşor axası timsah göz yaşlarının
qabağını kəsdi. Onun qardaşı haqqında lirik həqiqətləri
polad içində bir tək mənə görsənirdi.
Qəni-qəni rəhmət olsun,
Yuxumuza girmişlərə!
Dərib cənnət baxçasından
Bizə buta vermişlərə.
Onlara kimdən danışım?
Hansı tilsimdən danışım?
Qəm nədir, qəmdən danışım
O dünyanı görmüşlərə?
Açılıram puçur-puçur,
Könlüm haqqa uçur-uçur.
Haqq sirrini kimə açır?!
Səfillərə, dərvişlərə.
Hərdən mən Əjdər Olun özünü sancıramsa da, poeziyasına heç
cür toxuna bilmirəm. Ürəyim gəlmir. Etiraf etməliyəm də ki,
mən onun bu lirik ricətini ağlaya-ağlaya, ağlamağımı
evdəkilərdən gizlədə-gizlədə oxumuşam. Tənqidçilər
ağlamağı, ya ağlatmağı poeziya meyarı saymırlarsa da,
oxucular sayır. Yeri gəlmişkən, ən avam oxucu ən savadlı
tənqidçidən müdrikdir. Bu barədə çəkişmələri sonraya
saxlayaq.
Onun lirikası mənim üçün rəngi skeletə çalan ağ-məşum,
olduqca qorxunc, insanlara cəhənnəmin daha çox vəd
edildiyi bu dünyada yaşıl budaq kimi sevimlidir.
Mən üstü həyat naxışlı yaşıl budaqların heyranıyam.
Əziz dostum Əjdər Ol haqqında bu sözləri mən sanki
qəriblikdə yazdım.
“525-ci qəzet”
19 avqust, 20008-ci il
Nəriman Əbdülrəhmanlı
Özünə oxşayan adam
(Əjdər Olun insani və yaradıcılıq portretinə cizgilər)
…Ha fikirləşirəm, Əjdər Olla nə vaxt, harda, hansı
şəraitdə tanış olduğumu yadıma sala bilmirəm. Sonra ağlıma
gəlir ki, qəfildən o tarixi, o günü, o yeri xatırlamağım
da heç nəyi dəyişməyəcək. Başlıcası odu, elə bil Əjdəri
yüzillərdi, min illərdi tanıyıram, bir-birimizə dost olmaq,
yaxşı münasibət saxlamaq, tez-tez görüşmək barədə öhdəlik
qoymamışıq, mətbuatda şeirləri, hekayələri, publisistik
yazıları rastlaşanda oxumuşam, uğurlu əsərlərinə
sevinmişəm, Əjdər də özünəxas vicdanla, səliqə-səhmanla
mənim yazı-pozumu izləyib, zəng vurub fikrini söyləyib,
rastlaşanda düşündüklərini gizlətməyib.
Mən Əjdər Olun poeziyasından, nəsrindən,
publisistikasından, dramaturgiyasından, xarakter
cizgilərindən yerli-yataqlı, klassik və ağıllı ibarələrlə
yazmaq fikrindən uzağam. Ən azı ona görə ki, tənqidçi
təfəkkürüm yoxdu, elmi baqajım da istənilən səviyyədə
deyil, tənqidçilərə əlcək atmaq fikrinə də düşməmişəm.
Bununla belə, Əjdərin həmişə öz qələmdaşlarına, onların
əsərlərinə, üstəlik, talelərinə olan diqqəti qarşısında
özümü həqiqətən borclu sayıram, sözarası yazılarıyla bağlı
fikirlərimi bildirsəm, gərək kimsə məni qınamasın. Çünki
qələm adamının yazılarıyla şəxsiyyətini ayrı-ayrılıqda
yazıya gətirmək çətindi: onun xarakter cizgiləri
istər-istəməz yazılarında özünü büruzə verir; əgər belə
deyilsə, deməli, şəxsiyyətində saxtalıq var, o saxtalıq
qələmə aldıqlarında özünü bildirəcək. Xoşbəxtlikdən, Əjdər
şəxsiyyətində də, yazılarında da özünə oxşayan adamdı,
kövrəkliyi, həssaslığı, sərtliyi, qəddarlığı (portretlərini
oxuyun!), başlıcası səmimiliyilə…
Artıq boynuma aldım, poeziya barədə sanballı fikir
söyləmək mənlik deyil. Amma bir həqiqət də var: tənqidi
məqalə yazmağı qarşıma məqsəd qoymamışam. Əjdərin
bağışladığı iki poetik toplusunu oxumuşam, ilk
rastlaşdığım şeirlərindən aldığım təəssürat dəyişməyib: o,
«Orijinallıq» xətrinə əlləm-qəlləmlik eləmir, yazdığını
başdan-başa mücərrəd obrazlarla bəzəməyə çalışmır, yaxud
son misraların «yükü» hesabına gözdən pərdə asmır, üstəlik,
qələmə aldığıyla oxucunun boynuna çəkilməz minnət qoymur;
yazdıqları içini qəfil titrədən, başqa ölçüyə-biçiyə sala
bilmədiyi, səsə, rəngə, cürbəcür konstruksiyalara çevirə
bilmədiyi duyğulardı. Şəxsən mənə görə, poetik mükəmməllik
klassik poeziyanın mülkiyyətidi, ona kimsənin iddia
eləməsi yersiz şeydi, çağdaş poeziyanın mülkiyyətisə
fraqmentallıqdı, bütövün hissələrini mümkün qədər
ustalıqla sözə çevirməkdi. Başqalarına sırımaq fikrində
olmadığım bu qənaətimə söykənib Əjdərin şeirlərini həmişə
məmnuniyyətlə oxuyuram.
Əjdər Ol nəsrində də, publisistikasında da qəddar
naturalistdi, obrazlarına qarşı münasibətdə əsl cəllad
soyuqqanlığıyla hərəkət eləyir: onları özünəxas
səliqə-sahmanla, ardıcıllıqla, həvəslə hisslərə,
davranışlara, xasiyyətlərə doğrayır, hər hissənin bütün
ruhi və anatomik gizlinlərini üzə çıxarır, axırda həmin
parçaları cərrah dəqiqliyilə yerinə tikir və… bu vaxtacan
gördüyün, amma bu cür tanıya bilmədiyin bir adamın
portretiylə rastlaşırsan. «Börüsoy» hekayəsini oxuyanda
neçə illərdən bəri tanıdığım personajın psixoloji
cizgilərini bu qədər dəqiq bildiyinə səmimi-qəlbdən
heyrətləndim. O personaj neçə illərdi, qələm adamlarının
arasındadı, neçələriylə oturub-durur, neçələrini o biçarə
rəssam kimi, səmimi qəlblə «işə salıb», amma kimsə
Əjdərəcən ondakı tipajı görə bilməmişdi. Qaynatdığı işin
içindən ötəri dediyi «Bu külək mənimçün əsirmiş»
sözləriylə çıxmağı bacaran Börüsoy Əjdərin qələmində elə
onun sifariş elədiyi Bozqurdun portreti kimi naturadan
çəkilmiş portretdi.
«Şər Nizi»də də eləcə. İşi-peşəsi onu-bunu şərləyib,
gözünü qorxudub cibxərcliyi almaq olan Niyaz kişinin – Şər
Nizinin portretini əvvəl profildən (dostu göstərir, sonra
da haqqında bir əhvalat danışır) görür, öz içində o
portreti tamamlayır, üzbəüz gələndə daha əlavə ştrixlərə
ehtiyac qalmır. Ya elə «Fa…» hekayəsindəki bir müddətdən
sonra başına hadisə gəlmiş qızı üz cizgilərindən tanıyıb,
onun portretini yaratmaq Əjdərin özünəxas ustalığıdı. «Usta
Yusifin kamançası», «Qatillə görüş» hekayələri tamamilə
fərqli mövzularda, fərqli yanaşmayla yazılıb, amma bu
hekayələrdəki psixoloji ovqatın dəqiq təsviri diqqəti çox
çəkir.
Əjdər kitablarından sonuncusunu «Ölümlə zarafat»
adlandırıb (amma mənə yazdığı avtoqrafda kitabını adının
arasına «nə», sonuna sual və nida işarələri artırıb: «Ölümlə
nə zarafat?!»). Bu, hekayəsinin adıdı, 2006-cı ildə
«525-ci qəzet»də çap olunanda zəng vurub fikirlərimi
söyləmişdim. Əjdər 2005-ci ilin sonunda Praqa-Bakı təyyarə
reysində baş verənləri qələmə alıb, heç yol yoldaşlarının
adını dəyişməyib (dəyişsəydi, şübhəsiz, hekayə çox şey
itirərdi): Sabir Rüstəmxanlı, Paşa Qəlbinur, İlhamə
Quliyeva, Əmir Pəhləvan, Rüstəm Behrudi… bir də elə
Əjdərin özü dramatik əhvaların qəhrəmanına çevrilirlər,
yazıçı qələmi o əhvalatdan yaxşı bir hekayə çıxarır:
ekstremal situasiyalara düşən adamların özlərini necə
aparmaları natural cizgilərin dəqiq təsviriylə yanaşı,
bədii üslub hüdudlarına da ustalıqla sığışdırılıb. «İnsanlar
faciəli sonluqla bitməyən hadisələri tez unudurlar» -
hekayənin bu son cümləsi əslində, müəllifin fəlsəfi
ümumiləşdirməsi: nasaz təyyarənin hamını sarsıdıb, sonra
sağ-salamat yerə enməsini başqa cür necə mənalandırmaq
olar?!
Əjdər Olun hekayələrindəki naturallıq publisistikasında,
esselərində və ədəbi portretlərində daha aydın görünür.
«Adam heç öz-özünü hər işdə yarıtmaq gücündə deyil…» («Gücümüz
çatmırsa…»), «Öz başına gələnlərdən ibarət dərsi götürmək
asandır. Əsl ibrət dərsi odur ki, sən onu başqasının
həyatından götürəsən» («Ardıcıllıq»), «İnsan ona
arxalanana xəyanət edib müvəqqəti də olsa, necə deyərlər,
«çulunu sudan çıxardanda», ikiüzlülüklə boynundan
məsuliyyəti atıb yüngülləşəndə, ürəyindəki bədxah
fikirləri dilinə gətirməyib yalan danışanda, tamah
ucbatından qan tökməyə də hazır olanda şər əməllərə şərik
çıxır…» («Qarışıq zəmanə» həqiqətləri təkcə olanları demək
istəyi deyil, ziyalı narahatlığından doğulan fikirlərdi.
Əjdər həmişə gücü çatan işləri görməyi, özü demiş, «boş
oturmaqdansa, havayı işləməyi» dil qoçağı olmaqdan,
çayxanalarda qənd yerinə işlədib, tüstü kimi havaya
üfürməkdən üstün tutub. Televiziyada «Gülüstan» ədəbi
verilişi açıb beş-üç namuslu söz adamını ekrana çıxarmaq,
ya da vaxtına qızırğalanmayıb sənət adamlarının baş verən
maraqlı əhvalatları toplayıb kitab (özü də bir yox, iki
kitab) buraxdırmaq ilk baxışda kiməsə ötəri iş kimi görünə
bilər. Amma bu cür işlərin əziyyətini də, dəyərini də
bilən adam kimi, Əjdərin havayı işləsə də, xeyirxah yolunu
tutduğuna əminəm.
Oxuduğum üç ədəbi portreti («Yazıçı Namiq Abdullayevin
axırı», «Rafiq Tağı ki, Rafiq Tağı», «Kür Əlisəmid») Əjdər
Olun dönə-dönə qeyd elədiyim «naturallıq kredosu»nda
doğulub. «Ya həqiqəti danış, ya da sus» deyiminin
müəllifini unutmuşam, amma mənə elə gəlir, Əjdər bu
sözləri iri hərflərlə yazıb gözünün qabağından – divardan
asıb. O, elə adamlar barədə yazır ki, onların barəsində
bildiyi həqiqəti söyləməyi özünə borc sayır. Düzdü, mən
Əjdərin ədəbi portretlərindəki müəyyən məqamlarla (məsələn,
«Kür Əlisəmid»dəki bir para ştrixlərlə) şərik deyiləm,
mənə görə, elə şeylər var, lap həqiqət də olsa, onları
başqalarının bilməsinə ehtiyac yoxdu – ola bilsin, bu
mənim xasiyyətimdən, xarakterimdən irəli gəlir. Amma Əjdər
ən acı həqiqəti belə, söyləməyə özündə güc tapa bilir, ona
görə, dərman nə qədər acı olsa, xəstəyə o qədər çox xeyir
eləyər. Ən gözəli də odu ki, onun bu portretlərində bir
damcı da olsun, bədxahlıq, nifrət, gözügötürməzlik yoxdu,
əksinə, qəlbən ağrıdığı adamlara heyrətamiz insani sevgi
var, bu sevgini heç o portretlərin yiyələri də dana
bilməzlər.
Bir neçə il əvvəl Gənc Tamaşaçılar Teatrında əməkdər
incəsənət xadimi Bəhram Osmanov Əjdər Olun «Molla
Nəsrəddin və Əmir Teymurun filləri» pyesini tamaşaya qoydu.
Təəssüf ki, müxtəlif səbəblərdən o tamaşaya baxa bilmədim.
Amma eyni rejissorun Milli Dram Teatrında Əjdərin «Son
məktub» pyesinə verdiyi quruluşa baxdım, sonra hər iki
pyesi «Ölümlə zarafat» kitabında oxudum. Boynuma alım,
teatr tamaşaların barədə yazmaq səriştəm yoxdu. Amma
Stefan Sveyqin «Yad qadının məktubu» hekayəsi əsasında
qələmə alınmış «Son məktub» pyesini də, tamaşanın rejissor
həllini də bəyəndim, məndə belə fikir oyandı ki, bu pyes
Əjdər Olun səhnəylə axırıncı təması olmayacaq.
Əjdər Olla aramızda cəmi-cümlətanı iki ay yarım yaş fərqi
var, ədəbiyyata da eyni vaxtda – 80-cı illərdə qədəm
qoymuşuq – yəni 80-cı illər ədəbi nəslinə mənsubluq.
80-90-cı illərin çalxantılarından yaşıdlarımızın çoxu
salamat çıxa bilmədi: şəxsiyyətləri də, yaradıcılıqları da
xeyli ziyan çəkdi. O çoxlarından fərqli olaraq, Əjdər Ol
açıq dövrdən, özü demiş, «qarışıq zəmanə»dən özünü də,
yazı-pozusunu da salamat çıxarmağı bacardı. Düzdü indi də
hələ müharibə vəziyyətindəyik, torpaqlarımız qaytarılmayıb,
qaçqınlarımız var, amma daha o qarışıq zəmanə deyil, bir
az qabiliyyəti, bir az da qeyrəti olan öz başını da,
ailəsini də saxlaya bilir. Bununla belə, həmişə Əjdər
yaşıdlarından kiminsə qayğısını çəkir, gücü çatan köməyi
eləyir – bu, artıq onun həyat tərzinə çevrilib.
Əjdər Olun ən yaxşı cəhətlərindən biri də həmişə, hər
yerdə öz yerini dəqiq, səhvsiz bilməsidi: xoşlamadığı
adamla oturub-durmaz ki, nüfuzuna xələl gələr; hörmətli,
müdrik adamlarla ünsiyyət saxlamağı sevir; kimsənin
bezdirmir, özünün də, başqasının da vaxtına, heysiyyatına
hörmətlə yanaşır; nəyisə eləmək istəyəndə qəti söz vermir,
amma onu yerinə yetirməkdən ötrü bütün imkanlarını
sınaqdan keçirir. Əjdər həyat təcrübəsindən ibrət dərsi
almağı, üstəlik başqalarının hərəkətindən düzgün nəticə
çıxarmağı bacarır.
Bircə onu bilirəm ki, Əjdər Ol həmişə özünə oxşayacaq…
Bu ömrü yaşamış Adam bundan sonra dəyişə bilməz!
Sabir Əliyev
Filologiya elmləri doktoru, Beynəlxalq Füzuli mükafatı
laureatı
Əjdər Olun kitabları
Əjdərgilin qrupu universitetdə mənim ən sevimli
qruplarımdan biri idi. Əvvəllər şairlik istedadını
gizləyən bu oğlan təhsildə də çox üzdə idi. Təkcə onu
deyim ki, fərqlənmə diplomundan onu yalnız sonuncu dövlət
imtahanı ayırırdı: Bakıdan gəlmiş komissiya sədri Arif
Zeynallı özünəməxsus müəyyən mülahizələrlə onun cavabını «yaxşı»ya
layiq bilmişdi… Amma Əjdər 1965-1975-ci illərdə orta
məktəbdə də əla qiymətlərlə oxumuşdu. Nə isə…
Anadangəlmə şairliyi olan Əjdər öz gərgin zəhməti və təbii
istedadı hesabına kitab çapına münbit şərait tapır.
Əvvəlcə 1980-1990-cı illərdə şeir və lətifə kitabları nəşr
olunur: «Gələcəkdə yaşayıram» (1987), «Alın yazıma düzəliş»
(1991), «Könül vuruşu» (2000), «Əjdər Olun kitabı» -
lətifələr (1997), «Latış daynları» (1998), «Habil Əliyevin
lətifələri» (1998), «Müdriklik anları» (1996), «İndidən»
(1996), «Əjdər Olun kitabı» (2000), müğənni Flora Kərimova
haqqında «Səsindən tanınan» (1993) və s. Lakin Əjdər Olu
istedadlı bir şair kimi tanıdan və sevdirən onun və
samballı «Könül vuruşu» kitabıdır. Bu kitab Əjdər Olun
şairliyini təsdiq edib ortaya qoyan və onu daha yeni
mövzular axtarışına çıxaran maraqlı bir kitabdır.
Bu zəngin və rəngin kitab Rafael Hüseynin «Əjdər Olmaq»
adlı ön sözü ilə başlayıb, Ağalar Mirzənin «Qələm qardaşım»
başlıqlı son sözü ilə bitir. Hər iki müəllif vətəndaş şair
Əjdər Olu axıracan və dediklərini haqqı deyiblər. «Könül
vuruşu»!… Kimə qarşıdır bu vuruş? Nəyin uğrundadır bu
vuruş? Bu sualların cavabı vətəndaş şairin ilk və son
mövqeyidir!
Kölnümü vuruşa çıxartmışam mən,
Səf-səf, qoşun-qoşun kədərlə, qəmlə.
Mənim ürəyimin hər döyüntüsü
Təzə bir hücumdur, yeni bir həmlə.
Bütün vuruşlardan uzundur, uzun,
Bu saat, bu fəsil, bu il vuruşu
Dönük zəmanəmlə öz aramdakı
Könül vuruşudur, könül vuruşu.
Dönük zəmanə! Könül vuruşu! Könül – insanın özüdür, onun
mənliyi, şərəfi və ləyaqətidir! Deməli, «bütün vuruşlardan
uzun» olan və arası kəsilməyən könül döyüşləri sanki
əbədidir. Mütləq istiqlala qədərdir! Hətta, bitməzdir!
Mən öz ürəyimə yaxşı bələdəm,
Döyüşər döyüşün sonuna qədər.
İnsanlar, mən sizin aranızdayam,
Günəşli qiyamət gününə qədər!
Bir şair, bir insan və bir vətəndaş kimi Əjdər Olda rüşeym
halında gördüklərim indiki – böyümüş və bərkimiş halında
görməyi çox arzulayırdım və bu arzularıma, qismən çatdım
da. Nə idi mənim Əjdərdə gördüklərim və ondan umduqlarım?
Əvvəldən budur ki, Əjdər, şeiri bir gün üçün və ya bir
dövr üçün yazmır, onun zaman ölçüsü – əbədiyyətdir.
İkincisi belədir ki, Əjdər şeirin predmetini butunluklə
mənimsəməmiş yazmır. Üçüncü tərəfdən onun qiymətini bilmək
lazımdır. Hər saat, hər zaman yaxşı şeir yazılmaz.
«Könül vuruşu»nda mövzuca olduğu kimi, şəkilcə də mütəmadi
bir əlvanlıq görürük. Sözün düzü, mən elə bilirdim ki,
Əjdər təkcə heca havasına köklənib, yalnız heca vəznli
şeirlər yazır. Lakin kitabı oxuyandan sonra məlum oldu ki,
Əjdərin gümrah və coşğun əruz damarı da var. Onun sərbəst
üsullu şeirlər yazmağı da az deyil. «İstiqlal» rədifli
müxəmməs, istiqlalın fəlsəfi mənasını açmaqla bərabər,
şaqraq oxunan və oxuyanı daim mütəəssir eləyən qaynar bir
sənət nümunəsidir:
Ey salam tək hamıya
söylədiyim istiqlal!
Rəngini yaxşı ayırd eylədiyim istiqlal!
Tən gəlir qan çeşidim
bayrağımın al qanına,
Nə yapaq cansız ölüm
məsləkinin qəltanına,
Döşümü qalxan edib
girdim onun meydanına,
Öz içimdən doğulub,
etdi zühur istiqlal!
Sözdə iş, işdə qürur,
məncə, budur istiqlal!
Gözlədiyimizin təmamilə əksinə olaraq, Əjdər Ol nəyinki
klassik şeir ənənələrinə yabançı deyil, hətta, ən qədim
poetik şəkillər olan qəzəl və qəsidəyə də yeri gəldikcə
müraciət edir: onun 14 beytlik «Mənlik» həmin ənənəvi
formanın müasir ruhda davamı kimi diqqəti xüsusi cəlb edir;
bundan əvvəl, Əjdər predmetin məzmununu – mənlik
duyğularını dərindən tədqiq edir və yalnız bundan sonra
yazıya girişir:
Qəlbimiz çox yuxadır,
bir sözlə ağlatmaq olur,
Dibimiz bərkiməyib,
boşları laxlatmaq olur.
Bizə kəf gəlsə biri
bir də dönüb aldadacaq,
Bizləri bir dəfə yox,
yüz dəfə aldatmaq olur.
Mənə dardır bu vətən,
yerlibaz axmaq, duy, eşit,
Bağlanıb bir mahala,
bir obaya, artmaq olur?
Heyvərə, lovğa, düdük,
şortu siyasətçilərin
Dilini kündələmək,
ağzını bağlatmaq olur?!
İşimi tərsə yozan
münsifə neynim, qardaş,
Münsifin münsifi yox,
münsifi yoxlamaq olur?!
Bir əli rusda, biri farsda
olan rəsmiləri
İngilis bayrağı tək
hər yerə mıxlatmaq olur.
Bu beytlərin odlu vətənpərvərlik mənası bir yana, ahəngi
də insanı riqqətə gətirir. Yeri gəlmişkən, onu da deyək ki,
Azərbaycan yazılı və şifahi (bəli, şifahi!) şeirində
işlənən 12 bəhrdəki şeirlərdən 45 faizi həmin rəməl
bəhrindədir. Füzulidə də belədir, Vaqifdə də, xalq
şeirində də, əruzlu bayatımızlarda da. bu son şeirlərin
hər ikisi əruzun rəməli – müsəmməni – (müsəddəs, mürəbbe),
məxbuni-məhzuf ölçüsündədir ki, bu da dörd (üç, iki)
bölümlü qısa incə rəmələ uyğundur.
«Könül vuruşu» kitabı Əjdər olun 150 şeirlik seçmələridir.
Kitabda təbiət, fəsillər, dostluq, insanlıq, işiq, bulud,
yağış, külək, qar, sevgi və bütün varlıq haqqında
bir-birindən təzə və gözəl, isti və tökmə şeirlər var ki,
hamısı haqqında danışmaq və xoş sözlər demək olar.
Kitabdakı «Azərbaycan», «Güneylilərə», «Bakı-istiqlal
küçəsi», «Füzuli qırığı», «Çaşmayın», «Sağlıq dostum»
şeirləri haqqında xeyli geniş söz açmaq mümkündü. Əjdər Ol
«Bir bayraq, doqquz əsgər» əsəri ilə poemanı qısa yazmaq
nümunəsi göstərmişdir.
Şairin «İndidən…» kitabının gürşad dilindən və axıcı
şeriyyətindən çox şeylər danışmaq olar. Əsas olan budur ki,
həmin kitab Əjdərin yetişməsində önəmli rol oynayıb.
Əjdərin qələmi, dostlarının da təsdiq etdiyi kimi,
universaldır, hər şeydən yazmağa qadirdir. Müğənni Flora
Kərimovadan yazdığı «Səsindən tanınan» kitabça-müsahibəsi
ağıllı və müdrik sual-cavabları ilə diqqəti ayrıca cəlb
edir.
Sözün doğrusu, mən Əjdər kimi zahirən ciddi, təmkinli,
susqun, və az danışan bir adamda yumor hissinin olacağına
inanmırdım. Amma indi inandım. Sən demə o, içəridən
közərən bir vulkan imiş.
Onun «Əjdər Olun kitabı» (müxtəlif təkliflərlə iki dəfə
nəşr olunub) və «Habil Əliyevin lətifələri» kitabları
mənim zənnimi dəyişib tələbəmizin daha geniş zövqünü
nümayiş etdirir.
Əjdər Ol 1980-ci illərdə bir müddət Latviyada olmuş və
latış dilini öyrənmişdir. Həmin illərin yadigarı olaraq
Əjdərin «Latış daynları» kitabı nəşr olunmuşdur.
Arı qonub çiçəyə, çiçək arılarındır,
Qızları gizlətməyin,
qızlar oğlanlarındır.
***
Qonşu havayı yerə
gəl üz-göz olmayaq biz,
Sənin kəkilli oğlun
mənim qızımı sevir.
***
Qızlar inək sağırlar,
oğlanlar, gedin, baxın;
Südü köpürüb daşan
yaxşı evdar olacaq.
Əjdər xoşbəxt şairdir, çünki Əjdər üçün bir Allah var, bir
də bir şeir Allahı – Füzuli! O, bu həqiqəti idrak
pilləsinə qalxdığı üçün xoşbəxtdir. Əjdər şeirə və əruza
münasibətdə o qədər Füzuliləşib ki, özünün bir şeirində
dediyi kimi az qala «Füzuli qırığına» çevrilib. Şeirdə
Füzuli yolu, möcüzələr yoludur, müdriklik yolu, həssaslıq
yolu, məhəbbət yoludur. Bu yolda Əjdərə uğurlar diləyirik.
Əjdər sevmək və sevməməyi (Məcnunluqla İbn Səlamlığı)
insanların ən qabarıq Milli Fərqi hesab edir və bütünlüklə
düz deyir:
Dünyada ikicə millət olacaq:
Sevməyən, bir də ki, sevən milləti.
Bax bu, sənətin Füzuli pilləsidir.
Günlərim bir bezin qırağı kimi,
Dava-dalaşlardan yorulacağam.
Mən də bir Füzuli qırığı kimi
Gedib bir gözələ vurulacagam.
Əjdər milli qeyrət və qürur təşnəsidir:
Can candan olub, ağlama can, can!
İndi şan-şan elədin könlümü, şan-şan!
Düşmən deyəcək: «Boynunu əy, əy!»
Əysən, deyəcək, «əslini dan, dan!»
«Qan-qan demirəm, dönmədə məna,
Qan! Qan! Eşidib, haqqını qan, qan!»
Bir söz ki, yanır, söz deyil, Əjdər,
Sözdən alışıb, söz kimi yan, yan!
Misralarının əvvəli və sonu qafiyələrlə dolu olan bu şeir
artıq, yanğı pilləsidir. Böyük Cavidin «İblis»i də belə
coşğun hadisə ilə başlayırdı:
Dəryalərə hökm etmədə tufan!
Bu da bir ayrı əruz: Həzəci – müsəddəsi – əxrəbi – məkfufi
– məhzuf!
Əjdər ol uğurlu yoldadır. Bu yol fərəhli olduğu qədər də
daşlı-kəsəkli, ağrılı-acılıdır. Biz ona inanırıq ki, Əjdər
Olan kəs bütün bu əzablara dözəcək və özünün dediyi kimi
gələcəkdə yaşayacaqdır.
“İnsan və zaman” qəzeti,
20-31 mart 2004-cü il
Mübariz Cəfərli
Adını tapa bilmədiyim yazı
Bir gün nədən ötrüsə şair dostum Əjdər Ola zəng vurmuşdum.
Sağollaşanda ərkyana:
- İtmə, Mübariz, hərdən heç olmasa zəng elə…- dedi.
Üstündən bir həftə ötəndən sonra Əjdərə zəng vurdum. Hal-əhvaldan
sonra araya sükut çökdü və mən dedim:
- Qardaş, elə bilirsən səbəbsiz zəng eləmək asandı, hə,
nədən danışaq?!
Əlbəttə, bu bir zarafat idi, bilirdim ki, onunla saatlarla
ədəbiyyat, sənət söhbəti eləmək olar. Əjdər Ol şeirə,
sənətə xəyanəti bacarmayan şairdi. Mən bu sətirləri
yazanda qəsdən Əjdər Olun evimdəki kitablarını
vərəqləmirəm. Məqsədim onun şeirlərinin təhlili də deyil.
Qoy bununla tənqidçilər daha dərindən, daha məsuliyyətlə
və daha vicdanla məşğul olsunlar. Amma lazım gələndə
yaddaşımı da sınağa çəkmək mümkündü. Məsələn, onun «Elə
xoşum gəlir» şeirini oxuyandan sonra şairin rəssamlığına,
şeirdəki nasiranəliyə və sözlərin sərrast, yerində
işlənməyinə heyrətlənməyə bilmirsən.
Elə xoşum gəlir tənəkdən dərəm,
yuyub
qoyub gedəm sarı salxımı.
Əllərim belimdə qayıdıb görəm
quşlar dimdikləyib yarı salxımı.
Görəm bir kəpənək köynəyi mil-mil
uzaqdan bilinir şehdə çimdiyi.
Görəm ki, misramın üstündə deyil,
altından xətt çəkib sərçə dimdiyi.
Təsvir olunan məkanın rəngləri də, salxımdakı üzümləri
dənələyən sərçənin cikkiltisi də aydın və ürəyə yatandı.
Xatirimdədi ki, mən bu şeiri oxuyandan sonra qələm dostum
Rafiq Tağıya zəng eləmişdim, şeiri telefonda Rafiqə
oxumuşdum və azı yarım saat Əjdərin poeziyasından
danışmışdıq. Elə şeirlər hər zaman yazılmır. Hay-küydən
uzaq, giley-güzarsız, zəmanədən şikayətsiz, sakit, sadə və
sərrast…
Həqiqətən «sözlü-səsli» şeir… Prozaik şeir… Yalnız səsin,
sözün, misranın əsl dəyərini, çəkisini bilən sənətkar o
şeiri yaza bilərdi. Əslində mən Əjdər Ol haqqında
yaza-yaza, onun şeirlərini xəyalımda canlandıra-canlandıra
necə deyərlər «öz ölümə» ağlayıram. Yazacağım növbəti
əsərə hazırlaşıram, köklənirəm. Deməli, şairin misal
gətirdiyi şeirini də, xatırlamağımda qanunauyğunluq varmış.
Əjdər barlı-bəhrəli şairdir, binayi qədimdən barlı,
meyvəli ağaclara daş atıblarsa, onda vay adamların,
barlı-meyvəli adamların halına! Hərdən bir onun da,
bostanına daş atıblar, amma bunları üzə vurmayıb, üstündən
sükutla keçib… Cəmi bircə dəfə mən onun nurla dolu
çöhrəsində kölgə sezmişəm. Akademik Milli Dram teatrının
foyesində… yanılmıramsa, «Hamlet» tamaşasına baxmağa
hazırlaşırdıq. Daha susmağa yer yoxdu, açdım sandığı,
tökdüm pambığı..
- Mənim dalımca danışırlar, sənin qabağınca. – Bir az
fikrə gedib gülümsündü. – Sən də mənim günümdəsən,
dal-qabaq gedirik… - səsini yavaşıdıb pıçıltıya keçdi, elə
bil nə isə bir sirr açacaqdı mənə. – Mənim dayaq nöqtəm öz
içimdədir, səni bilmirəm. – dedi.
Onda mən zarafatyana onun bir şeirindən iki misranı dilə
gətirdim.
Əjdər gərək Əjdər ola,
Olmursa, neynirsən onu?
…Birinci gün bir şeir, ikinci gün üç-dörd misra, üçüncü
gün mənəmlik azarı, ucuz şöhrət düşkünlüyü… və heç nə… (Eyni
analogiyanı nəsrə, yaxud sənətin digər növlərinə aid
eləmək mümkündü). Böyük – kiçiyin qalmadığı, yalançı
inkarçıların ayaq tutub yeridiyi bir ədəbi mühitdə –
nədənsə bu mühit mənə not bilmədən yönsüz-yöndəmsiz
çığırışan xoru xatırladır – Əjdər Olmaq həqiqətən çətindi.
Əjdər Olmaq və sakitcə öz yolunla irəliləmək… Ətrafdakı
dedi-qodulara məhəl qoymadan… Ucuz şöhrət dalınca qaçmadan…
Ədəbiyyata, şeirə-sənətə xidmətdən usanmadan…
Günlərin birində Yazıçılar Birliyinin Natəvan klubunda
gənc şairlər şeir oxuyurdu. Məclisi Əjdər Ol aparırdı. Biz
də dinləyirdik. Şairlik həvəsinə düşmüş xanımlardan biri
yanılmıramsa: «Qoymayın məni şair olmağa» - adlı şeirini
oxuyanda Əjdər kimi mədəni, soyuqqanlı adamın təhəri
əməlli-başlı dəyişdi və o, xanımın sözünü kəsdi:
- Ay xanım, hansı axmaqdı sizi zorla şair etmək istəyən,
zəhmət olmasa buyurun, elə bu gündən gedin ədəbiyyatdan!
Qəribədir, yəqin ki, hündür boy-buxununa görə Əjdər Olu
həmişə antik dövrün filosoflarına, ən çox Pifaqora
bənzədirəm. Guya ki, Pifaqor mənim tayım-tuşumdu,
Pifaqorla oturub durmuşam, yeyib içmişəm. Düzünə qalsa,
bir elə yeyib içən də deyiləm, bərkdə əlim yoxdu. Amma hər
dəfə Əjdəri görəndə Pifaqorun bir deyimi ağlıma gəlir:
«Getdinsə, dala baxma…»
Əjdərsə uzun, sonsuz bir ədəbi-əbədi yol gedir…
Kimdir o yolçu?
Dost uğuruna sevinəndi…
Abırına qısılandı…
Sözə qiymət verəndi…
Zəhmətkeşdi…
Şairdi, sənətkardı…
Redaktəni sevir, sözə həssasdı…
Hərdənbir alın yazısında da düzəlişlər eləyir…
Boynuma alıram ki, onun şeirlərini oxuyanda mən də yazmaq
istəyirəm. Təkrar eləyirəm, Əjdərdən yazmağımın özü də bir
növ özünəxidmətdir. Haqqını halal elə, qardaşım!
P.S. Gecə beşin yarısıdı, yazı masamın üstündə nələr yoxdu,
ilahi! Qəndqabı, stəkan, fincan, kəsilmiş tort, qrip
dərmanı, kibrit, bıçaq, yenicə nəşr olunmuş kitabım,
dostumun bizdə unutduğu kepkası və bir də Əjdər Olun mənə
bağışladığı kitabları. Mən çəkindiyimdən o kitabları üzü
üstə yığmışam. Mənə elə gəlir ki, o kitabları bir də
oxusam, indicə yazdıqlarımı cırıb tullayacam. Çünki ordakı
misralar mənim yazdıqlarımdan qat-qat yüksəkdədi…
P.P.S. Ancaq bir təsəllim də var. Mən onun poeziyasından
yazmadım. Özündən yazdım. Bir dost, qardaş və hərdənbir
gecələr onun şeirini oxumağa ehtiyacı olan adi bir oxucu
kimi…
“Sənət” qəzeti,
1-15 avqust
Ağalar Mirzə
Əməkdar İncəsənət xadimi
Qələm qardaşım
Əjdər Ol imzası və yaradıcılığı ilə daim diqqət, maraq
dairəsində olan şairdir. O, əvvəl Cəbiyev idi. Sanki özünü,
sözünü qətiləşdirən bir inamla adına qeyri-adi təxəllüs
götürdü: «Ol». Adidən aliyəcən şairlər bu sözün mənasını
yozmağa çalışdı, dost bəyəndi, qısqancsa dodaq büzdü.
Əjdərsə təkcə yaradıcılığına yox, imzasına da müxalifəti
səbrlə, təmkinlə qarşılamağıyla ilk qələbələrini çalırdı.
Uzun illərin dostluğu Əjdərlə mənim aramda sirr qoymayıb.
Bəlkə də heç deyiləsi sirrimiz olmayıb; danışılıb söhbət
mövzusuna çevrilənlər dərdlərimiz olub. Bu dərd dolanışıq,
ailə qayğılarından çox-çox ucalarda dolanan «ali»
dərdlərdi. Mən indi o dərdlərin sevilən misralara
çevrildiyini görəndə Əjdərlə sürəkli söhbətlərimizin,
şeir-sənət, dünya, həyat haqqındakı bilgilərimizin gizli
bir enerji koduna çevrildiyinə sevinirəm. Əslində Əjdərin
şeirlərindən öz yaradıcılığının həzzini, sevincini duyuram.
Çünki, onun yaradıcılığı təkcə uğurlu misraların, amal və
düşüncənin bədii ifadəsi olan qəlbi sərinlədib səngiyən
şeirlərin toplusu deyil. Bəlkə də belə olsaydı, Əjdər Ol
qəzetlər bolluğunda parlayıb düşən sənət sevdalılarından
heç nəylə seçilməzdi. Burda mətləb çox ciddidir. Birinci
onun vətəndaşlığı gəlir, sonra istedad, sənətkarlıq,
insanlıq, humanizm, kövrəklik, sərtlik… hər şey də
ölçüsündə.
Əjdər Olun şeirləri onun özünə bənzəyir; odu odundan, suyu
suyundan. Təvəllüdü, mənşəyi, yeri-yurdu, tarixi, şəcərəsi.
Şeirlərinin hər misrasını sıxsan, Şirvan çöllərinin yovşan
ətrini yaxandan asar. Səni Əjdərin uşaqlığı keçən sərt,
qaraqabaq, qarağanlı, yulğunlu, ilğımlı çöllərlə, ğözünün
«ilk ovu asfalt, stansiya, şoran düz» olan dostlarıyla
həmsöhbət edər. Özü də Əjdər bu dostlarını şeirlərində
böyüdüb «qocaltmış», kənddən şəhərə, xırda, darısqal
komalardan dolanışıq ünvanlı Rusiya bazarınacan izləyir.
Tale yollarında ağrılar və ayrılıqların göz yaşları
içindən parlayan zəif və zərif ümüd qığılcımlarını Əjdər
Olun şeirlərindən aydınca görmək olur. (Mən şeirlərdən
sitat gətimirəm. Çünki, misralar bir-birindən ayrılmır.
Şeir qırılmır, tam parçalanır.)
«Şair cəmiyyətin barometridir» - indi bu bəlkə bu şablon
səslənir. Amma, vallah, belədir! Zaman insanı yaddaşsız
edir. Dünən başımızı kəsənə bu gün, yaxud sabah qardaş,
dost deməyə məcbur oluruq. Şeirdə, şair taleyindəsə
konkret günün, güzaranın, ədlin, cinayətin qiyməti verilir.
Bu vaxt şairin (Əjdərin) gözünü qan tutur, qan başına
vurur, təslimçiliyi, məğlubiyyəti , işğalı bağışlamır. O
qədər sərtdi, barışmazdı ki…
Başqa bir şeirindəsə aşiqi (Əjdərin) bir gül ləçəyi ilə
vursan yıxılıb ölər – o qədər zərifdi, kövrəkdi. Sevdiyi
insanla görüşün həsrətində dəqiqələri gül ləçəyi kimi
qırıb-tökür, tənhalıqdakı saatları ömründən silir.
Belə incə, lirik hissləri Əjdər Ol qırx-qırx bir yaşında
yazır – bir çiynində «Azərbaycan» adlı məmləkətin
qayğıları, o biri çiynindəsə sevda mələklərinin həyata,
gələcəyə, yaşamağa ruhlandıran ilhamı. Azərbaycanla «can»ı
çıxır, Azərbaycanla «can»ı qayıdır. Dost bir yana,
düşmənin dilindən «can»ını alır.
İndi durub təhlil eləsən, Əjdər Olun yaradıcılığında hər
cür mövzu verən, müzakirə müstəvisinə çıxası şeirə rast
gələrsən. Amma, məqsəd bu şeirləri təhlil etmək deyil. Axı,
bir də bu təhlil nə verəcək. Əjdər ömrünü-gününü yazıb.
Ona necə deyəsən ki, elə yazma, belə yaz. Bu şeirləri
Əjdər qonşudan borc almayıb, öz övladı, qolu-budağıdır.
Əslində bu şeirləri Əjdərin əlindən alsan, yaxud bir gün
hesab eləsən ki, Əjdər bu şeirləri yazmayıb, onda bu
boylu-buxunlu, görkəmində ciddi vəzifə adamlarına xas
ötkəmlik olan oturaq yaşlı Azərbaycan vətəndaşının
əsli-kökü, soyu-şəcərəsi haqda deyilənləri də qatlayıb bir
daş altına qoymaq lazım gələrdi.
Şair Əjdər Olun sənətdəki uğurlarına müxtəlif baxış
bucaqlarından baxanların gizli-aşkar təsəvvürlərində onun
obrazı bəzən həqiqətin konturlarından kənarda çəkilir.
Ciddiliyi və şairliyi bir məxrəcdə görə bilməyənlərə Əjdər
Olun ağayana münasibəti məni bir dost kimi sevindirib, əsl
şair, insan şəxsiyyətinin bəlkə də belə mübahisəli,
qısqanc məqamlardakı rəftarı zamanı formalaşması qənaəti
çıxardılan son, doğru nəticə olub.
Əjdər Olun şeirlərində səhvlərindən də gen-bol bəhs olunur.
Bəzən Əjdər bu səhvi bilə-bilə edir, mövzu xətrinə,
kövrəklik, incəlik xətrinə. Çünki, dünyanın olayları
insanı çox sərtləşdirib. Bu sərtlikdən şeir süzülmür,
ilham dəmirləşir. Bu vaxt Əjdər dostluğa layiq olmayanla
da ünsiyyət yaradır, əl tutur, onu sevgi mərtəbəsinə
ucaldır. Və səhv elədiyini görür, sınır, misra-misra
qırılır. Dost itgisini özünə dərd eləyir, belə «dərd»li
şeirlərində Əjdər «qanlı» şeirlərindən daha ucaboy görünür.
Çünki, insanın, cəmiyyətin qanı təkcə döyüşlərdə,
müharibələrdə tökülmür. Bu tərəfdə dost kələyi düşmən
daşından daha çox qan tökür.
Əjdərin şəxsi portretində iki cizgi: ciddi və kövrək
xətlər qabarıq boy göstərirsə, yaradıcılığında səmimilik,
adi həqiqətlərin fəlsəfi yozumu daha çox diqqəti çəkir. O,
təkcə yaradıcılığında deyil, həyatda da orijinal görünməyə
çalışır. Məsələn, qəzet səhifələrindəki şeirlərini övladı
ilə birgə çəkdirdiyi şəkillərlə çap etdirir. Mən deməzdim
ki, bu Əjdərin övladcanlılığı ilə bağlıdı, amma həm də
belədi.
Onun dostlarla münasibətində də bir ritm var. Bu vaxt
şairliyi tamam arxa plana keçir. Öz aramızdı, bu vaxt
şairliyin heç yeri də yoxdu axı. Yadıma gəlmir ki, biz
oturub bir –birimizə şeir oxuyaq… Dərdi-sər azdı bəyəm?!
O, dostu zərrə-zərrə yığır, od içindən, su içindən çıxarır.
Bəzən onun səbrinə, naz çəkməsinə əsəbləşirəm. Əjdər
xətrin xoş olsun deyə belə vaxtlarda mənimlə razılaşır. (Düzdü,
bu razılıq zamanı o, heç nə itirmir. Amma, heç məni də
itirmək istəmir). Nəhayətdə, Əjdərin bu məsələdə daha
haqlı olduğunu hiss edirəm və qiymətləndirirəm. Bütün
bunlar adi, normal insani keyfiyyətlərdi. Həm də şairliyin
üstünə gələndə şəxsiyyəti bütövləşdirən cəhətlərdi.
Əjdər Ol mənim dostumdu! Bunu var səsimlə deməyə heç
çəkinmirəm də. Çünki, bu dostluq sınaqlar dövrünü keçib
qurtarıb. «Müqavilə» pozulsa özümüz heç, özgələrin
gözündən düşərik. Əjdər Ol həm də mənim sevdiyim
şairlərdəndi, bəyəndiyim, qiymətləndirdiyim, adını,
imzasını fəxrlə çəkdiyim qələm qardaşımdı. Söz yox yeni
yazılan bu kitab da Əjdərin oxucularla ünsiyyətini
artırmaqla, bizim əzəli dostluğumuzu yeni mərhələyə
çıxaracaq.
Belə işə uğurlar olsun!
Əjdər Olun “Könül vuruşu”
(“Çaşıoğlu” - 2000) kitabına son söz
İntiqam Mehdizadə
Əjdər Olun könül vuruşu
Əjdər Ol poeziya məkanımıza çox maraqlı, milli rəngli,
təmkiniylə seçilən, müdrükanə bir yol-ərkan gətirib gəlib.
Özünə məxsus ziyası, deyim tərzi, hardansa qaiblərdən
sızılıb gələn havacatıyla. Sözünün arxasında özündən
savayı kimsə yoxdur, kiməsə güvənmir, kimdənsə «komanda»
almır və bu «kimsəsizliyi» onu qorxudub çəkindirmir,
sözünü şax deyir, şux deyir, mərdanə söyləyir. Özü də
anlaşıqlı, ürəyə yatımlı, birbaşa. Poetik çalarlar,
təşbehlər, qafiyəpərdazlıq arxasınca düşmür (bunlar təbii,
texniki olaraq onun dəstxəttində peyda olur) və hiss
eləyirsən ki, Əjdər Ol daha çox ideya, söz, fikir
çatdırmaq, bir fərd olaraq Azərbaycan mühitini (təkcə
ədəbi mühitimizi yox ha) daha da dolğunlaşdırmaq, onu daha
urvatlı, abırlı, əsil dədə-babalarımıza layiq kökdə görmək
istəyiylə yazı-pozu işinə baş qoşub. Sözlə bol, fikirlərlə
zəngin dünyasına baş vurmaq istəyən oxucusunun elə ilk
anlardanca qabağına özü boyda çıxır, deyir bu mənəm,
ürəyincənəmsə buyur, qonağım ol. Və bir növ həm özünün,
həm yaradıcılığının xarakteristikasını verir. Özü də necə:
Ağrılara, əzablara darılma,
Öz işindən bərk-bərk yapış, yorulma,
Çalış ölmə, çalış itmə, vurulma,
Canım-gözüm, ömür elə budur, bu!
Tale, qismət deyirdin ha, odur, bu!
Yağlı vədlər, yaman «ayır-buyur»lar,
Demə mənə nə ad, nə san qıyırlar,
Tez artmağa axı kimi qoyurlar?
Canım-gözüm, ömür elə budur, bu!
Yarışmağa meydan budur, cıdır bu!..
Neynəyəsən də hər gələn gün xoş olmaz,
Adam gedib ağlağana qoşulmaz,
Fors eləmə, dünya sənsiz boşalmaz,
Canım-gözüm, ömür elə budur, bu!
Səni, məni diri-diri udur bu!
(“Ömür”)
Gərgin, əsəbi, qayğılarla ləbaləb ötüşən bu günlərimizin
içindən necə də ümid qoxuyan, işıq saçan, ilıq, məhrəm bir
bahar nəsimi kimi keçir bu misralar. Və sadə, təmtəraqsız
deyilişiylə bizi necə də inandırır.
Adamsan də, incidərlər adamı,
O dünyadan haraylama atanı,
Alan yoxsa, dur özün al qadanı
Canım-gözüm, ömür elə budur, bu!
Dadına bax, gör nə şirin dadır bu!
(“Ömür”)
Sanki skeptikə, hər şeyə qara eynək arxasından baxana,
gələcək barədə qara-qura proqnozlar verənə demək istəyir
ki, canım-gözüm, insanlara ümid vermirsən-vermirsən, onu
ümiddən niyə məhrum eləyirsən? Əjdər oxucusunu,
dolayısıyla millətini çətinliklər, bəlalar, fəlakətlər
müqabilində müdrik, dözümlü olmağa çağırır və bu
məqamlarda patetikaya, şüarçılığa varmır, çətinliyin daim
yan-yörəmizdə labüd olub və olacağından da bizləri
xəbərdar eyləyir, öz həyatından, şəxsi müsibətlərindən,
həmçinin həyatda rast gəldiyi dramatik, komik, lətifəyə
bənzər situasiyalardan söhbət açmaqla sanki oxucusunu
uzağa getməyib elə özündəncə nümunə götürməyə səsləyir,
daha böyük imtahana bir növ hazırlayır. Yəni, ey insan,
sən bu dünyaya gəldiyin gündən getməkdəsən və gedəcəksən,
buna çarə yox. Üstəlik də sapsağlam köçməyəcəksən ha,
bunun azar-bezarı var, qəfil qəzaya ürcah olmağı var, bir
sözlə ölüm-itimi var. İntəhası bütün bunları dərk eyləyib
də bacardığın bir işin qulpundan yapış, özünü bu dünyada
təsdiq eləməyə, Allahın sevimli olduğunu sübuta çalış.
Bunları bacarmasan, heç olmazsa ona-buna yamanlıq eləmə,
təmiz adınla, xeyirxah əməllərinlə yadda qalmağa müvəffəq
ol. Və bütün bu sadaladıqlarımdan hördüyü şeirləriylə
Əjdər Ol Füzuli babamızın:
Bu aləm kim, könül, qeydin çəkərsən
möhnətü qəmdür
Fəna sərmənzilin seyr eylə kim,
bir xoşca aləmdir.
Anıb tənhalığı qəbr içrə nifrət qılma
ölməkdən
Təriqi-üns tut kim, hər ovuc torpaq
bir adəmdir –
misralarındakı fəlsəfəsini özünə xas olan təşbehlər,
mənalar, bəyanlarla yaşadır, irəli aparır, süsləyir.
Əjdər Ol 2000-ci ildə çapdan çıxmış «Könül vuruşu» və bu
yaxınlarda işıq üzü görmüş «Günəbaxan zəmisi» şeirlər
toplusuyla öz oxucularına yalnız özünün əkib-becərdiyi
şeir baxçasının güllərindən ibarət bir çələng bəxş edib.
Ona görə də ətri, rayihəsi də seçiləndi, ürəyə sərinlik
gətirən, ruha qida verəndi. «Günəbaxan zəmisi»nin ilk
səhifəsində qəfil yaz yağışı, bahar nəsimi kimi oxucunu
haqlayan «Azərbaycanım» şeiriylə şair sanki butün kitabı
boyu hansı mətləblərdən və hansı tonallıqda, hansı «tezlikdə»
söhbət açacağının bir növ kodunu açıqlayır. Və həmin
koddan hali oluban səhifələri bir-bir çevirdikcə əlvan
mənzərələrin şahidi olur, şairin «Qeyrət məsələsi»nə, «Bir
bayraq, doqquz əsgər» vaqeəsinə, «Akvarium»da cərəyan
eləyənlərə, «Söz azadlığı»na, bir sözlə onlarla «vaqeəyə»
qeyri-adi, orijinal rakurslardan yanaşdığının şahidi
olursan. Məsələn, bir misralıq şeir oxumusunuzmu? Adı da
belədir: «Yarımçıq beyt»
Əjdər Ol kitabındakı şeir qonağlığına dəvət elədiyi
oxucusunu bir an belə darıxmağa qoymur, onunçun əlindən
gələn hər şeyi edir ki, bu qonaqlıqdan nə isə bir şey
aparsın özüylə; şair fantaziyasının gücüylə axıb-gedən
zamanın ayrı-ayrı məqamlarını tutub saxlayır, dondurur və
sən Əjdərin şeir « malikanəsində» sanki rəsmlər, surətlər
qalereyasına baxır, yaxud ağlı-qaralı, bəzənsə əlvan
rəngli filmi seyr edir, dünyaya bir kərə gəlib getmiş bir
ixtiyar kişinin cazibəli söhbətini dinləyirsən. Qəribədir,
bəzən hətta uyğun gəlməyən, artıq yük, gərəksiz təfərrüat
kimi görünən, digər ədəbi janrlar üçün təbircaiz sayıla
biləcək sözlər, ifadələr, frazeoloji birləşmələr belə
Əjdər Olun əlində işlək mexanizmə çevrilir, yumşalır,
çevikləşir, hay-küysüz, sakit şair təhkiyəsiylə şeiriyyət
səviyyəsinə yüksələ bilir, beləcə ədəbi aləmə ən azı özünü
göstərir.
- Dilin dolaşmasın
az belə hıqqan.
- Sənə qurban olum?
- Ol, amma çıqqan.
- Qoy bir az çox olum
- Dedim: yox, çıqqan!
- «Çox» de, inciyərəm!
- Yaxşı, çox çıqqan.
(“Çıqqan”)
Nikbin sevinci şişirdir,
bədbin qəmi.
Sevinci meynə kimi,
qəmi öynə kimi
Sinirə bilir
müdrik əmi.
(“Müdrik”)
Adi, yavan həqiqətdir:
Dövlət şərəf və qüdrətdir!
Adil,
Azğın,
Qarğa-quzğun,
İri, xırda…
Ən axırda
hamı görür
və eşidir.
Var onun da hər çeşidi-
halalı var,
haramı var.
Müdrik dövlət başçısına
Əjdər Olun salamı var.
(“Müdrik dövlət başçısına”)
Əjdər Olu ilk dəfə Ramiz Rövşənin atasının yas mərasimində
görmüşdüm. İkinci kərə 60 illik yubileyimdə rastlaşdıq. Bu
iki mərasim arasında isə özünün «Könül vuruşu» kitabını
mənə bağışlamışdı. Nə gizlədim, ilk görüşümüzdə onun
təhər-töründən şairlik mənsimədim, üstəlik də çox şairlərə
nəsib olmayan «babat» vəzifə daşıdığını biləndə dalağım
sancmışdı. Düşünmüşdüm ki, belə vəzifəni daşıyan, üstəlik
də yuxarı eşalona məxsus məmurların geyim-keçimində
gəzib-dolaşan (Allah artıq eləsin!) kimsədən urvatlı şair
olmaz, heç şeir yazmağa vaxtı da qalmaz. Amma kitaba baş
vurmağımı gördüm. Demək olar bir nəfəsə oxudum onu. Və ilk
qənaətim belə oldu ki, deyəsən Əjdərin şeir yazmaqdan
savayı bir peşəsi yox. Yəni mənə əyan oldu ki, Əjdər Ol
həddindən çox şeir yazır. Qəribədir, mən bu fikrə niyə
gəlmişdim? Axı bu şeirlərin daxilində gizlənmiş, sanki hər
an partlamağa hazır olan ekspressiya, gərginlik (nə qədər
sakit tonallıqla yazılsalar belə), şairin seçdiyi
mövzulara ayıq, soyuqqanlı, praqmatik münasibəti gərək
belə bir fikrə rəvac verəydi ki, bu sayaq şairlər az
yazmalıdır. Yəni çox yazsalar, yorular, nəfəsləri çatlayar.
Amma yox, Əjdərin şeirlərini oxuduqca əvvəlki qənaətimdə
yanıldığımı duydum. Əksinə, məndə onun hədsiz çox
yazdığına inam yarandı. Ona görə yarandı ki, mən onun
açdığı şeir yolunun məhz özününkü olduğunu dərk elədim və
onu da özlüyümdə qətiləşdirdim ki, bu yolun üstündə onun
əl-ayağına dolaşası heç bir əngəl ola bilməz. Sənətkar öz
orbitində azaddır və azad olan kəs mütləq çox yazmalıdır.
Əjdər də o sarıdan. O, gözgörəsi özü-özüylə könül vuruşuna
çıxıb və önəmlisi budur ki, bu vuruş, bu mücadilə barədə
öz oxucusuna, böyük mənada xalqına söz açmaq həvəsi,
ehtirası, ehtiyacı Əjdər Olda intəhasızdır. Məşhur
şeirində söhbət bu mücadilədən gedir.
Könlümü vuruşa çıxarmışam mən
Səf-səf, qoşun-qoşun kədərlə, qəmlə.
Mənim ürəyimin hər döyüntüsü
Təzə bir hücumdur, yeni bir həmlə…
Mənim ürəyimin döyüş marşı var,
Hər an eşidirəm, hər an o marşı.
Belə vuruşmayıb İmamsöyün də
Bir könül milyona, milyarda qarşı…
Yerindən oynayıb, yurdundan olub
Qəlbin sevər yeri hara bağlıdır?
Bədənə-çadıra sığışa bilmir
Elə bil qaçqındır, qarabağlıdır.
Mən öz ürəyimə yaxşı bələdəm
Döyüşər döyüşün sonuna qədər
İnsanlar, mən sizin aranızdayam
Günəşli Qiyamət gününə qədər.
(“Könül vuruşu”)
Bilmirəm, hansı bir yazımdasa belə bir fikir işlətmişəm ki,
Əli Kərim o şairlər sülaləsinə mənsubdur ki,
yaradıcılığında bir dənə zəif şeiri yoxdur. Əlbəttə, bu
mənim oxucu qənaətimdir və öz fikrimdə sabitqədəməm. Və
Əjdər Olun məndə olan iki kitabını oxuyub başa vurandan
sonra həmin fikir bir daha beynimdə dolaşdı: Əjdər Olun
kitablarında zəif şeirə rast gəlmədim. O, bundan sonra da
çox şeir yazıb çox da kitablar çıxaracaq. Yaxşı da
eləyəcək. Çox istərdim Əjdər ahıl çağlarına, mən də qismət
olsa ixtiyar çağıma gəlib yetişəndə inamla deyə biləm: - «Əjdər
Olun bir dənə də olsun zəif şeirinə rast gəlmədim!»
“525-ci qəzet”,
24 iyun 2006-cı il
Aslan Quliyev
GÜNƏBAXAN ƏTRİ
Bakı qaşqabağını tökəndə dözülməz olur, illah ki, öz
ovqatın da Bakının ovqatına köklənə. Ağaclar, evlər, nəmli
səkilər, adamlar tutqun dumana bürünüb, sənə bomboz üz
göstərir. Evlərin bomboz divarlarına, çılpaqlaşıb soyuqda
üşüyən ağaclara, ürək sıxan qara yollarla ağır-ağır
sürünən maşınlara yağış hiddətlə çırpılır, başa düşmürəm,
niyə belə qəzəblənib? Nə olub, nə məsələdi, yerinizi dar
eləmişəm, çıxıb öz dağlarımıza getmək üçün saatları
sayıram. Mən gedəndən sonra bəlkə üzünüz güldü. Belə
anlarda həmişə qəlbimdən hekayələrimdən birinin
qəhrəmanının arzuladığı kimi bir istək keçib, ola nəhəng
süpürgən, siləsən göyün üzünü, qovasan buludları, bu qara
tutqun pərdəni silib-süpürüb atasan bir tərəfə, altından
üzügülər Bakını, şəkilləri, ağacları üzə çıxarasan. Xəyal
idi, gülər üz, şən, gülüşlər, cingiltili səslər içərisində
ilğımlanan Bakı əlçatmaz illərin o üzündə düşüb qalmışdı.
Hansı süpürgəylə süpürsən də üzə çıxan deyildi.
Yazıçılar Birliyindən çıxanda ovqatım beləydi, burda
girəcəkdəki balaca foyedə kitablar satılır və yolum bura
haçan düşdü ki, mütləq yeni çıxan kitablardan, qəzet və
jurnallardan alıram. Bu dəfə də Əjdər Olun «Günəbaxan
zəmisi» kitabı diqqətimi cəlb elədi. Tutqun və hirsli qış
günü bir anlığa dalğalanan, günəşin arxasınca boylanan
günəbaxanlar xəyalımda canlandı. Günəbaxan zəmisi ilə
bağlı acı xatirəm də vardı, povestimin qəhrəmanı şəhərdən
ucqar bir bölgəyə ğedir, günəbaxan zəmisinin kənarında
çadır qurub orda yaşayır. Povesti hansı jurnala verdimsə,
ilk iradları bu oldu, bu nədi, Azərbaycanda günəbaxan
zəmisi var? Adam günəbaxan zəmisi görməmişdi və elə zənn
eləyirdi ki, bir halda o görməyibsə, demək yoxdu. Deyirdim,
oturaq taksiyə, mən sizi aparım birbaşa günəbaxan zəmisinə,
yəni taksidən birbaşa günəbaxan zəmisinə düşün.
Əjdər Olun ayrı-ayrı qəzet və jurnallarda çıxan şeirlərini,
son vaxtlar hekayələrini, haqqında yazılanları da oxumuşam.
Mübariz Cəfərlinin «Sənət» qəzetində «Adını tapa
bilmədiyim yazı…» adlı yazısında Əjdərdən gətirdiyi iki
bəndlik nümunə bir xeyli müddət düşüncələrimə hakim
kəsildi, qulaqlarımdan çəkilmədi. Nikbin şeirdi, ancaq
hardasa kədərə köklənmişdi, anlaşılmayan bir niskil var
idi hər sətrində, rəngi işıqlıydı, səsi də rənginə
uyuşurdu və bu şeirdə kədər içində şən, yüngül səslər
cingildəyirdi.
Elə xoşum gəlir tənəkdən dərəm,
yuyub qoyub gedəm sarı salxımı.
Əllərim belimdə qayıdıb görəm
quşlar dimdikləyib yarı salxımı.
Görəm bir kəpənək köynəyi mil-mil
uzaqdan bilinir şehdə çimdiyi.
Görəm ki, masamın üstündə deyil,
altından xətt çəkib sərçə dimdiyi.
Mübarizəyə razıyam ki, belə şeirlər hər zaman yazılmır,
hər şair də yaza bilmir, bunun üçün incə müşahidəçilik,
rəngləri görmək, bir-birindən ayırmaq, səsləri eşitmək
qabiliyyəti, həssas təxəyyül lazımdı.
Əjdərin kitabını oxuduğum isə ilk dəfəydi. Motstart can
verən kor qocanın son arzusunu yerinə yetirərək ona
çıçəkləyən alma bağını göstərə bilmişdi. O tutqun qış günü
kitabdakı şeirləri oxuduqca «dalğalanan, çalxalanan
günəbaxan zəmisi»ni, «şeh qonan ətirli limanı», «kürən
günəbaxanları» gördüm, bahar rəngləri, biçilən otun,
yağışın, küləyin, çölün, çəmənin qoxusu bir anlığa da olsa
qış qayğılarını unutdururdu.
Bu şeirləri mənə doğmalaşdıran müəllifin Vətən sevgisi,
torpağa məhəbbəti, millətinə bağlılığıydı. Bir çox
həmkarlarımızın – çox təəssüf ki, cavan həmkarlarımızın
Vətənlərinə, millətlərinə qara yaxma, az qala
millətlərindən, dinlərindən imtina eləmə arzuları ilə
yazdıqlarının fonunda bu şeirlərin əhəmiyyəti daha da
artır. Bu ayrıca yazının mövzusudu, ancaq üzərində
dayanmadan da keçmək olmur. Gündəmdə qalmaq, özlərini
yadlara sevdirmək naminə millətə, Vətənə çamur atmaq
zərərli tendensiyadı, namərdlikdi. Yaxşıdı, pisdi, sənindi!
Yoxsa əlinə qələm götürüb yazan kimi yadlarına düşür ki,
vah bə, ayağı çarıqlı, əli təsbehli millətin
nümayəndəsiymişik, dinimiz də sən deyən xoşa gələn
deyilmiş, Vətənimiz isə, vay səni, heç də Avropada yox,
Asiyada imiş, avropalılardan xeyli geridə qalmışıq. Olurmu
belə? Ədəbiyyatın məramı, məqsədi, amalı, vəzifəsi var axı.
Ədabazların, qəlbində Vətən sevgisi olmayanların acığına
Əjdər hər cümləsində bütün varlığıyla, sevgisiylə hayqırır,
çağırır, Vətənə olan sevgisi hər misrasında aşıb daşır. Bu
şeirlərdə rəng parlaq, aydın, səs güclü, işıq boldu.
sən mənim canım Vətən!
Azərbaycanım Vətən!
və ya
Məni çəkib aparır bircə ağız holavar,
köynəyimi şişirdir dəli xəzri, gilavar,
islanmışam gur yağan yağışda,
nə var, nə var,
səsini duyum, Vətən!
Məst olum, uyum, Vətən!
Bu misralarda sadə, xalqdan gələn deyimlər sətraltı
mənanın gücünü artırır, şüarçılıqdan qaçma, süni,
təntənəli, ümumi sözlərdən istifadə eləmədən yazmaq
mövzunu oxucuya doğmalaşdırır.
bicəciyim, birdənəm,
sevgilim, dədəm-nənəm,
balam, Azərbaycanım!
Salam, Azərbaycanım!
«Əlimə dəryaz alıb iki vər ot biçmişəm, iyini alım Vətən!»
misrasını oxuyanda çalınan otun qoxusunu belə duydum.
Əyalətdə böyüməyən, ömründə heç olmaya bircə dəfə ot
çalmayanlar burda bəlkə də müəllifi olduğu kimi duymayalar.
Amma həqiqət budur ki, yazın sonunda, havalar isti olanda
biçilən otun qoxusu düzü-dünyanı başına götürür,
dəryazlara, tozlu yollarla, ot biçənlərə belə hopur.
Dağlardan əsən küləklər bu qoxunu bütün dünyaya yayır. Bu
torpaqlardan çıxıb gedənlər dünyanın harasında olurlarsa
olsunlar bu qoxunu özləriylə gəzdirirlər, ömürlərinin
sonuna kimi unutmurlar. Əjdərlə tanışlığım yoxdu, harda
böyüdüyünü bilmirəm, amma bu qoxunu indiyə kimi
unutmayıbsa, yəqin ot biçib və biçibsə, demək, biçilən
otun qoxusunu heç vaxt da unutmayacaq.
Vətənə, torpağa sonsuz məhəbbətlə yazılan şeirlərdəki qəlb
ağrısı, ürəyi didən kədər, acı qüssə misralara elə hopur
ki, oxuduqca qəlbini didir. Bu qüssə «Bir bayraq, doqquz
əsgər» poemasında daha güclüdür, reallığın fərqində olan
şair burda bədbinləşir, ürəyini sona qədər açmır, amma
faciəmizin, məğlubiyyətimizin ağırlığını, ağrı-acısını
verə bilir. Əsgərlər «dumana bürünüb, yamacda sürünürlər»,
«doğmaca torpalarında əsir düşməyi» ağıllarına da
gətirmirlər. «Otdan, sudan, havadan qan qoxusu» gələn bir
vaxtda «Allaha qarşı olanlar, Allah adamlarını gülləyə
tuturlar». Əsgərlər az, düşmən çox, kilsəyə sığınırlar,
ancaq kilsə də onları qoruya bilmir. «Kilsə də dindən
dönür, yəqin Allah da evindən qaçaq düşür». Əsgərlər
hamısı ölür, sonuncu əsgər də əsir düşür, bayrağını alıb
cırırlar, sındırırlar. Sonuncu əsgərimizin də qaldırdığı
bayraq enir.
Bir bayraq, doqquz əsgər
şəhid tək öldü, itdi.
Bilmədilər
Qarabağ
savaşı necə bitdi.
Nə qədər qəribə olsa da şair doğma torpaq uğrunda sonuncu
güllələrinə qədər vuruşub həlak olan, əsir düşən qəhrəman
əsgərlərin savaşın necə bitdiyini bilmədikləri ilə təsəlli
tapır. Bilsəydilər, nə deyərdik? Bu qədər axıdılan
qanlarımızın, verdiyimiz itkilərin hesabına qazandığımız
nə oldu? Əjdər Olu bu poemada daha çox duydum. Mənə tanış
olan ovqatdır, «Keçmiş döyüşçü və oğlan» adlı povestimdə
hər dəfə «Müqəddəs Azərbaycanın qəhrəman zabiti» yazanda
gözlərim yaşarırdı və Əjdərin də bu misraları yazarkən
hansı hissləri kəçirdiyi mənə tanışdır.
Qənaətimcə Əjdərin özünəməxsusluğu, onu digərlərindən
fərqləndirən üslubu ilk baxışdan sadə, diqqəti cəlb
eləməyəcək mövzularda böyük mənalar axtarması, şeirlərinin
sadəliyi, toxunduğu, müraciət elədiyi hər bir canlı,
cansız əşyanı şeirə çevirə, gətirə bilməsidir. Tənqidçi
İnqeman Andersen haqda yazırdı: «O çirkli suda dürr tapmaq
qabiliyyətinə malikdir». Əjdər toxunduğu bütün mövzuları
oxucusuna doğmalaşdıra bilir, birbaşa ürəklərdəki sarı
simə toxunur. Oxucusunu özünə cəzb eləyən güclü sətiraltı
mənalar misraların arxasından elə boy verir ki, onu
görməmək, duymamaq sadəcə mümkün deyil.
Məni çölün düzündə qoruyur
günvurmadan
bapbalaca sərçənin bapbalaca kölgəsi.
Nikbin, şən şeirdi. Sərçə kölgəsinə belə baxıb təsəlli
tapdığımız anları dəqiqliklə təsvir edib. Bu şeirlərdə «yağışın
ayaqları bir-birinə dolaşır», «payız solur… qışı qəfil
şaxta vurur», «vaxt getmir ki.. vaxt ya qaçır, ya da uçur».
Çoxumuzun ürəyindən keçən, çoxumuzu nə vaxtsa düşündürən,
anlaşılmayan bir həsrətlə varlığımıza hakim kəsilən, ancaq
yazıya almadığımız, ala bilmədiyimiz hissləri Əjdər yazıya
elə məharətlə gətirir ki, oxuyanda diksinirsən.
Yoruldum, bezmədim,
uzaq bir şəhərdə bilmirəm niyə,
boylanıb küçədə səni gözlədim.
Uzaq bir şəhərdə küçədə dayanıb gözləmişəm və ürəyimdə
məhz bu misraları pıçıldamışam. Əjdər Olun əksər şeirləri
beləcə xəfif niskilə, xiffət dumanına bürünüb. Bəzən heç
hiss eləmirsən, ancaq oxuyandan sonra qəlbinə bir niskil
çökür. Rəssam Levitan gəncliyində yağış içində boğulan
payız bağının yanından keçib gedirmiş və bağda da həmişə
bir qız romans oxuyurmuş. «Mənim səsim yorar səni, oxşar
səni…». Ömrünün sonuna kimi yağışlı payız bağı Levitanın
xatirələrindən boy verdi, nə o yağışı, payız bağını, bağda
oxuyan naməlum qızı, nə də onun oxuduğu romansı unuda
bilmədi. Bu şeirdə də Əjdər unudulması mümkün olmayan
gözəl bir rəsm çəkib. Dayanıbsan uzaq, yad bir şəhərin yad
küçəsində, boylanırsan və ancaq onu gözləyirsən…
Əjdəri başa düşmək o qədər də asan deyil, bəzən oxucu
üzdəki mənanın cazibəsinə düşə, şeiri məhz bu anlamda
qəbul eləyər, amma Əjdər sözünü, demək istədiklərini üzdə
demir.
Tutulub ğöy üzü,
payızdır, gün gödək
Görmürəm öy üzü,
evimizə gedək!
Hansı evimizə? İllər öncəsi tutqun torpaq yollara düşüb
gəldiyimiz, o illərin arxasında boşalan kəndlərimizdə,
sözalan yurd yerlərimizdə düşüb qalan, gözü yolda, qulağı
səsdə olan evimizəmi? Yaşadığımız evəmi? Ya xəyallarımızda
qurduğumuz, arzularımızda yaşatdığımız isti, işıqlı, doğma
evimizəmi? İçimizdəki evimizəmi? Şairin öz bildiyi
xüsüsatdı amma hər kəs istədiyi kimi qəbul eləyə bilər.
Əjdər Ol sevgi şeirlərində də səmimidir, bir nəfəsə oxunan
şeirlərdə qulaq gələn səs yoxdur, yenidir, nostalji
hisslər indinin şən ovqatına ciddi xələl gətirmir. Böyük
məhəbbət gurultulu, təmtəraqlı sözlərlə yox, hamıya tanış
olan gündəlik həyatımızın içindən gələn adidən-adi
sözlərlə təsvir olunur. İlk oxunuşdan bəlkə də oxucu alışa
bilmir, illərlə oxuduqlarının təsiri altında formalaşan
hisslərinə, duyğularına bu yeni yanaşma tərzi qəribə gəlir,
ifrat klassik mühafizəkarlığın qəlblərdə hakim olduğu bir
əsnada Əjdər bütün bu tabulara son verir. «Sənin
ucbatından maşınımı əzdim, sənin ucbatından axsadım işdə»,
«Amma zalımın qızı, ayrı aləmsən, adam ölər səninçün…», «Hərdən
sevilməyin yadına düşsə, mən sənin yadında yaxşı qalaram!»
Yəni Əjdər sevdiyini günəşlə, ayla müqayisə eləmir, bircə
tükünü dünyaya dəyişmir, məcnunluq xülyasına düşmür.
Soyuqqanlı bir ovqatla yazılan bu şeirlər daxili gücünə,
təsirinə, səviyyəsinə görə çılğın, isti ovqatla yazıdan
ibarəli şeirləri kölgədə qoyur. Kövrək, romantik ovqatla
yazılanlar da yerindədir.
Dayanmışam,
qızarmışam,
köz kimiyəm.
Sən – şəkil,
mən – şəkilaltı
söz kimiyəm.
Bu sətirləri artıq rayonda yazıram. Qar yağmaq üçün
hazırlıq görür, şaxta güclənib, soyuq günəş günahkarcasına
gülümsəyir, qışın əlində aciz qaldığını çətinliklə də olsa
etiraf eləyir. Bu ilki qış namərdlik eləmir, xəbərdarlıq
eləyərək addım-addım gəlir, gəlirəm deyir, odununuz,
otunuz, ocağınız, suyunuz, ərzağınız varmı? Pəncərədən
qarlı zirvələrə, qırov bağlamış akasiyalarla baxıram,
günəş küləklərin qarı sovurduğu ağ təpələrinin arxasına
əyilir. Qış çöllərinə baxıb yazmağı çox xoşlayıram.
Əjdər Olun yazılarında isə qış yoxdu, yaz var, yaz
rəngləri ilğımlanır, yaz sevincləri kükrəyib daşır, yaz
yağışları yağır, «xırdaca çəmən gülləri boylanır», «quşların
cəh-cəhi, quşların pıç-pıçı» dünyanı yaz səsləriylə
doldurur, «zəngçiçəyinin zəngini çalan» şair şeiri də
yazda yazmağı xoşlayır:
Elə xoşum gəlir, eyvanımızda
sakitcə oturub oxuyum, yazım.
Bir qom çiçək olsun güldanımızda
çiçəyin ətrini qoxuyum, yazım.
Axşam düşür. Gecə qanadlarını bu əyalət mərkəzinin üzərinə
gəlir. Ay çıxmayıb, qar şəfəqləri havanı xəfifcə
işıqlandırır. Bir azdan işıqlar da sönəcək. Belə məqamda
ən yaxşısını Əjdər Ol deyib.
Salamat qall, tərpənəsi qatarım,
can verirəm, yoxsa yuxu aparır?
Yuxum gəlir…
“Sənət” qəzeti,
15 dekabr 2006-cı il
Əli Daşqın, professor
“Günəbaxan zəmisi”
Şair Əjdər Olun bu yaxınlarda İran İslam Respublikasında –
Təbrizdə “Günəbaxan zəmisi” adlı şeirlər kitabı çapdan
çıxıb. Nəfis tərtibatla, yüksək poliqrafik icrada işıq üzü
görən kitabın tərtibçisi, çevirib çapa hazırlayanı və
müqəddimə müəllifi professor Əli Daşqındır. Quzey
Azərbaycan ədəbiyyatının klassik və müasir mənzərəsi ilə
güneyli soydaşlarımızı vaxtaşırı tanış edən, yeri gəldikcə
müxtəlif dərgilərdə və nəşr məhsullarında ulu söz
sənətimizlə bağlı dəyərli məqalələrini dərc etdirən Əli
Daşqının “Günəbaxan zəmisi” kitabına yazdığı giriş sözü də
maraqlı və aktualdır. Əjdər Olun bir şair kimi hansı
məziyyətlərə malik olduğunu öz yazısında təhlilə cəlb edən
alimin giriş məqaləsini olduğu kimi oxucuların diqqətinə
çatdırırıq.
Hörmətli oxucular və şeir həvəskarları!
Əldəki toplu, şeir məcmuəsi Azərbaycan Cumhuriyyətində
yaşayıb-yaradan və bizə dil, habelə din qardaşı sayılan
Əjdər Olun ayrı-ayrı şeirlərindən seçmələrdir. Necə ki,
bilirsiniz , yazar və şairlərin oxşar cəhətləri çox olsa
da onların hər birinin özünəməxsus səliqə və
yol-yöntəmləri vardır. Bu isə onların təbii coşqu, zövq,
dünyagörüşü, savad, yaşadığı mühit və aldığı təlim-tərbiyə
və bu kimi şərait, habelə bildiyi dildən asılıdır. Misal
üçün, Xaqaninin şeiri və şeir dili Nizaminin, Füzulininki,
Nəsiminin, Şəhriyar və Hafiz kimi şairlərinki də öz
çağdaşlarından seçilir.
Bu o deməkdir ki, şeir var düşüncə məhsulu və şeir var
könül ağrısı, yaxud da sevgi acısıdır. Həmin şeir və kəlam
yaradıcılığı birində açıq-aydın, çılpaq və sadə şəkildə
ortaya çıxır, birində isə mürəkkəb, örtülü, söz içində söz
və elmi olaraq yaranır. Bu adət və səliqə oxucu və
şeirsevərlərdə də görünür. Birinin sevdiyi şeiri başqa
birisi xoşlamayır, onunku kimi böyük və dərin sanmayır və
yaxud şeir kimi qəbul etməyir. Buna görə də belə bir deyim
vardır ki, filan şairin, yazarın qələmi ağırdır, filan
şair, yazarınkı yüngül, ya da sadədir.
Bu şeir məcmuəsində seçib tərtib etdiyimiz və
yayınladığımız şeirlər də əziz dostum Əldər Olun özünə və
öz düşüncə tərzinə məxsus olan şeir çeşidi və deyimi,
yol-yöntəmi, habelə səliqə-biçimidir. Onlar öz görüş və
baxışlarını bu biçimdə öz oxucularına təqdim etmək və
onlarla əlaqə saxlamaq istəmişlərdi. Bu topluya seçilmiş
şeir növləri bizim şəxsi seçim və istəyimizlə deyil, ola
bilsin ki, həmin şeirlərin bir neçəsi, yaxud da bəzisi
bizim zövq və şeir, ya da deyim tərzimiz ilə üst-üstə
düşməsin. Məcmuənin şeirlərinin heç birisi bizim şəxsən
təsdiq, yaxud inkar etdiyimizi göstərmir, bəlkə şair
istəyini yerinə gətirməyimizdən irəli gəlir. Çünki cənab
Əjdər Ol öz şeirlərindən seçmə olaraq bir məcmuənin İran
İslam Cumhuriyyəti və Təbrizdə çap olunub oxucuya
çatmasını arzu etmişdir və biz həmin arzunu yerinə yetirib
gerçəyə qovuşmasına həm də könüllü olaraq təlaş etmişik.
Demək, biz də digər oxucular kimi, məcmuəni oxuyar və
sevdiyimiz şeiri dönə-dönə göz və könlümüzdən keçirə
bilərik. Bu isə hər kəsin təbii haqqı və özünəməxsus
düşüncə tərzidir. Yaradıcı zövqləri fərqli olduğu kimi,
oxucu zövqlərinin də fərqi vardır. Bu da bir bağçanın
rəngarəng çiçəklərini xatırladır.
Bəli, birisi ağ çiçəyi və digəri qırmızısını və… bu böyük
Allahın insana bəxş etdiyi çeşidli istedad və düşüncə
sahəsindən asılıdır və təkrarolunmazdır.
Beləliklə də şeir toplusunu oxucuya, oxucunu isə ona
tapşırır, şairin arzusunu yerinə yetirmək istəyirik və bir
sözü də çatdırmağı lazım görürük ki, şair Əjdər Ol öz
şeirlərində yumşaq və dostyana tənqid, duyğu və sevgi,
vətənsevərlik, ölkəsinə olan təcavüz, şəhidin ulu məqamı,
dilin və şeirin sadəliyi, ölkə üçün səmimi çalışmaq,
sevgiyə sayğı və hörmət, insana, habelə təbiətə də yer
vermək, şifahi xalq dilini qorumaq və sözü onun düşündüyü
kimi demək yollarını axtarıb, bu yol ilə könlünün saf və
təravətli yağışını oxucularının zövqünə çiləmişdir.
Təbriz şəhəri 13.03.2007
“Ədəbiyyat” qəzeti,
25 yanvar 2008-ci il
Tofiq Hüseyn
Günəbaxan zəmisində ağladığım gün
Hərəsinin arası bir il çəkməklə Əjdər Ol mənə son vaxtlar
iki kitabını hədiyyə eləyib. Birincisi “Günəbaxan zəmisi”
idi, avtoqraf yazıb mənə verdi. Adətim belədir ki, yazılan
avtoqrafı müəllifin yanında oxumuram. Sözdür, birdən
olmadı elə, oldu belə, ya xoşuma gəlmədi, ya müəllif nəsə
bir səhv buraxdı... Dərhal üzümün mimikasından hiss eləsə,
yaxşı çıxmaz.
Əjdər Olun avtoqrafını bir az aralanandan sonra oxudum;
“Ustadım Tofiq Hüseynə...”
Bu söz məndən ötrü sözün əsl mənasında xəcalət idi. Özü də
Əjdər Ol kimi ədəbi kluarlarda artıq çoxdan tanınan,
ictimai fəallığı olan bir qələm sahibi tərifindən
yazıldığı üçün...
Sözün düzü, “Günəbaxan zəmisi”ndəki avtoqraf məni ani
sevindirsə də, yaddaşım yaxamdan əl çəkmədi, bəzi şeylər
yadıma düşdü. Cavan vaxtı nəşriyyatlarda işləyən vəzifəli
dostlarımın yanına gedirdim. Onlar mənim yanımdaca
özlərindən bir neçə yaş böyük, bəzən də, lap elə yaşıdı
olan şair və yazıçılara zəng edib onlara “Ustadım”
deyirdilər, deyə-deyə də mənə göz vururdular ki, yəni sən
belə şeylərə fikir vermə, mən filankəsə yalandan “paçka”
basıram.. Başa düşürdüm ki, oturduğu kreslo bu adamı
özündən bir pillə yuxarıda əyləşən, yaxud yuxarıda
əyləşənlərin qohum-əqrəbası olan kəsləri ”ustad” çağırmağa
məcbur edir.
Mənim möhkəm qənaətimə görə Əjdər Ol belələrindən olmamalı
idi. Ən azı ona görə ki, biz eyni ərazidə doğulmuşuq,
Əjdərin yaxınları mənim dostlarımdır. İkincisi, Əjdərlə
mənim tanışlığımın yaxşı xatırlanan tarixi var. Mən, neçə
illər bundan əvvəl Əli Bayramlıda (Şirvan) çıxan “İşıq”
qəzetində bədii yazılara baxırdım, deyək ki, şeir
şöbəsinin müdiri idim. Əjdər bir dəfə yanıma gəldi.
Şeirlərini oxudum, bəyəndim, yadımda deyil, deyəsən
onlardan qəzetdə dərc olunanı da oldu, amma o yadımdadır
ki, biz, şeirdən, poeziyadan xeyli söhbət etdik,
fikirlərimizi bölüşdürdük.
Həmin o söhbət zamanı Belinski sayağı ağzımdan elə bir
fikir, ya ideya çıxa bilərdi ki, bu fikir-ideya Əjdər Ola
bütün yaradıcılığı boyu yaxın köməkçi ola, yaxud, sənət
aləmində ona yol göstərən mayaka çevrilə bilərdi. Bəlkə
onda adım onun yaddaşına “ustad” kimi düşmüş olardı. Bir
balaca mümkün variant olsa da, bu qənaətim özümə
inandırıcı görünmədi.
“Ustadım” sözü mənim uğursuz yaradıcılığıma təsəllifason
bir şeyin görüntüsünə oxşasa da, Əjdər Ol özü buna yol
verməzdi. Belə münasibət adamın xətrinə dəyən şeydi və ərz
elədiyim kimi o, mənim kefimə soğan doğrayanlardan deyildi.
Əjdər Olun əyalət şəhərində yaşayan Tofiq Hüseyndən heç
bir keçəcəyi də yoxdur. Əksinə, mən özüm ona bu və ya
digər məsələlərdən sarı dəfələrlə əziyyət verməli olmuşam.
Əyalət demişkən... Mən, əyalətdə yaşayanın ədəbiyyat
aləmində Parlaq Zat olmağına heç vaxt inanmamışam.
Müntəzəm, ardıcıl, təmənnasız çap olunmaq bir yana. Ədəbi
tənqid deyilən şey əyalətdə yaşayan yaradıcı adamı heç
vaxt öz-özünə axtarıb görməyib, yaxud görmək istəməyib.
Kim idi bizi itirib axtaran, kimin bizdən işi keçir.
Yaradıcılığımıza qiymət verəsi adamlarla heç olmasa üz-üzə
də gəlmirik ki, üz-üzdən utansın. Redaktəyə ehtiyacı olsa
da, vurun məni öldürün, bu fikirdəyəm ki, Azərbaycan
ədəbiyyatında namuslu, vicdanlı, tərəfsiz ədəbi tənqid
elə-belə, asanlıqla yaranmır. İnanmıram və inanmamışam ki,
bir tənqidçi öz ürəyinin hökmü ilə heç kəsin sözünə qulaq
asmadan, ətraf mühiti, elitanı, bütün kimləri və
kimsənələri saya salmadan əlinə qələm alıb kimdənsə məqalə,
pessenziya, yaxud buna oxşayan nəsə bir şey yazsın.
Vurun öldürün, inanmamışam. Kimlər təriflənibsə, altında
nəsə məqsəd olub, tənqid olunanlar da kimlərin, nələrinsə
güdazına gedib. Əjdər Olun, əğstəxfürullah, mənim nə
tərifimə, nə də tənqidimə ehtiyacı yoxdur, heç vaxt da
olmayıb.
Bəs elə isə bu “ustadım” nə deməkdir?
“Günəbaxan zəmisi”ndə bu barədə bir qədər fikirləşsəm də,
ərz elədiyim kimi, çox baş sındırmadım, sözdür də, deyilib.
Yazıçı öz avtoqrafı ilə “Ölümlə zarafat” adlı başqa bir
kitabını mənə hədiyyə edəndə məsələ ciddiləşdi; “Ustadım
Tofiq Hüseyn üçün”...
“Ölümlə zarafat” kitabını birnəfəsə, sonsuz maraqla,
ləzzətlə oxudum, ünvanıma deyilən qeyri-adi dərəcədə
qiymətli sözün əsl mənbəyini, mənasını tapmış oldum.
Bəri başdan Əjdər Ola bu böyük ehtiram üçün dərin
təşəkkürümü bildirirəm, sağ olsun.
Keçək məsələnin mahiyyətinə.
“Ölümlə zarafat”a bir neçə hekayə, esse, hətta pyeslər də
daxil edilib. Bunların hər biri haqqında ayrıca danışmaq
olar, sözün həqiqi mənasında hər biri gözəl sənət
nümunəsidir. Buradaca deyim ki, Əjdərin nəsr qələmi də
itidir, onun nəsrində bədii ümumiləşdirmə güclü, dil son
dərəcə gözəldir. Bunlar ayrıca söhbət mövzusudur. Əjdərin
“Ölümlə zarafat”da 3 ədəbi portreti var.
“Ədəbi portret”, “Ədəbi oçerk” - ədəbiyyatda yüzlərlə belə
şeylər var. Əksəriyyəti də bu cür başlayır: ”Səməd Vurğun
(Vəkilov Səməd Yusif oğlu) 1906-cı ildə Qazax rayonunun
Yuxarı Salahlı kəndində anadan olmuşdur”. Ədəbi oçerklərdə
bu şablon əvvəldən axıra kimi davam edir və yazıçı cansız
məxluq, robot kimi təsvir olunur, onun həyatı quru
rəqəmlərdən ibarət tərcümeyi-haldan kənara çıxmır. Özü də
bu janr yalnız və yalnız müəyyən titulları, ədəbiyyat
aləmində zəngin xidmətləri olan ədəbiyyat
bosslarına-parlaq simalara məxsus olur. Yerdə
qalanlar-hətta istedad sahibi olsalar belə, bu cür
yazılardan məhrumdurlar. Bir yazıçının istedadı varsa,
lakin o, deyək ki, türmədə yatıbsa, yaxud cibində
marixuana gəzdirirsə, beləsi ədəbiyyat aləmində
ümumiyyətlə küfrlə qarşılanır. Sovet rejimindən qalma
ənənə var. Əsl yazıçı dövlət tərəfindən fəxri ad, orden-medal
almalı, vəzifə daşımalı, millət vəkili olmalı, bahalı
kostyumlar geyinib, bahalı qalstuklar taxmalıdır. Hərçənd
dünyanın bir nömrəli yazıçısı Qabrel Qarsia Markesin “Bir
də hərdən fikirləşirəm ki, işdir mən, yazıçı yox, terrorçu
olsaydım, bəşəriyyət məndən daha çox fayda götürərdi” kimi
məşhur sözlərinin bizim ədəbiyyat yaradanlara heç bir
dəxli yoxdur. Yaşlı nəsil öz müəllimlərini xatırlayanda
çox vaxt “onların hətta çörək yediklərinə inanmadıqlarını”
deyirlər. Bizdə bir çox adamlar ola bilsin ki, indinin
özündə də, yazıçının, şairin yeyib-içib sərxoş olduğuna,
bazlıq-lotuluq etməsinə, dələduzluq üstündə iş alıb
türməyə düşməsinə inanmır, yaxud inanmaq istəmir. Amma
belələri var, özü də az deyil. İntəhası biz onları görə
bilmirik. Haradan görəcəyik? Belələri haqqında nəinki yazı
yazılmır, onlarla heç kəs durub-oturmur, salam verib salam
almır.
Əjdər Olun ədəbi portretlərinin qəhrəmanları məhz
belələridir. Allah qəni-qəni rəhmət eləsin, fantast yazıçı
(həm də bir alkoqolik) Namiq Abdullayev, yazıçı-həkim
Rafiq Tağı (həm də bir radikal), şair Əlisəmid Kür (həm də
bir dəlisov) kimi adamlardır. Əjdər Ol bu yazıçıların
portretini elə yaradıb ki, anatomiya dərsliyində şagirdlər
insan bədəninin skletini necə görürlərsə, oxucular da bu
şəxslərin də daxili aləminə eləcə tamaşa eləyib, gah gülür,
gah təəssüflənir, gah da sadəcə olaraq fikrə gedirlər.
Vallah bilməmişəm. Namiq Abdullayev istedadlı yazıçı və
son dərəcə maraqlı insan imiş. Yazıçıların Şüvəlandakı
yaradıcılıq evində ac-yalavac, his-pas içində yaşayan,
gecəli-gündüzlü sərxoş olan bu adamın daxili aləmini, iç
dünyasını biz görə bilməmişik. Amma bu istirahət evinə öz
xanımı ilə Donetskdən gələn birisi bir neçə saatlıq
söhbətdən sonra bu yazıçıya necə vurulursa, vaxtını
səmərəli keçirmək üçün öz xanımın ona təklif edir. Namiq
Abdullayevin bir əcnəbidə oyatdığı bu boyda məhəbbəti
görmək üçün bizim gözlərimiz niyə kor olub, ilahi?
Dediyi Söz üstündə Rafiq Tağını incidirlər, türməyə
atırlar, başına itin oyununu açırlar. Bəlkə bir az əl
saxlayaq, bəlkə özümüzü Rafiq Tağını necə varsa elə
görməyə alışdıraq. Allah-Tala Əlisəmid Kürə istedaddan
başqa həmdə yemək üçün ağız verib. Və ədəbi portretində o,
dəfələrlə nəfsinin güdazına gedir, amma yenə öz
bildiyindən qalmır.
Bunlar Əjdər Olun sevə-sevə yaratdığı portretlərdir. Ona
görə ”sevə-sevə” deyirəm ki, belə gözəl yazıları sevmədən,
portretini cızdığın adama bir könüldən min könülə
vurulmadan yaza bilməzsən.
İndi keçək başqa bir məsələyə.
Əjdər Ol niyə həyatda bəxti gətirməyən, cəmiyyətdə heç bir
nüfuzu-hörməti olmayan, bərkgedənlərin nəzərində isə
ümumiyyətlə qarışqa qismində görünən bu qələm sahiblərini
özünə qəhrəman götürüb?
Nə çoxdur bu gün ad-sanı yer-göy titrədən, gecə-gündüz
təriflənən, tərifləndikcə şişən ədəbiyyat generalları,
ədəbiyyat oliqarxları.
Əsas məsələ də bunlardır.
Namiq Abdullayevi, Rafiq Tağını, Əlisəmid Kürü axtarıb
tapmaqda Əjdər Olun məqsədi bir az gecikmiş olsa da, bu
adamların istedadını qiymətləndirmək, qəbul
olunmayan xasiyyətləri ilə yanaşı bu adamların talant
sahib olmalarını cəmiyyətə təqdim etməkdir.
Başqası yox, məhz Əjdər Ol Namiq Abdullayevin, Rafiq
Tağının, Əlisəmid Kürün istedadı keşiyində dayanıb, onlara
ədəbi portret həsr edirsə, bundan ötrü əziyyətini
əsirgəmirsə, Tofiq Hüseynə “ustadım” deyə bilər. Tofiq
Hüseyn də Namiq Abdullayevin, Rafiq Tağının, Əlisəmid
Kürün biridir. Fərqi ondadır ki, badəpərəst deyil,
dahilərin bostanına insafsızcasına daş atmır, özündən
çıxıb dostuna təcəvüz etmir. Əvəzində əyalətdə yaşayan
mağmın, ifallı bir qələm adamıdır.
Ağlıma belə fikir gələndə bədənimdən soyuq gizilti keçir.
Yer üzündə nə qədər zəmilər varsa, hamısından qəşəngi
günəbaxan zəmisidir. İlahi, adamın ürəyindən nələr keçmir.
Bir yaxşı günəbaxan zəmisi ola, hündür günəbaxanların
dibində, heç kəsin görmədiyi yerdə dizini qucaqlayıb
doyunca ağlayasan. Həm özünün, həm də Namiq Abdullayevin,
Rafiq Tağının, Əlisəmid Kürün yerinə ...
“525-ci qəzet”,
26 iyul 2008-ci il
İlham Abbasov, tənqidçi
ADİ HƏQİQƏTLƏRİN POEZİYASI
Dünyada şairi oxucuya təqdim etməkdən mənasız bir iş
yoxdur. Çünki şeirin, bəlkə də, ilk vəzifəsi müəllifini,
onun duyğu və düşüncələrini oxucuya «təqdim etməkdir».
Əgər müəllif həqiqətən ŞAİRdirsə, həyatda adi adamların
görə bilmədiyi bir tərzdə bu şeiriyyəti ifadə edə bilirsə,
yazdıqları onu bizə hər şeydən yaxşı tanıdır.
Əjdər Ol həyatın adi həqiqətlərinin özündən böyük mənasını
adi sözlərlə poeziyaya çevirməyi bacaran şairdir.
Bəlkə də, bu fikir zamanlardan bəri düşüncələrdə yer
tapmış – «poeziya həyatın qeyri-adiliklərinin deyimlərlə
ifadə edilməsidir» - inamı ilə düz gəlməyəcək. Ancaq Əjdər
Olun yaradıcılığından söhbət gedəndə «adi həqiqətlər», «adi
sözlər» ifadələrinin əksi kimi real həyatın süni parıltılı
boyalarla çəkilmiş mənzərəsi, bu mənzərənin süni pafoslu,
saxta dəbdəbəli ifadəsi başa düşülməlidir.
Bir az dərindən düşünəndə görürsən ki, həyat, doğrudan da
adi həqiqətlərin toplusudur. Problemlərin mürəkkəbliyi çox
zaman adi həqiqətləri anlaya bilməkdən, ya da anlamaq
istəməməkdən törəyir. Sənət əsərinin «qəlizliyi» çox zaman
adi həqiqətləri mürəkkəb üsullarla (mürəkkəb üslubla!)
ifadə etməkdən, daha doğrusu, sadə ifadə edə bilməməkdən
doğur. Birincisi nə qədər zəkasızlıqdırsa, ikincisi bir o
qədər istedadsızlıqdır.
Sənətkar və sənət münasibətlərini incələyən ən müdrik
fikirlərdən birində deyilir: «Üslub – insanın özüdür».
Əjdər Olun şəxsiyyəti, xarakteri ilə onun poeziyasını
bütöv bir baxışla əhatə edəndə bu fikrin doğruluğuna bir
daha inanırsan. Elə şairlər var ki, onların şeirlərini
oxuyanda mən daha çox özümü görürəm, ruhuma, ovqatıma
süzülən misralar bir oxucu kimi mənə zövq verir. Amma
sonra düşünürəm ki, bu misralar müəllifin özü barədə mənə
heç nə demədi. Əjdərin şeirlərini oxuyanda isə ilk növbədə
onun özünü görürəm – necə var, eləcə – boyasız,
bəzək-düzəksiz.
Əlbəttə, bu yolun hər ikisi məqbuldur. Söhbət yaxşı-pisdən
getmir. Şübhəsiz ki, sənətdə keyfiyyət göstəricisini üslub
yox, istedad müəyyənləşdirir. Söhbət sənət üçün çox vacib
bir məsələdən – xislətinə, xarakterinə uyğun ifadə (özünüifadə!)
tərzinin tapılmasından gedir.
Çoxdan tanıdığım, xasiyyətinə, əsərlərinə yaxşı bələd
olduğum Əjdər Ol həyatda da özü kimi olmağa, olduğu kimi
görünməyə cəsarəti çatan bir insandır.
Ədəbi nəsillər sənətə toplu halında gəlsələr də, zaman
keçdikcə istedad və şəxsiyyət fərdiliyi onların
sıralarından öz səsi,öz sözü olan tək-tək seçilmişləri
ədəbiyyat aləmində saxlayır. Əjdər Ol poeziyamızın 80-cı
illər nəslinin çoxsəsli, çoxahəngli xorundan bir solist
kimi seçilib fərqlənən şairlərdəndir.
Bəlkə də, yaradıcılıqda ən çətin məqamlardan biri «hamı
kimi», yaxud «dəbdə olan kimi» yazmamaqdadır. Bu cəhətdən
Əjdərin şeirləri nəinki təmsil etdiyi ədəbi nəslin
nümayəndələri, eləcə də bütün çağdaş poeziyamız içərisində
seçilir, fərqlənir.
Şairin bu kitabına toplanmış şeirlər əsasən doğma yurd,
Vətən mövzusundadır. Xəqanidən üzü bəri ədəbiyyatımızda
Vətən haqqında minlərlə şeir yazılıb. Belə baxanda, bu
mövzuda yeni söz demək, həm də yeni cür demək ağlasığılmaz
dərəcədə çətin görünür. Ancaq Əjdər Ol bunu bacarır. Onun
qələmində vətənsevərlik mövzusu zahiri «axar-baxardan»,
patetikadan, bəlağətdən uzaq, ancaq çox dəqiq, konkret
deymlərlə ifadə olunur. «Azərbaycan», «Oxşama», «İstiqlal»,
«Bəs bu Vətən?!», «Qəlyanaltı», «Vətəndaşlıq işi», «Güneylilərə»,
«Öz aramızdır», «Aran balası», «Dədə-baba yurdunda», «Küdrünün
yazı» şeirlərində olduğu kimi.
Mən Əjdərin şeirlərindən fikrimi təsdiqləyən çoxlu
misallar gətirə bilərdim, ancaq şairin «Hamı sənə can
deyir» kitabı əlinizdədir və dediyim kimi, onun şeirləri
müəllif haqqında dolğun təsəvvür yaratmağa qadirdir.
Həyatda olduğu kimi sənətdə də Əjdər Ol pozaçılıqdan, süni
ədalardan, stereotip davranış və deyim tərzindən qaçmağı
bacarır. Məncə, bu, itirilmiş oxucusunu, deməli, həm də
həyatımızdakı mövqeyini qaytarmaq marağında olan çağdaş
poeziyamız üçün vacib bir amildir.
«İndiki oxucu başqadır» deyimini ədəbiyyat adamları bütün
dövrlərdə işlədiblər. Ancaq bizim günlərin Azərbaycan
oxucusu, doğrudan da tamam başqadır. Bu oxucu çox qısa
zaman kəsiyində gözünün qabağındaca ən zəhimli ideoloji
ehkamların uçulub-dağıldığının şahidi olmuş azad bir
insandır. Bütün problemləri, həm də azadlığın özündən
doğan problemləri ilə birgə, hər halda azaddır. Ən azı
şablonçu komplekslərdən azaddır. Ən azı zövqünə və düşüncə
tərzinə görə azaddır. Azad insan isə həm də
stereotiplərdən azad olan insan deməkdir. İnsanı azad edən
amillərdən biri də yaxşı ədəbiyyatdır. Deməli, bu
ədəbiyyatı yaradan müəllif də azad olmalıdır. Həm də
stereotiplərdən… Əjdər Ol mənliyi və qələmi ilə bunu
bacaran şairdir.
Mənası həyatın, varlığın özü qədər möhtəşəm olan adi
həqiqətlərin poeziyasını yaratmaq sadə boyalardan min bir
çalarlı peyzaj yaratmaq qədər çətindir.
Xəyallarımızda, təsəvvürlərimizdə mürəkkəbləşdirdiyimiz,
qəlizləşdirdiyimiz həyatı, dünyanı olduğu kimi adicə
görmək, buna baxmayaraq ona heyran kəsilmək, heyrətlənməyi
bacarmaq, onu adi, sadə sözlərlə vəsf etmək Əjdərin
şairlik missiyasıdır.
Bu hünərin hesabına o, Əjdər OLub, həmişə də Olacaq!
(Şirvannəşr - 2000) kitabına ön söz
Şair qələminin nəsri
Əlli yaş həddində şairlərin nəsrə və dramaturgiyaya meyl
etməsi ədəbi yaradıcılıq mühütümüzdə geniş müşahidə olunan
bir hadisədir. Əslində burada qəribə və gözlənilməz bir
şey də yoxdur. Daha çox insan (müəllif və oxucu) ruhunun
emosional təəssüratlarına, şövqünə əsaslanan poeziyadan
fərqli olaraq, nəsr, xüsusən də dramaturgiya insandan (müəllif
və oxucudan) həm də həyat təcrübəsi, yetkin dünyagörüşü,
ədəbi səriştə, emosianal tarazlıq və intellektual zəhmət
tələb edir.
Bir çiçəyin görünüşündən, bir gözəlin baxışından əla bir
şeir yarana bilirsə, nəsrdə yalnız duyğu potensialı ilə
keçinmək mümkün deyil. Yəqin poeziyamızda həm təcrübə, həm
də yenilik mənasında gözə dəyən nümunələrin hər zaman
müşahidə olunması həm də bununla bağlıdır. Təəssüflə
etiraf etmək lazımdır ki, nəsrimizə yanaşmada bunu
təsdiqləmək heç də həmişə asan olmur.
Son bir-iki ilin ədəbi məhsullarını nəzərdən keçirəndə də
görürük ki, müxtəlif nəsillərə, müxtəlif üslublara məxsus
şairlərin qələmindən çıxmış yüksək keyfiyyətli poeziya
nümunələrindən fərqli olaraq nəsr və dramaturgiya
örnəkləri o qədər də çox deyil. Nəsrdə ilk olaraq Kamal
Abdullanın “Yarımçıq əlyazma”, Elçin Hüseynbəylinin “Don
Juan” və bir də Aqil Abbasın bu yaxınlarda çapdan çıxmış
“Dolu” romanları yada düşür. Dramaturgiyada isə
“fərqlənən” imzalar bundan da seyrəkdir. Təkcə son illər
yox, axırıncı iki onillikdə çağdaş dramaturgiyamız yalnız
xalq yazıçısı Elçinin, Əli Əmirlinin, Feyruz Mustafa və
Elçin Hüseynbəylinin adları ilə təmsil olunur.
Sevindirici haldir ki, Əjdər Olun “Ölümlə zarafat” adlı
sonuncu kitabına toplanmış əsərlər həm nəsr, həm də
dramaturgiya sahəsində müasir ədəbiyyatımızın ciddi uğuru
sayıla bilər. Əjdər Olun poeziyadan nəsrə və
dramaturgiyaya (nəsrlə yazılış dram əsərlərinə) keçidi
yeni yaradıcılıq axtarışlarının məntiqi nəticəsidir. Onun
bu yaxınlarda nəşr olunmuş “Günəbaxan zəmisi” adlı şeir
kitabı şair kimi də yüksək “formada” olduğunu, nəsrə
məcburiyyət üzündən keçmədiyini bir daha sübut edir. Həm
də xüsusi qeyd etmək lazımdır ki, Əjdər Olun nəsrə keçidi
onun poeziya yaradıcılığının zəminində hazırlanmış təbii
bir hadisədir. Əjdər Ol şairliyində də “nasiranədir”, yəni
xülyalar aləminə qapılan deyil, ayıq, rasional düşüncəli
bir insandır. Onun şairliyi də təxəyyüldən daha çox həyati
müşahidələrə əsaslanır – həyat, təbiət, cəmiyyət, zaman,
insan və özü üzərində fəal analitik müşahidələrə. Bu
mənada Əjdər Olun nəşrə keçidi, sadə olaraq, “50 yaş
sindromu” kimi yox, təmamilə qanunauyğun bir hal kimi
qiymətləndirilməlidir.
“Ölümlə zarafat” kitabına toplanmış hekayələr, ədəbi
portret və esselər, eləcə də “Molla Nəsrəddin və Əmir
Teymurun filləri”, “Son məktub” pyesləri müəllifin yetkin
qələm sahibi olduğunu əyani şəkildə təsdiq edir.
Detallardan, ştrixlərdən ustalıqla, dəqiqliklə istifadə
etmək bacarığı, dil səlisliyi və rəvanlığı Əjdər Ola
surətlərin və onları əhatə edən mühitin, böyük mənada isə
insanın və zamanın təsvirində müasir nəsrimiz üçün
xarakterik olan sözçülük və uzunçuluq mərəzindən qaçmaq
imkanı verir. Təsvir olunan hadisələrə (istər bədii,
istərsə də real planda) yanaşma sərbəstliyi müəllifin
özünün daxili “məni”nin sərbəstliyindən, müxtəlif
xarakterli psixoloji komplekslər və yaradıcılıq
stereotiplərin məngənəsində sıxılmasından irəli gəlir.
Kitaba toplanmış nəsr əsərlərini həyat reallıqlarına
münasibət baxımından iki qrupa ayırmaq mümkündür. “Usta
Yusifin kamançası”, “Fa…”, “Qatillə görüş”, “Şər Nizi”
hekayələri müəllifin həyat müşahidələrinin bədii
ümumiləşdirilməsi şəklində, klassik Azərbaycan
hekayələrinin ənənələrinə uyğun realist zəmində qələmə
alınmışsa, “Börüsoy”, “Ölümlə zarafat” hekayələri, eləcə
də “ədəbi portretləri” silsiləsinə daxil olan “Yazıçı
Namiq Abdullayevin axırı”, “Rafiq Tağı ki, Rafiq Tağı”,
“Kür Əlisəmid” yazılarında yazıçı müasirimiz olan konkret
insanların canlı portretini sənədli hekayə üslubunda çox
dəqiq detallarla əks etdirə bilmişdir.
Kitaba daxil edilmiş dram əsərləri haqqında ayrıca söz
açmağa ehtiyac duyulur. Molla Nəsrəddin və Əmir Teymur
obrazları bizim həm şifahi, həm də yazılı ədəbiyyatımızda
dəfələrlə işlənmiş, müxtəlif rakurslardan, müxtəlif
çalarlıqda öz əksini tapmiş personajlardandır.
Əjdər Ol “Molla Nəsrəddin və Əmir Teymurun filləri”
pyesində bu mövzu ilə bağlı həm də şifahi (lətifə), həm də
yazılı (faciə) ədəbiyyat ənənələrinin ən səciyyəvi
cəhətlərini bir süjet daxilində birləşdirməyi bacarmışdır.
Qeyd etmək lazımdır ki, əsərin Gənc Tamaşaçılar Teatrında
oynanılan tamaşası da uğurla keçmişdir.
Görkəmli Avstriya yazıçısı, XX əsr dünya ədəbiyyatının ən
məhşur novella ustalarından biri sayılan Stefan Sveyqin
“Yad qadının məktubları” hekayəsinin motivləri əsasında
yazılmış və Akademik Milli Dram Teatrının səhnəsində
müvəffəqiyyətlə tamaşaya qoyulmuş “Son məktub” pyesində
Əjdər Ol çətin bir yaradıcılıq vəzifəsinin öhdəsindən
gəlmişdir. Yəni o, nəsr əsərini sadəcə olaraq
səhnələşdirməmiş, məhşur hekayənin orijinal cəhətləri ilə
seçilən və maraq doğuran dram ekvivalentini yaratmağa
müvəffəq olmuşdur.
Əjdər Olun əsasən günümüzün reallıqlarının, müasirimiz
olan insanın psixoloji portretinin əks etdirilməsinə
əsaslanan nəşr üslublu əksər oxucuların alışdığı, vərdiş
etdiyi, xüsusən də “şair nəsri” üçün səciyyəvi olan “axar
baxarlı” ifadə tərzindən ciddi şəkildə fərqlənir. O,
şeirdə olduğu kimi, nəsrdə də adaptasiya tələb edən bir
yazıçıdır, yəni oxucunun onun düşüncə və deyim tərzinə,
poetik duyum və yazı üslubuna alışmasına ehtiyac duyulur.
Əjdər Ol adi həqiqətlərin qeyri-adi harmoniyasının
kodlarını, sadə insanın mürəkkəb dünyasının qapılarını
açmağı bacarır. Kökə, milli düşüncəyə, milli əxlaqa,
xarakterə bağlılıq, doğmalıq mənasında, təsvir materialına
və ifadə manerasına görə ənənəçi; həyatın, dünyanın,
insanın görünməyən tərəflərini görmək və göstərməkdə
bənzərsizlik mənasında yenilikçidir. Bu baxımdan yazıçının
özünün “Ardıcıllıq” adlı essesində ifadə etdiyi fikirlər
onun yaradıcılıq kredosunu çox dəqiq əks etdirir: “Öz
başına gələnlərdən ibrət dərsi götürmək asandır. Əsil
ibrət dərsi odur ki, sən onu başqalarının həyatından
götürəsən. Sən dostunun, tanışının haqqında eşitdiklərini
həyatının qabarıq tərəflərini özünə görk edəndə, onların
naqis cəhətlərindən çəkinəndə insanlıq yoluna çıxmış
olursan. Belə olanda sən min il əvvəl yaranmış xeyirxah
bir ideyanın təəssübünü çəkə bilirsən. Başının üstündəki
adamın deyil, min yaşlı müdrikin dediyini yerinə yetirməyə
çalışırsan. Kiminsə dediklərinə kor-koranə əməl etmək çox
asandır, müdriklərin vəsiyyətinə əməl etmək çətindən çətin”.
İndiki dövrdə - müasirlərimizin kitab oxumaq vərdişindən
demək olar ki, əl çəkdiyi bir zamanda oxucunu ünsiyyətə
cəlb etmək, onu bir-birinin ardınca hər səhifəni, hər
abzası, hətta hər cümləni oxumağa “vadar etmək” ilk
baxışda göründüyü qədər də asan məsələ deyil. Belə bir
şəraitdə Əjdər Olun “Ölümlə zarafat” kitabının birnəfəsə
oxunduğunu vurğulamaq xüsusilə sevindiricidir.
“Xalq qəzeti”,
20 iyun 2008- ci il
Sadiq Elcanlı
O yazılar yazılacaq…
«525-ci qəzet»in neçə ay əvvəlki saylarından bir neçə
səhifənin surətini çıxarıb göndərdilər mənə. Vaxtında
macal tapıb oxumadığım həmin səhifələrdə istedadlı yazıçı
mərhum Namiq Abdullayevə ünvanlanmış silsilə yazılar çap
olunmuşdu. Yazıların müəllifi saf ədəbi mövqeyinə,
istedadına inandığım şair-publisist Əjdər Ol idi. Onun bir
vaxtlar Şüvəlan Yaradıcılıq Evində Namiq Abdullayevə qayğı
göstərdiyini, çox xeyirxahlıq etdiyini bilirdim. Onu da
bilirdim ki, ədəbiyyata, millətin ədəbi şüur hərəkatına
həmişə namusla xidmət edən Əjdər Ol heç vaxt boş yazı
yazmayıb; o, adətən hamının gördüyü adiliklərdəki heç
kimin görə bilmədiyi qeyri-adilikləri ön plana çəkir,
aşkarlıqdakı gizlinləri yazıb göstərir. Adi torpaq necə
qeyri-adi gül bitirirsə, onun ilk baxışda adətən adi
görünən şeirləri də qəfildən duyğuları ovsunlayır,
heyrətləndirir, təzə poetik söz deyir. Yadımdadır ki, neçə
il əvvəl onun «Könül vurğusu» adlı təzə poeziya kitabını
(«Çaşıoğlu», Bakı-2004) oxuyarkən xoşuma gələn şeirləri
qeyd eləyirdim və bir də gördüm ki, kitabın az qala bütün
şeirləri qeyd olunub. (Və bu yazını yaza-yaza təəssüflə
düşünürəm; neçə ildir ki, Əjdər Olun özünəməxsus, dəyərli
poeziyası haqqında yazmaq istədiyim yazını hələ də
yazmamışam). Nə isə, mətləbdən uzaqlaşmayaq, «525-ci
qəzet»in neçə ay əvvəlki saylarının həmin səhifələrini
görəndə faciəli tale yaşayan yazıçı dostumuz rəhmətlik
Namiq Abdullayevin sanki ruhunun gülüşünü eşitdim.
«Yazıçı Namiq Abdullayevin axırı» adlandırılan
hekayə-portreti oxuyanda daha çox o axıra gətirib çıxaran
əvvəllər haqqında düşünürsən. Düşünürsən ki, Namiq
Abdullayev cəmiyyətin «olar-olmazlarına», gizli-aşkar
qayda-qadağalarına əməl edərək yaşasaydı, heç olmasa baş
redaktor vəzifəsini qoruyub saxlaya bilsəydi, yazmaq
istədiyi əsərləri yazmağı bacarsaydı, onsuz da fantastika
janrında həmişə kasıbçılıq çəkən ədəbiyyatımızı bir neçə
sanballı romanla zənginləşdirsəydi, günlərin bir günü «Əməkdar
jurnalist», «Xalq yazıçısı» adları alsaydı… bəli, bütün
bunlar olsaydı, Namiq Abdullayev Şüvəlanda yazıçılar
evinin həyətindəki tənha qaranlıqda, sirli bir işıgın
zülmətində oturub xumarlandığı anlar qədər xoşbəxt ola
bilərdimi… Bir dəfə bu sualın cavabını, inciməsin deyə,
bir qədər mədəni şəkildə onun özündən soruşmuşdum;
çiyinlərini çəkib mat-mat baxmışdı, «Çox çətin sualdır»
demişdi. Əjdər Ol Namiq Abdullayevin taleyi fonunda həmin
çətin sualı müasir bədii-estetik düşüncənin gündəminə
gətirir. İnsanın dünyaya gəlişi, gedişi, missi-yaşı,
yaşamaq səlahiyyəti, mənzil başına çatmaq, taleyinə
yazılan enerji qismətini sərf etmək xoşbəxtliyi, həmin
enerjinin işıqlı zülmətlərində azıb qalmaq bədbəxtliyini
analitik düşüncənin bədii dərk meydanında görürük.
Xatirə memuar istiqaməti Azərbaycan ədəbiyyatının, adətən,
geridə qalan sahələrindən olub. Əlbəttə, dahi Cəlil
Məmmədquluzadənin «Xatiratım» kimi sanballı, zirvə
əsərlərinin bədii çəkisini azaltmaqdan, onun dünya memuar
ədəbiyyatı mənzərəsində mövqeyinin zəifliyindən söhbət
gedə bilməz; söhbət ondan gedir ki, milli memuar
ədəbiyyatımızda varislik, davamlılıq adətən pozulub, bu
sahədə ədəbi hadisəyə çevrilən əsərlərimizin kasadlığı
bütün dövrlərdə hiss olunub. Bu, bəlkə də ondan irəli
gəlir ki, onları xatırlamaq, onları ümummilli mövqe və
maraqlar baxımından bədii-analitik təhlilə cəlb etmək,
dəyərləndirmək təzə əsər yazmaqdan daha çox vaxt, diqqət,
yaddaş enerjisi və fədakarlıq tələb edir. Ciddi memuar
ədəbiyyatı ciddi ədəbiyyat adamının mənəvi məsuliyyət
meydanı, vətəndaşlıq səngəridir. Və mən bunu şair Əjdər
Olun yazıçı Namiq Abdullayevin ruhuna ünvanlanan «Canlı
lətifələr, əhvalatlar, deyimlər» kitabını oxuyarkən hiss
etmişdim, onun «525-ci qəzet»də çap olunan silsilə
yazılarını oxuyarkən bir daha hiss etdim.
Günlərin bir günü Namiq Abdullayev mənim böyük rəssam
Mircavadın ölümünə yazdığım kiçik bir yazını oxuyub
demişdi: «Yazdığın elə kədərlidir ki, kədər külçəsi kimi
əllə toxunmaq olar; mən öləndə də belə bir ürək yazısı
yazarsan…» Və mən kövrəkliyi göz göynədən qoca yazıçının
sözünü zarafata saldım, - sən o qədər çox yazacaqsan ki, o
vaxta qədər bu söhbət unudulacaq, - dedim. Lakin elə
gətirdi ki, həmin söhbətdən iki ay sonra o qəribə
sifarişli yazını yazmalı oldum. «Fikirlər qəbiristanının
böyük yazıçısı» adlı həmin yazı Namiq Abdullayevin özünün
sağlığında da boş qalan yeri, əkib-biçilməyən ədəbi
ümidləri, arzuları haqqında elegiya idi. Namiq Abdullayev
yazmaq istədiklərini yaza bilməmək ustasıydı; onun sinəsi,
duyğu və düşüncələri yazılmaq istəyən, amma yazılmayan ölü
əsərlər qəbiristanlığıydı.
Əjdər Olun yazıçı «Namiq Abdullayevin axırı» adlı
hekayə-portretində Namiq Abdullayevin yazıçı kimi faciəsi
ön planda görünür. Bu, yazmaq istəyən, ancaq yaza bilməyən,
gündəlik məişət qayğılarının dəyirmanında üyünə-üyünə,
araq adlı kəmfürsətin tor-tələsində çırpına-çırpına ömrünü
xərcləyən bir yazıçının faciəsidir. Bu faciənin içində
Kefli İsgəndərlik də, Don Kixotluq da, Oblomovçuluq da
var. Bu faciənin küçələrində Molla Nəsrəddinlik də, Bəhlul
Danəndəlik də, Çarli Çaplinlik də görünür. Namiq
Abdullayev «anlamaq dərdinə» tutulanlardan idi. Onunla
bir-iki ürək söhbəti kifayət idi ki, Kantı, Hegeli,
Nitsşeni dərk edən fəlsəfi dərinliyinə, bu dərinlikdəki
rahatlığına və ailə-məişət qayğılarının boz-bulanlıq
dayazlığındakı narahatlığına heyrətlənəsən. Əjdər Ol
qeyri-adi müşahidə qabiliyyəti, özünəməxsus
bədii-publisistik yanaşma manerası ilə Namiq Abdullayevin
iç dünyasında, yaşam tərzindəki tragik təzadları diqqət
mərkəzinə çəkir, realist, bəzən hətta naturalist qələmlə
onu tanıyanlara və tanımayanlara yenidən təqdim edir. Və
bu bəzək-düzəksiz, çılpaq təqdimatın acı həqiqətlərinə
şahid ola-ola, təəssüflənə-təəssüflənə düşünürsən ki,
yazıçının ətrafı, dostları, tanışları, həmkarları, üzvü
olduğu Yazıçılar Birliyi, bir vaxtlar baş redaktoru,
sonralar ştatdankənar müəllifi olduğu Azərbaycan
televiziyasının kollektivi N.Abdullayevi xilas etmək üçün
bütün imkanlardan istifadə etdimi, edə bildimi görəsən?
Əslində, Əjdər Olun güzəştsiz, rəngsiz, sərt və çılpaq
təqdimatında bir fərd, yazıçı və insan tragediyasının
doğurduğu sualdan daha çox, belə demək mümkünsə, Namiq
Abdullayevçiliyin (eynən Oblomovçuluğun, Kefli
İsgəndərliyin) dərk və xilası ilə bağlı suallara meydan
verilir. Günlərin bir günü, daha doğrusu gecələrin bir
gecəsi açarı təhvil verib evindən çıxan, şəhərin
qara-qaranlıq küçələrində dolana-dolana bulvara gələn,
taxta oturacaqda dərdinə bürünüb gecələməyinə polis (milis)
tərəfindən icazə verilməyən və o taxta oturacağın altında
xoşbəxtcəsinə yatan küçə itinə paxıllığı tutan Namiq
Abdullayev taleyinin bu göynəməli səhifəsi, tragik epizodu
haqqında bəlkə də yaradıcılığının şah əsəri olacaq bir
hekayə yazmağı düşünür… günlərlə, aylarla, illərlə düşünür
və yaza bilmir. Hətta bəzən ona elə gəlirdi ki, (mənə
danışdıqlarına istinad edirəm – S.E.) o, həmin hekayəni
yazıb və sonralar itirib. Lakin acı da olsa, deməliyəm,
Namiq müəllim heç o gözəl hekayəni yazmamışdı; o hekayə
dahi fitrəti ilə doğulacaq, təəssüf ki, doğulmadan, ana
bətnində ölən uşağa bənzəyirdi…
Əjdər Ol Namiq Abdullayevin yazmaq istəyə-istəyə unutduğu,
yaza bilmədiyi o unudulmuş, bədbəxt hekayə haqqında
kədərlə, ruh üşüdən bir köynəklə yazır. Soruşa bilərlər,
olmayan bir hekayə haqqında bu qədər təfsilata ehtiyac
vardımı? Əslində, bir dostumun irad qismində verdiyi bu
suala «Bəli» deyirəm; yazının bədii-fəlsəfi məntiqi,
qoyulan problemin anatomiyası bu təfsilatı vacib, qaçılmaz
edir. Beləliklə, həmin təfsilatla Namiq Abdullayevçiliyin
qapısı qıfıllı qırxıncı otağına açar tapılır. Məhz bu
məqamdan başlayaraq şair Əjdər Olun nasiranə qələmi,
orijinal yazı manerası məni V.Hüqonun «Səfillər»i,
M.F.Dostoyevskinin «Alçaldılmış və təhqir edilmiş
insanlar»ı, C.Məmmədquluzadənin «Ölülər»i haqqında yenidən
düşünməyə məcbur edirdi. Yəni söhbət təkcə Namiq
Abdullayevin şəxsi və ədəbi faciəsindən getmir; haqqında
danışılan hekayə-portretin bədii-fəlsəfi düşüncə, dərk
meydanı daha genişdir.
Bu, istər ədəbi-mədəni, istər sosial-içtimai həyatın
zirvəsinə layiq ola-ola dibinə yuvarlananların, okeanlara
sığmayan böyük duyğularla kiçik gölməçələrdə
çabalayanların və bu tradik təzadların əlbəyaxa qanlı
döyüşlərindən qaçaraq araq şüşələrinin içində
gizlənənlərin faciələr meydanıdır. Bu, fərdlə toplum,
insanla cəmiyyət arasındakı duyğu, düşüncə, dərk
döyüşlərində, anlaşılmazlıq burulğanlarında birincilərin
məğlubiyyət matəmgahıdır.
Yadıma beş-altı il əvvəlin maraqlı bir hadisəsi düşür.
Respublika günü münasibəti ilə televiziyada ədəbi
kompozisiya hazırlamışdıq. Otuz dəqiqəlik verlişdə, əsasən,
Əjdər Olun vətənpərvərlik mövzusunda yazılan, Azərbaycana,
İstiqlala üz tutan şeirlərindən istifadə olunmuşdu.
İstedadlı aktyorların ifa etdiyi şeirlərin müəllifi
göstərilməmişdi.
Bəli, səhərisi gün gözlənilməz, maraqlı bir hadisə baş
verdi. Bir neçə nüfuzlu ədəbiyyat adamı ayrı-ayrılıqda
zəng edərək verilişi təriflədilər və hərəsi də özünəməxsus
bir tərzdə etiraf etdi ki, bu gözəl şeirləri hardan
seçmisiz. Bəxtiyar Vahabzadənin, Məmməd Arazın bu
şeirlərindən xəbərim yoxdur…
Mən onlara həqiqəti dedim, onlarsa əməlli-başlı
heyrətləndilər…
Və mən o gün Əjdər Ol poeziyasının sevincinin də,
kədərinin də şahidi oldum. Sevinci ondan irəli gəlirdi ki,
ciddi ədəbiyyat adamları Əjdər Ol şeirlərini ustad
sənətkarlarımız Bəxtiyar Vahabzadənin, Məmməd Arazın ədəbi
uğurları səviyyəsində qiymətləndirirdilər. Kədərli halsa
bu idi ki, onların təriflədikləri şeirlərin gerçək
müəllifindən xəbərləri yox idi. Halbuki, şeirləri Əjdər Ol
mətbuatda çap etdirmişdi, kitablarına salmışdı…
Əjdər Olun haqqında danışdığım şeirlərindən tək birini
xatırlayaq: «İstiqlal». Həmin şeir mənim şəxsi mövqeyim
belədir ki, böyük türk şairi Mehmet Akif Ərsoyun «İstiqlal»
marşından sonra bu mövzuda yazılan ən uğurlu poetik
nümunədir. Həmin şeirin poetik düşüncə səngərində,
ümummilli maraqlar meydanında baş qaldıran konkret suala
və cavaba fikir verin:
Söyləyim mənmi daha
neyləyəcək İstiqlal?
Mən-mən oldum,
bizi biz eləyəcək İstiqlal!
Bu poetik, konkret, sual-cavab bütöv bir tarix kitabının
deyə biləcəyi həqiqəti söyləyir. 1746-cı ildə Nadir Şah
Əfşarın ölümüylə süqut edən Səfəvilər dövlətindən sonra
Azərbaycan xanlıqlara parçalana-parçalana, tayfa
didişmələrində zəifləyə-zəifləyə, mənəm-mənəmlik
qovğalarında diz çökə-çökə, nəhayət «ağ və qara»
imperiyalara yem oldu, Araz boyunca ikiyə bölündü, «Gülüstan»,
«Türkmənçay» faciələrinin az qala 250 illik qanlı
poliqonuna çevrildi. Şair bircə misrada bu trafik
hadisələri, «Mən-mən oldum» müsibətini yada salır, milli
dövlətçiliyin, milli istiqlalın ən böyük xidmətini – xalqı
ruhən birləşdirib, bütövləşdirib xilas etmək, «bizi biz
eyləmək» qüdrətini bəyan edir. Dahi M.Ə.Sabirin «Fəxriyyə»
şeirində, satirik, tragik meydanda ön plana gətirdiyi
həqiqəti Əjdər Ol realist vətəndaşlıq ağrılarıyla birbaşa
deyir; belə birbaşa və «çılpaq» şəkildə ona görə deyir ki,
onu daha tez etsinlər. Şairin sanki poetik bənzətmələrə, «gözəl
ədəbi priyomlara» vaxtı yoxdur; o, həqiqəti birbaşa
rəngsiz deyir. Və deyir ki, xalq birbaşa eşitsin, eşidib
dərk və qəbul etsin. Bu, sənətin, indiki halda poeziyanın
xalqa şərəfli xidmət nümunəsidir! Bu, ciddi, fədakar
ədəbiyyat adamının öz ömründən kəsib əsərinə ömür
verməsinin, ömrünü əsəri uğrunda xərcləməsinin nümunəsidir.
Əjdər Olun ilk baxışda çox adi, bəlkə də bəsit görünən,
lakin məğzinə, məna qatlarına vardıqca az qala fəlsəfi
traktat təsiri bağışlayan «Yazıçı Namiq Abdullayevin axırı»
hekayə-portretini, bu bənzərsiz memuar ədəbiyyatı
nümunəsini oxuduqca rəhmətlik Vidadi Məmmədovu da
xatırladım. O da istedadlı yaza bilməmək «xəstəsiydi».
Ədəbiyyata bir-iki hekayə ilə gəlib, ədəbi ictimayətin
diqqətini uğurlu bir nasir kimi cəlb eləmişdi; lakin illər,
on illər ötdü və Vidadi Məmmədov öz böyük ədəbi
potensialını ciddi əsərlərlə reallaşdıra bilmədi. O, «Ulduz»
jurnalı redaksiyasının dar dəhlizlərində, qonşu
küçələrində dolanan şifahi hekayələr ustası kimi daha çox
məhşurlaşdı və yaddaşlarda da belə qaldı. Onun danışdığı
şifahi hekayələr, pritçalar, nəşr epizodları bazasında
roman və povest yazanlar da oldu, amma özü heç nə yazmadı,
yaza bilmədi. Belə demək mümkünsə, o, Namiq
Abdullayevçilik azarını daha «sivil» formada yaşadı və
günlərin bir nəhs günündə qəfil avtomabil qəzasında həlak
oldu…
Qəlbində, duyğularında böyük ədəbi obrazlar, yazılmaq
istəyən əsərlər yaşadan sənət adamlarının ölümü ikiqat
faciədir. Namiq Abdullayev, Vidadi Məmmədov kimi istedad
sahiblərinin ölümünə, bəhərsiz ədəbi taleyinə güzgü tutan,
yazmaq istəyib yaza bilməmək xəstəliyinin anatomiyasını
açıb göstərən «Yazıçı Namiq Abdullayevin axırı»
hekayə-portreti şair Əjdər Olun nasir səviyyəsini də
ortaya qoydu. Onun poeziyası kimi nəsri də adiliklərin
harmoniyasında qəfildən peyda olan qeyri-adilik məqamları
ilə oxucunu heyrətləndirir. O, Namiq Abdullayevin həyatı,
sənət taleyi, uğurları ilə uğursuzluqları haqqında «mənfi»,
«müsbət» ölçüləri ilə danışmır, nəyinsə yaxşı, yaxud pis
olduğunu demir; o, müraciət etdiyi «obyekti» bütün
yönlərdən, prizmalardan olduğu kimi göstərir,
bədii-publisistik analiz və sintezi paralel şəkildə,
assosiativ vəhdətlə inkişaf etdirərək ədəbi-bədii nəticəyə
nail olur. Bu nəticə bütün ruhu, qanıyla oxucunu ələ alan,
onu düşündürən, heyrətləndirən nələrdənsə uzaqlaşdırıb,
nələrəsə sövq edən, insana, cəmiyyətə xidmət göstərən,
canlı şəkildə yaşamağa haqqı olan əsər deməkdir. Bir
vaxtlar dahi Cəlil Məmmədquluzadə «gül-bülbül poeziyasını»
mədfəni-fikrə-fikir qəbrinə bənzətmişdi. Əjdər Olun «Yazıçı
Namiq Abdullayevin axırı» hekayə-portretini oxuduqca fikir
beşiyini, fikir tarlasını düşünürdüm. Əsər oxucu qəlbində
körpə fikir beşikləri yellədə bilirsə, fikir tarlalarını
sünbül-sünbül göyərdə, dalğalandıra bilirsə, deməli
çəkilən zəhmət boşa getməyib. Mən ona qəti əminəm ki,
haqqında danışdığım yazı saf, halal mövqeyi ilə unudulmaz
dostumuz, istedadlı fantast yazıçı və telejurnalist Namiq
Abdullayevin ruhunu şad edib, o dünya ilə bu dünya
arasındakı tanrı gizli yollarına işıq salıb. Yolların
həmişə işıqlı olsun, mənzil başına yetişsin, murada çatsın,
Namiq müəllim! Və bir də bu dünyanın yollarında haçansa
yazmaq istəyib yaza bilmədiklərini nə vaxtsa yazmağı
arzulayıram sənə. Və ona da əminəm ki, o yazılar yazılacaq,
nə vaxtsa yazılmayanların da oxunacağı kimi…
“525-ci qəzet”,
19 may 2007-ci il
Tehran Əlişanoğlu,
filologiya elmləri doktoru, tənqidçi
Tərcümanı özüdür
Şairin əhvalını, ovqatını, durumunu şeirlərindən soruş.
Mən hər dəfə Əjdərin yeni şeirlərini oxuyanda onu eynən
görürəm: mətin, diri, əzim, sızqısız, azacıq fikirli…
Şahid lazım deyil ki: əsl «könül vuruşu»dur…
Əjdər Ol şair taleyini çoxdan tapmış, çağdaş şeirimizə
imzasını yazmış qələm sahibidir. Hətta, az əvvəl «Alın
yazısına düzəliş» edib, birdəfəlik bu yolun yolçusu oldu.
Əjdər Cəbiyev adı ilə çıxmış «Gələcəkdə yaşayıram» adlı
ilk kitabından (1987) sonra növbəti kitabını «Alın yazıma
düzəliş» (1991) adlandırıb bu imza ilə tanınmağa başladı.
Ondan bəri şair qətiyyəti, Əjdər Ol sözü daha bizi
diksindirməyib, birdəfəlik qəlbinin hənirinə, ürək
döyüntülərinə tərcüman oldu. Daha bir şeirlər kitabını
xatırlasaq: - «İndidən»… (1996) gələcək, keçmiş və bu gün,
- Zamanla müşairənin Əjdər Ol üçün heç də təsadüf
olmadığını, hələ bəlkə elə poetik ömrün zəminində
durduğunu görərik: «Çalış ölmə, çalış itmə, vurulma…»
Burda kəşflik nə var ki: hər bir şeirin mənası şairin
zamandan qopardığı, qopara bildiyi ədəbiyyətdir…
Məni Əjdər Olun şeirlərində nə çəkir: bu şerin duruluğu,
peşəkar bütövlüyü, fikir-hiss tənasübü – «bişmişliyi»… -
sən şairlə qabaq-qənşərsən, girdinmi, onun dünyasında,
hökmünün altındasan… Desəm ki, şair məxsusi bədii-estetik
və poetik axtarışlardadır, yalan olar: Əjdər Ol şair
ömrünün o durumundadır ki, mövzu və ideyası, fikir-mətləbi,
ya ani toxunuşu ilə poeziya, şeir özü onu tapır, qəlb
süzgəcindən keçərək, həmincə oxucusuna yönəlir. Əjdər Ol
şeirinin birqatlı obrazlardan hörülmüş divarı şairlə dünya
arasındakı ən yaxın ilgilərlə vəsilə olduğu kimi, oxucunun
bura sirayət etməsinə əngəl törətmir…
Əjdər Olun şeirlərində mövzu əlvanlığını dərhal sezmək
olur; bu rəngarəngliyi şair həyatının ölçü və səciyyəsi,
hüdud və gəzişmələri müəyyən edir. Budur, bax, şair könül
həqiqəti barədə etirafa dalmışkən, digər anda ömrün mənası
barədə düşüncələrdə təskinlik tapır; üçüncü bir məqamda
M.Ə.Sabir tonallığına girib ictimai həqiqətlərdən deyir;
ən nəhayət onun lirik ballada söyləməyə məgər haqqı yoxmu?!.
Və təbii, bu şeirin yekcinsliyini şair qəlbinin hər dəfə
eyni vuran ritmi təyin edir; üst qatda kükrəyən sözün
altında şeir boyu gəlişən intim bir ağrının sevinci: - «Canım-gözüm,
ömür elə budur, bu!» Hər dəfə də mövzuya uyğun ölçü-vəzn
tapan, dördmü, beşmi, yeddimi, ya qoşma misralarda
bəndlənən, yaxud da sərbəst buraxılan şeir lirik «mən»in
nəfəsində isinib, bura gəlir…
Əjdər Olun ənənəvi-ritorik şeirdən alıb qəribə bir israrla
gəlişdirdiyi «Vətən şeirləri» məxsusi diqqət istəyir. «Mən
yarıdım, yarımadım, Vətənimi qarğımadım…» - hələ bəlkə bir
az da hislərin xırdalanması, fərdiyyətçilik duyğularının
meydan almasına qarşı vurğulanmış bu şeirlərində Əjdər Ol
öz ampulasını axtarıb-tapır; bəzən çətin duyulan,
təfərrüatlarda gizlənmiş, sanki həmən «fərdiyyətçiliyin»
acığına məhz fərdi-lirik kodları tribun şeirin ixtiyarına
verir: «Havasını uddum, uddum, Dadmalısın daddım, daddım.
Necə şaddım, Necə şaddım, «Vətən dedim, Vətən, Vətən!»…
Əjdər Olun şeirləri mənə duyğu verir, sevgi aşılayır;
nikbinlik oyadır, eləcə yaşamaq, çalışıb-çarpışmaq
istəyirsən. Oxucuya nə deyəsən, tərcümanı – bu şeirin
özüdür…
Əjdər Olun “Beş-on şeir”
(Şirvannəşr - 2000) kitabına ön söz
Klassik hekayəçilikdən modern həzzə
Əjdər Olun hər təzə kitabının oxusuna böyük həvəslə
girişirəm. Çünki tərəddüdsüz-filansız bilirəm ortada
ədəbiyyat söhbəti olacaq. Və söhbət o yerdən başlayacaq ki,
Əjdərin ötən kitabında qalmışdıq; Əjdər Ol o
yazarlardandır ki, həmişə oxucuya nə söylədiyini, nə qədər
və necə söylədiyini yaxşı xatırlayır; belə ki, hər yeni
kitabında onu gözləyir, ünsiyyətə yenə həsəd duyursan.
Şair kimi tanıdığımız Əjdər Ol bu dəfə hüzurumuza nəsr
kitabı ilə gəldi: «Ölümlə zarafat» (Adiloğlu», Bakı.
2007). Həmişəki kimi də: səliqəli, incə zövqlə işlənmiş,
dizaynı da qəşəng (qapaq dizaynı Murad Fərəclinindir);
kitab boyu mündəricəyə müvazi, amma müstəqim rəssam işləri
ortada (tərtibatda əməkdar rəssam Sakit Məmmədovun
boyakarlıq əsərlərindən istifadə olunub). Kitabın formatı
da yığcam, ələ yapışıqlı: yolda, hərəkətdə, işarası,
həyat-içi oxumaqdan ötəri; əgər səfərin-səyahətin olsa,
qulaq yoldaşı – bu Ə.Ol formatıdır, düşünülmüş bir taktikə
bağlı: başqa cür indi kim ədəbiyyat oxuyur ki.
Doğrudur, Əjdərin ayrı-ayrı hekayələri, portret
yazılarıyla əvvəldən də tanışdım – «Alatoran» jurnalından,
«525-ci qəzet»dən; amma kitab mədəniyyəti ayrı şeydir; «Ölümlə
zarafat»ı birnəfəsə, bircə həftəyə-yollarda,
Qaraçuxur-şəhər arası başa vurub: Əla! – müəllifinə
özlüyümdə afərin söylədim. Klassik hekayəçiliyimiz üçün bu
qədər qəribsədiyimi bilməzdim, «Ölümlə zarafat»da Əjdər Ol
bir daha janr ustası olduğunu təsdiqləyir.
Kitabda səkkiz hekayə var, hər birinin də ayrıca mətləbi;
klassikada tərbiyə almış oxucuların yadına salıram: deyək,
Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini hamımız oxumuşuq;
hekayələrin hərəsi bir başqadır: birində səni məşğul edən
birbaşa süjetdir, digərində – qəhrəmandır, üçüncüsündə –
sadəcə vəziyyətdir; fərqinə varmırsan, çünki – ilk
sətirlərdən, cümlələrdən, cümlə quruluşu-düzülüşündən
ortada təhkiyə var, hekayə var, mətləb var.
Başlıcası, əlbəttə, mətləbdir. Kitaba daxil olan
hekayələri Əjdər son iki-üç ildə qələmə almışdır; amma
mətləb bir qədər uzağa gedir, 1990-cı illərdən bəri
yaşadığımız müxtəlif vəziyyətləri, əhvalatları, ab-havanı
yada gətirir. Bu zaman nasir Əjdər Ol realistdir, milli
insanın xarakteri, milli həyatın mənzərələri onu hər
şeydən çox məşğul edir; və realist qələmin ədəbiyyatımızda
topladığı təcrübədən məharətlə bəhrələnib, onu yeniləyir,
günün (oxu: oxucunun) xidmətinə yönəldə bilir.
«Börüsoy» hekayəsində yaxın günlərimizdən məzəli bir
əhvalatla tanış oluruq. Məhz məzə, həm də ciddi bir
hadisənin içindən, qəfil ortaya çıxan məzə olmasa, əslində
mahiyyət etibarilə bizə çox tanış həmin bu əhvalat
darıxdıra da bilərdi. Burada bizə tanış – personajlardır,
bir qədər əvvəl yaşadığımız günlərin ictimai-siyasi-məişət
mənzərəsilə birgə. Əhvalat dolanışıq ucbatından ucuz
sifarişə qol qoyan sənətçi-rəssamın başına gəlir; məzəyə
imza atan isə Börüsoydur, mitinq hərakatının sadəzəmir
milli tühaflarından biri. Məhz onun, mənsub olduğu partiya
qarşısında Bozqurdun iri portretini çəkdirəcəyini öhdəsinə
götürməsilə – vaveyla rəssam Nadirin qapısı döyülür və
oxucu maraqlı bir süjetə «daxilolur»
Əhvalat nə ilə qurtaracaq sanki əvvəlcədən təxmin edirik;
çünki Börüsoy ümumiləşmiş şəkildə məzədir, adından tutmuş,
iddiasına uyğun görünməyən hərəkətləri, entuziazmi ilə -
müəyyən ştrixlərlə müəllif bunu görükdürür də, amma şarja
keçməyə qəti yol vermədən, çünki təhkiyəni ciddi plandan –
rəssam Nadirin başına gələnlərdən aparır. Hekayə boyu biz
məhz «şarj»ın ictimai kazusunun (yəni Börüsoyları yetirən
və bəsləyən zəminin) ifşa olunacağı dəmi gözləsək də, hər
şey daha başqa – daha fəci məzəilə qurtarır. Hecəmi? –
hekayəni oxuyub da Bakı küləyinin (oxu: çərxi-fələyin)
personajların başına gətirdiyi oyundan ləzzət almaq gərək:
gülməli olan ən ağlamalısıdır. Təhkiyə klassik realizmə
xas bir priyomla (yəni bizi bütünlükdə hadisədən keçirib
də) mətləbə son qoyur: «Nadir bunları mənə danışanda
əhvalatın baş verdiyi gündən üç ay, doqquz gün keçmişdi».
Əvəzində Börüsoy adlı milli tipajlardan daha biri yaxın
tariximizdən nəsrimizə yadigar qalır.
«Ölümlə zarafat» hekayəsi olmüş əhvalat üzərində qurulub;
poetikası etibarilə də sənədli reportaja meyl edir.
Yazıçının – Əjdər Olun dilindən aparılan təhkiyə birinci
cümləsindənsə bizi «yol əhvalatı»na kökləyir: «Biz Praqa
hava limanından Bakıya uçan Çex hava yollarına məxsus
təyyarəyə minəndə artıq Əmirin tini taraz idi.» Bu şən,
məzəli, əhlikef not daha sonra, hekayə boyu ölümlə zarafat
leytmotivini saxlamaq üçündür; çünki bir azdan baş verəcək
qəzanın psixoloji gərginliyinə yalnız bu kökdə tablamaq
mümkün. Əsərdə sənədlilik oxucunun real həyatdan bu və ya
digər qədər tanıdığı personajlarla əlaqələnir. Əmir –
yazıçı- publisist Əmir Pəhləvan, Rüstəm – şair Rüstəm
Behrudi, Sabir müəllim – şair, millət vəkili Sabir
Rüstəmxanlı, İlhamə xanım – xalq artisti İlhamə Quliyeva
və b.-ları – təhkiyəçi bu mühitə yaxın oxucu
auditoriyasına kökləndiyindən mətndə personajlar barədə
lazım olduğundan artıq məlumat vermir. Bir onu bilirik ki,
həmin bu mötəbər icma «uç gün Parisdə vaxtilə Avropa
İttifaqının fəaliyyətə başladığı binada dünyanın çox
yerindən gəlmiş soydaşlarımızla və xarici qonaqlarla birgə
1946-cı ildə Güney Azərbaycanda baş verən Milli azadlıq
hərakatına həsr olunmuş simpozium» dan qayıdırlar. Və
budur qəfil təyyarədə yaranmış qəza vəziyyəti bir qədər
əvvəl ən ali duyğuların təntənəsini yaşayan insanları adi
insani instinkt – ölüm qorxusu qarşısında qoyur; hadisələr
də elə bundan sonra başlanır.
Gerçəklər eksteremallıqda necədir; yol əhvalatını nəql
eləmək heç də asan gəlməsin; burda geri dönüb «olduğu kimi»
məqamına nöqtəbənöqtə riayət etmək çətinliyi var. Əjdər Ol
buna nə qədər nail olur – ardınca gedib gözləmək fikrim
yox; bunu bilməkdən ötrü hekayənin hər kəsin özünün
oxuması daha asan olar zənnindəyəm. Bircə yazıçının sonda
, ümumən «yazı» barədə gəldiyi qənaətləri bölüşmək
istərdim: «Təyyarədən enəndə düşünürdüm ki, başıma gələn
hadisəni kimə danışsam, az-maz heyrətlənsə də o qədər
təsirlənməyəcək, çünki hadisə başlasa da, bitməmişdi.
Nasaz təyyarəmiz sağ-salamat yerə enmişdi, biz ölməmişdik.
İnsanlar faciəli sonluqla bitməyən hadisələri tez
unudurlar».
Əjdər Ol haqlıdır. Ümumən Yazını yazan-yazır , yazıçılıq
isə yaşadığını yazmaq sənətidir. Qərbdə bu peşənin
fəlsəfəsini daha yaxşı mənimsəmişlər; mən həmişə qibtə
eləmişəm, bizdən fərqli olaraq, Qərb hekayəçiliyi həyatın
bütün sferalarına necə də nüfuz etmiş, o qədər ki, ən
prozaik adiliklərə, təfərrüatlaracan asanca yazıya
gətirmişlər; nəticədə ortada Qərb həyatının alternativ –
roman tarixi var. Bizim ilk realistlər qələmin bu borcunu
yaxşı əxz eləmişdilər; Mirzə Cəlili, Ə.Haqverdiyevi, Yusif
Vəziri ansaq bəsdir. Topluda iki hekayə təmamən bu
ənənələr üzərindədirn: «Usta Yusifin kamançası» və «Şər
Nizi»; milli «marallar» sırasını zənginləşdirir. Birincisi
– pozitivlər qismindən (tacir Fərmanla çəkməçi Qadir
arasında baş tutmuş «səhər zarafatı» hardasa Haqverdiyevin
«Çeşmək» hekayəsinin havasını yada salır), ikincisi –
neqativlər qismindən milli xarakterlər kəşf edir: Şər Nizi
– Niyaz balaca əyalət şəhərinin yeritdiyi böyük şər
hadisəsidir; bir odur ki, münbit şərait tapıb ictimai
kazus qazanır.
Bununla belə, Əjdər Olun təhkiyə tərzində birbaşa Qərb
hekayəçiliyindən alınma məqamlar da var: bu və ya digər
şəkildə müəllif-yazıçı obrazını daxil etməklə hekayənin
həyatiliyinə diqqət artırması, oxucu marağını cəlb etmək
və saxlamaqdan ötəri macəra, gözlənilməzlik, hətta
dedektiv ünsürlərindən maksimum istifadə buna misal ola
bilər. Bunu biz «Şər Nizi» hekayəsində görürük. «Dostum
dedi: - Bu kişini yadında saxla, bir gün o, sənin də
qapını döyə bilər» və həqiqətən də, elə olur ki, hekayənin
sonunda Şər Nizi təhkiyəçi-müəllifin qapısını döyür.
Amma daha da çox «Fa» və «Qatillə görüş» hekayələri bu
təcrübəyə üz tutur. «Həmişə kəsədən getmək olmur, bu
hekayəyə bir balaca təfərrüatla başlamaq istəyirəm» - «Fa»
beləcə məxsusi notda başlayır və sonacan da həməncə: «fa…»
(konkret halda… fahişəlik) notunun sosial-ictimai məğzinə
varmaq cəhdləri üzərində gəlişir; vaxtilə kapitalizm aləmi
üçün adi bildiyimiz motivin yozumu primitiv də görünə
bilər, heç təhkiyəçi- müəllif də həmin məqamda israr etmir,
axı bu sadəcə bir priyom – Azərbaycan qadınının acılarını,
uğraşdığımız həyatın həqiqətlərini ortaya qoyan üsuldur.
«Qatillə görüş» də də cinayət var, qətl var, yabancı həyat
tərzinin fəsadları təsvir olunur. Amma yazıçı bu məqamları
hekayəyə o qədər gözlənilməz və ötəri daxil edir ki, oxucu
həmin an mətləbin yox, priyomun işlədiyinin çox da fərqinə
varmır. Mətləb isə bütün situasiyalardan yüksəkdə duran
insan xarakterinə diqqət cəlb etməkdən ibarətdir; təhkiyə
fabulanı süjetin hərəkətindən ayırmaqla, zahir və batin
arasındakı təzadlardan məharətlə yararlanır. İndi bizdə
heç bir yazar bu həvəslə təhkiyə qurmur və bu cəhəti də
mən nasir Əjdər Olun yaradıcılıq balansına uğur gətirən
dividendlərdən bilirəm.
Əjdər Ol insan xarakterinin müşahidəsi və təsvirinin
ustasıdır. Bunu onun kitaba daxil etdiyi «Ədəbi
portretlər»i xüsusən görükdürür; «Yazıçı Namiq
Abdullayevin axırı», «Rafiq Tağı ki, Rafiq Tağı», «Kür
Əlisəmid». Hər üç bədii oçerkin predmeti – yazıçı
obrazlarıdır; bununla – yazıçı fərdi və mühitinin astarına
varmaqla Əjdər Olun nasir qələmi sanki peşənin sirlərinə
bir köynək də yaxın olduğunu təsdiqə yetirir; həm də necə
yazıçılar – son dərəcə fərdi ömür və dəstxəttilə özünü bu
dünyadan ayıran (fantast Namiq Abdullayev), dünyaya qarşı
qoyan (nasir Rafiq Tağı) və hətta ona xox gələn (şair
Əlisəmid Kür) kimsənələr. Mən burda «son dərəcə» vurğusunu
özümdən əlavə eləmirəm, əvvəla ədəbi mühitdən və
yazılarından bu və ya digər dərəcədə həmin yazarların
portretlərinə bələd olanlar bilir və üstəgəl oxucunun
bilib-bilmədiklərinə Əjdər Olun israrlı müşahidələrindən
doğan detalları, cizgiləri, mahiyyətli ştrixləri – «fərdiliklər»i
də, portret orijinallığını da ortaya qoyan budur.
Oçerklərin hər birini müəllif məxsusi düşünülmüş planda –
portretin çeşidini və bütövlüyünü, hər biri bir ayrı
ritmdə gəlişən dinamikasını bəlirləyən əsl hekayə (hekayət)
səpkisində qurur.Yaxşı keyfiyyətli prozada olduğu kimi,
burda təhkiyə həm bir anlıq macal vermədən hadisələri
təqdim edir, eyni qarşılıqla da oxucunu söhbətə çəkir,
təhlilə, bölüşməyə dəvət edir. Deyim ki, Əjdər Ol
portretlərini sevgiylə, məxsusi isti ilə, nəvazişlə cızır,
yox bu azdır; portretlərini o, daha böyük azartla,
sərt-soyuq ağılla rəsm edir. Hətta mən burda oçerk
qəhrəmanları ilə bir savaş, bəhsabəhs də duydum; azdırmı –
ədəbiyyatda ən istedadlıları yazıya gömmək hünəri və
qalibiyyətinə imza atmaq asanmıdır?
Stixiyaya verilməyə nə var ki; əsl çətinlik dünyanı
anlamaq və onunla dil tapmaqda, yükünün ağırı altına çiyin
verib yüngülünə də «eh» deməməkdədir. Əjdər Ol lap
əvvəldən belə anlaqlı birisidir; həyatda və elə
ədəbiyyatda da. Onun kitaba daxil etdiyi üç essesi: «Gücümüz
çatmırsa», «Ardıcıllıq» və «Qarışıq zəmanə» hələ on altı
il öncə qələmə alınsada bugünlü kontekstdən qəti ayrılmır:
həmən fikir sərrastlığı, mətləb konkretliyi və üslub
rahatlığı oxucunu alıb aparır; bir müsahibəsində
təsdiqlədiyi kimi: Əjdər Ol «başa düşülməkdən qorxmur» da.
Ədəbiyyatda olmaq, onun hər bucağına baş vurmaq başarığı
heç də asan olmayıb, əlbəttə ki, yaradıcılıq sevdasıdır.
Şeir və nəsrdən başqa, Əjdər Ol səhnə üçün də əsərlər
yazmağa qərar vermişdir. Kitaba daxil edilmiş iki pyes
barəsində bəhs açmayacağam. Pyes – səhnədə gərək. Amma
deyim ki, tamaşasını uğursuz saydığım (2005, Dövlət Gənc
Tamaşaçılar Teatrı) «Molla Nəsrəddin və Əmir Teymurun
filləri» oxu üçün pyes statusunda mənə daha xoş, aktual
təsiri bağışladı. «Son məktub» pyesinin Dövlət Milli
Akademik Teatrında tamaşaçılardan (2007) aldığım təəssürat
barəsində isə artıq yazmışam (Tənqid.net jurnalı, 2007,
№4).
Və gərək ki, «Ölümlə zarafat»dan yazmalı olduğum daha nəsə
qalmadı. Yeni görüşlər, dialoq və söhbətlər əzmiylə.
“525-ci qəzet”
Qəşəm İsabəyli
DEYİRDİLƏR “ŞAİR”Dİ...
Əjdərlə tanışlığımın “Ol”dan əvvəl tarixi var; mən “İşıq”
nəşriyyatında redaksiya müdiri işləyirdim, Əjdər də
istehsalat şöbəsinə təzəcə gəlmişdi. Hərəkətindən,
davranışından istehsalat işçisinə oxşamırdı; heç
tələsiyən görmürdüm onu, idarəyə də, istehsalat
tapşırıqlarına da ağır gedib, ağır gəlirdi.
Bir dəfə şöbə müdiri Elmira Tahirovadan soruşdum:
–Təzə işçin gözümə birtəhər dəyir ey, yarıdır səni!?
Elmira xanım da bakılı qızıydı, söz altda qalmaqla arası
olmazdı. Hərdən mübahisəmiz düşəndə deyərdi, Qəşəm
müəllim, küsərəm ha səndən. Bilirsən ki, küsməyim asan,
barışmağım ondan da asandı. O da vardı ki, Elmira xanım
məni və Əjdəri nəşriyyata Məmməd İsmayılın
gətirdiyini də bilirdi (kim bilmirdi ki?! M.İsmayılın
gizlin işi olmazdı). Odur ki, sualımdan şübhələndi
və elə başa düşdü, ondan söz çəkmək istəyirəm,
siyasətlə danışdı:
– İstehsalat işçisinin başının döörəsi (ətrafı) “dil”
olsun gərək (yəni, mətbəə rəhbərliyinin qılığına girib,
sifarişləri aşıra bilsin), o isə, deyirlər ... “şair”di...
Şairlik dəbdə olduğundan və Əjdərin qabiliyyətinə bələd
olmadığımdan bu deyimə ötəri bir təqdimat kimi baxmışdım...
Bir müddət sonra, yəni 1992-ci ildə Məmməd İsmayılın
xeyirxahlığıyla məni Polad Bülbüloğlu Mədəniyyət
Nazirliyinin “Şur” nəşriyyatına direktor qoydu. Sadəcə
tapşırıq adamı olmadığımı sübut etmək üçün gecəni
gündüzə qatdım. İşə başladığım birinci həftə ilk
çap məhsulunu qoydum nazirin qabağına. O da
kollegiya iclasında məni bərk tərifləyib,
nəşriyyatımızın hesabına xeyli pul köçürtdü. Onda
Əjdər artıq Prezident Aparatında işləyirdi. Bir
müddət keçəndən sonra hansısa özəl qəzetdən zəngi gəldi.
Təəccüb qaldım:
–Qarda-a-aş, orda neyləyirsən?!
–Buranın baş redaktoruyam.
–Bəs Prezident Aparatı?..
–Prezident Aparatı öz yerindədir...
İş elə gətirdi ki, Əjdər bir az sonra yaxın ətrafından
xəyanət görüb, durub yanıma gəldi. Mən də ağına-bozuna
baxmadan, yəni Mədəniyyət Nazirliyindən
iznsiz-filansız ona nəşriyyatın baş redaktoru
vəzifəsini həvalə elədim. Bu sətirləri oxuyanda yəqin
qımışacaq ki, bəs bir az yekə çıxır ey, qardaş...
Düz sözə zaval neyləyə bilər. Əslində mənim rəhbər
olduğum yerdə direktor, baş redaktor ştatı olsa da,
vəzifəsinə ehtiyac olmur. Bir vəzifə olur, o da
fəhləlik. Və Əjdəri də qoşdum özümüzə. Girişdik işə...
işlədik ha, necə deyərlər, az oldu, amma oldu... cəmi...
üç ay...
Hərdən qardaşımın sağ əlinin cibinə getdiyini də
görürdüm; dəsmalını çıxarıb boyun-boğazına çəkirdi.
Yalançılar sözü, bəlkə də Əjdər Sovet hökumətinin
qulluğunda belə durmamışdı.
Bir gün də məni verəcəyi “bəd” xəbərə hazırlayıb-eləmədən,
acıq çıxırmış kimi, qızıl-qırmızıca üzümə dedi, bəs
sabahdan Maliyyə Nazirliyinə işə gedirəm. Amma yaxşı da
tərifimi verdi:
–Qardaş, adam bir sənin yanına işə girəndə sevinir, bir də
işdən çıxanda.
Gülüşdük.
Mən də borclu qalmadım:
- Üzün ağ olsun!
Qeybətçi adamlar demişkən, “İşıq” nəşriyyatından
danışırdım axı. İş elə gətirdi ki, Məmməd İsmayıl
Əjdəri bizim “Sifariş ədəbiyyatı” redaksiyasına kiçik
redaktor yolladı. Balaca-böyüklüyümüz yox idi, ikimiz də
bir boyda olardıq; bir-birimizə quşumuz qondu.
Ünsiyyət bağladıq, yoldaşlıq elədik, ova getdik, çöl
çörəyi yedik, aylı-ulduzlu səma altında gecələdik.
İkimizin də cavan qardaşlarımız – Abdulbağı və Mirzə haqq
dünyasına qovuşdu. Bir-birimizin xeyir işlərində
olmasaq da, bir-birimizin doğmalarının yasında
olduq...
Hərdən onun bəzi işlərinə “paxıllığım” da tutdu.
Kəndlərinə ova gedəndə gördüm Əjdər maşın sürməyi də
bilir.
O da yadımdan çıxmaz ki, bir gün də iş yoldaşımız,
rəhmətlik Eyvaz Həsənovdan xahiş elədik, bizi
maşınıyla Salyana – Ceyran qoruğuna balıq tutmağa
aparsın. İşi-peşəsi deyib-gülmək olan Eyvaz birdən
ciddiləşdi:
–Bilirsiniz də şair Ağacavad Əlizadə nə deyib?
–Yox, – dedik,– deyərsən, bilərik.
–Ağacavad müəllim deyib ki, maşını olanın qanacağı yoxdu,
qanacağı olanın maşını. Allaha şükür, məndə ikisi də
var.
Əjdər qımışdı. Eyvaz tərs-tərs baxdı ona, bir söz demədi.
Çünki özü də balıq tutmaq həvəsindəydi. Onu da deyim ki,
hamının zarafatına zarafatla cavab verən Eyvaz
Əjdərin balaca bir eyhamına qızıb çıxardı özündən. Əjdər
də bunu bildiyindən hərdən onu sancardı.
Redaksiyamızın kiçik redaktoru olan Eyvazın bir işi vardı,
o da sifarişçilərlə müqavilə bağlamaq. Tez-tez də
deyərdi: “Bir də görəcəksiniz Eyvazı asıblar – sifarişlə...
boynunda da müqavilə”.
Bəli, Ceyran qoruğunda təzəcə ocağın başında gecəni
səhər eləmişdik, birdən yerin yiyəsi – yeger gəlib çıxdı;
nəşriyyat işçisi olduğumuzu bilən kimi hörmət-izzətlə
salam verib, buyurdu ki, bəs müdir sizi görmək istəyir.
Mən ayağa duranda, baxdım ki, Eyvaz məndən qabağa düşüb.
Əjdər də ocağın qırağında oturub, xəyala daldı.
Eyvaz cəld sükanın arxasına keçdi, maşını işə saldı, mən
qabaqda – şax, yeger də arxada, təzəcə tərpənmişdik ki,
Eyvaz qəfil əyləci basıb, başını çıxartdı bayıra və
bağırdı:
–Əjdər, kartofdan muğayat ol... yanar!
Başım sinəmə düşmədimi!? Yer yarılsaydı, girərdim...
Qayıdandan sonra məzəmmət elədim, ay Eyvaz, yeger
nə bilirdi ki, qazanda nə var, biabır elədin bizi.
–Niyə? Yeger belə qudurub, kartof yemir!?
Belə günlərimiz olub...
Yaxşı söz gəldi, saxlamayasan gərək. Rəhmətlik
Adıgözəl Qəmbərov idi, Eyvaz idi, Əjdər idi, mən
idim, birgə oturmuşduq. Əjdər Eyvaza balaca bir söz atdı.
Eyvaz partlamadımı!? Dedi... dedi.. dedi... axırda da
ağzından hörmətsiz bir söz çıxdı. Adıgözəl müəllim pərt
oldu. Qayıtdı ki:
– Eyvaz, adam elə sözü danışmaz.
Səhvini başa düşən Eyvaz əlüstü dilləndi:
–Adıgözəl müəllim... adam... – Yəni mən adam deyiləm...
Günlər atlı olub çapırdı. Bir gün də Əjdər ilk şeirlər
kitabını bağışladı mənə; oxudum. Bu ilk kitabıyla da o,
qəlbinin bir çox sirlərini faş eləmişdi. Onun
şeirlərində misranın fikir tutumu, ağır deyim ahəngi,
yerinə-yurduna düşən sözlər könlümü açdı.
Əjdər həmişə fikir axtarışında olub. Şair var ki, təzə
qafiyələrlə fikrinə gözəllik gətirir. Əjdər isə əksinə,
orijinal fikirləriylə hamının işlətdiyi adi qafiyələrə
yeni nəfəs bəxş etməyi sevir. Necə deyərlər, Əjdər fikrə
xəsislik eləməyən şairlərdəndir.
İl ildən ondan ötrü bəhrəli olub. Bir sıra kitablarını
oxumuşam, bir sıra kitablarının isə naşiri olmuşam. Bu
naşirlik məsələsində isə az qala hər dəfə pərtləşmişik.
Vaxt olub ki, Adıgözəl müəllimin sözü olmasın, Əjdər bir
tatar cəncəli çıxarıb, gəl görəsən. Hər dəfə də ürəyimdə
and içmişəm, day Əjdərin kitabını yaxına qoymayacağam.
Hər dəfə də “...allooo, qardaş...” sözündən sonra bu
andın sehri sınıb.
Maşallah, ayaq üstədi bəxti də. Hələ kitablarının
gecikdiyini görməmişəm. Kitabının nəşr sürəti və
keyfiyyətindən üzdə razı qaldığını da görməmişəm
desəm, günah eləmiş olmaram.
Əjdər kitabının ki nübar nüsxəni əlinə alırdı, rəngi
açılmaq əvəzinə get-gedə boğulurdu. Az qala bir yarım
saat kitabı öyürür-çöyürür, altdan vurub üstdən çıxır,
əlləşdirib-əncələşdirib nöqsan gəzirdi. İstəyinə
çatmayanda isə incik bir “pis deyil” çıxırdı dilindən.
“Sağ ol”un heç həndəvərinə də yaxın düşməzdi. Çox
fikirləşirdim ki, görəsən bu bəyənməzlik hardandı
Əjdərdə!?
Bir gün indi Şirvan şəhəri olmuş Əli Bayramlıya
getmişdik. Girdik bazara. Mən elə qabağıma
çıxanlardan tez-tələsik alıb, qayıdanda, gördüm Əjdər
bayaq bazara girəndə necə əyilmişdisə göy-göyərti
topasının üstünə, həmin vəziyyətdədir; qaşlarını çatıb,
ciddi-cəhdlə göy dəstəsinin birini götürüb, birini
qoyur... Gərək ki, beş-on dəqiqə çəkdi. İmanım Allah
amanatı... deyəsən aldı...
Onda barmağımı dişlədim və Əjdərin öz kitablarının
nəşrinə qarşı tələbkarlığına haqq qazandırmalı oldum.
O öz yaradıcılığına da məhz belə tələbkarlıqla yanaşır.
Qardaşım hər şeyin gözəlini istəyirmiş, demə.
Bu illər ərzində Əjdərin nasirliyi də, tənqidçiliyi də
yaxşı yöndən özünü göstərib. Kəsə demiş olsaq, gözəl
publisistikası var. Tənqidçiliyi isə özünəməxsusluğuyla
seçilir.
Təbii ki, tənqidçilərimiz oxuduğu əsərlərin
məddi-mənasını duya bilmədiklərindən ya tərif yazır,
ya da bir-iki anlaşılmaz termini, başa düşməsinlər
deyə, oxucuların qabağına atıb, öz savadlarını
gözə soxmağa çalışırlar. Əjdər isə, tənqidçi olmasa da,
haqqında söz demək istədiyi kitabın az qala şah
damarından tutur. Mən bunu “Nənəm təkdi” kitabıma
yazdığı “Ön söz”lə yəqin elədim. Həmin o “Ön söz”dən
sonra gördüm mən nə boyda bir savab yiyəsi olmuşammış,
sadəcə xəbərim olmayıb. Sağ olsun ki, bunu Əjdər mənə
xatırlatdı:
–Bina gündən bizim poeziyamızda vətənin unudulan
yerləri olub. Şeirimizin gözü təkcə çəmənləri,
bulaqları, ...sözün kəsəsi, yurdumuzun
axar-baxarlı mənzərələrini görüb. Ancaq yayında
ilanlar mələşən, qışında yalquzaqlar dolaşan
çöllərin şeiri yazılmayıb. Əgər vətənin tozu-torpağı,
palçığı dizə çıxan aranından yazılmayıbsa, onda
bu yerlərdə dirilik tapmış, həqiqətin özü kimi sərt,
...yoxdan var yaradan insanlar da yada düşməyib.
Qəşəm İsabəylinin bu kitabını oxuyanda çox qəribsədim.
Şirvanın ağacı – yulğun kolları, otu – qarağan,
quşotu, yovşan olan şoran düzləri üçün burnumun ucu
göynədi. Yayda, istinin cırhacırında «su» deyib,
ilğımına qaçdığımız boz düzlər gözümün önünə
gəldi. Günəşdən yanıb qaralmış, şaxtadan əlləri
çat-çat olmuş, qarışqa kimi qaynaşan... tanış üzləri
andım.”
Sonralar haqqımda söz deyən bir neçə yazıçı məhz
Əjdərin bu fikirlərini əllərində tutalqa eləyib, məni
bərk təriflədilər.
Əjdər bəlkə də məndən cavan yeganə adamdır ki,
aramızdakı yaş fərqini unudanda kefimə dəymir. Amma bir
dəfə bərk incidim ondan. Bu minvalla gərək ki, dörd il
aramıza dağlar düşdü. Çox qəribədi, bu illər ərzində bir
dəfə də olmuş olsa üz-üzə gəlmədik. Yəqin ki, yana
baxmazdıq.
60 yaşımın tamamında isə, qoy bilməyənlər də bilsin; 14
avqust 2008-ci ildə, əl telefonuma zəng gəldi:
–Salam, qardaş, hardasan?
–Salam! Oqtay müəllim, sizsiniz?!
–Ayə, nə Oqtay müəllim, mənəm ey, Əjdərdi... sənin iş
otağındayam.
Elə bil gözləyirəmmiş bunu. Heç çaşmadım da:
–Əjdə-ər?! On beş dəqiqəyə yanındayam.
Görüşüb, öpüşüb, şəkil çəkdirib, çay içib, bu gündən,
gələcəkdən danışdıq. Onu yola salanda:
–Öz aramızdı, müdriklik eləmisən,– dedim.
Pillələri düşə-düşə mənə sarı çevrilib, özünəxas
gülümsədi:
–Mən həmişə müdrik olmuşam...
Həmin günün axşamı isə bizə yığışmışdıq. Əlbəttə, dövlət
tədbiri olmayacaqdı ki. Onun üçün siyasi cəhətcə
yetişmək lazımdı. Mən isə hələ ki, el deyəndən deyirəm.
Süfrəmin başında mənə doğma insanlar oturmuşdu; ustad
şairimiz Məmməd İsmayıl, Əzizə bacı (M.İsmayılın həyat
yoldaşı), sənətşünas Ziyadxan Əliyev, Qəbələdən
qudam – qızımın qayınatası Şaiq müəllim, Kürdəmirdən
babalarımın kəndçisi, yəni bir-iki pasportda sadəcə adı
qalmış Qəhrmanbəylidən cavan şair Abduləziz
Xanəhmədoğlu...
Əjdər Ol da burdaydı. Özü də ikiqat əli dolu gəlmişdi
(fikirləşdim ki, arada küsmək lazım olacaq).
6 nəfərlə 60-mı yola salırdıq... Hərənin də payına 10 ilim
ərməğan idi.
Əjdərin xarakterini tamamlayan bir keyfiyyəti də açıb
göstərmək yerinə düşər. Bu da onun, indi hər kəsdə görə
bilmədiyimiz yol yoldaşlığıdı. Əjdər vəzifəyə gedəndən
Sadiqi onun yanında görmüşəm. Sadiq şofer də olsa, bir
dəfə də olmuş olsa Əjdərin dilindən eşitməmişəm ki,
desin, “şoferi göndərirəm”, “şofer gələcək”, sadəcə
“Sadiq gedəcək”, “Sadiq gələcək” deyib.
Sadiq də sadiqdi, ha! Necə deyərlər, bu qədər vaxtı,
Allaha and olsun... ən dözümlü arvad kişidə oturmazdı...
Heç kim şairi stol arxasında, ilham anlarında,
ağrılı-əzablı yaradıcılıq məqamlarında görməyib. Amma
Əjdər Olun əsərləri bu məqamlara şahidlik baxımından
müəllifə ən etibarlı yoldaşdı.
20 noyabr 2000-13 dekabr 2008
Adil Mirseyid
Əjdər Olun dəftəri
80-cı illərdə ədəbiyyata gəlmiş bir çox şairləri
şeirlərindən tanımışam. Sonra özlərini görmüşəm, bəziləri
ilə qələm yoldaşı, bəziləriylə yol yoldaşı, bəziləriylə
dost, qardaş olmuşam.
Bir zamanlar YB-də Ədəbiyyatı Təbliğat Bürosu deyilən bir
qurum var idi. Şairlər bu büronun xəttiylə “kababdirovkalara”,
üzr istəyirəm komandirovkalara, görüşlərə gedərdilər və
... para qazanardılar. Müxtəlif vaxtlarda Fikrət Sadıq,
Əlisəmid Kür, Allahverdi Məmmədli, Əjdər Ol orada
işləyirdilər. Bir də bir yaşıl tennis stolu var idi orada.
Mən də hərdən tennis oynamağa gedirdim. Amma Büronun
xəttiylə komandirovkalarda olmamışam, qol çəkib pul
almamışam. Düzü heç təklif də eləyən olmayıb. Hə, Əjdəri
ilk dəfə orada görmüşəm. Vallah səmimiyyətlə deyirəm və
yəqin ki, Əjdər Ol da mənim səmimiyyətimə şübhə etməyən
adamlardandı, o ilk tanışlıqda mənə bir qədər quru, rəsmi,
hardasa rasional adam təsiri bağışladı. Və uzun müddət
Əjdər Ola uyuşa bilmədim. Sonra “Əjdər Olun kitabı”nı
oxudum. Bu kitabda Əjdərin incə yumor hissini duydum, o
kitabdan sonra Əjdərin şeirləri də elə bil rəngini,
ahəngini dəyişmiş kimi oldu, zərifləşdi, kövrəkləşdi,
akvarel kimi şəffaflaşdı...
Sonra bir də uzun müddət bir-birimizi görmədik. Bir axşam
dostum Vaqif Gərayzadə ilə çayxanada oturub dərdləşirdik.
Əjdər də gəlib çıxdı o çayxanaya və bütün masaların
yanından ötüb bizə yaxınlaşdı, uzun illərin dostu kimi
öpüşüb-görüşdük.
Daha sonra Əjdərlə araq da içdik, bir-birimizə şeirlər
oxuduq. Görüşlərimizin birində Əjdərin latış dilindən
etdiyi uğurlu tərcümələrin müəllifi olduğunu bildim. Əjdər
latış daynlarını türkcə oxuyur. Özü də necə oxuyur...
Əjdər Ol özlüyündə şairləri üç növə bölür:
“Birincilər yaxşı şeir yazsalar da şairlik eləmirlər, yəni
kürsülərdə, oxucular qarşısında demək olar ki, görünmürlər.
Ikincilər yaxşı şeir yaza bilməsələr də gecə-gündüz
şairliklə məşğul olurlar, hara gedirsən onların səsini
eşidirsən, toyda-bayramda, yubileylərdə, növ-növ
tədbirlərdə...
Üçüncülər, yaxşı şeir yazırlar, həm də yerində, məqamında
şairlik edirlər”...
Mən hansı şairlərdənəm? - Əjdər Ol bunu bilir.
Əjdər hansı şairlərdəndir – mən bilirəm.
O, mənə bir dəftər bağışlayıb – bu üstü yaşıl nəbati
naxışlı adi bir ümumi dəftərdi. Mən o dəftərdə şeir
yazıram...
“Palitra” qəzeti,
22-24 dekabr 1999-cu il
Aydın Dadaşov,
teatrşünas
«Molla Nəsrəddin lətifələri»nin səhnə həlli
Türk xalqının şifahi xalq ədəbiyyatının incilərindən olan
«Molla Nəsrəddin lətifələri» bütün tarixi mərhələlərdə
insanların ətraf mühitdəki çatışmazlıqlara satirik
münasibətinin barometri olub. Molla Nəsrəddin lətifələri
əsasında qoyulan tamaşalar nəyinki xalq-meydan, hətta
akademik teatrların səhnələrində özünə yer tutub. Bu
lətifələr əsasında Leonid Vasilyeviç Solovyov və Viktor
Stanislavoviç Vitkoviçin birgə yazdıqları «Salam, Hoca
Nəsrəddin» silsilə pyesləri Şərq gülüşünün simvolu olan
Molla Nəsrəddini bir neçə qitədə məhşurlaşdırıb.
Müəlliflərdən biri Viktor Vitkoviç 1944-cü ildən davamlı
olaraq Moskva Satira Teatrının səhnəsində gedən «Şən
günahkar» tamaşası barədə yazdığı: «1978-ci ilin yayında
Drezdendə olarkən şəhərdə yapışdırılmış afişaların
Saksoniya İsveçrəsindəki bütün Avropada məşhur olan açıq
səma altındakı Landes Byuxnen Saksen Teatrında bizim
Nəsrəddinə baxmağa çağırdığının şahidi oldum. Afişada
göstərildiyi kimi mən ikimərtəbəli yerli qatarla cənuba
getdim. Ratten şəhərciyində bərəilə Elbanı keçərək
Drezdenli tamaşaçılar və turistlərlə birlikdə qalın meşə
və qayalıqlardan keçərək mənzərəli bir yolla üzü yuxarı
teatra doğru addımladım. Hündür, üzərində kollar bitmiş
qayalarla küləkdən qorunan səhnə təbii dekorasiya idi.
Vaxtaşırı olaraq səhnədən gəlib tamaşaçıların arasından
keçən atlar həyatilik yaradırdılar. Boz buludlar Günəş
şüalarının qarşısını kəsərək yağış havası yaradırdılar.
Yəqin ki, belə bir mühit Xoca Nəsrəddinin də ürəyincə idi.»
(L.V.Solovyov, V.S.Vitkoviç «Salam, Xoca Nəsrəddin» M.,
1982.səh. 135) cümlələri Molla Nəsrəddinin Avropanı «fəth»
etməsini təsdiqləyir. Türk dünyasının fateh sərkərdəsi
Əmir Teymur haqqında Hüseyn Cavidin, Necdad Sevincin,
Timur Zülfüqarovun yazdıqları pyeslərin də uğurları
məlumdur.
Şair-dramaturq Əjdər Olun dramaturgiya sahəsində ilk qələm
təcrübəsi olan «Molla Nəsrəddin və Əmir Teymurun filləri»
pyesində məşhur gülüş qəhrəmanının Əmir sarayındakı
vaqeələrindən söhbət açılır. Əmir Teymurun döyüş
fillərinin kənddə əkin sahələrini dağıdaraq əhaliyə ziyan
vurmasından hiddətlənən Molla Nəsrəddinin saraya şikayətə
gəlişi buradakı rüşvət və korrupsiya problemlərini əyani
şəkildə təqdim edir. Fillərin saxlanılması üçün ayrılan
xərcin məmurlar tərəfindən mənimsənilməsi mexanizmi ilə
yanaşı, sənayedəki qeyri-sağlam münasibətlər sistemi də
Molla Nəsrəddinin nəzərindən qaçmır. Lətifədə olduğu kimi
Mollanın erkək döyüş filinin kənddə darıxdığını deyib
əlavə olaraq ona dişi filin də ayrılması xahişini etməsi
bu mövzuda daim yerlərdən şikayət alan Əmir Teymuru
sevindirir. Mollanın Əmirdən xələt əvəzinə xahiş etdiyi
yüz çubuğun divanxanadakı minbaşı və iki gözətçi arasında
bölüşdürülməsi təklifi problemin həllini bəyan etməklə
mövzuya işləyir. Divanxanadan çıxan Molla Nəsrəddinin
Əmirin qəzəbindən qorxub içəri keçməyən kəndlilərə: «Hə,
gözünüz aydın, kəndə bir dişi fil də gəlir» sözləri
qorxaqlığın cəzalanması kimi səslənərək süjet xəttində
yerini tapır. Fillərin kənddən çıxarılmasının yeganə çıxış
yolunu Əmir Teymurun özünün istəməsində görən Molla
Nəsrəddinin «Nə qədər ki, fillər kənddədir, orada Molla
Nəsrəddinə yer yoxdur.» deməsi personajın niyyətini və
əsas dramaturji hadisənin istiqamətini müəyyənləşdirir.
Fillərə ayrılan pul hesabına Buxarada təzə mülk tikdirən
vəzir, Səmərqənddə sərraf dükanı açan baş xəzinədar və
rüşvət üstündə cəzalanan minbaşının, yaltaq saray şairi
Əmirin haqq-ədalət mövqeyində duran Molla Nəsrəddini də
pul hesabına ələ almaq istəmələri xeyr-şər qarşıdurmasını
müəyyənləşdirir. Molla Nəsrəddinin Əmir Teymur məclisində
barmağını bir pərdədə saxlayaraq ud çalması, badımcan
çığırtmasına fərqli münasibət bildirməklə «Hökmdar sağ
olsun, mən indi badımcana xidmət eləmirəm, Əmirin
qulluğunda durmuşam.» deməsi, ayağını yerə vuraraq
dünyanın göbəyinin burada olduğunu iddia etməsi fabulaya
deyil, süjet xəttinə işləsə də, onun axirətə qovuşmuş
münəccimbaşının yerinə sarayda vəzifə tutmasına və orada
qalmasına keçid yaradır. Baş münəccim təyin olunmuş Molla
Nəsrəddinin dunyadan köçən, tez-tez onunla mübahisə edən,
daim keçmiş ərini yada salan arvadlarını xatırlamaqla
lətifələr kontekstində söhbəti uzadaraq münəccimbaşılıqdan
imtina etməsini rəğbətlə qarşılayan Əmir Teymurun: «Molla
Nəsrəddin, mən həmişə insanda fəhmi və zəkanı yüksək
qiymətləndirib əql sahiblərini uca tutmuşam. Onların
sədaqət və məhəbbətini görüncə mərtəbələrini artırmışam.
Mən səltənəti təkcə qoşunla deyil, həm də elm, mərifət
əhlinin hünəri, xeyr-duası ilə qorumuşam. Burnunu dik
tutanları, təkəbbürləri cəzalandırmışam.» deyərək Mollaya
görə vəzirinin boynunu vurdurmayacağını, onu zindana
atdırmayacağını söyləməsi avtoritarlığın mahiyyətini üzə
çıxarır. Əmirin bu sözlərindən sonra Molla Nəsrəddinin: «Əmirin,
bu gündən ölümünü gözümün altına alıram. Yerin də qulağı
var. sənin indi dediklərini vəzirə çatdıracaqlar, o da
gec-tez mənim başımı əkəcək.» sözləri Əmirin əks tədbir
görməyə vadar edir. Əmir Teymurun: «Əgər Molla Nəsrəddinə
bir xətəl yetirilsə, damların birindən onun başına daş
düşsə, yaxud evi başına uçsa, qəfildən ölsə, itkin düşsə,
at ayaqları altında qalsa, zəhərlənsə, boğulsa, sənin
axırına çıxacağam. Onun həyatına sən cavabdehsən.»
sözlərini vəzirinə ünvanlanması saray münasibətlərinin
qaranlıq tərəfini açır. Vəzirin Əmir Teymurdan
toxunulmazlıq alan Molla Nəsrəddini ulu xaqanın qəzəbinə
tuş etməklə niyyətinə çatmaq istəməsi dramaturji
ziddiyyəti gücləndirməklə hadisələri irəliyə doğru aparır.
Əmir Teymurun özü ilə yürüşə aparmaq niyyətinə düşdüyü
Molla Nəsrəddinin döyüş qabiliyyətini yoxlamaq üçün onun
papağını və libasını nişançının atdığı oxlarla ağaca
tikdirilməsi uğurlu bir epizodu gözönü təqdim edir.
Parağından və libasından oxlar sallanan Molla Nəsrəddinin
cəsarətinə rəğbəti artan Olcay Xatun onu ağır döyüşdən
zəfərlə çıxmış ər igidə bənzətdikdə Mollanın təzə papaq,
təzə libas əvəzinə bir alt tumanı da bağışlanmasını xahiş
etməsi, Əmirin: «Biz ki, sənin alt tumanına ziyan
yetirməmişik.» sözlərinə Mollanın məsələ burasındadır ki,
alt tumanıma özüm ziyan yetirmişəm» cavabı dəqiq dialoqlar
hesabına gözönü hadisəliliyi təqdim etməklə sağlam gülüş
yaradır.
İkinci hissədə Molla Nəsrəddinin saray Əmirilə uzanan
söhbətində xəzinədarın guya ona yüz qızıl verməsi məsələsi
açılsa da, keçmiş baş münəccimin arvadı Zöhrənin özünü
Mollaya sırımaq cəhdi, vəzirin qurduğu tədbirlə Qarğa və
Quzğun adlı personajların iştirakı ilə bazarda təhqir
olunan Mollanın haqq-ədaləti saymayan qazıya sillə vurması
səbəb və nəticə əlaqələndirilməsinə xidmət edən sujet
xəttini uzatsa da, «Mən Əmir Teymurun sarayına arvad
almaqdan ötürü gəlməmişəm.» cavabı nəhayət ki, hadisələri
fabula istiqamətinə qaytarır. Finalda yürüşdən qayıdan
Əmir Teymura vəzirin guya Molla Nəsrəddinin Təbrizdən
gəlmiş taxıl taciri Azaya topladığı taxılı gizlədib
qüdrətli Əmirin ordusuna satmamağı tövsiyə etməsini və
digər əməllərini bildirməsindən sonra hiddətlənən xaqan
Mollanı asdırmaq əmri verir. Molla Nəsrəddinin «Bütün
əyanlar sənin qüdrətindən, ədalətindən danışır. Hamısı
deyir ki, Əmir Teymur uzaqgörəndir. Ancaq mən Molla
Nəsrəddin deyirəm ki, nə olar Əmir yaxını da görsün də.
Axı məmləkəti qurd kimi içindən yeyirlər» - deyə daxili
siyasətdəki problemləri önə çəkməsi Teymuru daha da
hiddətləndirir. Yalnız Əmir Teymurun sevgilisi Olcay
Xatunun sayəsində yenidən söz alan Molla Nəsrəddinin
zarafatları və nəhayət, kəndə göndərilən fillərdən
qırxıncı balanın dünyaya gəlişi xəbərindən hədsiz sevinən
xaqanın yumşalması və özünə layiq hədiyyələrlə Molla
Nəsrəddini kəndə yola salması hadisələri şirin sonluqla
bitirir.
Əsərlə bağlı Səlim Babullaoğlunun «Əjdər Olun debutu çoxlu
mətləbləri anlatdı» məqaləsindəki: «Saray maneralarına
konkret olaraq «qibleyi aləm» deyib təzim etməyi öyrənmək
üçün məşqlər edən molla öz-özünə danışır. Tamaşaçıya
gülməli və absurd – necə edim ki, bu qibləyə əyiləndə o
birisinə, o birinə əyiiləndə bu birinə arxamı çevirməyim?
Kimi sual ünvanlayır. Bizə sanki, «aləmlərin qibləsini»
doğru seçin mesajı verir». (Səlim Babullaoğlu. «Əjdər Olun
debutu çoxlu mətləbləri anlatdı.» «Yeni Azərbaycan» qəzeti
8 fevral 2005.) fikrləri cəmiyyətin sağlam inkişafına mane
olan yaltaqlıq kimi naqisliyin ələsalınması faktını önə
çəkir.
Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən tamaşanın
quruluşçu rejissoru, Stanislavski təlimini dərindən bilən
rejissor-pedaqoq Nəsir Sadıqzadənin parlaq tələbələrindən
olan, hələ 1985-ci ildə Uilyams Tennisinin «Şüşə
heyvanxana» pyesi əsasında qoyduğu diplom tamaşasında
Hökümə Qurbanova və Hamlet Xanızadə kimi peşəkar
aktyorlarla işləmək bacarığını təsdiq edən, Nobel mükafatı
laureatı Yudçin O Nilin «Qarağaclar altında ehtiraslar»
əsərini səhnəyə qoyan, Moskvadakı Puşkin teatrında iki
ildən bir keçirilən Çexov müsabiqəsində «Kral Lir»lə
tamaşaçıları heyran edən, Sofoklun «Şah Edip» tamaşası ilə
klassik yunan dramaturgiyasına uğurla baş vuran Bəhram
Osmanovdur.
Pyesin janrını «böyüklər üçün ibrətamiz nağıl» kimi görən
quruluşçu rejissor bu müəyyənləşmə ilə maarifçi funksiyanı
önə çəkməklə nağılçı təhkiyyəsilə də tamaşanın alqoritmini
müəyyən edə bilmişdir. Bununla da tamaşanın oynanıldığı
Gənc Tamaşaçılar Teatrına münasib olan maarifçilik və
nağılçılıq prinsipi özünü doğrultmuşdur. Müdriklik və
zarafatçılıq kimi ziddiyyətli xüsusiyyətləri özündə
birləşdirən Molla Nəsrəddin rolunu bu teatrda rejissor
kimi də özünü təsdiq etmiş əməkdar artist Ağaxan
Salmanlıya tapşırılması sənətkarın yaradıcılıq
laboratoriyasının təqdimatına şərait yaratmışdır. Və
şübhəsiz ki, müdrikliyə daha çox diqqət yetirən aktyorun
yüksək intellekti onun zarafatlarının da bayağı deyil,
düşündürücü olmasına təminat yarada bilir. Tarixdə və
ədəbiyyatda amansız və sərt hökmdar kimi qalmış Əmir
Teymur rolunu yüksək peşəkarlıqla ifa edən (səhnəmizə
bir-birindən maraqlı personajlar qalereyası təqdim edən bu
sənətkarımıza hələ də ad verilməməsi ağrılı faktdır)
Atabala Səfərov isə qəhrəmanın tarixi xüsusiyyətlərini
deyil, pyesin diqtə etdiyi bədii qanunlar çərçivəsində
uzaqgörənliyini və tədbirliliyini önə çəkir. Beləliklə,
hay-küydən, yalançı pafosdan uzaq olan, zərgər dəqiqliyilə
personajının plastikasını yaradan, peşəkar aktyor oyunu
Əmir Teymuru mahiyyət daşıyıcısı sayılan obrazlılıq
istiqamətində təqdim edə bilir.
Bununla belə, hər iki aktyorun mükəmməl oyun tərzinin
qarşılıqlı ünsiyyət deyil, əlaqələrin mexaniki təqdimatı
üzərində qurulması nəzərə çarpır. Bu iki baş qəhrəmanı
dramaturgiya və səhnə plastikası baxımından birləşdirməsi
Sevinc Mehrəliyevanın ifasındakı Olcay Xatunun üzərinə
düşür. Könül Yusifqızının ifasındakı keçmiş baş münəccimin
arvadı Zöhrə personajı isə əsasən fabula deyil, süjet
kontekstində mövcud olduğundan hadisələrin gedişinə
müdaxilə edə bilmir. Dramaturji taleyi sona qədər işlənən
Olcay Xatundan fərqli olaraq yalnız epizod daxilində yer
alan münəccimin arvadı Zöhrə isə qadınlıq imkanlarından
bəhrələnməklə oynadığı personajı zənginləşdirə bilir. Yeri
gəlmişkən dramaturji strukturda qadın xronotiplərinin
azlığına disbalans yaratması nəzərdən qaçmır. Vəzir
rolundakı Rahib Əliyev və Şair rolundakı Ramiz Sərkərov
səhnədə sərbəst olduqlarından və hadisəli pauzalardan
yerli-yerində, bacarıqla istifadə etdiklərindən bu
personajları sona qədər diqqət mərkəzində saxlaya bilirlər.
Qazı rolunda Ceyhun Məmmədov, Quzğun rolunda Eyvaz
İbrahimli oynadıqları personajların öhdəsindən məharətlə
gəlsələr də, bütövlükdə epizodun sujet kontekstində
qalması aktyor üçün yalnız əsas dramaturji hadisə – fabula
mexanizminin mövcudluğunun vacibliyi bir daha təsdiqlənir.
Çünki, həqiqətən də fabula mexanizmində dramaturji
maneələri dəf edən personajların ifası aktiyor üçün sənət
bayramına çevrilir. Nədim rolundakı istedadlı aktyor Vüsal
Mehrəliyev isə şəhərimizin meri, hörmətli Hacıbala
müəllimi ustalıqla təqlid etməklə əsərin müasirliyinə də
təkan verə bilir. Xəzinədar rolunda Elxan Qurbanov, kəndli
rolunda isə Elnur Kərimov və xüsusən Elşən Şıxəliyev
oynadıqları rolların öhdəsindən bacarıqla gəlirlər.
Tamaşanın rəssamı Mustafa Mustafayev heç şübhəsiz ki,
rejissor yozumuna uyğun olaraq səhnə məkanının bütün
koordinatlarının bədii həllinə nail ola bilib. Bəstəkar
Cavanşir Quliyevin musiqisi isə arxaizmi və müasirliyi
özündə birləşdirib. Beləliklə, Gənc Tamaşaçılar Teatrının
səhnəsində yaranan bu uğurlu tamaşanın uzunömürlü olacağı
zənnindəyəm.
“525-ci qəzet”,
23 fevral 2006-cı il
Nailə Bənnayeva
“Kəlləmayallaq”
Gənc Tamaşaçılar Teatrında (GTT) növbəti premyera Əjdər
Olun ²Molla Nəsrəddin və Əmir Teymurun filləri²
tamaşasıyla bağlıdır. Quruluşçu rejissor Bəhram Osmanov,
quruluşçu rəssam Mustafa Mustafayev və bəstəkar, əməkdar
incəsənət xadimi Cavanşir Quliyev Molla Nəsrəddin
lətifələrinin orijinal versiyasını tamaşaçıların
ixtiyarına veriblər.
Əmir Teymurun əmri ilə kənddə məskunlaşan döyüş filinin
hədsiz qarınqululuğundan və kəndliləri müflis etməsindən
təngə gələn şikayətçilərin Mollanı saraya göndərməsi
barədə lətifə bu tamaşanın əsas süjet xəttini təşkil edir.
Filin xiffət çəkməməsi üçün molla Əmirdən kəndə dişi fil
göndərməsini xahiş edir. Pyesin əvvəli gülüş xarakterli
alınsa da, ikinci hissədə hadisələr gözlənilmədən sərt
qarşıdurmalarla əvəz olunur.
Sözsüz ki, hər şey həm kəndlilərin, həm də əsərin digər
surətlərinin məmnunluğu ilə nəticələnir. Həm də Əmir
Teymurun öz qanadı, himayəsi altına aldığı Molla Nəsrəddin
bir müddət sarayda yaşamalı olur. O, bu arada saraydaxili
çəkişmələrə cəlb olunur. Necə də tanış tiplərdir! Həm də
hədsiz tanış… Baş rolun ifası Ağaxan Salmanlının
təqdimatında təkrarsız və maraqlı alınıb. Eyni xoş sözləri
vəzirin, xəzinədarın və digər saray əyanlarının ifası
barədə də söyləmək olar. Rejissorun ideyası və aktyorların
usta oyunu sayəsində tamaşaçılar ötəri də olsa, əsərin
qəhrəmanlarını bizim bəzi millət vəkillərinə və ictimai
xadimlərə oxşatma imkanı da qazanıblar. Bu baxımdan daha
çox paytaxt meri Hacıbala Abutalıbovun "bəxti gətirib".
Geyimlərin və dekorasiyaların şərtiliyinə baxmayaraq,
tamaşa bütövlükdə, sözün gerçək mənasında canlı,
inandırıcı təsir bağışlayır. İkinci plan aktyorlarının bir
çoxu səhnə əsərində bir neçə rol ifa edirlər. Tamaşanın
əvvəlində aktyorların adi geyimdə səhnəyə çıxaraq elə
oradaca pariklərini taxmaları, üst geyimlərinə bürünmələri
əsərin tarixi illüziya olduğunu bir daha, həm də qabarıq
şəkildə vurğulayır. Personajların geyimlərinin ilk
baxışdan müxtəlif dövrlərə və xalqlara aid olduğu nəzərə
çarpır: yalnız Molla, Əmir Teymur və baş qəhrəmanı "yoldan
çıxaran" ehtiraslı dul qadın Zöhrə Şərq geyimlərində
qarşımıza çıxırlar. Daha sonra başa düşürsən ki, hər bir
geyimin orijinallığı onu geyinən personajın xarakterini
açmağa xidmət edir ki, bu da öz növbəsində tamaşaçını
əyləndirir. Silindr və frak geyinmiş hiyləgər vəzir
Sovetlər dövrünə aid siyasi karikaturalardan yaxşı
tanıdığımız Sem dayının obrazını xatırladır. Onun
casuslarının geyimləri isə bizə «soyuq müharibə» dövrünün
dəbini xatırladır: plaş, şlyapa və qara eynək.
Saray şairləri başçısının ("məliküşşüəra"nın) Oskar Uayld
üslubunda, yəni Avropa modabazı kimi geyinməsi onun
mədhiyyələrlə dolu qabiliyyətsiz şeirlər müəllifi olduğuna
bir işarədir. Baş xəzinədarın qədim rus zadəganlarına xas
bahalı kürkü və xəz papağı da bizə çox şey deyir: o dəqiqə
bilinir ki, dövlət xəzinəsinin "üstündə oturmaq"
belələrinə nə dərəcədə sərfəlidir.
Əmirin arvadı, gürcü knyazının qızı Olcay xatun isə əyninə
gözqamaşdırıcı plaş və Bizans dövrünə aid saray geyimləri
üslubunda gen don geyinmişdir. Burma və gur saçlarını
çiyinlərinə tökən bu xanım bizdə Zeynəb Xanlarovanın
karyerasının ən parlaq dönəmlərinə dostluq şarjı
təəssüratı doğurur.
Rəssam Mustafa Mustafayevin sözlərinə görə, kostyumların
şərtiliyi və səhnə tərtibatı həm Yeji Korotovskinin (ilk
dəfə keçən əsrin 70-ci illərində o, teatr dekorasiyasında
şərtilik üslubunu tətbiq edib) müddəalarına, həm də
teatrın maliyyə imkanlarına uyğun şəkildə yaradılıb. Bütün
dekorasiya qapalı dairə üzrə hərəkət edən faytondan və
stullar sırasından ibarətdir. Zahiri cəhətdən Avropa
faytonlarını xatırladan bu qurğu əslində daxili
tərtibatına görə taxt-tac zalını xatırladır. Səhnədə təkcə
əsl xalçalar həqiqidir, bu isə sübut edir ki, bizdə xalça
gen-boldur.
Mollanın geyimi qeyri-ənənəvi narıncı rəngdədir və
personaj özü cavan olmaqla yanaşı, həm də saqqalsızdır.
M.Mustafayevin sözlərinə görə, kitab illüstrasiyalarından
yaxşı tanıdığımız Molla Nəsrəddin stereotipi tamaşaçını və
oxucunu çoxdan bezdirib. Qəhrəmanın yaşca cavan olması
xalqı öz arxasınca aparan şəxsin adətən cavan, enerjili
olması gərəkdiyi ideyasına bir işarətdir. Geyimindəki
narıncı rəng isə qəhrəmanın «Günəş kimi ləkəsiz» olmasını
göstərir.
Dilimizə çevirdi – Xədicə SALAHLI “Azerbayjanskoe
izvestiya”,
8 fevral 2005-ci il
Tofiq Abdin
ƏJDƏR OL Kİ ƏJDƏR OL
Növbəti Köşə yazısını nədən yazacağımı düşünürdüm ki,
525-ci qəzetdə yazar Əjdər Olun ( Əjdər Ol şairliyi ilə
daha çox fəxr edirsə məni bağışlasın ki,ona yazar dedim)
yazar Rafiq Tağı ki Rafiq Tağı adlı bir yazısı çıxdı və
mənim Rafiq Tağıya bir minnət borcum vardı və bu minnət
borcu da o idi ki,mən İstanbulda olduğum səkkiz ildə çox
az adam mənə zəng eləmişdi Bakıdan, çünki ekonomik durum
elədi ki, az pul tələb eləmir bir-iki dəqiqə danışıq, buna
görə də onun o zaman ki, zəngi inanın mənə bir az daha
yaşamaq sevgisi vermişdi…
Bu zəng məsələsi mənə başqa bir şeyi xatırlatdı elə bu
məqamda.(Hətta bəzi dostlar bilir ki,mən bunun cəzasını da
almışam bir dost tərəfindən.Ağır və ədalətsiz sözlə, yazar
dostum Azər Abdulla Allah şahididir.) Çox
maraqlıdı,düşünürəm ki,it xasiyətim var mənim.Baxıram
ki,indi Bakıda da insanlar biri-birini çox az arayıb zəng
eləyirlər.Şəxsən mən öz adıma deyim: buralara gələn
müddətdən sonra mən bir çox dostlara həftə səkkiz mən
doqquz telefon asıb hal-əhval tutsam da, baxdım ki,iki
nəfərdən başqa məni yada salan olmur.Son dərəcə hörmət
etdiyim Etibar Cəbrayıloğlu ( onu da məhz Bakıya gələndən
sonra tanımışam,amma yazılarını İstanbulda internetdən
oxuyurdum, bunu keçən həftəki yazımda da vurğulamışdım) və
bir də heç tayı bərabəri olmayan, 525-ci qəzetin keçmiş
İdman Yazarı, indi isə İnformasiya şöbəsinin başçısı və
işi olmasa da belə mənə necəsən deməyə zəng eləyən yazar
Aydın Bağırovdur. Aydın Bağırov tamam ayrı birisidir,
tamam ayrı birisi. Mənə görə bu uşaq, mənim üçün həqiqətən
möcüzədir və Ağdamlı balası olasan, bu qədər həssas olasan
və bu qədər böyük-kiçik yerini biləsən, doğrudan da
möcüzədir. Təbii «ağdamlı dostların və insanların xətrinə
toxunmasın, bu ifadəni Azərbaycan dilinin söz quruluşuna
görə deyirəm,yəni söz gəlişi deyilir.( saat altı 15-dir
tələm-tələsik qəhvəmi hazırlayıram və davam edirəm yazıma).
Və zəngini umduğum dostlardan biri də elə bu Əjdər Oldur
ki,mən bu yazını yazmağı düşünəndə istəyirdim ki, bu
yazının adını ƏJDƏR OL DA BÜROKRATLAŞIR qoyum.Amma mənimlə
bir otaqda oturan və Əjdər Olu bir şair kimi çox sevən və
hörmət edən Aləmzər xanım Sadıqqızı dedi ki, bəs mən yazı
yazsaydım yazardam: ARAMIZA XOŞ GƏLDİN,ƏJDƏR OL!
Bu adların ikisi də uzaqdan-uzağa eyni məqamı ifadə edir,
yani Əjdər Ol həqiqətən get-gedə bürokratlaşır mənə görə
və bunu mən heç də pis qarşılamıram.Amma Aləmzər xanımın
dediyi ARAMIZA XOŞ GƏLDİN ƏJDƏR OL bir az insafsız
səslənir, ona gərə ki,Əjdər Ol həmişə bu ədəbiyatın
içindədir və lap içində idi dünənə qədər, ona görə ki,
Yeni Dünya Düzəni deyilən bir ortamda Əjdər Ol bir
Bakanlıqda mətbuat ataşesi işləyirdi və orda o bütün
qəzetlərə baxmaq imkanını əldə eləyirdi, indi uzaqlaşıb o
vəzifədən və onun o vəzifədən ayrılma xəbərini yazan YENİ
MUSAVAT qəzeti maraqlı bir ifadə işlətmişdi, hər halda bu
xəbəri gec yazsalar da.İfadə belə idi: mətubat işçiləri
arasında MÜTƏVAZİLİYİ ilə seçilən…
Doğru və tam bir yanaşma.
Həqiqətən Əjdər Ol yaşadığı ortama aid mütəvaziliyə malik
bir şəxsdir və maşallah,allah boy verib, buxun verib, bir
kişi kimi diqqət çəkəndir və onun get-gedə
bürokratlaşmasında da bu keyfiyyətlər rol oynamaya bilməz
və son illərdə çox gözəl bir bürokrat kruqa düşüb ki, bir
gün mən onu bir Bakan kreslosunda oturduğunu eşitsəm,
inanaram.Amma çox təssəüf edərəm,çünki Əjdər indiki
makamda bir Bakanlığın Aparat rəhbəri olsa da o işə
keçəndən mən hələ onunla üz-üzə gəlməmişəm və Əjdər Ol çox
sevdiyi və bəlkə də hörmət etdiyi Yazarlar Birliyinin iki
addımlığında olsa da ora cəmisi bir dəfə gəlib, onda da
mən orda olmamışam və bu işə keçəndən sonra bir dəfə də
olsun mənə zəng eləməyib. (baxın mən ondan yaşlıyam, işin
bu tərəfini unutmayaq və onu da unutmayaq ki,bütün bunlar
onun öz haqqıdır.)
Güman ki başı çox qarışıqdır,bəs bürokrat olmaq asan iş
deyil.Və hətta bu müddətdə zəngə bəhanə olan çox şeylər
baş verib…
İş ondadır ki, RAFİQ TAĞI Kİ RAFİQ TAĞI adlı yazısı son
dərəcə maraqlı və son dərəcə qısqandırıcı bir yazı və
inanın ki, mən bu yazını məhz onun bu uğurunu təbrik
eləmək üçün yazıram və son illərdə oxuduğum xalis bir
ədəbi portre yazısı və Əjdər Olun mən bu cəhətini
bilmirdim.Yox onun şerdən qırağa yazılarını oxumuşdum,nəsr
üstündə yazılarına da bələddim və hətta Türkiyədə olanda
onun məhz bu yöndə olan bir kitabı haqqında yazı da
yazmışdım «ORTADOĞU» qəzetində.
Əjdər Ol Rafiq Tağı haqqında yazısında heç nəyi
gizlətmədən və çox sevdiyi bir Adam haqqında onu uzun
zaman gözaltı eləmiş kimi,bütün çikini-bikini ortaya qoyur
və bu qədər korrektni olan Əjdər Ol heç nə olmayacağını da
düşünür və güman ki, Rafiqə bələdliyindən gəlir bunlar.
Xətrinə toxuna bilər deyə bir dillemadan tam uzaq, təkrar
edirəm: son zamanların ən gözəl yazısını yazdı və doğrudur
bir çox məqamlarda bizə bəlli olan şeylər olsa da, Əjdər
Ol bizə bəlli olmayan şeyləri də elə gözəl, elə
məqamında,elə rəvan verir ki,əlinə qələm alıb bu
fikirlərin altını çızmaqdan özünü zorla saxlaya bilirsən
və hətta o fikri sən nə zaman eşitmiş olsan da belə,çünki
Rafiq Tağı son vaxtların ən modda olan atak və inqilabçı
yazarı ( «inqilab hər şeyi özüylə gətirir» ifadəsini
unutmayaq) və Əjdər Ol, hətta Rafiq Tağı haqqında bir
zaman nəsrin dinozavrı adını verən Orucov adlı bir adamın
yazısının başının üstündən elə tutarlı yazı yazmış ki,
bəzən Rafiqin elə nöqtələrinə toxunmuş ki, mən düşündüm:
Rafiq küsəcək.Amma sonra yenə də düşündüm: «nə tökərsən
aşına o da çıxar qaşığına» Ata sözünü güman ki, Əjdər Ol
məndən də çox gözəl bilir və gözəl bildiyi üçün də
Rafiqdən çəkinməmiş və bəlkə də Rafiqin onu daha yaxşı
başa düşəcəyini də içinə sindirib yazdığı yazının müxtəlif
məqamlarında şairliyi tutub ağına- bozuna baxmadan ( amma
Əjdər Ol son dərəcə mədəni bir yazar və indi deyək:
bürokratdır) yenidən çox ustalıqla fırlanıb,onun gönlünü
alır və yenə də yoluna davam edər.
Və Əjdər Ol Rafiqə toxunacaq sözləri də məharətlə seçir və
işin içindən çıxmaq üçün bir vaxtlar onun haqqında yazan
yazarlardan sitat gətirməklə bir gülləylə iki dovşan
vurur.Sitat: «Əkrəm Əylisli Rafiq Tağının bu atmacasını
eyninə almadı.Çünki Rafiq bəy haqqında mötəbər sözünü o,
bildir, ya inşil deyib: «DOSTUM RAFİQ TAĞI DA ORJİNAL
GÖRÜNMƏYİN KÖHNƏ BAZIDIR, İXTİSASLI HƏVƏSKARIDIR. (Yəni
Rafiqin dediklərinə bir qoz).
Ayrıntı bizimdir.Mötərizə içi fikirlər Əjdər
Olun.Bürokratiyanın sərt tərəfləri də varmış baxın.
Vəya Anar müəllimin, «Əbülfəz bəyi tənqid elədi,
çağırdılar üzr istətdilər, Füzulinin adamı yoxdu ona gərə
də onun haqqında nə desən eləmək olar» məhşur deyimindən
sonra Əjdər Ol da Rafiqi haqlı qınağa çəkir.
Yazıdan daha müxtəlif məqamları mən misal gətirə
bilərəm,amma Şair Əjdər Olun bu yazısı o qədər maraqlıdı
ki, ondan misal gətirmək yalnız və yalnız mənim yazımın
işarətlərinin sayının artmasına nədən ola bilər.Bu yazını
yalnız və yalnız oxumaq lazımdır və həmişə aramızda olan
və bürokratiyanın arasına hızlı bir sürətlə irəliləyən
Əjdər Olu təbrik eləməkdən və bu yazını çap eləyən 525-li
dostlara da minnətdarlıq borcunu ifadə etməkdən başqa bir
şey qalmır.
“525-ci qəzet”in
10 və 11 mart 2003-cü il sayları
|