Əjdər Ol: Hekayələr (Yüklə)
QƏDİR
Qədir çəkməçi köşkündə oturub çəkicini
taqqıldada-taqqıldada müştərilərin köhnə ayaqqabılarına
əl gəzdirirdi. Onu fikir götürmüşdü, gündəlik qazancı
evi görmürdü, bir qəpik artırıb dala atmaqdan söhbət
gedə bilməzdi. Artırmaq cəhənnəmə, borclar kəndir olub
keçmişdi boğazına. Ərzaq dükanlarında, ət mağazalarında
adı nisyə dəftərlərinin başında idi. İnsafən, alqı-satqı
yerlərinin heç birindən Qədiri əliboş qaytarmazdılar. Bu
balaca şəhərdə onu tanıyanların hər biri bilirdi ki,
Qədir tutquçu deyil, əlinə pul düşən kimi gətirib
borcunu qaytaracaq. O, tez-tez Allahına şükür eləyirdi
ki, heç olmasa, az-çox tanış-bilişin etibarını qazanıb.
Özünə qalsaydı, heç nəyi vecinə almazdı. Çünki Qədir
binadan gözütox adam idi. Bir şalvarı, bir köynəyi
dəyişəksiz üç-dörd il geyərdi. Bəzənib düzənməklə arası
yoxdu. Yeməyi nə idi? Balaca bir uşaqca qarnının tutumu
vardı. Onun məzəli sözlərini, atmacalarını, lətifələrini
eşitməkdən ötrü Qədiri yüz yerə çağırırdılar, denən heç
süfrəyə gözünün ucu ilə baxırdı?! Ancaq arvadı Nazı onun
gününü göy əskiyə bükmüşdü. Danlaq eşitməkdən yazığın
qulaqları yağır olmuşdu. Hərdən özünü arsızlığa vururdu,
əlüstü qonaqlıqlarda, çayxanalarda gününü yubadırdı ki,
təki evə gec gəlsin, arvadının “dır-dır”ını az eşitsin.
Amma Qədir hərdən də başqa cür düşünürüdü. Başqa cür
düşünəndə Nazını haqlı çıxardırdı. Kopoyoğlunun qızı düz
donquldanır də - öz-özünə deyirdi - Qönçə günü-gündən
yekəlir, onun yükü artır. O, nə başa düşür atasının
dünya malında gözü yoxdur. O da tay-tuşları kimi yaxşı
geyinmək, qəşəng görünmək istəyir. Arvadı Nazı özünü
nədən ötrü yırtıb dağıdır? Usta Yusifin – Allah o
dünyasını versin – kamançası alınandan sonra Qönçənin
barmaqları əməlli-başlı şirinləşib. Hərdən o, kamançanın
pərdələrində elə yanıqlı xallar vurur ki, Qədirin içi
göynəyir, rəhmətlik dədə-nənəsi gəlib durur gözlərinin
qabağında. Gözlərindən gildir-gildir yaş axır. O gün
Nazı söz salmışdı ki, musiqi müəllimi Qönçəni Bakıda
keçiriləcək gənc musiqiçilərin müsabiqəsinə aparmaq
istəyir. Qönçəni başsız qoymamaq üçün Nazı ilə qızını
Bakıya yola salmaqdan ötrü bir ətək pul lazımdı. Hələ
arvadla uşağa babat əyin-baş almaq məsələsi var. Durub
kimin üstünə borca gedəsən? Doğru deyiblər ki, yüz fikir
bir borcu ödəmir. Qədirin axırda öz-özünə qımışıb, hər
şeyin bir tərəfini boş buraxmağı vardı. Heç nəyi özünə
dərd eləməzdi. Bəzən dolanışıqdan gileylənən Nazıya
deyərdi ki, arvad, fikir eləmə, işlərin düzəlməyinə bir
şey qalmayıb.
Bu vaxt Qədirin qapısı açıldı. Uşaqlıq dostu Fərman
qapıda göründü. Onlar möhkəm qucaqlaşdılar. Fərman
buraların qarışıqlıq olan vaxtlarında Moskvaya
gedənlərdəndir. Orada əli tutub, neçə illərdir ayaqqabı
işinə baxır. Moskva kimi ucu-bucağı bilinməyən bir
şəhərdə ayaqqabı dükanı olmaq zırıltı məsələdir. Hər
həftə ona Çindən mal vururlar. Dediyinə görə Fərmanın
Bakının “Sədərək”, “Binə” ticarət mərkəzlərində də iri
“toçka”ları var. Onun öz doğma şəhərindəki ayaqqabı
dükanı isə bəlkə də Moskvadakından da, Bakıdakılardan da
böyükdür, ancaq işlədən yoxdur.
Fərmanın Moskvada başı çox qarışıb. İldə bir, uzaq başı
iki dəfə buraları yoxlamağı var. Hər səfərində Qədiri
görməmiş, məclis qurub onunla doyunca gap eləməmiş
getməz.
Hər dəfə o, Qədirin dalınca maşın göndərib hansısa
restorana çağırtdırar, məclis qurar, axırda da cibinə
pul basıb evinə yola salar. Bu dəfə özü dostunun
hüzuruna gəlmişdi.
Fərmanın qəfil gəlişinə yerində quruyub qalan Qədir
bilmədi nə desin:
- Fərman burada otursan pal-paltarın bulaşacaq! Bəlkə
gedək...
Fərman əli ilə Qədirin çiynindən yüngülcə basıb yerində
oturtdu və özü də yanını Qədirin qarşısında müştərilər
oturan kətilə qoydu.
Qədir əl-ayaq elədi:
- Bayaq termosda yaxşı çay dəmləmişəm. Bir fincan vətən
çayı vur bədənə!
O, cavab gözləmədən termosun qapağını açdı, xırda
məcməidə çay dəsmalına bükülmüş fincana çay süzüb
dostunun qənşərinə qoydu.
Fərman fincanı götürüb çaydan bir qurtum aldı və dedi:
- Qədir, biz dostuq də?
Qədir qaşlarını dartıb cavab verdi:
- Mən tərəfdən hə, sən tərəfdən bilmirəm.
- Yarım saat zarafatsız danışaq! İngilislər deyirlər ki,
parlament yumoru sevmir. Mən də səninlə bir məsələni
müzakirə etmək istəyirəm.
- Moskvadan o boyda yolu basa-basa bundan ötrü gəlmisən?
- Tutaq ki, elədir!
- Deməli, ölkələrarası danışıqlar başlanır. Buyur!
- Qədir - Fərman qurcuxub yerini rahatladı - sən
bilirsən də, bazarın böyründə mənim ayaqqabı dükanım
var.
- Bunu hamı bilir - Qədir termosu açıb özünə də çay
süzdü.
- Onu da bilirsən ki, həmən dükanı bacıoğlum Tapdıq
işlədirdi.
- Hə, o dükan Tapdığı xarab elədi.
- Tapdıq qoşuldu lotu-potuya, neçə dəfə məni zibilə
saldı.
- Yaxşı elədin o dükanı bağladın. Tapdıqdan dükan
işlədən olmazdı.
- Qədir!
- Bəli Fərman!
- İndi istəyirəm o dükanı təzədən açım! O boyda “toçka”
niyə boş qalsın ağzıgünə?
- Bundan ötrü məni strateji əhəmiyyətli işimdən ayırmaq
lazım idi? Ə, bizdə bilirsən nə qədər ağsaqqal var?
- Qədir, mən özüm öz ağsaqqalımam. Səbrin olsun, məni
axıra qədər dinlə!
Qədir qənddandan bir noğul götürüb ağzına atdı və çay
içə-içə dedi:
- Səbr kasamdan nə qədər içirəmsə, yenə də dolub daşır.
Fərman Qədirin üslubunda cavab verdi:
- Mən deyənə razı olsan, sənə Kitaydan iri bir səbr
kasası alıb göndərəcəm.
- Qurumsağ, Kitaydan Moskvaya, Bakıya bu qədər mal
vurursan, bir dəfə yadına düşmüşəm?
- Sən həmişə yadımdasan!
- Elədirsə, mənə səbr kasası göndərəndə yanına bir cüt
ayaqqabı da qoyarsan. Eşitməmisən ki, çəkməçinin
ayaqqabısı yırtıq olar?
- Bundan sonra ayaqqabın yırtıq olmayacaq!
- Şvetzariya bankından dədəmin pulu tapılıb?
- Mən deyəni eləsən, onun kimi bir şeydir.
- Yaxşı, Fərman, zarafatı bitirdim. Dediyin nədir?
Fərman boğazını arıdıb dilləndi:
- Qədir istəyirəm dükanı sən işlədəsən.
Üzü-üzlər görmüş Qədir də təəccüblənərmiş. Bir anlıq
onun sifəti dondu, kiprikləri çalmadı, aralı qalmış
dodaqları bağlanmadı. Fərman sözünün dalını gətirəndə o
da hərəkətə gəldi.
- Qədir, razı olsan, sabahdan işə çıxarsan.
- Sən bilən tacirliyi bacararam?
Qədir bu sözləri elə boğazla dedi ki, təklifə razı
olduğu aydınca bilindi.
- Qırx ildir ayaqqabı ilə əlləşmirsən? Ayaqqabı satmağa
nə var? Tərəzi işlədəcəksən? Pulunu al, malını ver!
Qazancın da buradakından neçə qat çox.
Qədir artıq xəyalında dükan-bazara olan verəcəklərini
bir-bir qaytarıb adını borc dəftərlərindən sildirirdi.
Birbaşa əlborcu aldıqları da var idi. Yazıq neyləsin,
həmişə xərci borcunu üstələyirdi.
- Nə “çorta” getdin, Qədir? Heç dünyanı idarə edənlər
bir məsələni götür-qoy edəndə bu qədər fikirləşmirlər.
- Ona görə dünya bu gündədir də! - Qədir ayağa durdu və
usta döşlüyünü belindən açıb divardakı mıxdan asdı.
Fərman da ayağa qalxdı və söhbət ayaq üstə davam etdi:
- Hə, Qədir nə deyirsən?
- Arvadla məsləhətləşməliyəm! Ancaq düzünü desəm, mən öz
sənətimi sevirəm. Mənə qalsa, min il bu sənəti
işlədərəm.
Fərman qayğılandı:
- Birdən arvad “yox” dedi.
Qədir gülümsədi:
- Mənə elə onun “yox”u lazımdı.
- Başa düşmədim.
- O, “yox” deyən kimi, qaşlarımı düyünləyib səsimi
qaldıracağam. Qoy kişilənməyimi görsün. Mən həmişə bir
bəhanə tapıb arvadın ipini yığıram.
Onlar küçəyə çıxdılar. Fərman dostunun dediklərini
zarafat sandığı üçün söhbəti uzatdı.
- Bəs arvad “hə” desə, nə tamaşa düzəldəcəksən?
- Onda Nazının qabağında forslanıb ləzzət alacağam. Ailə
həyatının maraqlı etmək hər bir kişinin müqəddəs
borcudur. Hələ evə qədər yolda bəlkə başqa ssenari
cızdım.
- Qədir, nə eləyirsən, elə, özün bilərsən, axşama qədər
mənə bir cavab ver. Üç gün vaxtım qalıb. Dükanı təhvil
verib Moskvaya uçmalıyam!
- Yaxşı, qardaş, gedib görüm arvad məni hara uçurdacaq.
Qədir yolu keçib evlərin arasında gözdən itdi. Fərmansa
yolun qırağında saxladığı “Cip”ə minib uzaqlaşdı.
Qədir həyətə girəndə arvadı Nazı pipiyini qızardıb
döyüşə hazır vəziyyətdə dayanmışdı. Həyətin dörd-beş
toyuğuna dən səpsə də, bir gözü indicə həyətə girən
Qədirdə qalmışdı. Qədir həmişə ona davakar olduğunu
deyəndə Nazının bir cavabı vardı: - Nə eləyirəmsə,
balama görə eləyirəm!
Uşağın da qayğısı bitib qurtaran deyil. Onun hər bir
istəyi Qədirə yeni bir dava gətirirdi.
Qədir Nazının qırımına baxıb onu qabaqladı:
- Arvad, gəl dava eləyək! Başla görək!
Nazının gözlərindən çınqı çıxdı:
- Arsız! Mən nə hayda, bu nə hayda?! Qönçə səhərdən
axşamacan məşq eləyir, Bakıya hazırlaşır. Mənim
fikirləşməkdən başım şişib. Hara əl atıram, əlim boşa
çıxır. Bu da məzə axtarır.
Qədir tövrünü pozmadan cavab verdi:
- Nazı bu məsələ üstündə beş-altı dəfə dava eləmişik də.
Davanın mövzusunu dəyiş!
- Məni ələ salırsan?
- Allah eləməsin!
- Bəs onda bu nə danışıqdır? Mənim başqa nə söz-söhbətim
var?! Dilim Qönçə ilə açılır, Qönçə ilə bağlanır. Bircə
balamdır. Qara qayğı canımı alıb. Vaxt daralır. Dünən
gedib dükanlara baxmışam. Qönçənin əyninə görə elə
qəşəng paltarlar, ayaqqabılar gəlib. Özümün də adam
içinə çıxmalım yoxdur.
- Arvad, narahat olma, mənim işim axırda düzəlir.
Nazı yenə həmləyə keçdi.
- Elə işin axırıdır da! Bakıya getməyimizə iki həftə
qalıb.
- İki həftəyə dağı dağ üstə qoymaq olar.
- Sən elə dilinə güc ver!
- Hər işi dil həll eləyir də! Danışıq olmasa, iş
düzəlməz!
- İş görən adamlar kimi gur-gur guruldayırsan.
- Bəyəm işsizəm? Bekar oturmuşam? Mənim sənətim qədim
sənətdir! Elə adamların ayaqqabısını yamamışam, desəm
gözlərin kəllənə çıxar.
- Bilirəm də... Yüz dəfə demisən Lütfəli Abdullayev
şəhərimizə tamaşa verməyə gələndə təzə ayaqqabısının
dabanı qopubmuş, qaytarıb yerinə mıxlamısan. Bir dəfə də
Qədir Rüstəmovun ayaqqabısını yamamısan. İkisindən də
pul götürməmisən, hə, noolsun?
- Hər halda xoş xatirələrdir də!
- Bunun xatirələrinə bax! Sənin sənətinin zamanı çoxdan
keçib. İndi təzə ayaqqabı almaq onu yamatdırmaqdan ucuz
başa gəlir. Neçə vaxtdır deyirəm ki, işini dəyiş!
Yapışmısan çəkicdən, əl çəkmirsən.
- Bəs hansı sənətin qulpundan yapışım?
- İndi pul alverdədir. Hamı alıb-satır.
- Alver üçün əldə maya lazımdır, məndə pul var? Bəlkə
evdəki köhnə ayaqqabıları silib-parıldadım, çıxardım
bazara?
- Bircə o qalmışdı.
- Axı bu vaxta qədər heç nə alıb satmamışam.
- Bundan sonra alıb satarsan.
- Nə bilim, vallah!
- Mən olmasaydım, səni çoxdan qurd-quş yemişdi. Nə
deyirəm, onu da elə!
Qədir özünü aktyorluğa qoyub yazıq səslə dilləndi:
- Nazı!
- Nədi?- Nazı təzədən tarıma çəkildi.
- Fərman Moskvadan gəlib.
- Gözüm aydın! Ona “dostumdur” deyirsən. Dostun olsaydı,
sənə bir gün ağlayardı. Ancaq qohum-əqrabasını yanına
çəkir. Sən də ona şit-şit zarafatlardan ötrü lazımsan.
- Bəlkə ona ağız açım?!
- Yox, yox, lazım deyil! O özü sənin halını görmür?
- Bəlkə görmür? O nə bilsin ki, sənin ürəyindən nə
keçir? Bir ölkədə zəlzələ baş verəndə o biri ölkələrin
başçıları ona təsəlli teleqramı vurub yazarlar ki,
müraciət etdiyiniz halda sizə yardım göndərə bilərik.
Bunu ona görə deyirlər ki, bəlkə heç fəlakətə düşmüş
ölkənin başçısı yardım istəmir.
- Vallah Əhmədi-biqəmsən! Araz aşığındandır, Kür
topuğundan.
- Müqayisə üçün deyirəm, arvad! Gedim bir Fərmanın
ağzını arayım.
Nazı yumşaldı:
- Get, amma keçən dəfə kimi lül-atəş leşini gətirib
üstümə atmasınlar.
Qədir içində sevindi, əgər iki-üç aydan sonra iş boşa
çıxsaydı, daha Nazı onun beynini yeməyəcəkdi, axı özü
ərini bu işə vadar etmişdi.
O, axşamüstü evdən çıxıb birbaşa Fərmangilə gəldi. Yolda
iki-üç nəfər ona atmaca atıb danışdırmaq istəsə də,
Qədir onlara məhəl qoymadı. Fərmangilə çatanda gördü ki,
dostu üzüm çardağının altında qıçını qıçının üstünə
qoyub çay içir.
Fərman Qədiri görüncə ayağa durub onun gəlişini gözlədi,
sonra cavab almağa tələsdi:
- Qədir, Nazı bacının “hə”, “yox”unu öyrəndin? - deyə
soruşdu.
Qədir gülümsədi:
- “Hə”sini də öyrəndim, “yox”unu da!
- Başa düşmədim.
- Sən dəyənə “hə” dedi, mən deyənə “yox!”
Fərman xoşallandı.
Səhər Qədir onu çaya qonaq eləmişdi, indi o, dostuna çay
süzürdü.
Onlar qarşı-qarşıya oturmuşdular. Artıq Fərman özünü
müdir kimi aparırdı, Qədirə də işçisi kimi baxırdı.
Qədir bunu aydınca hiss eləyirdi.
Fərman müdirliyə başladı:
- Qədir!
Qədir də oldu onun işçisi:
-Bəli, müdir!
- Sabahdan işə başlayırsan! Sənin hesab-kitabdan başın
çıxır, bilirəm. Bir dükan nədir ki, onunla bacarmayasan?
Satıcı da özün olacaqsan, mühasib də... Ayaqqabı ağır
satılan şeydir, işin çox olmayacaq. Arada Nazı bacı da
gəlib əl-ayaq verər, dükanı yığıb-yığışdırar.
- Arxayın ol!
- Sənə bir tapşırığım da var!
- Nə tapşırıq? – Qədir gözlərini döydü.
- Dükanı hırraxanaya çevirmə! İsti yer, məzə axtaranları
çənənin altına yığıb laqqırtı vurma!
- Arxayın ol! – Qədir bayaqkı cavabı təkrar elədi.
Fərman sözünü qurtarmamışdı.
- Mənə görə heç kəs sənə dəyib-dolaşmaz. İşini
görəcəksən!
- Arxayın ol! – Qədir başqa söz tapmadı.
Fərman fikrini yekunlaşdırdı:
- Ticarətdə, alverdə arxayınçılıq olmaz, Qədir!
- Özümə təsəlli verirəm!
- Qorxma! Əlinə pul dəydikcə ürəklənəcəksən!
- Nədən qorxuram! Mənim ürəyim şir ürəyidir!
Fərman Qədirə yola salanda dedi:
- Sabah səhər saat səkkizdə məni dükanın qabağında
gözlə!
Qədir küçəyə çıxanda beş-altı metrlikdən eşidilə biləcək
səslə öz-özünə dedi:
- Ömrümdə birinci dəfədir ki, saatla işləyəcəm!
Qədir yatağan adam deyildi. Gecə gec yatsa da, səhər
obaşdan yerindən dik qalxıb durmuşdu ayağa. Ondan
çıxmayan iş, həyətdə ağaclara su verirdi. İndiyəcən
həyət-baca işlərini Nazı görərdi. Qədirin hövsələsi
çatmırdı ki, əlinə bel alıb bağçada bir çim vursun. Nazı
kotan kimi arvad idi.
Mağaza məsələsində Qədir hələ özünə tam arxayın deyildi.
Heç cür ağlına sığışdıra bilmirdi ki, otuz il işlətdiyi
çəkməçi köşkünün qapısı qıfıllı qalacaq. Öz-özünə
deyirdi ki, bəlkə gündüz dükanı işlətsin, axşam
pinəçiliyini eləsin. O qədər iki yerdə işləyən var ki...
Ürəyinin dərinliyində mağaza işindən gözü su içmirdi.
Ancaq Nazının ağzını yummaqdan ötrü buna məcbur idi.
Qədir bir qədər suçuluq eləyəndən sonra eyvandan qızı
Qönçənin səsi gəldi:
- Ata, gəl, çay hazırdır!
Sonra Nazının xoş səsi eşidildi:
- A kişi, gəl ağzına bir şey at, işə gecikirsən!
Nazı “işə gecikərsən”i xüsusi əda ilə dedi, sanki ərini
öz arzularını yerinə yetirməyə səfərbər edirdi.
Qədir arvadının və qızının həlim baxışlarının sığalı ilə
səhər yeməyini yedi və özünü qaydaya salıb həyətə endi.
Həyət qapısından çıxanda heç özü də bilmədi nəyə görə
qanrılıb geri baxdı. Qönçə ilə Nazı balkonda yanaşı
durub onu gendən yola salırdılar. Hətta bir anlıq
atasının baxışlarını tutan Qönçə ona əl elədi. Qədirin
canına istilik gəldi. Deyəsən bu qeyrət istiliyi idi. O,
qızının üzünün gülməsi üçün bu dəqiqə hər çətinliyə razı
idi.
Qədir, deyilən vaxtdan da qabaq Fərmanın mağazasının
qabağını kəsdirdi. Dostu vaxtında gəldi. Maşından düşən
kimi Qədiri başı ilə salamladı. Qədir də cavab olaraq
başını tərpətdi. Sanki əl tutmaq hər ikisinin yadından
çıxmışdı.
Fərman mağazanın seyf qapısını açdı. Onlar içəri
girdilər. Qədir ətrafa göz gəzdirdi. İçəridə
əməlli-başlı səliqə-səhman vardı. Bir tərəfdə qadın
ayaqqabıları, o biri tərəfdə kişi ayaqqabıları yan-yana
düzülmüşdü. Yəqin ki, burada hər ölçüdə ayaqqabı
tapılardı. Hər ayaqqabının üstündə qiyməti yazılmışdı.
Qədir əvvəlcə bir az döyüksə də, gözləri içəriyə tez
alışdı. Burada çətin nə iş vardı? Hər şey hazırdır.
Vitrindən ayaqqabını müştəriyə ver, pulunu al.
Fərman yeni satıcısını mağazanın qapısı içəridən olan
balaca anbarı ilə də tanış etdi. Ayaqqabı qutularının
üzərindəki kodlarla baxıb çeşidləri və ölçüləri ayırd
etməyi ona başa saldı. Sonra onlar kassa aparatının
yanına gəldilər.
Fərman dilləndi:
- Kassa aparatını işlətmək çətin deyil. Tapşıracam, başa
salacaqlar. İki-üç günə dilini tapacaqsan. Yadında
saxla, təcrübə hər şeyi sənə öyrədəcək. Alverdə əsas şey
diribaşlıqdır. Əldən iti olmalısan. İçəri girən
müştərilərin başının üstünü kəsdir! Dildən pərgar ol!
Allaha şükür, dil də səndə. İlanı yuvasından
çıxardarsan!
Qədir dilləndi:
- Fərman, ilanı yuvasından çıxarmaq asandır, gərək onu
ovsunlayıb yuvasına elə salasan ki, qabağına keçəni
çalmasın.
Fərman bu gün bəlkə də ilk dəfə güldü.
- Yaxşı, axşam gəlib sənə baş çəkəcəyəm. İşə başla!
Bazar olsun!
Fərman getdi, Qədir meydanda tək qaldı.
İki saata yaxın heç kəs qapıdan girmədi. Bu iki saatda
Qədir ayaqqabılarla əməlli-başlı tanış oldu. Hətta
zarafatla bəzi ayaqqabılara söz də atdı. Hər mövsümə
uyğun ayaqqabı vardı burada. Allah bilir, bəlkə də
Fərman “Binə”də, “Sədərək”də işə getməyən mallarını da
gətirib doldurmuşdu mağazaya. Bir başı çıxan adam kimi
Qədir özü üçün müəyyən etdi ki, ayaqqabılar dözümlü,
möhkəm olmasalar da, üzdən gözəgəlimlidirlər.
Qədir gözlərinin qapaqlarını növbəti dəfə qaldıranda
Nazı ilə Qönçə qapıda göründü.
Arvadı ilə qızının üzü parıldayırdı. Onları sevindirə
bildiyi üçün – bu Qədirin ailəsində az-az olurdu – bir
ər və ata kimi içinə rahatlıq gəldi.
- Bazar olsun, a kişi! – deyən Nazının bir gözü
ayaqqabılarda qalmışdı. Qönçə anasına sığınıb
gülümsəyirdi.
Qədiri xoşbəxt eləyən bu dəqiqələr uzun çəkmədi. Nazı
Qönçənin əlindən tutub qadın ayaqqabıları olan sıraya
sarı yönəldi. Qədir də onların dalınca bir neçə addım
atmalı oldu. Nazı ayaqqabıların birini götürüb, birini
qoya-qoya sözə başladı:
- Deyirəm, bu başdan Qönçəyə də, özümə də ayaqqabı
seçim, birdən yaxşı mallar satılıb qurtarar, bizə
qalmaz.
Qədir Qönçənin uşaq ayaqqabılarına başı qarışdığını
görüb Nazının eşidə biləcəyi səslə pıçıldadı:
- Arvad, qoyaydın siftə eləyəydim də... Səhərdən
burdayam, hələ qapıdan içəri boylanan olmayıb.
- Ürəyini sıxma, mənim əlim yüngüldür – Nazının fikrinin
doxsan faizi əlində ora-burasına baxdığı ayaqqabıda idi
– Bizi Bakıya yamaqlı ayaqqabıda göndərəcəksən?
- Özümüz özümüzdən nisyə mal götürək? Axşam Fərmana nə
cavab verəcəm?
- Dünya dağılmaz! Maaşından çıxar!
- “Bismillah” deməmiş maaş davası eləyim?
- Özün bilərsən, sənə qalsa, Qönçə Bakıya getməyəcək.
- Arvad!... – Qədirin sözünün dalı gəlmədi...
Bu vaxt Nazı seçdiyi ayaqqabını Qönçənin ayağına
geyindirirdi. Uşaq ayaqqabıları geyinəndə o, altdan
yuxarı ərinə dedi:
- Bax, görürsən ayağına necə oldu? Elə bil balam üçün
məxsusi tikiblər – sonra qızına – Yeri, atan da görsün!
Doğrudan da ayaqqabılar Qönçənin ayaqlarında çox şıq
görünürdü.
Qədirin satıcılığı, pulu yadından çıxmışdı,
heyran-heyran qızının ayaqqabılarına baxırdı.
Nazı təzə ayaqqabıları qızının ayaqlarından soyundurub
qutuya qoydu və cibindən çıxartdığı sellofan torbaya
salıb əlinə götürdü – Yaxşı, mısmırığını sallama, – Nazı
Qönçə ilə qapıdan çıxa-çıxa dedi – özümə heç nə
götürmürəm, amma balama ehtiyat tuturam.
Nazı gedəndən sonra mağazaya girib-çıxmağa başladılar.
Qədir günortaya qədər dörd-beş ayaqqabı satdı. Bununla
da Qədirin Fərmanın dükanını işlətdiyindən
dükan-bazardakılar xəbər tutdu.
O, fasiləyə çıxıb özünü pitixanaya verəndə artıq
tanış-bilişlər onu yeni iş münasibətilə təbrik
edirdilər. Bu təbriklər zarafatlarla dolu idi, sanki
onun yeni işi də növbəti bir macəra yaradacaqdı. Dünənə
qədər onun söz atdığı, şəbədə qoşduğu qəssab Dadaş qonşu
stoldan irişə-irişə soruşdu:
- Qədir, bu nə hoqqadır çıxardırsan? Bəs camaatın
ayaqqabısını kim yamayacaq?
Qədir ilk tikəsini ağzına qoyub gülümsədi:
- Bundan sonra imkan vermərəm bu şəhərdə bir adam nimdaş
ayaqqabı geyinsin. Ayaqqabı yamamaq qurtardı. Təzə
ayaqqabı məndə! Qədirin qədrini bilin də! Görün sizi
necə irəli aparır.
Qəssab əl çəkmədi:
- Bizə ayaqqabını havayı verəcəksən?
Qədir onu cavabsız qoymadı:
- Ə, hava da havayı deyil. Təmiz hava udmaq üçün yaylağa
çıxmaq lazımdır! Havayı bir çöpünüzü görmüşəm? Adım
nisyə dəftərlərinizdə siyahının başındadaır.
Qəssab Dadaşqarışıq içəridə nahar eyləyənlərin
dörd-beşinə Qədirin borcu vardı. Qədir axırıncı
cümləsini işlədəndə onlar biri-birinə baxıb qımışdılar.
“Motoris” Qulunun səsi gəldi:
- Qədir, doğrudan pinəçiliklə üzülüşdün? Gül kimi
sənətin vardı...
Qədir Quluya yanakı baxdı:
- Qulu, sənin də ağzında dilin varmış. Ə, nooldu, həmişə
sözü səndən kəlbətinlə çıxartmırdım?! Motorum xarab
olanda mənə ağıl öyrədərsən. Ay qardaş, ayaqqabı
yamamaqla ayaqqabı satmaq arasında fərq var?
“Motoris” Qulu konkret cavab verdi:
- Yerlə göy qədər!
Yeməyini yeyib qurtaran Qədir salfetlə əllərini
silə-silə ayağa durdu və hamının onun ağzına baxdığını
görüb dedi:
- Yaxşı, gedirəm o fərqi ayırd eləməyə.
Sonra bufetçiyə üz tutdu:
- Göyüş, sənə iki pitinin pulunu borclu idim, bu da
olsun üç! Atalar üçəcən deyib. Fərman mənə yüksək maaş
boyun olub. Gələn aydan başlayıram borclarımın dalından
dəyməyə! Ürəyin təzə ayaqqabı istəsə, gəl götür! Üç
pitinin pulu nisyə qalar.
Hərənin ağzı bir quş tuturmuş. Qədirin “Üç pitinin pulu
nisyə qalar” deməsi ildırım sürətilə bazara yayıldı.
Qədir mağazaya qayıdandan sonra bir saat keçməzdi ki,
hay-küylü bir dəstə içəri doluşdu. On-on iki nəfər
olardılar. Bunlar hamısı Qədirin neçə illər tanıdığı
bazar-dükan əhli idi. Dəstə ayaqqabılara daraşdı. Hərə
özünə ayaqqabı seçirdi. Sonra yeni bir dəstə sayı
çoxaltdı. Onlar da vitrinlərə cumdular. Qapıda tək-tək,
iki-bir, üç-bir görünüb içəri keçənlər də vardı.
Qədir tanıdığı adamların ona müştərilik etməsinə
sevindi. İçəridə adam əlindən tərpənmək olmurdu.
- Baho! - Qədir dodaqaltı mızıldandı, mənim
dost-tanışlarımdan heç birinin təzə ayaqqabısı yoxmuş.
Sonra başını aşağı əyib öz köhnə ayaqqabılarına baxdı və
mızıldanmaqda davam etdi: - Bəlkə mən də özümə təzə
ayaqqabı seçim?
Bu vaxt Qəssab Dadaş əlində tutduğu bir cüt ayaqqabı ilə
ona yaxınlaşıb dedi:
- Qədir, bu ayaqqabının qiyməti əli altı manatdır. Əlli
beş manat mənə borcun var, ortada qalır bir manat, onu
da sənə bağışlayıram.
Qədir özünü sındırmadı:
- Ə, sənin bir manatına qalmışam? Borc borcdur, onu da
qaytaracam!
İkinci dəllək Nuru ona yaxınlaşdı. O, uşaq ayaqqabısı
götürmüşdü.
- Qədir - dəllək dilləndi - bir ildən çoxdur mənə on
dörd manat verəcəyin var. Bu ayaqqabıların - o hər
əlində bir tayını tutduğu ayaqqabıları irəli tutdu -
qiyməti iyirmi beş manatdır. Sənə borclu qalıram. Yaz
nisyə dəftərinə!
Qədir dəllək Nurunu daladı:
- Nuru, sənin kimi barmaq hesabı aparmıram, başımda hər
şey yerli-yerindədir. Sənə on dörd yox, on iki manat
verəcəyim var. Get nisyə dəftərinə yaxşı-yaxşı bax!
Üçüncü “motoris” Qulu Qədirin çənəsinin altını kəsdirdi:
-Qədir, keçən ayın əvvəlində məndən nə qədər pul
almısan?
Qədir əlaçı şagird kimi cavab verdi:
- Keçən ayın dördündə, axşam saat altıya işləmiş səndən
otuz manat alıb axundumuzun nəvəsinin toyuna
yazdırmışam.
“Motoris” Qulu dedi:
- Sənin bir qızıl xasiyyətin var, neçələri kimi adamdan
aldığın borcun dalına keçən deyilsən.
Növbəti alıcının səsi “motoris” Qulunun səsini eşidilməz
etdi. Bu “Jiquli”si ilə “taksavat”lıq edən Rəşid idi. O,
gözünü-qaşını oynada-oynada dedi:
- Qədir, beş aydır bu dükan bağlıdır. Altı deşik
ayaqqabılarla hərlənirəm.
Qədir Rəşidə bozardı:
- Rəşid, ehsan paylamıram!
Rəşid sözünü bitirməyibmiş:
- Fərman hər il mənə bir cüt ayaqqabı bağışlayır. Özü
mənə deyib ki, ildə bir dəfə gəl dükandan ayaqqabı
payını götür. Özü sənə tapşırmayıb? - Qədirin susduğunu
görüb əlavə etdi - Yəqin unudub. Özün onun yadına
salarsan.
Sonra rəhmətlik kamançaçı Usta Yusifin oğlu, qonşuda
ərzaq dükanı işlədən Cabbar yaxınlaşdı. Götürdüyü bir
cüt ayaqqabıya işarə ilə dedi:
- Qədir, bu ayaqqabıların qiyməti əlli doqquz manatdır.
Aşağı yeri yoxdur?!
Qədir ötkəm cavab verdi:
- Yoxdur!
Cabbar razılaşdı:
- Yaxşı, nə deyirəm? Götürürəm, sabah gətirib pulunu
verəcəyəm.
Qədir ayaqqabıları ehmallıca Cabbarın əlindən alıb
piştaxtanın altına qoydu. Cabbarın yerindən
tərpənmədiyini görüb dedi:
- Sən rəhmətlik dədən Usta Yusifin kamançasını o vaxt
mənə nisyə verdin?
- Sən Usta Yusifin kamançasını Kitay ayaqqabısına tay
tutursan, Qədir? Səni hal əhli bilirdim. Hayıf!
- Neçə ildir dükan işlədirsən. Bir dəfə heç kəsə nisyə
verməmisən.
- Nisyə götürmürəm ki... Sabah yanındayam.
- Sabah pulu gətirərsən, ayaqqabını apararsan. Xətircəm
ol!
Cabbardan sonra Fərmanın bacısı oğlu, altı ay əvvələ
qədər bu mağazanı işlətmiş Tapdıq gəlib Qədirin
qarşısında dayandı. Onun əlində ayaqqabı yox idi. Tapdıq
kinli-kinli Qədirə baxırdı, sanki nə deyəcəyi haqda
düşünürdü. Qədir onu qabaqladı:
- Tapdıq, bu şəhərdə hələ heç kəs mənə sənin kimi
kinli-kinli baxmayıb.
Tapdıq kəsədən getdi:
- Səni burada işləməyə qoymayacağam!
Qədir dilləndi:
- Bayaqdan elə heç kəs məni işləməyə qoymur.
- Burada mən işləməliyəm!
- Gəl, əl-ələ verib işləyək də...
Tapdıq fısıldaya-fısıldaya çıxıb getdi.
Sonra Qədir üzdən tanımadığı dörd adama beş cüt ayaqqabı
satdı. Ürəyinə bir az toxdaqlıq gəldi. Ancaq rahatlığı
uzun sürmədi. İçəridə qalan tanış-biliş onun üstünə
hücum çəkdi. Sanki, onlar sözü bir yerə qoyub eyni
vaxtda dükana təpilmişdilər. Hərəsinin də qoltuğunda bir
cüt ayaqqabı.
Onlar növbə ilə ayaqqabının qiymətini deyərək şifahi
haqq-hesab edib aralanırdılar:
- Qədir, mənə səkkiz manat borcun qaldı.
- Qədir, on iki manatın məndə!
- Qədir, ayaqqabını götürürəm, oluruq başa-baş!
- Qədir, aramızda iki manatlıq haqq-hesab qalır, gəlib
dükandan meyvə götürərsən, üzülüşərik.
- Qədir....
Qədir daha deyilənləri eşitmirdi. Onda ayıldı ki,
dükanda heç kəs qalmayıb. Vitrinlərdə ayaqqabıların
sırası seyrəlmişdi. Xeyli ayaqqabı aparılmışdı. O
dükanın qapısını içəridən bağlayıb vitrinləri gözdən
keçirdi. Yeri boş qalmış ayaqqabıların sayını bilmək su
içimi kimi bir şey idi.
Bu vaxt qapı çöldən döyüldü. Qədir yerindən tərpənmədi.
O, dükanı işlətmək fikrində deyildi. Bir azdan qapını
bağlayıb birdəfəlik gedəcəkdi. Qapı yenə döyüldü. Qədir
Fərmanın səsini eşidəndə tənbəl-tənbəl gəlib qapının
açdı.
Dükanın talanmasını Fərmana çatdırmışdılar. Ona görə də
o, içəri girən kimi bir anlıq pauza verib soruşdu:
- Qədir, daha kiməsə borcun qalmadı?
Qədir dilləndi:
- Qaldı.
- Kimə?
- Sənə. Neçə-neçə adama borclu olmaqdansa, bir Fərmana
borclu olmaq daha yaxşıdır.
- Neçə ayaqqabı getdi?
- Saymışam, səhərdən doqquz ayaqqabı satmışam. Üç yüz
yetmiş beş manat kassada pul var.
- Bəs neçə cüt nisyə aparıblar?
- Otuz yeddi cütünü!
- Demək otuz yeddi adama borcun var imiş!.
- Yox, deyəsən bunlar hamısı deyildi!
Fərman kassaya sarı gəlib daxılı açdı və pulları sayıb
Qədirə uzatdı:
- Bu da olsun sənin zəhmət haqqın!
Qədirin cavabı qısa oldu:
- Bu çox deyil?
- Götür! Sən elə-belə oğlan deyilsən. – Pulu Qədirin döş
cibinə qoyandan sonra əlavə etdi: – Açarları təhvil ver!
Qədir açarları verib qapıdan çıxanda Fərman dilləndi:
- Qədir, biz dostuq! Sən çəkməçi işləsən yaxşıdır!
Qədir son sözünü dedi:
- Fərman, ölənəcən sənə borcumu qaytardım qaytardım,
qaytara bilməsəm, qiyamət günündə üzülüşərik!
Qədir birbaş evə gəldi. Özündə deyildi. Nazı onun
kefsizliyini yorğunluğa yozdu.
- A kişi, siftəm sənə düşdü? Mənim əlim həmişə yüngül
olub.
Qədir dilləndi:
- Nazı əlin yüngül imiş, ayağın ağır. Fərmanla
pozuluşduq.
Nazının qaşları çatıldı:
- Elə mənim götürdüyüm bir cüt ayaqqabıya görə?
Qədir dərhal cavab verdi:
- Yooox! Özüm istəmədim. Gördüm ki, bu iş mənlik deyil.
Nazı yanıb-töküldü:
- Ay fərsiz, heç olmasa Qönçənin Bakı pulunu düzələnə
qədər işləyəydin.
Qədir Fərmanın verdiyi pulları cibindən çıxardıb Nazıya
uzatdı.
- Fərman bunları mənə zəhmət haqqı verib.
Nazının gözləri kəlləsinə çıxdı:
- Satıcılar günə bu qədər pul qazanır?
Qədir sinəsini qabağa verib dedi:
- Mənim kimilər, hə!
2015
***
QRAFOMAN
Bayaqdan qələmi əlimdə oynatsam da, yazıya girişə bilmirəm.
Canımda hey yoxdur, ərincək olmuşam. Dünən də çox
vurnuxdum, ortaya bir şey çıxmadı. Özümü yumşaldıb yola
gətirməkdən ötrü dodaqaltı mızıldana-mızıldana vərəqin
qırağında yazdığım ilan-qurbağa cızmaqaranı höccələyirəm:
“Dadaş, belə olmaz axı, yanın yerdə tikiş tutmur. Dörd
həftədir, bir yazının başlığını qoyub dümələnirsən. Yaxşı,
getdin Romanı da, Vatikanı da gəzib-dolanıb gəldin. Gördün
də, sezarların sağlığında qan-tərlə yonulmuş, təmtəraqlı
açılış bayramları olmuş qədim Romanın möhtəşəm köhnə
binaları necə uçub tökülüb? Ələ gələn yazılı daşları,
heykəlləri, büstləri yığıb doldurublar Vatikan muzeyinə.
Tikilməsini boyunlarına götürdükləri üçün fasadına on üç
ölkə padşahı ilə bərabər Osmanlı sultanı Əbdülhəmidin də
adı yazılmış Vatikan kilsəsinə girəndə az qala bağrın
yarılmışdı. Neçə yüz illər dünyanın fikir, ideya mərkəzi
olmuş Vatikanın azman divarlarının sirli görkəmi,
qorxuncluğu səni əzmişdi və sübut eləməyə çalışmışdı ki,
hələ də onun pəncəsi altındasan. Yaxşı ki, sağ-salamat
vətənə qayıtdın, başın ayazıdı, özünə gəldin. Hətta,
təzədən vurub getdin Qəbələyə, təmiz hava uddun, yedin,
içdin, yatdın, dincəldin, halal xoşun olsun! Bəsdi də.
Getdikcə cızığından çıxırsan. Əlin qələmdən soyuyub. Yazı
masası arxasında oturmusan, ancaq fikrini cəmləyə
bilmirsən. Gözləyirsən zəng gəlsin, qələmi atıb cumasan
telefona və özünü inandırasan ki, məşğulsan. Amma gözünə
döndüyüm telefon susur. Dinşəyirsən birdən arvad-uşaq
sənin adını çəkər. Xasiyyətinə bələdəm, adını birinin
dilindən eşidən kimi kəsdirəcəksən onun cənəsinin altını.
Hə, nə var, nə olub? Tərslikdən adını tutan yoxdur. Hesab
elə ki, unudulmusan, lap belə sən hec kəsə lazım deyilsən.
Sonra? Hə, çay dalınca da gedə bilməzsən, qənşərindəki
dolu armudu stəkan səni marıtdayır. Heç dara-bara eləmə,
az qurcux, stulun boşalmış ayağını yumruqla yerinə
bərkitmək vaxtaparan iş deyil. Zəhmət çək, yerini rahatla,
qaxıl otur cırıldayan stulunda. Yazının adını “Qrafoman”
qoymuşam, elə bilirsən əldə qələm tutmaq asandır? Havayı
yazı yazılır? Gərək can qoyasan, kürəyinin arasından tər
getsin!
Haqqında yazacağın qrafoman deyir ki, onun yazı masası
arxasında bir oturumu üç-dörd saatdır. Ancaq sən?!..”
Nə isə...
Qeydlərdən gözümü çəkib qələmi barmaqlarımın arasında
bərk-bərk sıxıram, aha, deyəsən canıma istilik gəlir...
Hə də, “Qrafoman” – yazı-pozu düşkünü deməkdir, bunu
hamınız bilirsiniz. Özünüzə götürməyin, haşa sizdən,
əskiklik gətirən sözdür, mayasında horralıq, cövhərində
qaxınc, sərki qatışığı var. Ancaq mən bu sözü necə
lazımdırsa elə, sevə-sevə, tumarlaya-tumarlaya işlədəcəyəm,
yandı-qındı verməkdə canı-başı özü ilə olmayan əbləhlər
kimi qımışa-qımışa deyil, yumşaq səslə,
gülümsəyə-gülümsəyə deyəcəyəm. Bəri başdan söz verirəm ki,
mətndə mən tərəfdən özünü dartmaq və yekəxanalıq söhbəti
olmayacaq. Çünki haqqında yazacağım qrafoman, həqiqətən
tikansız, yapışıqlı, canlara dəyən kişidir. Özü də yaşa
dolduqca şirinləşir. Üzü elə bilirsən, projektordur. Lazım
oldu olmadı yanır, işiq saçır.
Qrafomanın bir ucdan yazıb sapa düzdüyü bivec, sarsaq
şeirlər heç kəsin, xüsusilə qələm yoldaşlarının zərrəcə
xətrinə dəymir, əksinə, şair tay-tuşları, ədəbi mühitin
istedad dərəcəsindən, kateqoriyasından və yaşından asılı
olmayaraq bütün üzvləri onu tədbirlərdə, görüşlərdə,
xeyirdə-şərdə qabağa verirlər.
Sanki başqa cür ola bilməz; o, yığıncaqlarda mütləq çıxış
etməlidir və sözünü şeirlə bitirməlidir. Amma,
öyütikilmişin oğlunda bir boş xasiyyət var ki, kəsədən
gedə bilmir, yazdıqlarının ucdantutma hamısı uzundərədir.
Hələ bu cəhənnəmə, birtəhər ötüşdürmək olar. Dözülməzi
odur ki, həmkarım kürsüyə, mikrofona yerikləyir,
telekamera görəndə hövllənir, qanı coşur. Bəzi
məşhurlaşmış zirək ziyalılarımız kimi baxmaz mikrofonu kim
qoydurub, yığıncağının məqsədi nədir, fürsət tapıb kürsüyə
pərçimlənəcək. Mən onun bu sərək hərəkətini dəfələrlə
görmüşəm. Çəkindirmək istəsəm də, xeyri olmayıb. Sonuncu
dəfə Şamaxıda Sabir poeziya günləri keçiriləndə o, ara
vermədən üç şeiri biri-birinə calayıb oxudu. Özünü elə
apardı ki, guya havaya üfürdüyü bir şeirdir. Nə var-nə var,
AzTV-nin bu tədbirə həsr etdiyi verilişdə efiri çox tutsun.
Daha bilmir ki, belə maymaqlıqla AzTV-də ədəbiyyat
məsələlərinə baxan Sadıq müəllimə kəf gələ bilməz. Buna
deyən gərəkdir ki, lap mən ölum, kamera qabağında yarım
saat xoruzlandın, bəs lentə alınan materialın montajı? Bəs
qayçılama? Alkoqolik içkidən, narkoman iynədən
doyub-dolanmadığı kimi bu da şeir yazmaqdan və tədbirlərdə
sinəsini qabardıb ağzından od püskürtməkdən usanmır. Şeir
oxuyanda ona qulaq asdılar-asmadılar, bəxtəvər oğlunun
vecinə deyil, yazdığını axıra qədər guruldatmalıdır. Özü
də qiraət vaxtı sanki azan verir, qəti tempdən düşmür,
necə başlayıbsa, elə də nöqtəni qoyur. Allahtərəfi, demək
lazımdır ki, onun elədiyini də hər yetən bacarmaz. Məsələn,
Azərbaycanda əl-əl gəzsən, ona bənzər handa bir şair
tapmaq olar ki, oxuduğu şeir məclisin boyuna biçilmiş
olsun. Əruzda yaza bilmədiyinə görə onu meyxanaçılarla
müqayisə eləmirəm, həm də meyxana deyənlər çox
şitini-şorunu çıxardırlar. O nə sözdür, “Oho-oho, necədür
sənünçün?” Bu kişidə bəy vasvasılığı var, hər sözü
yağlayıb yun parça ilə par-par parıldadandan sonra misraya
oturdur. Yazı-pozusunda nöqtə, vergül, qafiyə-zad
yerli-yerində olur. Şeirlərində nöqtə-vergül işlətməyənlər
barədə deyir ki, onlar nöqtə-vergülü mətndə haralara
qoymağı bilmədiklərinə görə durğu işarələrindən imtina
edirlər. Şeirləri kimi onun geyim-keçimi də səliqəlidir.
Əynindəkilər ucuz, nimdaş olsa da, zalım oğlu,
ütülü-mütülü, daram gəzəndir, hətta bəzən hündür boyunu
elə şax saxlayır, elə bilirsən cavanlığında Türkiyə
ordusunda üç il təpik döyüb.
Hər bir yığıncağa getməyə vaxt tapır, hamının işinə
yaramağa çalışır. Məsələn, kimdir canına cəfa basıb qələm
dostunun oğlunun toyuna “Ey qələm dostumun oğlu Vilayət!”
rədifli on dörd-on beş bəndlik şeir həsr edən? Lap bu şeir
kəllə suyu olsa da.... Toy hər şair üçün poeziya axşamı
ola bilməz. Kimsə deyə bilər ki, bunun nəyi pisdir? Guya
toyda sağlıq deyənlər gül vurur? Heç olmasa bunun dediyi
qafiyəli, ritmli sağlıqdır. Həm də adamın beynini deşən
gur musiqidən min dəfə yaxşıdır.
Hər gördüyünə kitabını versə də, mən yüz faiz bilirəm ki,
onun şeirlərini heç bir kopoyoğlu, köpəkqızı oxumur.
Kimisə qınamıram, onda oxunulası bir şey də yoxdur. Amma
şeiri pis demir. Özü isə, bayaq dediyim kimi, keçiləsi
adam deyil.
Rəhmətlik baməzə şair Rəfiq Zəka Xəndan danışırdı ki,
Özbəkistanda yaşayan bir soydaşımız Bakıya qonaq gəlmişdi.
Qonağımın şairlik damarı da vardı. İş elə düşdü ki, onunla
üçü verilən bir alimin hüzürünə (Yaxşı, siz deyən olsun
“Hüzn” yerinə) gedəsi olduq. Məclisin gur yerində qonağım
qulağıma pıçıldayıb mərhum haqqında şeir oxumaq istədiyini
bildirdi. Çaş-baş qaldım, bu nə deyir ə?! Bizim yas
yerlərimizdə məclis təkcə mollanındır. Bəlkə Özbəkistanda
hüzürdə şeir oxumaq dəbdədir?
Qonağımı fikrindən daşındırmaq üçün yavaşca ondan soruşdum:
- Sən ki, rəhmətliyi tanımırdın, heç adını da bilmirsən,
haçan ona şeir qoşdun?
- Mən onun haqqında tipovoy (birtipli - red.) şeir
oxuyacağam.
- O necə olur?
- Bir layihə ilə yüzlərlə eyni cür ev, məktəb, xəstəxana,
kitabxana tikmirlər?
- Noolsun?
- Necə noolsun? Ölü ölüdür də. Mən ölüm haqqında da, ad
günü haqqında da, yubiley haqqında da, toy haqqında da...
tipovoy şeirlər yazmışam. Hər tipovoy şeirimin birinci
misrasında altı hecalıq boş yerim var, səbəbkarın adı
üçündür. Adı həmən yerə dürtüşdürüb, barıtı alışdırıram.
- Birdən tutaq ki, mərhumun adı altı hecalı olmadı,
məsələn üç, dörd, yaxud beş hecalı oldu, bəs onda?
- Əvvəla, kimdir yas yerində heca hərriyən? İkincisi də,
nə var şeirə su qatmağa? “Əli”nin dalını-qabağını sözlə
doldurmaq çətin işdirmi? Məsələn: “Əziz dostum Əli!” əgər
müəllimdirsə, “Ey Əli müəllim!”, həkimdirsə, “Bizim Əli
həkim!”, qohumdursa, “Canım-gözüm Əli!” və sair.
Gördüm biabır olacağam, qonağımın gözünü oğurlayıb arada
gəzən cavan xidmətçiyə pıçıldadım ki, mollaya de, fatihə
versin. Fikrim qonağı məclisdən aralamaq idi. Demə, cavan
xidmətçi xam imiş. Sağ əlinin iki barmağını qoşalayıb
yanımızdan mollaya uca səslə işarə verdi:
- Molla əmi, iki nəfərlik fatihə ver, getmək istəyən var!
Bu xidmətçiyə deyən gərəkdir ki, ay uzunqulaq, “iki
nəfərlik fatihə” nə olan şeydir? Niyə məni qonağın yanında
başıaşağı eləyirsən?
Yaxşı ki, molla tez qanımın arasına girdi. O, fatihə verən
kimi qonağımın qolundan tutub yas yerindən çıxartdım.
Məclisdən çıxanda göz qoyub gördüm ki, içəridəkilər
xısın-xısın bizə gülür. Pərt oldum. Özbəkistanlı qonağım
mərhum haqqında tipovoy şeirini oxusaydı, bundan da betər
olacaqdı.
. . . . . . . . (hər nöqtə bir hərfdir) Rəfiq Zəka
Xəndanın Özbəkistandan gələn hüştürüm qonağı kimi buralara
nabələd adam deyil. O, Azərbaycanın üzdə, hətta
küncdə-bucaqda olan adamlarının hamısını gendən, yaxud
şəxsən tanıyır. “525- ci qəzet”də mərhumun qohumlarına
havayı başsağlığı versə də, ürəyi soyumayan, (yeri
gəlmişkən, cibinin pulu ilə rəsmi qəzetlərdə irili-xırdalı
vəzifə adamlarına yaxın-uzaq qohumlarının ölümü
münasibətilə başsağlığı verən Bakı camaatının həmən mənsəb
sahiblərinin yas məclisində sallanıb oturması həmişə məni
təəccübləndirib. Yasa gələcəkdinsə, qəzetdə başsağlığı
nəyə lazımdı, yox, qəzetə çıxmışdınsa, hüzürə niyə
gəlirdin? Nə deyim?! Quruyub qalmışam.) yol maşını ilə
Bakıdan vurub Bərdədən, Qubadan, Qaxdan, Yardımlıdan çıxan,
kiminsə səksən-doxsan yaşlı anasının, atasının yasında
əziz adamını itirmiş kimi boynunu burub oturan şəxs
məməyeyəndən-pəpəyeyənə qədər hər kəsi tanımalıdır də...
“Tədbir” onun ən çox sevdiyi sözdür. Ağzımdan çıxsa ki, bu
vaxta qədər o, bəlkə də on min tədbirdə iştirak edib,
inanın. Hər gün onun bir-iki, bəzən üç-dörd tədbiri olur.
Bircə tədbirdən də qalmaz və bütün yığıncaqlarda yerini
rahatlayıb oturmağı var. “Tədbir” deyəndə o, təkcə iclası,
toyu, yası, ad gününü, kitab təqdimatını, banketi nəzərdə
tutmur. Bir-iki nəfərlə kafedə, çayxanada oturmaq da onun
üçün tədbirdir. Tutaq ki, dostumuz yarım saatdan sonra
Filarmoniya bağının çayxanasında vədləşdiyi adamla
görüşəçək. Bu görüş də heç xüsusi əhəmiyyət daşımır.
Elə-belə... Çay içib, mırt vuracaqlar. . . . . . . . .
həmən görüşdən qabaq küçədə qarşına çıxıb səni özünə
məhrəm saydığı üçün deyir: - Mirzə, tədbirimiz var, bəlkə
bizə qoşulasan?
Birdən, deyək ki, sən onun quş dilinə bələd olmadığın üçün
fikrində hansısa yığıncağı nəzərdə tutub soruşursan: - Nə
tədbir?
Elə ki, o, səni məsələdən agah edir, ürəyində
donquldanırsan: - “Nə yüngül adamdır ə, bu”. Amma bu həlim
adam “yox” cavabını alıb gülərüzlə səndən aralanandan
sonra fikrindən dönürsən və “xoşbəxt adamdır, dünya-aləm
vecinə deyil, həyatdan zövq almağı bacarır” deməyə məcbur
olursan.
Onun “xoşbəxt”liyindən bir qatar da söz deyim. Qabaqlar
öyrəşməmişdim, o, krem çəkilmiş ayaqqabımın parıltısını,
şalvarımın ütüsünü, saçımın-saqqalımın qırxılmasını təbrik
edəndə mənə çöçün gəlirdi. İndi isə hansısa yığıncaqda
iştirak etdiyim üçün qəzet xəbərində quru adımın
çəkilməsini onun təbrik səviyyəsinə qaldırması mənə xoş
gəlir. Görün Allahın hər verən günü bu humanist insanın
mənim kimi neçələrinin könlünü oxşaması nə qədər savab
işdir... Gəlin boynumuza alaq, hansı birimiz hər gün
Günəşin çıxmasına, küçə zibilinin daşınmasına, mağazaya
təzə çörək gətirilməsinə, qəzetdə tanış-bilişlərdən
birinin yazısının çıxmasına uşaq qədər sevinir? Hansı
birimiz hər gün işə gedəndə vitrindəki manekenlərlə,
qazonun ortasındakı qəşəng güllərlə, polislərlə,
süpürgəçilərlə, dilənçilərlə salamlaşır? Heç birimiz. Amma
o, belə şeyləri man bilmir.
Bir dəfə onunla yoldan qarşı səkiyə keçirdik. Eləmə
tənbəllik, bu, ələngə “Jiquli”də yavaş-yavaş yoldan ötən
qoca, uzunburun sürücüyə əlini yelləməklə yağlı bir salam
verdi. Sürücü döyükmüş halda ona göz fırlatdı. Dostumdan
soruşdum:
- Deyəsən o, səni tanımadı.
Dostum güldü:
- Heç mən də onu tanımıram!
- Ona salam verdin, axı?
- Salamın nə ziyanı? Qoy sürücü görsün ona da bir adam
salam verir. Sayılmaq yaxşı şeydir.
Kişi düz deyir də...
Az TV-də “Gülüstan”ı apardığım vaxtlar idi. Növbəti
verilişlərdən birinə ustad xalçaçı rəssam Kamil Əliyevi
çəkməliydik. Uzun müddət idi ki, o, İçərişəhərdə yaşadığı
binanın geniş salonunda fərdi sərgisinin açılışına
hazırlaşırdı. Kamil müəllimlə dostluğumuz tuturdu, evinə
və sərgi salonuna get-gəlim vardı. Mən də onu sərgisinin
açılışına tələsdirirdim. Kamil müəllim çox həssas adamdı
və hər fikrə, münasibətə diqqətlə yanaşırdı. Yaşının
çoxluğundan və kövrək sağlamlığından yaman ürkürdü.
Çəkiliş günündə onun sərgi salonuna daxil olarkən özü
qabağımıza çıxdı, bizə “xoşgəldin” elədi. Verilişin
redaktoru olan xanım və operator sərgiyə münasibət
bildirmədən tələsik içəri keçib, çəkiliş hazırlığına
başladılar. Bir gözüm Kamil müəllimdə idi. Gördüm ki, o
yaman tutuldu və məni bir tərəfə çəkib dedi:
- Gəlsənə, bu verilişi çəkməyək?
- Niyə, Kamil müəllim? – nigaran-nigaran soruşdum.
- Xalça - müqəddəsdir. Biz xalça üstə doğuluruq, xalça
üstə böyüyürük, öləndə xalçaya bükülürük. Hər ağızda bir
dua var. Onlar (redaktorla operator) mənim xalçalarıma
“Nübarək” (mübarək) demədilər. Bu, yaxşı əlamət deyil.
Mən vəziyyəti yumşaltmaq üçün yekə danışmağa məcbur oldum:
- Kamil müəllim, onlar kimdir? Verilişin yiyəsi mənəm! Mən
bu sərginizə dönə-dönə “mübarək” demişəm.
Deyəsən, kişinin damağı islanmadı, ağır-ağır gedib
antikvar divanda oturdu. Qərəz, verilişi çəkməyinə çəkdik,
göstərdik, ancaq Kamil müəllim öləndən sonra hələ də mənim
ürəyimdə qalıb ki, əgər onda həmkarlarım onun xeyir işinə
“mübarək” desəydilər, məşhur sənətkar illərlə gözlədiyi
sərgisinin açılışına qədər yaşayardı.
Bax, dua və alqışlarına görə az qalıram adının yerinə
nöqtələr düzdüyümün qrafomanlığını ona tamam bağışlayam.
Keçən vaxtların söhbətidir, altmış yaşının tamamına az
qalmış doğulduğu rayonun İcra hakimiyyətinin başçısına bir
neçə dəfə eşitdirdikdən sonra . . . . . . . . doğma
bölgəsində yubileyinin keçirilməsinə “dabro” alır.
Qrafoman adlı-sanlı qələm dostlarının (Rayon camaatı
məşhur adamları xoşlayır. Elə yerdə mənimkimisinin,
səninkimisinin nə iti azıb?) kiçik siyahısını tutur və
bir-bir onlara zəng açır ki, görsün kimi özünə qoşa bilir.
Elə bilin yanındasınız, görün nə baş verir. Tədbir
sentyabrın ortalarında keçiriləcək. Hesabla hamının
şəhərdə olan vaxtıdır. Üç-dörd adıbəlli Koroğlu şairə üz
vursa da, onlar dəvəti kola-kosa sarıyıb mədəni şəkildə
“yox” deyirlər. Fikrət Qocaya qıymır, Musa Yaqub
Buynuzdadır, Çingiz Əlioğlu tədbir keçiriləsi vaxt
Finlandiyada olacaq, Ramiz Rövşən elə yerlərə getmədiyini
bildirir, Tofiq Abdin əzvay-əzvay mızıldanıb başını
bulayır, Vaqif Bəhmənli deyir ki, mən hökumət adamıyam,
işdən icazəsiz çıxa bilmərəm, Yazıçılar Birliyindən heç
olmasa Rəşad Məcidi götürmək istəsə də, eşidir ki, o,
Yessentukidən qayıtmayıb, orda özünə maya qoyur... Rüstəm
Behrudinin cib telefonundan səs gəlir ki, zəng etdiyiniz
nömrə mövcud deyil. Aydındır, yəqin şair yenə nömrəsini
dəyişib. Əşşi, qardaşımız lap tozanaq qaldırır ey, yekə
vəzifələr bunun yanında yalan olub, nə qədər telefon
nömrəsi dəyişmək olar? Amma bir tərəfdən də yaxşı oldu,
Rüstəm getsə, heç kəsə aman verməyəcək, məclisdə özünü elə
aparacaq ki, guya onun yubileyidir. Üç həftə qabaq Məmməd
İsmayılı Bakıda görübmüş, onunla da telefon söhbətinin
nəticəsi boşa çıxır. Demə, sabah sübhdən qərib şair öz
Çanaqqalasına yola düşəcəkmiş. Axırda istəyir Oqtay Rzanı
yanında götürsün, çünki, şairlərin ən yumşağı, ən
üzüyolası odur. Ancaq bu fikrindən vaz keçir. Düşünür ki,
niyə desinlər bunun böyründə filankəs sayıb gəlib,
filankəs gəlməyib. Amma tək getsə, deyəcəklər istəsəydi,
başının dəstəsini yığıb gətirərdi. Onsuz da şair tayfası
havayı yeyib-içməyə yer axtarır. Sağ olsun, qanan adamdır,
öz yerlilərinə artıq əziyyət vermək istəməyib.
Bəli, vaxt yetişir, rayonda dör qurulur, dəstgah başlanır,
qrafomanı da “bəh-bəh”nən keçirdib oturdurlar məclisin
yuxarı başında. İcra hakimiyyətinin başçısı daha vacib iş
dalınca getdiyindən tədbiri onun humanitar məsələlər üzrə
müavini aparır. Eninə-uzununa o ki var təriflənəndən sonra
söz səbəbkara verilir. Yubilyar məclisi təşkil etdiyinə
görə İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını
bildirib, həmişəki vərdişinə uyğun olaraq sağa-sola əl-qol
ata-ata şeirlərini oxumağa başlayır. Əlbəttə, İcra
Hakimiyyətinin fotoqrafı çıqqaçıq şəkil çəkir,
videokameranı işlədən oğlan obyekti gözdən qoymur.
Azərbaycan, doğma rayonu, kəndi haqqında bir düzüm şeiri
yığıncaq iştirakçılarının qabırğasına döşədikdən sonra
dostumun beyninin qurdu tərpənir. Guya ictimai
bəlalarımızdan birini şeir dililə, həm də özü demişkən,
tünd boyalarla tənqid atəşinə tutur. Bəla da nə bəla?
Qarabağ qaçqınları üçün xaricdən gələn humanitar
yardımların bir hissəsinin bəzi rəhbər işçilər tərəfindən
dağıdılıb mənimsənilməsi. Qrafoman elə ona görə
qrafomandır ki, özünün-sözünün yerini bilmir. O qədər
ağsaqqalların-qarasaqqalların, böyüyün-kiçiyin qabağında
birdən qazı-qazı qayıdasan ki:
Soruşsanız kimdir o?
Deyəcəyəm budur o!
Humanitar yardımı
torba-torba udur o.
Salon qurcuxur, pıqqıldayır, axı, şairin bir əli havada
oynayanda humanitar məsələlər üzrə müavinə sarı da
uzanmışdı. Artıq şair yaddan çıxıb, hamının gözü humanitar
məsələlər üzrə müavindədir. Axı, rayonda yerləşdirilmiş
yüzdən artıq qaçqın ailəsinə humanitar yardımların
bölüşdürülməsinə o baxır. Humanitar məsələlər üzrə müavin
bişmiş adamdır, üzü üzlər görüb, çox belə ütülərdən çıxıb,
dingiş bir şair onu divara qısnaya bilməz. Odur ki, başını
dik tutur, özünü o yerə qoymur, sözü özünə götürmür.
Noolsun, hər dəfə qaçqınların payından qırtıb
əlsiz-ayaqsıza, yetim-yesirə, ona-buna verib. Düşəndə lap
əlaltdan satdırıb da. Bəyəm o pula nə eləyir?... Bu qədər
gəlib-gedəni, qonaq-qarası var. Biri elə bu yelbeyin şair.
Özbaşına deyil ki... Nə buyurublar, onu da eləyib. Camaata
nə var? Şəbədə qoşmağa pərgardır. Əlibərk olursan, dalınca
səni quru yuyub yaş asırlar, ölmüş dədəni-nənəni gorbagor
eləyirlər, əliaçıqlığa keçirsən, şişirdib dastan
düzəldirlər. Kimdir humanitar yardımdan ötrü uzanan
əllərin, deyinən dillərin qabağında duruş gətirən? Nə
qədər verirsən, deyirlər azdır, umu-küsüləri kəsilmir.
Əşşi, cəhənnəmə danışsınlar, qara yola çərənləsinlər. İş
görülən yerdə söz-söhbət də olacaq. Bu bambılı dəlinin
yadına daş saldı. Eybi yoxdur, borc olsun!
Qrafoman salonda yaranan canlanmanı görüb coşur. Şeirinin
dinləyicilərdə yaratdığı təsir bədbəxtə ciddi görünür. Day
onun qabağını almaq olmaz. Gör, mövzunu necə düz seçib.
Dövrün nəbzini tutmaq buna deyərlər. Əslində altı ay
bundan qabaq qaçqınların çadır şəhərciyində olarkən
eşitdiyi qeybətlər əsasında yazıb bu şeiri. Amma qaçqın
düşərgəsi olmayan rayonda necə də yerinə düşür yazdığı.
Onun ağlına gəlmir ki, sərhəddən uzaq olan bu rayonda da
çoxlu qaçqın ailəsi yerləşdirilə bilər.
Şeir bitəndə ən bərk əl çalan humanitar məsələlər üzrə
müavin olur. O, hətta çıxışına görə şairin əlini möhkəm
sıxır. Tədbirdən sonra banket, sağlıqlar, hədiyyələr,
konvertləşdirilmiş pul, şəkil albomu, üzü köçürülmüş
videokasset (orijinal kasset rayonda qalır.) və nəhayət,
yubilyarı Bakıya yolasalma mərasimi...
Qrafomanın kefi yuxarıdır, uçmağa qanadı yoxdur. Bir
tərəfdən içkinin havası, digər tərəfdən şöhrət məstliyi,
qulaqdan getməyən xoş sözlər, alqış səsləri... O, başına
yığışanların hamısını bir-bir bağrına basıb öpür. Vallah,
kimi öpürsən öp, bu öpüş var ha, çox şirin, dadlı bir
şeydir. Hərdən xalqı qədirbilən, söz xiridarı görəndə
kövrəlirsən, için titrəyir, gözlərin dolur və ürəyində
özünü qınayırsan ki, biz yazı-pozu adamları çox naşükürük.
Əşşi, bundan gözəl xalq olar? Nə var-nə var keyfimiz
duranda, şeir yazırıq, cızmaqara eləyirik. Hara gedirik,
bizi başa keçirdirlər, yedizdirib-içirdirlər,
tərifləyirlər, alqışlayırlar, yeri düşəndə görüm-baxım
eləyirlər. Hansı xalq belədir? Hələ biz bu xalqa fors da
eləyirik. Neyləməlidi bu xalq, bizi dalında gəzdirməlidir?
Humanitar məsələlər üzrə müavinlə şair hamıdan axırda
bir-birinə sarmaşıb marça-març öpüşürlər və yubilyar onun
üçün ayrılmış maşına mindirilir.
Quru bəy Bakıya çatanda içkidən tam ayılıb, bir balaca
özündə yorğunluq hiss edir. Onu gətirən maşın binalarının
giriş qapısının qabağında dayanır. Sürücü cəld maşından
düşüb şair üçün qoyulmuş pay-püşü yük yerindən səliqə ilə
boşaldır: şair belə şeyləri az görmədiyinə görə
təəccüblənmir, arvadağanın yanında şeşələnəcəyini düşünüb
qımışır və sürücünün qabağına düşür. O, oğrun-oğrun üç
qutu sovqatın təhər-töhürünə baxıb, ürəyində humanitar
məsələlər üzrə müavinin qanacağına “bərəkallah” deyir.
Yük liftə yığılıb yuxarı qaldırılır və şairin bülbül
yuvasına daşınır. Oturmaq təklif edilsə də, (dostum
həqiqətən çox qonaqpərvərdir. Qonaq-qarası əskik olmur,
qapısından girənin qabağına Allah verəndən nə olsa
qoymalıdır.) sürücü oturmur, çıxıb gedir.
Qrafoman yol gəlib, hisini-pasını tökmək üçün hamama girir.
Arvad hamama qətfə-filan qoyub, pay-püşə yaxınlaşır.
Öz-özünə deyir ki, birdən qutulardan tez xarab olan, suyu
süzülən şeylər çıxa bilər. O, qutuları açır. Qutularda nə
yoxdur? Ət, balıq, süd konservləri, plastik qablarda
pendir, kərə, günəbaxan, qarğıdalı yağları, quru çay, qənd,
düyü, vermişel, qarabaşaq, un qablaşdırılmış sellofanlar...
hamısı da xüsusi səliqə ilə çin-çin yığılmış şəkildə.
Arvad heç vaxt belə pay görməyib. Onlara hərdənbir toyuq,
balıq, süd, qatıq, meyvə kimi rayon sovqatları
göndərildiyi olsa da, indikikimisinə rast gəlməyib.
Fikirləşir zaman başqa zamandır, gündə bir şey icad olunur,
dəblər dəyişir.
Kişi hamamdan çıxandan sonra arvad üst-üstə qalaqlanmış
pay-püşü ərinə göstərib dillənir:
- Bu pay əvvəlkilərə bənzəmir.
Ər həmişə şeir oxuduğu pafosla deyir:
- Mənim dostum da (humanitar məsələlər üzrə müavinin adını
çəkir) ayrı cür oğlandır, istedadlı adamlar həmişə fərqli
addım atırlar.
Arvad üstünü vurmur.
Aradan bir müddət keçir, göndərilən ərzaq yeyilib qurtarır.
Arvad evə ərzaq almaq üçün ərinə siyahı yazıb verəndə
şairin yadına düşür ki, göndərilən pay-püşə görə humanitar
məsələlər üzrə müavinə zəng vurub ona quru “Sağ ol” da
deməyib. O, telefonda qeyri-adi hədiyyəsinə görə humanitar
məsələlər üzrə müavinə təşəkkür edəndə qarşı tərəfdən
gülüşqarışıq səs gəlir:
- Sənətkar, orijinallığı təkcə şairlər eləmir. Bu
hədiyyələr rayonda barmağını mənə tuşlayıb oxuduğun şeir
var idi ha, “Humanitar yardımı torba-torba udur o”, bax,
ona cavabdır. Qaçqınlar üçün gələn humanitar yardımlardan
üç qutu sizin üçün qoydum ki, dadına baxasınız.
Sənətkar eşitdiyini zarafat hesab edib deyir:
- Ola bilməz.
Telefondan cavab:
- İnanmırsan qutuların üstünə bax, orada ingiliscə
“Humanitar yardım” yazılıb.
Qrafoman telefonu qapayıb arvadından soruşur:
- Öz rayonumuzdan axırıncı dəfə gələn payların qutularını
atmamısan?
Arvad dərhal cavab verir:
- Bir qutuya boş bankaları yığmışam, balkonda şkafdadır,
qalanlarını tulladım getdi.
Şair balkona çıxıb şkafı açır və qutunun üstündəki yazıya
baxır. Orada ingiliscə belə yazı görür: “Humanitarian
help”
O, əvvəlcə duruxur, üşənir, qaçqınların boğazına şərik
çıxdığı üçün az qalır güzgünün qabağında öz cəmdəyinə
tüpürsün, sonra tezcənə toxdayıb, mırıldanır: - Bu da
həyat məktəbinin növbəti dərsi ...
Axı, indiyə qədər “humanitar yardım” kəlməsi onun üçün
mücərrəd anlayış idi. Artıq bildi ki, bu, nəmənə şeydir,
hər qaçqın ailəsinə verilən humanitar yardımın tərkibi
nədən ibarətdir, dünyagörüşü və təcrübəsi artdı. Qələm
yoldaşlarının çoxu humanitar yardımın üzünü görməyib. Odur
ki, qələmi götürüb şeir dəftərində “Humanitar yardımı
torba-torba udur o” misrasında belə bir dəqiqləşdirmə
aparır: “Humanitar yardımı qutu-qutu udur o”.
Bir taxtabaş ədəbiyyat dəllalı var, ədəbi mühitdə kimdən
xoşu gəlmir, kimə paxıllığı tutur, onun haqqında çürüntü
iyi verən yazılar yazır. O, dostuma da bir məqaləsində
papaq atıb və yekə-yekə yazıb ki, . . . . . . . .
ədəbiyyatdan min kilometr uzaqdır.
Dostum gülə-gülə onun barəsində deyirdi ki, yazısında “Biz
(bunun arıq canına “biz” deməyinə baxın) qoyun deyilik” (yəni,
hər şeyi başa düşürük) cümləsini işlədən bu quzubala
qanmırmı ədəbiyyatın sahəsi Yer kürəsinin ərazisindən
böyük ola bilməz. Dünyada bir neçə məsələn, Paris, London,
Moskva, Tokio, Pekin, Nyu-York, lap elə Orxan Pamuk abinin
yaşadığı İstanbul kimi ədəbiyyat paytaxtları varsa, onda
şərqdən, qərbdən, cənubdan yaxud şimaldan bu mərkəzlərdən
min kilometr uzaqda olmaq heç də bəd deyil. Rəhmətlik
Nəsibə Zeynalova demişkən, bu fıştırıngə, ha-ha-ha... özü
də bilməyə-bilməyə mənim xeyrimə danışıb.
Kim nə deyir desin, bütün istedadsız adamlar öz güclərinə
yaxşı bələddir. İstedadlı həmkarlarının yanında özlərini
əməlli-başlı yığışdırırlar. İş dərinə düşəndə sivişib
aradan çıxırlar. Əvvəllər kim idi bunun kimiləri sayan?
Heç mötəbər məclislərdə onlara söz verərdilər? Olsa-olsa,
ədəbi görüşlərdə tamaşaçı qismində ilan başı kimi
başlarını qovzayıb alaca gözlərini parıldadardılar. Onda
da, əlbəttə, arxa sıralarda... Beş-altı ildən bir
ölüm-zülüm arıq, boz-bulanıq bir kitab çıxartdırsalar da,
it dəftərində adları yoxdu.
Qəhrəmanım iyirmi il qabağa qədər xeyli qıpıq gəzirdi,
məclislərdə çox irəli durmazdı. Sonradan dili çıxdı, özünü
açıb-daradı. Doxsanıncı illərdə ara qarışıb məzhəb itəndə,
necə deyərlər, həsənsoxdu dəyirmanına çevriləndə, bu və
bunun kimilər özlərini atdılar ortalığa. Təsəvvür edin, 20
yanvar faciəsi ən yaxın qanlı tarixdir, Xocalıda
qırılanların qəbri soyumayıb, Şuşa, Laçın əldən gedib,
Moskva televiziyaları Azərbaycana nifrin yağdırır,
hakimiyyət iflic vəziyyətdədir, mitinqlərin ardı-arası
kəsilmir, bayraqdar Elman Türkoğlu meydan sulayır,
hərki-hərkiliklər adamı göz açmağa qoymur, gözədəyən
yazıçıların çoxusunun əli qələmdən soyuyub, nəşriyyatlar,
jurnallar başlı-başına qalıb, dərə xəlvət, tülkü bəydir.
Belə vurhavurda vaxtilə kitab çap etdirmək arzuları
gözlərində qalmış keçmiş uğursuz qələm sahibləri - indiki
bəzi prokurorlar, icra başçıları, polis rəisləri, baş
həkimlər... ciblərinin pulu ilə kərpic-kərpic kitablar
nəşr etdirməyə girişiblər. Növ-növ qrafomanlar,
Ermənistandan, Qarabağdan qaçqın düşmüş aşıqlar, ara
şairləri də yan-yörəsinin hesabına kitab bağlatdırmaqla
onlarla yarışırlar.
Ancaq belələrinin yenə də şansı gətirməmişdi. Çünki keçmiş
SSRİ respublikaları kimi Azərbaycanda da kitab satışı
şəbəkəsi dağılmışdı, bazar ölmüşdü. Çap etdirdiyi kitablar
qrafomanların əlində qalmışdı. Nə qədər dosta, qohuma,
qonum-qonşuya, tanış-bilişə paylasalar da, kimlərəsə üz
vurub matahlarını sırısalar da, şöhrətlənə bilmirdilər.
Səhv etmirəmsə, 1999-cu, ya da 2000-ci ilin ortaları idi.
Gecə şirin-şəkər məxluq mənə zəng etdi. Salamdan sonra –
Qəzəbliyəm! – dedi.
- Niyə? - səbəbini soruşdum.
- Qoy sənə bir şeir oxuyum, onda bilərsən.
O, gələcək kitabına sponsor kimi baxdığı bərkgedən nazirə
həsr etdiyi cox uzun bir şeir oxudu. Sonra dedi: Dünən bu
şeiri Yazıçılar Birliyində Mirzə Qabilə oxumuşam. İthaf
barədə fikrini soruşanda o, mənə nə desə yaxşıdır? Deyir
ki, şeirin zəifdir, həm də yaltaqlığın da bir həddi
olmalıdır. Belə də yox də...
Özümdən çıxmadım? Dedim ki, Mirzə, əvvəla, mən bu şeirimlə
görkəmli dövlət xadiminə şair münasıbətimi bildirmişəm,
ikincisi də, bu yaltaqlıqdırsa, niyə qabaqda gedənlər
arxada qalanların yaltaqlanmağının da paxıllığını çəkirlər?
Peşəkar yaltaqların ucbatından bizim kimi həvəskar
yaltaqlar əllərini tərpədə bilmirlər. Lap tutalım,
cızığımdan çıxmışam. Mən cavan deyiləm ki, xırda-xırda,
başıörtülü yaltaqlanam? Yetmişi haqlamışam. Qulağımın
dibindən halva iyi gəlir. Sizə nə var ki?.. Havayı əlinizi
ağdan qaraya vurmursunuz! Ancaq mən əlli ildir minnətsiz
qələm çalıram. Özüm iqtidardan ola-ola müxalifətçi kimi
yaşayıram.
Həmsöhbətimin şair Qabillə belə sərt danışdığına şübhə
etdiyim üçün soruşdum:
- Bəs Qabil müəllim nə cavab verdi?
Dostum dilləndi:
- “İthaf şeirinin düşər-düşməzi olur” dedi və təsbehini
çevirə-çevirə çıxıb getdi.
- Nə demişdi, demişdi, gərək ustadın xətrinə dəyməyəydin,
ustad şilləsindən inciməzlər, - onun qəzəbini soyutmağa
çalışdım.
O, dərhal soyudu, axı, həlim adamdır.
- Hə, düz deyirsən, bir şeirə görə ustadın üzünə ağ olmaq
nankorluqdur. Sabah ondan üzr istəyib könlünü alaram.
Sonralar bu əhvalata görə dostum şair Qabilə iki dəfə
üzrxahlıq eləyir. Bir mənimlə telefonda danışdığı axşamın
ertəsi günü, bir də nazirə göndərdiyi ithaf şeirə cavab
çıxmayandan sonra. Hətta həmən nazirə belə bir qəzəbli
teleqram da vurur: “Şeirimdə Sizə yaltaqlandığım üçün
Sizdən artıq dərəcədə üzr istəyirəm!”
Sizə deyim ki, qardaşağam cəsarətsiz adam deyil,
danışdığına görə cavanlıqda, yaşadığı kənddə şair kimi ad
çıxaran vaxtlar bir dəfə kolxoz sədri ilə sözləri çəp
gəlib, hətta süpürləşiblər. Kolxozçular baxa-baxa gənc
şair kolxoz sədrinin üstünə çımxırıb: “Çox hoppanıb düşmə,
sən kolxozçunu alçalda bilərsən, şairi yox!” (Əsl
dissident sözüdür.)
Kolxoz sədri onu kepezedə on beş sutka yatırtsa da, şairi
sındıra bilməyib. O, sədrə mənən, fikir verin ha, mənən
qələbə çalıb. Amma həmən vaxtdan anlayıb ki, şairinki
sözdür, qol gücünə arxalanmaq onluq deyil.
Bu hadisədən on-on beş il sonra o, bir dəfə şeirini
qoltuğuna vurub “Azərbaycan gəncləri” qəzetində işləyən
şair Əliağa Kürçaylının yanına gedir. Əliağa Kürçaylı onun
şeirlərini bəyənməyib geri qaytarmaq istəyəndə aralarında
portlaşıqlıq düşür. O, deyir, bu deyir, axırda iş böyüyür,
özünü cilovlaya bilməyən Kürçaylı yeni müəllifin üzünə
yağlı bir şillə yapışdırır. Şairin şairə əl qaldırması
dostumun qanadlarını qırır, boğazını qurudur. Qələm
yoldaşına bircə bunu deyə bilir: “Sən şilləni mənim yox,
Azərbaycan poeziyasının üzünə vurdun!” və başını qoltuğuna
vurub çıxıb gedir.
Belə bir əhvalat da olub: Düşəndə bunun hesabına araq,
çaxır vuran az-çox tanınmış badəpərəst şairlərdən biri (ölməsəydi,
adını çəkərdim) dostumu hər görəndə deyirmiş ki, sən böyük
şairsən. Bir dəfə də o, dediyini deyəndə . . . . . . . .
kimi yumşaq adam özündən çıxır, nə çıxır: - Bura bax, ey,
mənə doqquzluq gəlmə, özüm yaxşı bilirəm ki, böyük şair
deyiləm. Yox, əgər sən məni böyük şair hesab edirsənsə,
bunu bir qəzetin küncündə yaz. Müsahibələr verəndə,
çıxışlar eləyəndə başqalarının böyüklüyündən dəm vurursan,
məni görəndə mənim. Adam kişi olar! Bu gündən səni döşdən
ayırıram. (Necə ki, ana uşağını döşdən ayırır.) Daha
sənnən oturdu yoxdu. Arağı zəhərə döndərirsən. Badəmiz
toqquşanda cingiltisi başıma düşür. Aqil Abbasın söyüşü
sənin dediyin sağlıqdan şirindir. Get!
Dostum cavanlıqda yeddi-səkkiz il Neft Daşlarında fəhlə,
buruq ustası işləyib. Dənizin dəymədüşərliyindən, Neft
daşlarından, qəhrəman neftçilərdən, qara qızıldan,
estakadalardan, mazuta bulaşmış qağayılardan, balıqların
kilkəsindən tutmuş nərəsinəcən çoxundan, növbə
gəmilərindən və vertolyotlarından bol-bol şeirlər yazıb.
Fəhlə-şair olub. İstehsalatda çalışa-çalışa qiyabi
Universitetin kimya fakültəsini bitirib. Daha sonra ədəbi
mühitə yaxın olmaqdan ötrü dənizdən quruya çıxıb. Xeyli
müddət Neft texnikumunda müəllimlik edib, dərs deyib.
Hətta çalışdığı tədris ocağında ədəbiyyat dərnəyi təşkil
edib. Deyilənə görə, o zaman ədəbi jurnalda işləyənlərdən
birinin uşağını texnikuma düzəldibmiş. Bir dəfə şeirlərini
dəstələyib həmən adamın üstünə gedir ki, əsərlərinin
çapına kömək etdirsin. Jurnal əməkdaşı şairin şeirlərini
gözdən keçirdib “zəifdir” deyə geri qaytaranda bu,
pipiyini qızardır:
- Ərkim olmasaydı, qapına gəlməzdim. Noolsun, şeirlərim
zəifdir, sənin uşağın da zəif idi də...
Siz elə bilməyin ki, bizim cənab üz vurub zorla zəif
şeirinin çap olunmasına nail olmaq istəyirmiş. Yox! O,
sözünü deyirmiş, həmkarının dəyişkən prinsiplərini lağa
qoyurmuş. Yenə də deyilənə görə, nə qədər ki, həmən adam o
jurnalda işləyib, dostum çap olunmaq üçün ora üz tutmayıb.
Əlbəttə, acığa yox, qəlbi sındığı üçün. Bu barədə də
məndən başqa heç kəsə heç nə deməyib. Mənə də giley kimi
deməyib, sözgəlişi eşitdirib, ürəyində qalmasın deyə...
Axı o, qarşıdurmanı, dedi-qodunu sevmir.
Yazıçılar Birliyinə arabir gedənəm, macal tapmıram. Bir
gün ürəyim istədi, bu doğma ocağımıza üz tutdum. Binanın
bayır qapısından içəri girəndə gördüm ki, çox sakitlikdir,
“qu” desən qulaq tutular. İkinci mərtəbədən də qalxdığım
pilləkənə səs gəlmirdi. Üçüncü mərtəbədən keçib, “Azərbaycan”,
“Ulduz”, “Qobustan” jurnallarının redaksiyaları yerləşən
dördüncü qata baş vurmaq istəyəndə Natəvan klubunun
qarşısındakı dəhlizdə tanış səs eşitdim. Bu, onun səsiydi.
Düşündüm, yəqin klubda tədbir var. Klubun diyircəkli
qapısını aralayıb içəri boylananda əlim üzümdə qaldı.
Səsin yiyəsini tanımağına düzgün tanımışdım, bunda
qeyri-adi bir şey yox idi. Qeyri-adı olan o idi ki, hərif
boş salona şeir oxuyurdu. Həmişəki həvəs və coşqunluqla.
Mən barmaqlarımın ucunda sakitcə salona girib əyləşdim.
Deyəsən, şeirin son bəndlərinə gəlib çatmışdım. Çünki mən
oturandan sonra cəmi ikicə bənd oxundu. Şeir bitsə də
tribun tribunadan düşmədi. Elə oradanca mənimlə salamlaşıb
hal-əhval tutdu və ah çəkib kövrək halda dedi:
- Mirzə, Yazıçılar Birliyinin binasını təmirə
dayandırırlar. Allah bilir bu şoğərib təmir haçana bitəcək.
Görəsən üstündə müqəddəs şəxslərin imzaları olan bu
tribunada çıxış etmək mənə bir də qismət olacaqmı? Bu
yaşda adamın ömrünə çox da etibar yoxdur. Məni dəmdə
saxlayan Natəvan klubu idi. Axı, mən hər gün, günaşırı,
orda-burda olanda ən azı həftədə bir dəfə bu tribunaya
çıxmağa öyrəşmişdim. Beş gündü Bakıda yoxdum. Bayaq binaya
girmişəm, görürəm ki, lələ köçüb, yurdu qalıb. Anar
müəllimin katibəsi dedi ki, jurnallar Tərcümə mərkəzinə və
“Azərbaycan” nəşriyyatına köçüblər. Qalxdım bura, ürəyimin
başı açıldı. - O, dalbadal bir neçə ah çəkdi və sözünə
davam etdi:
- Ömrümdə birinci dəfə idi ki, boş salona şeir oxudum.
- Bəs mən? – özümü ortalığa atdım.
- Sənə qədər iki şeir oxumuşdum, sən üçüncüsünün axırına
çatdın.
Onun tanış quru, tapdaq üslubunda sözü uzatdım:
- Deyirlər divarların da qulağı var.
- Yalan sözdür. – O, müdrikliyə keçdi. – Divarların qulağı
yoxdur. Varsa da, kardır. Onlar səsimi eşitmədi. Mən bu
məşhur salonda bir zamanlar çıxışlar etmiş böyük
ustadların ruhu qarşısında oxuyurdum o şeirləri.
. . . . . . . . sonuncu dəfə ah çəkib tribunadan endi və
biz qol-qola girib binadan çıxdıq. Məndən ayrılarkən
dostum dedi:
- Mirzə, çətin olacaq!
Onun arxasınca baxa-baxa düşündüm ki, doğrudan da, bu kişi
üçün çox ağır olacaq. Qeyri-müəyyən müddətə onun ədəbi
mühitlə, oxucularla əlaqəsi kəsilirdi, qələm dostları ilə
görüş yerini itirirdi. Hara getsin, kiminlə ünsiyyət
qursun? Hərənin öz işi-gücü, dərdi-səri... Qapı-qapı gəzən
deyil ki... Biri elə köhnə dostu Əjdər Ol. Anadan
qaş-qabaqlı doğulub. Heç vaxt işi qurtarmır. Bilməmişdik,
bunun əsnəyib gərnəşməyi də dövlət əhəmiyyətli məsələ imiş.
(Yeri gəlmişkən, işdə haçan telefonda ona rəsmi, quru
cavab verirəm, tezcənə sağollaşıb dəstəyi qoyur. Onu xoş
dindirəndə isə, uşaq kimi sevinib deyir: “Nə yaxşı, şair
vaxtına düşdüm, nə qədər ki, məmurluğun tutmayıb, bir az
dərdləşək!” Və başlayır, nə başlayır...) Bakıda isə, demək
olar ki, ədəbi yığıncaqlar, görüşlər keçirilmir. Sovet
dövründə heç olmasa Bədii ədəbiyyatı təbliğ bürosunun,
“Bilik” cəmiyyətinin xətti ilə respublikanı eninə-uzununa
gəzirdi. Pulu pul idi, gəzməyi gəzmək. Bakıda tək-tük
kitab mağazasına öz əlilə qoyduğu kitabları da satılmır,
vitrində dişi ağara qalıb. Bəzən tanış-bilişlərini görüb
təzə kitabından söz salanda kimsə etika xatirinə “O kitabı
necə tapmaq olar?” - deyə soruşursa, bu, məsələn,
“Akademkitab” mağazasını nişan verir. Qarşısındakı “Yolumu
ordan salıb mütləq kitabınızı alaram!” deyəndə dostum
içində yüngülvari forslanır və həmsöhbətindən ayrılıb
küçədə şax-şax yeriməyə başlayır. Aradan bir müddət
keçəndən sonra maraq üçün gedib satıcıdan kitabından neçə
nüsxə satıldığını soruşur, məlum olur ki, kitabları
mağazada necə qoyulubsa, elə də qalıb, onlara əl vuran
olmayıb. Siz elə bilirsiniz qarşınızdakı bu və ya buna
oxşar hadisədən pəjmürdə olub, sınır? Əsla! Belə kövrək və
şairanə məqamlarda o, sələflərini - şeirləri satılmayıb
əlində qalan Məhəmməd Hadini, nəinki şeiri, hətta bişirib
xırd eləmək istədiyi sabununa da yaxın durulmayan Mirzə
Ələkbər Sabiri xatırlayıb təskinlik tapır. O boyda
kişiləri çərlədib öldürdülər. Axırı nə oldu? Onlar
küllü-kuf oldular, ancaq dəyərli söz sahibləri əbədi
yaşadı. O, acığını qələm-kağızdan çıxır. Dünyada şeir
yazmaqdan yaxşı nə iş ola bilər?
Bu adam yazmaqdan başqa həm də kitab oxumaq xəstəsidir.
Ona avtoqrafla bağışlanan bütün kitabları oxuyub özündə
saxlayır. Birini də atmaz. Kimdə haçansa çıxmış kitabından
son nüsxə qalmayıbsa və o adam həmən kitabdan . . . . . .
. . yə hədiyyə veribsə, utanmadan qələm dostuna müraciət
edə bilər. Yeri düşmüşkən, görün mənim başıma bir dəfə nə
gəlib? Bu gözəl insan ona bağışladığım kitabı metronun
basabasında əlindən salıb itiribmiş. Ertəsi gün qarlı
havada büdrəyə-büdrəyə, sürüşə-sürüşə gəlib məndən hədiyyə
kitabın dublikatını aldı. Dediyinə görə, bu hadisəni
gündəliyində də qeyd edib. Ancaq biz qələm dostları onun
kitablarını göz-bəbəyimiz kimi qoruyuruqmu? Ay-hay!
Bayaq “gündəlik” dedim, fikrim onun gündəliyindən oxuduğum
bəzi səhifələrə getdi.
Həmən gündəliyə son əlli ildə onun görüşdüyü, münasibətdə
olduğu bütün adamların adı düşüb. Özü də zalım oğlu gününü
bütün təfərrüatı ilə gündəliyə köçürür. Görəsən, kimin
üçün yazır o bunları? Onun yazdıqlarını axıra qədər
oxumağa hövsələsi çatan olacaqmı? Axı, bu gündəlik
dəvəçatladandır. Gəlin, onun gündəliyinin bir gününə baxaq.
“14.04.87. Səhər saat 630-da yuxudan oyandım. Özümü gümrah
hiss edirdim. Dan yeri qızarmışdı. Yuyunub yazı masasının
arxasına keçdim. İki şeir yazdım. Elə qələmi təzəcə yerə
qoymuşdum ki, Zili xanım (arvadının qısaldılmış adı)
gülərüzlə içəri girib, bir stəkan pürrəngi çay gətirdi”...
Səhifəni çevirirəm. “Metroya minəndə şair Səyavuş
Məmmədzadəyə rast gəldim. İki stansiya eyni istiqamətdə
getdik. Sonuncu kitabımı “Dostum Məmmədzadəyə, Özü, sözü
sadəyə” avoqrafı ilə ona bağışladım. Sabah günorta onun
işlədiyi redaksiyada görüşmək üçün vədələşib ayrıldıq.
Ayrılanda onun son sözü bu oldu: “Gələrsən, bir partiya
şahmat da oynayarıq! ”
Dördüncü səhifənin orta abzasını oxuyuram. “Poçt şöbəsinə
gedib ötən ayın elektrik pulunu ödədim”.
Yeddinci səhifənin axırıncı cümləsi: “Gecə saat 1100-dir,
yatmaq vaxtıdır”.
Bu da bunun gündəliyi. Bu, təkcə gündəlik deyil, həm də
saatlıqdır, dəqiqəlikdir, hətta bəlkə anlıqdır. Axı, belə
xırdaçılığın kimə nə dəxli var? Gündəlik görməmişik? Günə,
həftəyə, bəzən aya bir-iki, üç-dörd samballı cümlə,
maraqlı həyat müşahidəsi...
Rus şairəsi Marina Svetayevanın “Praqa cəngavəri” şeirinin
iki misrası belədir:
“Ya tebe po rostu,
Prajskiy rıtsar!”
(“Boyum boyuna yaraşır,
Praqa cəngavəri!”)
Şairə Praqa şəhərində cəngavərə qoyulmuş heykələ baxarkən
bu misraları pıçıldayıb. Nəsə həmişə mənə elə gəlib ki,
sevgilisi ilə, əri ilə boyları biri-birinə uyğun gəlməyən
və bunu ürəyinə salan birisi yaza bilər belə şeiri.
. . . . . . . . ni də çox narahat edən bir məsələ var –
unudulmamaq, şair kimi tarixdə qalmaq. Özü yaddan çıxsa da,
heç olmasa bir-iki şeiri ədəbiyyat tarixinə düşsün. Ədəbi
keçmişimizdə belələri az deyil. Bəlkə elə buna görə də o,
ömrü boyu vurnuxub, özünü oda-közə vurub, bütün yaradıcı
adamlara yaxşı olub, heç bir yığıncağı buraxmayıb, canına
cəfa basıb şəkilə düşəcək, lentə, yazıya alınacaq
görüşlərə tələsib. Şeirlərini hara gəldi səpələyib, yəni
baxmayıb bu jurnal, bu qəzet tanınır-tanınmır,
satılır-satılmır, hansı məzhəbə qulluq eləyir. Kimdir
gələcəkdə onun şəklini kollektiv fotodan kəsib atan?
Kimdir o ümumi təsvirdə görünməsin deyə videolenti
korlayıb şikəst eləyən, yaxud saxtakarlıq edib hər hansı
tədbirdə çıxış edənlərin qəzet məlumatında gedən
siyahısından onun adını çıxardan? Bunlar kimin nəyinə
lazımdır?
Sonuncu kitabım çıxandan üç-dörd ay sonra dostum mənə dedi:
- Mirzə, sən niyə yeni kitabının təqdimatını keçirmirsən?
İndi yerindənduran təqdimetmə mərasimi düzəldir.
Qımışdım:
- Buna nə ehtiyac? Onsuz da kimləri ki, kitabımın
təqdimatına dəvət etməyə ərkim çatır, onlara mərasim
olmadan da kitab göndərirəm. Dost-tanışa artıq əziyyət
vermək nəyə gərək?
Dostum:
- Bəs tarix? Təqdimat mərasimi təkcə kitab paylamaq üçün
deyil ki... Orada təbliğ olunursan. Sonra da qəzetlərə
müsahibə, çəkiliş, avtoqraf yazmaq...
- Boş ver!
- Bilirsən, məşhur bir siyasətçi nə deyib?
- Nə deyib?
- Deyib ki, əgər bir yığıncağa dəvət edilmişəmsə, orada
çıxış etməliyəm, çıxış etmişəmsə, o çıxış videolentə
çəkilməlidir, çəkiliş aparılıbsa, efirdə göstərilməlidir,
əgər saydıqlarım olmayacaqdısa, mən elə tədbirə nə üçün
getməliydim?!
- O, siyasətçidir.
- Biz də şairik. Bilirsən “Quran”da şairlər haqda nə
deyilir?
- “Quran”da deyilir ki, peyğəmbərlərdən sonra şairlər
gəlir.
- Öz aramızdır, peyğəmbərlər də siyasətçi olub də...
Heç görmədim ki, bu kişi kiminsə dalınca yaman danışsın.
Mən də millətimin oğluyam, boynuma alıram ki, boşboğazlığı
sevirik, çənədən sazıq. Yerli-yersiz, dəxli oldu-olmadı
hüdüləyib tökürük. Çərənçilikdə, söz içindən söz
çıxartmaqda, deyiləni ora-bura yozmaqda bizə çatan olmaz.
O ayrı söhbətdir ki, qeybət bizim millətin stresini
götürür, eynini açır, ancaq hər şeyin bir həddi olsa
yaxşıdır. Düzü, dalımca danışanlar öz millətimdən olanda
qorxmuram, bilirəm ki, dedikləri elə orada da qalacaq.
Ancaq, Allah eləməsin ingilis, yəhudi, rus... qeybətini
qırsın, elə olsa, bil ki, işin şuluqdur, dediklərini
eləyəcəklər.
Qrafomanın əlindən fərli bir iş gəlməsə də, dilinə yiyəlik
eləyə bilir, artıq-əskik danışmır. Tutaq ki, xalq şairi
F.Qocadan TV-də cavan bir qız müsahibə götürür və sonda
ondan xahiş edir:
- Fikrət müəllim, bəlkə sevgi haqda bir şeir oxuyasınız.
Şair gülümsəyib batıq səslə cavab verir:
- Qızım, bu səslə sevgi şeiri oxumazlar.
Ertəsi gün Fikrət Qocanı gözü götürməyən, paxıllıqdan içi
qurum bağlamış beş-altı nəfər badə arxasında bu mükaliməni
lağa qoyur.
Biri deyir: (vaxtilə dost olub, hətta kitablarının birinə
ön sözü F.Qoca yazıb)
- Fikrətə deyən gərək, o batıq səslə yuxarılara yarına
bilirsən, sevgi şeiri oxuya bilmirsən?
O birilər də ona züy tuturlar.
Ancaq dostum heç vaxt belələrinə qoşulmaz. Hətta tənqidçi
Tehran Əlişanoğlu onun şeir kitabına ön söz yazmaqdan
imtina edib sözünü yerə salanda incimədi. Yazmır, yazmasın,
canı sağ olsun! Əgər fors eyləyirsə, bilsin ki, o forsdan
bizdə də var. Vaxtı yoxdursa, o başqa məsələ. O, yazmaz,
Vaqif Yusifli yazar. Necə ki, yazdı. Özü də bircə gecəyə.
Vaqif də yaxasını qırağa çəksəydi, Nizami Cəfərova üz
vuracaqdı. Nizami qızıl kimi oğlandır, kim üstünə gedirsə,
qəlbini qırmır, ağına-bozuna baxmadan bir ucdan hamısının
kitabına qəşəng ön söz yazır. Çünki, xeyirxahdır. Xülasə...
Bir dəfə onunla üz-üzə oturub çay içə-içə söhbət edirdik.
Zalım oğlu adama elə huş-guşla qulaq asır ki,
danışdığından həzz alırsan. Söhbət gedib 1954-cü ilə çıxdı.
Eşitdiyim bir əhvalatı ona danışmağa başladım. Həmən ildə
Səməd Vurğun öz qara maşını ilə bizim qəsəbəyə gəlibmiş.
O, qamış zavodunun direktoru, dostu Əhəd kişini götürüb
ova gedəcəkmiş. Zavodun qapısında adamlar şairin başına
yığışırlar. Səməd Vurğun onlarla bir az söhbət etdikdən
sonra maşının yük yerini açıb ov tazısını yerə düşürdür,
sonra yol çantasından arasına küftə qoyulmuş çörək
parçasını çıxardıb itə atır. Tazı məşhur adamın atdığı
küftə-çörəyi ləzzətlə yeyəndə qamış zavodunda işləyən
Lətif kişi heyran-heyran dillənir.
- İtin olaydım, a Səməd!
. . . . . . . . Səməd Vurğun haqqında bir qatar xoş söz
deyib fikrini belə tamamladı: “Biz xalq tərəfindən Səməd
Vurğunun iti qədər də sevilmirik”.
Belə təvazökar kişinin xətrini necə istəməyəsən?!
Məsələn, məclisdə birinin şərəfinə sağlıq deyiləndə,
görürsən xəmir kimi yayılıb gedir, istəyir tost uzandıqca
uzansın. Amma neçə dəfə sınamışam, bu tamada dostumu ikicə
abzaslıq təriflədi, sağ əlini qaldıracaq və onun sözünü
kəsib deyəcək: “Mirzə, bəsimdi! Arağı soyutmayaq!”
Günlərin bir günü rəssam dostum Sakit Məmmədovun
emalatxanasında idim. Maraqlananlar bilir ki, Sakitin
emalatxanasına bitişik sərgi salonu da var. Qrafoman da
hardansa hərlənib-fırlanıb buraya gəlib çıxdı. Üçümüz
sərgi salonuna keçdik. Bir azdan mən rəssamın “Adəm və
Həvva” tablosunun qabağında bitib qaldım. Şair dostum
Sakitin bələdçiliyi ilə bütün rəsm əsərlərini gözdən
keçirtdi. Sonra biz rəssamın qonaq otağında çay içəndə
Sakitin əl işlərini o qədər təriflədi, rəssam döyükməyə,
narahat olmağa başladı. Hiss etdim ki, tərif artıqlıq
eləyir.
Qrafoman çıxıb gedəndən sonra Sakit dedi:
- Sənin dostunun deyəsən rəssamlıq sənətindən başı çıxmır.
O, şəkillərə münasib məsafədən, düzgün bucaq altından
baxmırdı. Mənə elə bəy tərifi dedi ki, çaşdım.
Eşidib-bilən olar, ayıbdır.
Mən Sakiti sakitləşdirdim:
- O yazıq bəlkə də ömründə tərifdən inciyən adam görməyib.
İnan, bilsəydi ki, tərifi xətrinə dəyib, səndən inciməzdi.
Qələm dostum haqqında bir tanınmış rəssamın fikrini
yaxşılığa doğru dəyişdiyimə görə çox məmnun oldum.
Amma iş bununla bitmir. Neçə dəfə ona ərk eləyib
eşitdirmişəm ki, bütün qələm sahiblərinə “istedadlı”
ayaması yapışdırma! Yaxşıynan pisin fərqi var, axı? Kimə
deyirsən? Bədxahlıq kimi xeyirxahlığın da qarşısını almaq
mümkün deyil. Haçan, kimin yığıncağına yollanırıqsa,
“Tərifləməyə gedirik də!” deyir. Amma dediyində bir
həqiqət də var. Kimin məclisində ona sataşıblar? Həmişə
artıq deyiblərsə də, əskik deməyiblər. Rəhmətlik Xəlil Rza
tanıdı, tanımadı hər kəsə belə avtoqraf yazardı: “Xalqımın
igid oğluna!” Bir dəfə bunun səbəbini ondan soruşanda
məğrur şair dedi:
- O qədər xırda, boynubükük, yazıq, yaramaz,
boşqabdibiyalayan görürəm ki, biri azaçıq seçiləndə ona
igid kimi baxıram.
Qələm adamlarının çoxu gileylənir ki, indi hamı yazır.
Mənim dostum da belə düşünür. Gəlin görək bu, belədirmi?
Bu ona bənzəyir ki, xəstəxanada xəstələrə baxıb elə
biləsən hamı xəstədir. Yaxud bazarı, vağzalı tünlük görüb
deyəsən ki, hamı bazardadır, vağzaldadır. Ədəbi mühit də
xəstəxana kimi, bazar kimi, vağzal kimi qaynayır. Burada
da adamlar ət-ətə dayanıblar. Amma bunun nəyi pisdir ki?
Təki yazan, yaradan çox olsun. Mən hələ görmədim ki,
istedadlı yazıçı həmkarlarının çoxluğuna darılsın. Həmişə
istedadsız adam rəqibdən qorxur. O, elə bilir ki, hamı
onun yerini dar eləyir. Natəvan klubunda gənc yazıçılardan
biri Süleyman Rəhimovu sərt tənqid etdikdən sonra qəzəblə
ona deyir:
- Yaza bilmirsiniz, qələmi atın yerə!
S.Rəhimov qımışa-qımışa cavab verir:
- Qələmi atım yerə, sən götürəsən? Onu görməyəcəksən!
Yazıçı Anarın “Gecə düşüncələri”ndə bir atmacası var:
“Şair Dayandoldurum”. Yəni, fəhmi, fərasəti, kəsəri
dayandoldurum tüfənginə oxşayan şair. Səkkizinci sinifdə
oxuyanda bir dəfə sinifimizdə güclü-zəif şagirdlərdən söz
düşmüşdü. Üzümü Azərbaycan dili və ədəbiyyatından bizə
dərs deyən Xanəli müəllimə tutub dedim:
- Nola, sinifimizi iki yerə bölələr, yaxşı oxuyanlar ayrı
oxuya, pis oxuyanlar ayrı.
Müəllimim pıqqıldayıb güldü və məni lağa qoydu: - Bunun
dağar-dağar danışmağına bax! Guya bu yaxşı oxuyandı?!
Ağluva keçə yamıyım!
Dediyim odur ki, . . . . . . . . nin qrafomanlığından
danışmağıma bənd olmayın, qrafomanın yekəsi elə mən özüməm.
Yoxsa, taraz adam da əziz dostu haqqında belə sicilləmə
yazar? Bu nə dostluq oldu ki? Belə dostluğun içinə iş . .
. . . . . . .
Bu şeir bülbülü bütün qələm dostlarına “Şair!” deyə
müraciət edir ki, onu da belə çağırsınlar. Təxminən on beş
il bundan qabaq Semaşko xəstəxanasının qabağından üzüaşağı
enirdim. Bir də gördüm arxadan lap yolpolislərifason
mikrofonla “Şair!” deyə qışqırırlar. Geri baxanda yolun o
üzündə lələşimim köhnə QAZ-31-ni gördüm. (Onda onun maşını
vardı, sonra saxlaya bilmədi, satdı.) Dostum maşını
xıxdırıb pəncərədən mənə əl eləyirdi. Yolumdan qayıdıb
ərklə ona irad tuturam:
- A kişi, səsini başına atıb bizi biabır eləmə, nə
şairbazlıqdır?
O, şirin-şirin gülümsəyir:
- Qoy görsünlər ki, küçədən şair keçir. Şair keçən küçə
müqəddəsdir.
Mən ona ilişirəm:
- Bakıda dönə-dönə keçmədiyin küçə yoxdur, bəlkə yığışıb
Hacıbala müəllimin qarşısında məsələ qaldıraq ki, bu
küçələrdən birini sənin adına qoysunlar?
O, ciddiləşir:
- Vəsiyyət eləmişəm, doğulduğum rayonun dördüncü, beşinci
dərəcəli küçələrindən birinə mənim adımı versinlər.
- Niyə dördüncü, beşinci dərəcəli küçələrindən birinə?
- Əsas küçələr siyasilərin adına olur. Zəmanə dəyişəndə
birinci onların adları dəyişir. Yadındadır, Bakıda Leninin
də prospekti vardı?
Mövzunu dəyişirəm:
- Maşınındakı bu hoqqa (səsgücləndirici) nədən ötrüdür?
- Heç həyatda səsimi qaldırdığımı eşitmisən? Yox! Bir də
görürsən düşdüm ucqar bir kəndə. Başıma yığışıb boğaz
çəkirlər ki, şeir oxuyum. Qoşuram mikrofonu, püləyirəm.
Şair dinləyicini nəzərə almalıdır. Şeir oxunursa, aydın
eşidilməlidir. Niyə boğazıma güc verməliyəm? Qoy
mikrofonun boğazı cırılsın də... Otur maşına hara
istəyirsən, aparım səni!
- İşin-gücün yoxdur?
- Bu da işdir də. Qələm dostumu getdiyi yerə vaxtında
çatdırmaqdan savab iş ola bilər?
- Sağ ol, yolum piyadalıqdır.
- Həmişə qulluğunda hazıram!
O, maşını sürüb uzaqlaşır və yenə də məni mat qoyur. Bu
kişidən incimək mümkün deyil.
Dostum, gördüyünüz kimi, öz yerini, öz gücünü biləndir.
Qəti aldanıb küyə getməz. Aldanıb küyə gedənləri də
ayıltmağa, ziyanın yarısından qayıtmağa çağırandır. Ötən
əsrin doxsanıncı illərində sağ əlini yuxarı qaldırıb, baş,
şəhadət, orta barmaqlarını birləşdirərək qurd başı füquru
düzəldən və səsini başına atıb “Bizə heç kəs bata bilməz,
biz bozqurddan törəmişik!” hayqırmaqla döşünə döyən və
küçələrə tökülən dəliqanlılara dediyi sözləri öz qulağımla
eşitmişəm: “Qardaşlar, ehtiyatlı olun, unutmayın ki, bizim
totemimiz bozqurddursa, fildən, aslandan, pələngdən,
bəbirdən, ikibaşlı qartaldan, əjdahadan törəyən xalqlar da
var. Onların dövrəsindəyik. Güclülərə dirsək göstərib
yersiz qurban getməkdənsə, ölməmək üstündür”.
O, həm kitablarının annotasiyasında, həm də mətbuatda
şeirləri çap olunarkən mütləq adının böyründə “Azərbaycan
Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin
üzvü” yazdırmalıdır. Ona elə gəlir ki, belə təqdimat daha
təmtəraqlı və daha sanballıdır. Bax, bu da qrafomanlığın
bir əlamətidir. Yetmiş yaşında yazıçının Yazıçılar
Birliyinin üzvü olması kimi təəccübləndirə bilər, ay məni
öldürən?! Heç İsa Muğanna bir yazısının altında və ya
üstündə imzasını qoyanda Yazıçılar Birliyinin üzvü
olduğunu yada salır? Heç görmüsənmi Arif Məlikovu təqdim
edəndə desinlər: “Bəstəkarlar İttifaqının üzvü Arif
Məlikovun “Məhəbbət əfsanəsi” baleti...? Heç yadına
gəlirmi ki, Tahir Salahovun Rəssamlar İttifaqının üzvü
olduğunu xüsusi vurğulasınlar? Bu nə düşüklükdür? Gücü
qələmə ver də!
Mən ona irad tutsam, bilirəm, cavabı təxminən belə olacaq:
- Mirzə, hər kəs təmsil olunduğu təşkilatı təbliğ
etməlidir!
Ümumiyyətlə, haçan qızıb “Qızım sənə deyirəm, gəlinim sən
eşit!” üslubunda ərklə onu qınayıram, o, cınqırını
çıxartmadan axıra qədər diqqətlə məni dinləyib sonda
yumşaq-yumşaq, ipək kimi işıldaya-işıldaya dillənir:
- Halıma yanıb mənə ürəkdən qəzəbləndiyinə və boğazını
gücə saldığına görə, dost yolunda şəkərin və qan təzyiqin
qalxdığı üçün sənə ürəkdən minnətdarlığımı, təşəkkürümü
bildirirəm, çox sağ ol!
Görürsünüz o, adamı necə bağlayır?!
Bir dəfə şair Qabil bunun yanında aktyor Ağalar Bayramova
deyir ki, Məmməd Arazın şeirlərini Ətağanın qəbrinə
döndərmisən, arada bizdən də bir şey oxu də...
Ağalar əvvəlcə çaşır, axı onun əzbərində Qabilin xeyli
şeiri var. Bəs bu nə gileydir? Fikrə gedir və birdən
barmağını dişləyir. Ay dadı-bidad, şair qələm dostunun
şeirlərini işə sürmək istəyir. Çünki ən azından . . . . .
. . . vətənpərvər adam kimi özünü doğrultmuş adamdır.
Qarabağ məsələsi qızışandan, milli azadlıq hərakatı
başlayandan ta üzübəri, axır illərə kimi o, sıravi
vətəndaş olaraq həmişə fəallıq göstərib. Vacib deyil ki,
mütləq hərəkatın liderlərindən birinə çevriləsən. Bəyəm
sıra nəfəri kimi üzərinə düşən vəzifələri yerinə yetirmək
azdır?
1988-ci ilin 17 noyabrından - 5 dekabrına qədər uzanan
fasiləsiz mitinqlərdə dostum gecəli-gündüzlü xalqın
arasında oldu. Gündüz mitinqlərində iştirak etmək öz
yerində, şəxsən mən o hadisələr zamanı altı gecəni Azadlıq
meydanında dirigözlü açmışam. Həmən altı gecənin altısında
da mikrofon söndürüləndən sonra bu patriotu meydanda
azadlığın keşiyində dayanan dəliqanlılarla qol-qola
gəzişən, mücahidlərlə söhbət edən, şeir oxuyan gördüm.
Hava soyuq olduğu üçün səhərə qədər hamı hərəkətdə olurdu.
Meydanda çatılan ocaqların tüstüsü burnumuzu-boğazımızı
qurudurdu. Səhərlər hamımız his iyi verirdik. Amma baş
verənlər çox maraqlı idi, damarlarımızda qan qaynayırdı.
Meydanda gəzənlər pəh, nə əzəmətli görünürdü... Vallah,
billah, tallah milli qürurdan böyük duyğu ola bilməz. O
günlərdə meydana gətirilmiş üçrəngli bayrağın dəstəyindən
yapışmaq üstə dava düşürdü. Gecə ocaqların başında
adamların həmrəylik şüarları, saz, zurna, qarmon, qaval
səsi, odlu söhbətlər, şirin zarafatlar adama elə xoş
gəlirdi ki... Gecələrin birində dostumla yanaşı var-gəl
edirdik. Birdən hay düşdü, qabaqda üç-dörd tağalaqpapaqlı
gənc, arxalarında da bir hay-küylü dəstə “Yol verin,
Ağasəlim qədeş gəlir!” deyə-deyə adamları yarıb ən iri
ocağın başına toplaşdılar. Tağalaqpapaqlılardan biri
əlində gətirdiyi taxta kətili yerə qoyan kimi meyxanaçı
Ağasəlim Çıldağ şəstlə kətildə əyləşib meyxanaya başladı:
Ay can alan, can Qarabağ bizimdü,
Yan, Balayan, yan, Qarabağ bizimdü...
Üzü-gözü işıq saçan dostum həyəcanla dedi:
- Qurban olum millətimə, azadlıq uğrunda meyxanaçılar da
ayağa qalxıb! Zori Balayan kimi daşnaklar mənfur
arzularına çata bilməyəcəklər!
Mitinqin axırıncı axşamı da biz Azadlıq meydanında idik.
Komendant saatının başlamasına hələ vardı. Amma meydan
əvvəlki meydan deyildi. Adamlar seyrəlmişdi, ortada
qalanlar da yorğun-arğın görünürdü, üzgün gəzirdi. Ordu
meydanı tamam dövrəyə almışdı. Aydınca görünürdü ki,
meydanın axır-axırıdır. Yuxarılar təşkilatçılardan
mitinqin dağıdılmasını günü-gündən daha artıq təkidlə
tələb edirdi. Belə vaxtda mən dostumla poeziya dərnəyindən
tanıdığım Nemət Pənahlının çadırına yaxınlaşıb,
qoruqçulardan ona xəbər yolladıq ki, liderlə görüşmək
istəyirik. Onca dəqiqə keçməmiş Nemət gəldi. O, oturaq
mitinqin ilk günlərindəki Nemət deyildi, sınıxmışdı.
Öpüşüb-görüşüb mitinqin taleyi barədə danışmağa başladıq.
Dostumla sözümüzün canı beləydi ki, daha bəsdir, mitinq
dağılsa yaxşıdır. Nemət dinmədi. Həmin günlərdə
vətənpərvərlərlə yanaşı Nemətə o qədər təxribatçı,
öyrədilmiş adamlar yanaşırdı ki, onun üçün dostla-düşməni
ayırd eləmək müşküldü. Bir anlıq mənə elə gəldi ki,
azadlıq aşiqi bizə də öyrədilib göndərilmiş adamlar kimi
baxdı. Həm də təzə söz demirdik. Yazığın qulağı bu sözləri
eşitməkdən yağır olmuşdu. Sabah yenidən görüşmək ümidilə
sağollaşıb, ondan ayrıldıq.
Mən altdan-üstən möhkəm geyinmişdim, fikrim gecəni
meydanda qalmaq idi. Ancaq qələm dostum özünü sabahkı
gecəyə saxlamışdı, şalvarı yalınqat idi, altdan dizlik
geyinməmişdi. Sabah gecə Nemət Pənahlı ilə görüşəcəkdik
deyə mən də (Mitinq vaxtı tapışmaq mümkün deyildi, o,
yuxarıda, biz aşağıda) meydanda qalmadım, qoşalaşıb
metroya sarı getdik. Səhər eşitdik ki, həmən gecə ordu
Azadlıq meydanını boşaldıb.
Sonrakı hadisələrdə də dostum ən diribaş sıravi idi. 20
yanvar şəhidlərinin dəfnində o da çiynini bir tabutun
altına vermişdi. Şəhidlərə qırx gün yas tutub, saqqal
saxlamışdı. (Üç-dörd il əvvəl jurnalda həmən vaxt
çəkdirdiyi şəkli şeirləri ilə bərabər çap olunmuşdu.)
Mən ona 1991-ci ildə Qarabağ savaşında da rast gəlmişəm.
Füzuli cəbhəsində sürünə-sürünə səngərə girəndə gördüm ki,
bu da əsgərlərimizin yanındadır. Biri-birimizə sarıldıq.
Dostum tozun-torpağın içindəydi, tər iyi verirdi, üzünü
tük basmışdı. Dediyinə görə, bir həftəydi Qazaxdan
başlayaraq cəbhə xəttindədir, döyüş bölgələrində
əsgərlərlə yatıb durur, onları haqq işimiz uğrunda
qələbəyə ruhlandırır...
Eh, canciyərimdən o qədər danışmalı söhbət var...
Dostumun bir zamanlar xarici ölkələrə getmək arzusunun
gözündə qalması harada yadıma düşsə yaxşıdır? Bayaq adını
çəkdiyim Romada. Uçuq-sökük, daşları ovulmuş, iki min ilin
yadigarı Kolizeydə gedib durmuşdum bir zamanlar sezarların
qladiator döyüşlərinə baxdığı yerdə. Fikir məni aparmışdı,
ətrafımda qarışqa kimi qaynaşan turistləri qədim romalılar
kimi təsəvvür edirdim. Elə bilirdim ki, bir azdan təbillər
çalınacaq, qladiatorlar Kolizeyin zirzəmisindəki dolanbac
yollardan keçirilib meydana gətiriləcək və həngamə qopacaq.
Məhşur boksçu Məhəmməd Əli deyərmiş ki, boks iki zəncinin
biri-birilə vuruşması deməkdir. Böyür-başımda hərlənən
yekəpər zənci turistlərə baxıb qladiator uydurmağa nə
vardı ki...
Birdən güclü yağış başladı. Hərə başını bir daldaya soxdu.
Yəqin qladiatorlar döyüşü zamanı da qəfil güclü yağış
yağanda məsələn, başda Avqust Sezar olmaqla bütün
tamaşaçılar bizim günümüzə düşürmüş. Bir anlıq elə hesab
elədim ki, . . . . . . . . də yanımdadır, özü də bərk
islanıb. Əgər o, yol yoldaşım olsaydı, Kolizeydəki qəfil
yağış haqda, Romanın xarabalıqları barədə bir kitablıq
şeir yazacaqdı və onları Bakıda bir-bir mənə oxutduracaqdı.
Yazıq canım!..
Ötən əsrin yetmişinci illərində Vyetnamda olmuş şair
Ağasəfa öz səfərindən necə ağızdolusu danışmışdısa, . . .
. . . . . uzun illər Vyetnam həsrətilə yaşadı. Sovet
dövləti dağılmasaydı, hökumət hesabına sosialist
ölkələrindən birinə getmək yəqin, ona da qismət olacaqdı.
Keçmiş olsun...
Ancaq indi o, heç bir ölkəyə can atmır. Dediyinə görə,
xəyalən bütün dünyanı dolanıb, Kuba inqilabından üzübəri
dünyada baş verən böyük hadisələrin hamısına şeirlə
münasibətini bildirib.
Həyatımda çox badəpərəst şair görmüşəm. Hərəsinin bir cür
özəlliyi olub. Eləsinə rast gəlmişəm ki, qırx il içki
şüşəsinə yoldaşlıq edib, amma hələ də sirdaşı ilə düzgün
davranmır. Bir az içən kimi üzü-gözü əyilir,
özündə-sözündə olmur, onunla oturduğuna peşmanlayırsan,
yediyini-içdiyini burnundan gətirir.
Heç kəs bu şair dostum kimi badəni şirin içə və içirdə
bilməz. Onun əli dəyən dolu araq şüşəsi xüsusi qiymətə
minir və həqiqətən ceyran südünə çevrilir. Adam onun
məclisində lap zəhəri də araq kimi başına çəkə bilər.
Bir dəfə ona dedim:
- Vallah, səninlə içəndə arağın dadı-tamı dəyişir.
O, dərindən ah çəkib dilləndi:
- İndi araqda o şirinlik qalmayıb. Bəlkə də qocalmışam, nə
bilim, ağzımın dadı qaçıb. Eh, yaxşı vuran vaxtlarımız
olub. Günortadan başlanan məclislərimiz gecə yarısına
qədər uzanardı. Danışardıq, poetik sağlıqlar deyərdik,
şeir oxuyardıq, müzakirə, mübahisə edərdik, biri-birimizin
boynuna sarılardıq, şirin xəyallara dalardıq... Əşşi,
vallah o günlərin ayrı ləzzəti vardı. İndikilər kimi
deyildik, didişməzdik, “can” deyib, “can” eşidərdik. O
günlər yadıma düşəndə xiffətdən cızdağım çıxır. Bir dəfə
növbəti məclisimizdən sonra dostumuzun biri bərk keflənib
açarını itirmişdi.
- Kim? – maraqla soruşdum.
- Hövsələn olsun də, – o, üzünü turşutdu – tutaq ki, Ömər
Xəyyam... heç dəxli var, əsas hadisənin özüdür,
danışdığımı axıra qədər dinlə, qəhrəmanı özün tanıyacaqsan...
Hə, gecədən keçirdi. Yaxşı yadımdadır, hava soyuq olsa da,
göyün üzü elə aydın idi ki... Ayqarışıq bütün ulduzlar
apaydın görünürdü. Deyirlər Misir gecələri belə olur.
Səkkiz yaza-yaza yeriyən dostum əlini iri ulduzlardan
birinə uzadıb, – Mən ora uçmaq istəyirəm! – deyirdi və
qollarını quş qanadı kimi çırpırdı. Belə vəziyyətdə
həmpiyaləmi tək buraxa bilməzdim.
- Qardaş, ulduzların yanına uçmaq yox, evə getmək vaxtıdır!
– deyə mən dostumu taksi dayanacağına sarı sürüyürdüm...
Nəhayət, taksiyə əyləşib dostumun yaşadığı məhəlləyə
gəldik. Dostum evini çaş-baş salmışdı. Mən ona kömək edə
bilməzdim, buralara nabələddim. Xeyli gicələk qalandan
sonra onunla divara sürtünə-sürtünə beşmərtəbəli bir
binanın giriş qapısından içəri keçib, ikinci mərtəbəyə
qalxdıq. Dostum qapının zəngini basdı. Bu vaxt mən daldaya
çəkildim. İstəmirdim özümü göstərim. Handan-hana qapı
açıldı və qapıda başı-gözü yun şalla bərk-bərk sarılı bir
arvad göründü. Təzəcə hamamdan çıxana oxşayırdı, yəqin
özünü soyuqdan qoruyurdu. Dostum deyəsən qadını tanımadı.
Şübhə içində dili topuq vura-vura soruşdu:
- Bağışlayin, – öz adını çəkdi – burada yaşayır?
Qadın çımxırdı:
- Yox! Burada yaşamır. O, ölüb, qırxı da çoxdan çıxıb.
Dostum kövrək-kövrək dilləndi:
- Bacı, elə deməyin, vallah, o, yaxşı oğlandır, adı pis
çıxıb.
Qadın qapını çırpıb örtdü.
Dostum tərəddüd içində mənə sarı baxıb dilləndi:
- Deyəsən səhv gəlmişik.
Soyuqda iki saata qədər o binanın həndəvərində hərlənəndən
sonra dostumun başı bir az aynıdı. Məlum oldu ki, ev
yiyəsi mənzilini düz tapıbmış. Sadəcə qadını dostum evə
tez-tez sərxoş gəldiyindən qəzəbləndiyi üçün qapını onun
üzünə çırpıbmış.
Bildin də, kimdən danışırdım? – o, danışdığı əhvalata
yekun vurdu.
Dəqiq kimdən söhbət getdiyini ayırd edə bilməsəm də,
başımı tərpətməklə “hə” dedim.
Son zamanlar tez-tez xatirələrini yazacağını deyir. O,
yazmaq istədiklərinin bir neçəsini vaxtaşırı mənə danışıb.
Bir qələm sahibi kimi memuar yazılarında da özünü göstərə
bilməsə, onda apar qaytar. Bayaqdan gicgahını qaşıyıb
dostumun danışdıqlarından heç olmasa birini yadıma salmaq
istəyirəm. İlk şeirinin çap olunması, birinci dəfə
həyəcanla Yazıçılar Birliyinə ayaq basması, Əliağa Vahidin
onu “Kazbek” dalınca göndərməsi, Yazıçılar İttifaqına üzv
olmaq üçün Osman Sarıvəllidən zəmanət alması, Neft
daşlarına səyahət edən Xruşşovu yaxından görməsi, əmək
qəhrəmanı neftçi Qurbanla dostluğu və sair və ilaxır...
Hə, onun yazacağı xatirələrdən biri yadıma düşdü. Təxminən
otuz il əvvəl yay vaxtı o, Yeseninin Mərdəkandakı ev
muzeyində şair Vladimir Qafarova rast gəlir. Canıyanan və
qonaqpərvər Qafarov onu darta-darta Şüvəlana – bağına
gətirir. Allah verəndən yeyib-içirlər, ordan-burdan söhbət
edirlər, şeir oxuyurlar... Başları elə qarışır ki, bir də
ayılırlar qaş qaralıb, axşam düşüb. Xoşbəxtlikdən qonaq
evə tələsmirmiş, arvad-uşağı rayona göndəribmiş. Volodya
tək, o tək. İki təkinki yaxşı tutar. Bu zaman dostum üçün
möcüzə baş verir. Vladimir Qafarovun bağ qonşusu, dövrün
böyük şairi Süleyman Rüstəm onların xudmani məclisinə
təşrif buyurur. . . . . . . . . nin az qalır ayağının
altından yer qaçsın. Əvvəlcə karıxır, dili topuq çalır,
özünü qoymağa yer tapmır. Ancaq Süleyman Rüstəmin ərklə
onlara qoşulması, çörək kəsməsi, onun da sağlığına badə
qaldırması, şux zarafatları aranı açır. Gecə yarısı
Süleyman Rüstəm çəkilib öz bağına qayıdır. Volodya qonağa
yatmaq üçün yer göstərir. Sayın müsafir xoş xəyallar
içində şirin yuxuya gedir. Səhər Volodyanın xırıltılı,
mehriban səsinə yuxudan oyanan qəhrəmanımız ev yiyəsini
salamlayıb deyir:
- Bu gecə Brejnevi yuxumda görmüşəm.
Volodya gülümsəyir:
- Hər bir vətəndaşın borcudur ki, öz padşahını yuxusunda
görsün. Səni paytaxta çağırırdı?
Yuxugörən sadəlövhcəsinə cavab verir:
- Yox, o, mənə uzaqdan gülümsəyirdi.
Volodya başı ilə Süleyman Rüstəmin bağını göstərib
dillənir:
- Bu xəbəri Ali Sovetin sədrinə çatdıraram!
Qələm dostları həmən günü birgə keçirirlər. Dənizdə
çimirlər, özlərini günə verirlər, sonra bağda yaxşıca
dincəlib dəm alırlar. Axşamüstü də şairanə süfrə...
Göy-göyərti, pendir, qarpız... Qəşəngcənə sosiska
qaynadırlar. Sərin pivədən vururlar bədənə... Birdən həyət
qapısı ucadan döyülür və ev yiyəsi səsə sarı cumur. O,
geri qayıdanda əlindəki iri məktubu və bağlamanı qonağına
uzadaraq deyir:
- Bunlar sənə çatacaq! Sağ olsun Süleyman müəllimi,
haqqında yuxarılara nə deyibsə, dərhal cavab göndəriblər.
Can yiyəsi məktubu və bağlamanı qəbul edir. Məktub rəsmi
konvertdə imiş. Üstündə azərbaycanca və rusca yazılıbmış:
“Azərbaycan SSR KP Mərkəzi Komitəsi.” Sonra dəqiq ünvan
göstərilibmiş: Bakı Şüvəlan qəsəbəsi, Əzizbəyov küçəsi,
4-cü dalan, 39-cu ev, . . . . . . . .
Volodya onu qızışdırır:
- Məktubu açaq, görək sənə nə yazıblar?
Dostumun gözləri kəlləsinə çıxıbmış. Zarafat deyil, ona
Sekadan məktub gəlmişdi. Bircə günün içində Süleyman
müəllim onu adam eyləyib çıxartmışdı ortalığa.
O, ehtiyatla zərfi açır və dərindən nəfəs alıb Mərkəzi
Komitənin blankında yazılmış məktubu oxuyur: “Hörmətli . .
. . . . . . ! Azərbaycan SSR Kommunist Partiyasının
Mərkəzi Komitəsi Sizə yaradıcılıq uğurları arzulayır və
dahi rəhbərimiz Sov.İKP MK-nın Baş katibi Leonid İliç
Brejnevin “Lenin yolu ilə” kitabının yenicə çapdan çıxmış
6-cı cildini hədiyyə olaraq sizə göndərir”.
Əlbəttə, bizim qırışmal ədəbiyyatda olduğu kimi,
ictimai-siyasi həyatda da əfəl idi. Şair dostları
tərəfindən hazırlanmış qondarma məktubu və hədiyyəni ciddi
qəbul etmişdi. Məktubun və bağlamanın həqiqiliyini təsdiq
edəcək imza, poçt möhürü qətiyyən onun gözünə görünmürdü.
Sadəcə o, xoşbəxt olmuşdu. Belə mühüm hadisə mütləq
yuyulmalı idi. Özü də Süleyman müəllimin iştirakı ilə.
Odur ki, səbəbkar araq dalınca qaçır... Araq gəlir, buna
söz yox, ancaq hayıf ki, o axşam Süleyman müəllim bağda
deyilmiş.
İnanın, mənim ürəyitəmiz dostum indi də bu əhvalatı böyük
qürurla danışır və hər iki qələm dostuna dönə-dönə rəhmət
oxuyur. Mərkəzi Komitəyə, Brejnevə, qələm dostlarının əziz
xatirəsinə hörmət əlaməti olaraq həmən məktubu və kitabı
qoruyub saxlayır.
Memuar yazılanda bu əhvalat necə qələmə alınacaq, bilmirəm,
ancaq hər halda məzmundan xəbəriniz oldu.
Görürsünüzmü, ələ-ayağa dolaşıb zəhlə tökən, onun-bunun
qarasınca deyinən, boşboğazlıq edən, böhtan, şər atan,
mətbuatda abırlı və istedadlı adamlara ləkə yaxan, gendən
sakit görünsə də, qəfildən kəmfürsətlik edib adamın
şalvarının balağından yapışacaq it kimi marıqda duran, heç
yerdə özünü apara bilməyən, qansızlığı və yaltaqlığı ikrah
doğuran qrafomanlardan danışmaq həvəsim yoxdur. Mənimki .
. . . . . . . dir. Bu ki ədəbiyyat yolunda özünü həlak
eləyir, kəpənək olub ədəbiyyatı tozlandırır, hara çatdı,
hara olur-olsun – qatarda, uçaqda, gəmidə, avtobusda,
metroda, taksidə, faytonda, liftdə, toyda, yasda, növ-növ
xudmani məclislərdə, yığıncaqlarda, restoranda, kafedə,
çayxanada, kənd klubunda, hörmətli adamların qəbul
otaqlarında, kabinetlərində ədəbiyyatdan, sənətdən söz
salıb təmiz ürəyi, xoş məramı, xeyirxahlığı ilə insanlara
xoş ovqat bəxş etməyə çalışır, ilham pərisi, qələm-kağız
buna halaldır.
Dostumun həyat eşqi aşıb-daşsa da, bildir Rostropoviçin
konsertinin fasiləsində onu fikirli, donuq gördüm. Nə
dedim, qırışığı açılmadı. Düşündüm insandır də, görəsən nə
qayğısı var. Bəlkə də klassik musiqinin havası
ağırlaşdırmışdı onu. Handan-hana o, dilləndi:
- Əziz dost, şeirin günü-gündən ucuzlaşması ürəyimi
ağrıdır. Cəmiyyət şairə üstdənaşağı, yaxud yanpörtü baxır.
Şişirtmirəm, doğrudan son vaxtlar ürəyim ağrı tapıb. O gün
bir şəxsə zəng edib deyirəm ki, gəl görüşək, sənə təzə
kitabımı verim, orada rəhmətlik dədənə həsr olunmuş şeirim
də var. Gör o, mənə nə cavab verir: “Qardaş, vallah, sənin
də işin-gücün qurtarıb. Neynirəm şeiri? Qaynadıb suyunu
içməyəcəyəm ki...”
Yanıb-töküldüm. İyirmi il bundan qabaq şeirində kiminsə
adını çəkəndə mələyə-mələyə dalınca düşürdü. Eh, gör gəlib
hara çıxdıq?! Bu yandan da Rostropoviçin violonçeli. Lap
ürəyimin içini eşələdi. Elə bildim ölmüşəm, maestro
dəfnimdə çalır.
Dostumun ürəyində bir nisgili var. Yeganə oğlu onun
yolunun yolçusu olmadı. Şeirdən-sənətdən həmişə uzaq gəzdi,
dəqiq elmlərə baş qoşdu, sovet hökuməti dağılandan sonra
isə dağ mühəndisliyini atıb, xırda biznesə girişdi. Elə
indi də alış-verişlə məşğuldur. Həmişə atasının şəxsi
kitabxanasında illərlə topladığı qiymətli bədii kitablara
soyuq yanaşdı. Zalım oğlu elə bil, atasına düşməndi,
uşaqlıqda tərsliyinə salıb onun şeirlərindən birini də
əzbərləmədi ki, əzbərləmədi. Düzdür, oğlu bir dəfə şairlər
barədə başından yekə danışıb nalayiq sözlər işlətdiyinə
görə dostum ona solaxaydan bir şapalaq tutuzdurub, ancaq
sonra dərhal peşiman olub. Belə fikrə gəlib ki, bəlkə də
oğlu özü də bilməyə-bilməyə doğru addım atır. Axı, böyük
Nizamidən bu yana bütün şairlərimiz uşaqlarını şeir
yazmaqdan çəkindiriblər, istəyiblər övladları çörəkli
sənətin qulpundan yapışsın. Gör Nizami babamız nə yazıb:
“Şeirdən ucalıq umma dünyada, çünki Nizamiylə qurtardı o
da”. Şairin şeirə həvəs göstərən oğlu Məhəmmədə
nəsihətidir bu. Yəni, ay oğul, mən şeir yazdım hansı ağ
günə çıxdım ki, sən çıxasan?! Yoxsa, dünyanın hər üzünü
görmüş dahi bir dastançı bilmirdimi ki, həyat, zaman
onunla sona yetmir, sənət aləmində birincilik dəyişkəndir,
nisbidir?
Yoxsa, Mirzə Fətəli Axundov Füzuli haqqında söylədiklərini
ürəkdən demişdi? O, özlüyündə şübhəsiz, ustadının
qədrini-qiymətini yaxşı bilirdi. Ancaq sürü-sürü boşboğaz
nəzirəçilərin, indiki dillə desək, qrafomanların acığına
onların mürşüdinə, pirinə sataşmışdı ki, bəlkə sözünün bir
təsiri ola, avropalıların qabağa getdiyi bir vaxtda Şərqdə
baş alıb gedən söz oyunbazlığının qarşısı alına.
Bu gün dostumun tam əksinə olaraq özünün yarıtmaz
şairliyindən xəcalət çəkən nə qədər qələm yoldaşlarımız
var. Vaxtında ayılıb özlərinə gün ağlamadıqları üçün it
kimi peşimandırlar. Dostumsa şərəfli sənətini dünya malına
dəyişməz.
Axırıncı dəfə onu bu yaxınlarda görmüşəm. Səhv etmirəmsə,
təzəcə rəhmətə gedən böyük qırğız yazıçısı Çingiz
Aytmatovun yeddisi hələ çıxmamışdı. Günortaya yaxın mənə
zəng elədi. Uzun illər türk dünyasının güvənc yeri olmuş
bir sənətkarı andıq, ölümündən üzüldüyümüzü paylaşdıq.
Dostum telefonda dedi ki, gəl bu axşam görüşək, Aytmatovla
bağlı sənə bir sürpriz göstərəcəyəm. Mən sevdiyim
yazıçının xatirəsinə hörmət əlaməti olaraq sürprizə
isti-isti baxmaq istədiyimdən dərhal görüşə razılıq verdim.
Telefonun dəstəyini yerinə qoyandan sonra rahatlığım
pozuldu. Səbirsizliklə iş vaxtının başa çatmasını
gözləməyə başladım.
Danışdığımız kimi axşam saat səkkizdə “Oskar” restoranında
görüşməliydik. Getdim gördüm dostum iri akvariumun
böyründə əyləşib məni gözləyir. Xeyli vaxtdı qabaq-qabağa
oturmamışdıq. Görüşüb-öpüşdük. Elə bil yas yerində idi,
yaman kövrəlmişdi.
- Gördün də, - dedi – kim getdi bu fani dünyadan?! Əlimiz
də çatmadı onun dəfnində iştirak edək, halallaşaq. Ona
yanıram ki, bu baş da – sağ əlini gicgahına qoydu –
çürüyüb torpaq olacaq, elə qızıldan qiymətli baş da...
- Allah rəhmət eləsin! – astaca dilləndim və soruşdum:
- Yeməyə nə sifariş verək?
O, dedi: - Gəl bu axşamı Çingiz Aytmatova həsr edək!
Eşitdiyimə görə rəhmətlik bizim Bakı düşbərəsini, qutabını
çox bəyənirmiş. Soruş gör, burada düşbərə-qutab büküb,
bişirirlər?
Yaxşı ki, düşbərə-qutab məsələsi asanca düzəldi. O axşam
söhbətimiz ancaq Çingiz Aytmatovun əsərləri üstə quruldu.
Dostum dünyada məşhur olan yazıçının hətta sonuncu əsərini
də oxuyubmuş. Axırda kəmhövsələlik edib soruşdum:
- Bəs mənə sürpriz göstərəcəkdin?
Həmsüfrəm sanki bilə-bilə məni intizarda saxlayırmış və
mən dillənməyincə hərəkət etməyəcəkmiş. O, əlini qoyun
cibinə salıb dörd qatlanmış bir vərəq çıxardı və kağızı
mənə uzadıb dedi:
- Bu Çingiz Aytmatova onun yetmiş illiyi münasibətilə
yolladığım teleqramın surətidir. Oxu, gör on il əvvəl dahi
sənətkar haqqında nə yazmışam!
Əlbəttə, mən daha maraqlı bir sürpriz gözləyirdim. Amma
dostumun ürəyinə yaxşı bələd idim deyə məyus olmadım,
əksinə, onun qədirşünaslığına “əhsən” dedim. Teleqramın
mətnini də diqqətlə oxudum. Görkəmli yazıçı dostumun
yazdığı yüksək sözlərin hamısına layiq idi. Çingiz
Aytmatova “rəhmət” deyib ayağa durduq. Hiss edirdim ki, o,
dolub. Ayrılanda dedi:
- Mən bu dünyada sevə-sevə yaşadım. Allahı, yeri-göyü,
insanları, təbiəti, kitabları, badəni, gözəl duyğuları,
düşüncələri sevdim. Sevə-sevə də öləcəyəm. Cavansan,
yadında saxla, qulağında sırğa elə: kim ki, sevir, onun
hər şeyi var, kim ki, sevmir, milyonları olsa da, lütdür.
O, gedəndən sonra xoflandım. Dilim-ağzım qurusun -
öz-özümə dedim - birdən kişi ölüb-eləyər e...
2008, payız
***
Börüsoy
Rəssam Nadirin qapısı döyüldü. Nadir
yarıya qədər çəkdiyi siqaretini konserv qutusundan
düzəltdiyi külqabıya qoyub cınqırını çıxarmadan qapıya
sarı getdi. Taxta qapı təzədən döyüldü və çöldən Börüsoyun
səsi gəldi:
– Nadir! Nadir!
Nadir Baksovetin qarşısındakı Mirzəbəyovun beşmərtəbəli
binasının mansardında yerləşən emalatxanasına hələ
gözlüklü-zadlı ala-babat bir dəmir qapı qoydura bilməmişdi.
Bu, biçarənin yaralı yeriydi. Ələngə qapıya nə etibar?!
Həmişə xoflanırdı ki, günlərin birində gəlib onun nəyi var
silib-süpürüb aparacaqlar. Ona görə də havalar xoş olanda
gecəsi-gündüzü emalatxanada keçirdi.
Nadirə mərhəm olanlar bilirdi ki, Nadirin qapısını döyüb
səs çıxarmasan, qapını açan deyil. Çünki bəzi yaramaz
tanışları Nadirin üzüyumşaqlığından istifadə edib hərdən
onun yanında sallanıb otururdular və onu işindən-gücündən
eləyirdilər.
Börüsoy havayı «Nadir, Nadir» demirdi.
Nadirin əvvəlcə qapını açmağa həvəsi olmadı. Çünki, o,
Börüsoyun bivec, əlindən bir iş gələn olmadığını yaxşı
bilirdi. Həm də onun naqqallığı Nadiri açmırdı. Bilirdi ki,
Börüsoy danışıb-danışıb qəfildən peyda olduğu kimi
qəfildən də qeyb olub gedəcək. Ayrı-ayrı siyasətçilər
adını siyasətçi qoyan Börüsoyun tez-tez saqqızını
oğurlayıb özlərinə qoşurdular. O, gah millətçi olurdu, gah
sosial-demokrat, gah da respublikaçı. Amma, Börüsoy çox
saf adamdı.
Qapı bu dəfə daha əsəbi döyüldü. Və Börüsoy dörd dəfə
Nadiri çağırdı.
Nadir sanki amanabənd qapısının yerindən çıxacağından
qorxub «Hə, hə, gəlirəm» dedi.
Qapı Börüsoyun üzünə açıldı. Qonaq həmişəki kimi Nadirlə
bərk-bərk qucaqlaşıb öpüşdü.
– Yatmışdın? – soruşdu Börüsoy.
– Yox, içəri otaqdaydım – Nadir mızıldandı.
– Səhərdən iki dəfə gəlmişəm, səni yerində tapmamışam.
Nadir ağızucu dedi:
– Ola bilər…
– İstəyirəm sənə xeyir verim.
– Nə xeyir?
– Ayın onikisi mitinqimizdir.
– Mitinqdə çıxış edim? - Nadir rişxəndlə güldü.
– Yoox! – Eynəyini düzəldən Börüsoyun üzü durulaşdı - Sənə
başqa işimiz düşüb.
Nadir ürəyində dedi: «Kopoyoğlu düzünəgulu adamdı də,
atmacanı da başa düşmür».
– Təcili Bozqurdun dördün beşə (yəni 4 metrin – 5 metrə)
portretini işləməlisən.
O, nimdaş qara çantasını eşələyib oradan çıxartdığı
bozqurdun şəklini stolun üstünə qoydu.
Nadir Börüsoyun təklifini ciddi qəbul eləmədi.
– Börüsoy, başqa söhbət elə!
Börüsoy alındı.
– Nadir, məsələ ciddidir. Mitinqin təşkilat komitəsində
portreti çəkdirməyi mən boynuma götürmüşəm. Yaxşı pul
verəcəklər.
Pul adını eşidən Nadir səksəndi. O, bayaq konserv
qutusundan olan külqabıya qoyduğu tüstülənən siqaretini
götürüb dərin bir qullab vurdu:
– Axı, o boyda portreti onikisinə çatdırmaq olmaz. Arada
altıca gün var.
– Nazimlə Ağayarı da qoşarsan işə!
Nazim Nadirin qardaşı, Ağayar oğlu idi, hər ikisi rəssamdı.
Börüsoy onları yaxşı tanıyırdı.
– Nə qədər verirlər?
– Üç paçka.
Nadir dərhal üç paçkanı, yəni üç milyon manatı dollara
çevirdi, təxminin 600 dollardan bir qədər artıq…
– Dəfdi ki…
Rəssam Nefçalada doğulduğu üçün o tərəflərdə «çox yaxşı»
mənasında işlənən bu sözdən başqa söz tapa bilmədi və
çəkib kötüyünə çatdığı siqaretinin oduna təzə siqaret
yandırdı.
– Beh verirlər?
Börüsoy ərklə:
– Beh mənim sözümdü.
– Heç olmasa qabaqcadan rəngin, xolstun (kətanın) pulunu
versinlər.
– Qardaş, materialı sənə nisyə verirlər, bilirəm. İyirmi
ilin sənətkarısan, satıcılar hamısı səni yaxşı tanıyır.
Puldansa arxayın ol, başımla cavabdehəm.
– Börüsoy, neynirəm sənin yelbeyin başını?
- Bir gün mənim də başıma pul kəsərlər, onda bilərsən
lələşinin kəlləsinin qiymətini.
Börüsoy hakimiyyət iddiasında pörşələnən müxalifətdə
olduğuna işarə edirdi. Ancaq bu sözün Nadir üçün bir qara
qəpik qədər qiyməti yoxdu. O, bilirdi ki, Börüsoy öz
partiyasında mininci dərəcəli adamdır.
– Yaxşı, bəs pulu haçan verəcəklər?
– Portreti təhvil alandan bir gün sonra özüm öz əlimlə
pulları sayıb qoyacağam ovcuna.
– Birdən verməsələr?
– Ürəyini buz kimi saxla!
Nadir bilirdi ki, bu sözlər Börüsoyun ağzından elə-belə
çıxmır. O, haqq-hesabda düz adamdır, görünür kiməsə
arxayındır.
– Yaxşı, - Nadir stolun üstündən götürdüyü bozqurdun
şəklinə baxa-baxa dilləndi - görək neynirik. 12-si, allah
qoysa, gəlib portreti evdən apararsan.
Börüsoy Nadirin qardaşı Nazimlə Biləcəridə bir həyətdə
şərik tikdirdiyi evdə iki-üç dəfə olmuşdu.
– Bozqurdun portreti 12-si saat üçə qədər «20 yanvar»
metrosunun qabağına çatdırılmalıdır, tapşırıq belədir. «Qələbə»
kinoteatrına qədər portret əldə aparılacaq.
Börüsoy çox vacib adam kimi vaxt itirmədən rəssam dostu
ilə sağollaşıb getdi.
Nadir üçüncü siqaretini yandırdı və təzədən şəkkə düşdü.
Bəlkə heç Börüsoyun sifarişini götürməyəydi? Bəlkə özünü
işə salıb? Börüsoy işi yarıtmasa, bunun günü qara olacaq.
Nazim deyingənin biridir, axşam da pulu soruşacaq, səhər
də, günorta da. Ancaq bir məsələ var ki, bu saat özü də,
oğlu da, qardaşı da boşbekardılar. Sifariş gəlmir. Əşşi,
cəhənnəmə, bekar qalmaqdansa, havayı işləmək yaxşıdır. Heç
olmasa, işləyəndə başın üstündə olur. Qara-qura fikirləri
götür-qoy etməkdən beynin qaynamır. Həm də plakat janrında
çəkmək elə çətin deyil.
Nadir ürəyində plan cızdı: bu dəqiqə o, emalatxanadan
çıxıb tanış mağazadan lazımı qədər nisyə kətan götürür və
fitilləyir düz Biləcəriyə…
Evdəki rənglər bu portretə çatar. Çərçivəlik taxta da
olmalıdır həyətdə. Altı günə 600 dollar. Zırıltı puldur!
Nadir tanış mağazadan xaltura iş hesab etdiyi bozqurdun
portreti üçün əsil kətan əvəzinə ucuz Türkiyə bezi götürdü
və özünü evə çatdırdı. İki qardaş, bir oğul evlərinin
həyətində dar günbatan çağına qədər bozqurdun portreti
üçün çərçivə hazırladılar, kətanı çərçivəyə bərkitdilər.
Bozqurdun başını çəkməkdən ötrü ayaqaltı kimi istifadə
ediləcək taxta çəlləyi də hasarın dibindən diyirlədib evin
qarşısına gətirdilər. Sabah obaşdan işə başlayacaqdılar.
Səhər erkən acqarına dəstgah başlandı. Nadir bozqurdun
Börüsoy verən kiçik şəklinə baxa-baxa karandaşla ağzını
göyə tutub ulayan heyvanın ümumi cizgilərini cızırdı.
Şərtləşdikləri kimi Nadir bozqurdun başını çəkəcəkdi,
Nazim libasını geyindirəcəkdi, Ağayar isə quyruq işinə
baxacaqdı. Portret iri olduğu üçün hər üçünə işləməyə yer
vardı.
İki ildi onlar ortaq işləyirdilər. Həmişə əsas ağırlıq
Nadirə düşürdü. Çünki, ən vacib məsələ portretin üzüdür.
Qalan işlər də vacibdir, amma üz qədər yox. Axır vaxtlar
Bakıda dəb düşmüşdü, imkanlı adamlar ya özləri, ya da
onların adamları şeflərinin portretini çəkdirirdilər. Ona
görə də o, çəkdiklərini azacıq da olsa, özü demişkən,
qəşəngləşdirirdi. Məsələn, burnun donqarını bir qədər
hamarlayırdı, məşşatə kimi qalın qaşları alırdı, qara
dərinin rəngini açırdı, şəklənmiş qulaqları yerinə
qaytarırdı, biz-biz bığlara tumar çəkirdi. Bu işləri görüb
qurtarandan sonra Nazimə deyirdi:
– Hə, kostyumunu geyindir!
Nazim sol əliylə uzun, cod saqqalını tumarlaya-tumarlaya
bütün portretlərə «parlamentski» kostyum geyindirib öz
sözüylə desək, onların yaxalarını «originalnı» düymələrlə
düymələyirdi. Əlbəttə, köynək son rəsmi dəbdə, qalstuk «prezidentski»
olmalıydı.
Axırda növbə çatırdı oğula. O, şəklə şuxluq gətirirdi,
yəni portreti laklayırdı.
Bozqurdun portreti üzərində iş pis getmirdi. Hər üç rəssam
işi vaxtında başa çatdıracaqlarına əmindilər.
İşini bərk tutan Börüsoy altı gündə iki dəfə Nadirgilə baş
çəkdi. Onun narahatlığını sezən Nadir tox görkəmlə hər
dəfə ona deyirdi:
– Börüsoy, «Bozqurd» mitinqə gedəcək!
Mitinq günü «Bozqurd» mitinqə hazırdı. İki qardaş, bir
oğul Börüsoyun yolunu gözləyirdi.
Günortaya yaxındı, indiyə Börüsoy gələydi gərək. Əsər
nəhəng olduğuna görə onu yola salmaq tək adamın işi
deyildi. Hər üçü, xüsusən, Nadir çox tutqun görünürdü.
Dünən axşamdan əsən xəzri hələ səngiməmişdi. Belə havada
bu boyda işi maşına qoyub aparmaq böyük riskdi.
Nadir siqaret çəkə-çəkə var-gəl edirdi. Nazim «Bozqurd»un
özü çəkdiyi yerlərini gözdən keçirirdi. Ağayar balkonda
çay içirdi və bir gözü yolda qalmışdı.
Onların evlərinə gələn çınqıllı yol açıqlıqda idi, yola
bir toyuq çıxsaydı da, uzaqdan görünürdü. Yoldan arabir
yük maşınları gəlib keçirdi. Amma, hələ Börüsoydan xəbər
yoxdu. İri qoşqulu «Kamaz» darvazanın qabağında dayananda
bildilər ki, Börüsoy gəlib.
Börüsoy maşından düşüb darvazadan içəri girən kimi Nadir
dilləndi:
– Qardaş, gecikmirsən?
Börüsoy şeşələndi:
– Buradan «20 yanvar» metrosuna uzağı 25 dəqiqəlik yoldur.
Vaxtımız çoxdur.
– Belə küləkdə bu boyda şeyi tək apara bilməyəcəksən.
– Kəndir gətirmişəm, portreti möhkəm bağlayarıq.
Börüsoyun başçılığı ilə darvazanı açıb Bozqurdun
portretini «Kamaz»ın banına qaldırdılar və kəndirlə bir
neçə yerdən yanlara bərkitməyə başladılar. Sürücü də
onlara kömək edirdi.
Kəndirin axırıncı düyününü vuranda ləhcəsindən əsil bakılı
olduğu bilinən sürücü Börüsoydan soruşdu:
– Əmiyoğu, bu şəkildəki itdü?
Börüsoy sürücüyə kəkələndi:
– Bu bozqurdun portretidir, bozqurdun. Bizim millət
bozqurddan törəyib.
Sürücü xeyli təəccübləndi:
– Alə, bəs deyirdilər bəşər meymundan əmələ gəlib?
– Onu avropalılar deyib, onların əcdadı meymundur, bizimki
bozqurd.
– Həri?
Börüsoy bakılı ləhcəsində kəsə cavab verdi: - Həri!
Sonra o, yolda portreti tutmaqdan ötrü «Kamaz»ın yük
yerinə mindi.
«Kamaz» işə düşüb hərəkətə gəldi. Maşın darvazadan
aralananda bir əlilə portretdən tutan Börüsoy o biri əlini
bir anlıq rəssam qardaşlara və oğula yellətdi və yolda
çala-çuxura düşüb silkələnən maşında müvazinətini saxlaya
bilməyib havada olan əlilə bortdan yapışdı.
Qardaşlar darvazanı bağlayıb həyətdə siqaretə dəm verdi.
Ağayar isə yenidən balkona çıxıb çayını təzələdi.
Küləyin daha da güclənməsi Nadiri heç açmırdı. Nazimlə
söhbət etsə də, fikri küləkdə idi.
Aradan beş dəqiqə keçərdi, ya keçməzdi, balkondan Ağayarın
səsi gəldi:
– Dədə!
Nadir hövülləndi:
– Hə, hə?
– «Bozqurd» qayıdır.
– Nöşün, balam?
– Nə bilim.
İki qardaş, bir oğul darvazadan küçəyə atıldılar. «Kamaz»
fısıldaya-fısıldaya onların qənşərində xıxdı. Börüsoyun
başı «Bozqurd»un cırılmış qarnından çıxmışdı. Onun həmişə
taxdığı minus üçyarımlıq eynəyi gözündə yoxdu.
Börüsoy ağlamsındı:
– Peşmançılıq oldu. Portreti külək əlimdən aldı, ilişib
cırıldı, onu yaxşı bərkitməyibmişik. Tez olun, kömək edin,
«Bozqurd»u külək aparır, zorla saxlamışam.
Ağayar tez bana qalxdı. Köməkləşib portreti aşağı
düşürtdülər. «Bozqurd» başından qurşağına qədər, təxminən
iki metrə qədər cırılmışdı. Elə bil şəkli ölçüb-biçib iti
bıçaqla dübbədüz kəsmişdilər.
Onlar portreti həyətə gətirib balkonun qabağında külək
tutmayan yerə söykədilər.
Börüsoy başını bulayıb özünü söyürmüş kimi dedi:
– Sovxa eynəyim də düşüb sındı. Bu külək mənimçün əsirmiş.
Rəssamların matı-qutu qurumuşdu.
Börüsoy Börüsoy olmazdı axırda ümidli bir söz deməsəydi:
– Gələcəyəm, sözümüz sözdür! Mən tez özümü mitinqə
çatdırım!
O, cavab gözləmədən darvazadan çıxdı və atılıb «Kamaz»ın
kabinəsinə mindi. «Kamaz» həyətdən aralanandan sonra Nazim
əzvay-əzvay dilləndi:
– Bəxtəvər oğlu mitinqə prisepli «Kamaz»nan gedir.
Ertəsi gün Börüsoy Nadirin emalatxanasına gəldi. Cibindən
iki əlli minlik çıxarıb stolun üstünə qoydu və dedi:
– Nadir, portretin pulunu xırda-xırda verəcəyəm. Üzüm
gəlmir ortada olmayan şeyin pulunu partiyadan istəyim.
Nadir bunları mənə danışanda əhvalatın baş verdiyi gündən
üç ay, doqquz gün keçmişdi. O, vaxtdan Börüsoydan xəbər
çıxmırdı, yəqin pul tapa bilmədiyi üçün Nadirin üzünə
çıxmağa utanırdı.
2005
***
Şər Nizi
Mən kiçik S. şəhərində müstəntiq işləyən uşaqlıq dostum
Şaiqə həm yolüstü, həm də atüstü qonaq olmuşdum. Onu
çoxdan görmədiyimə görə fürsətdən istifadə edib onunla
görüşmək üçün yoldan burulmuşdum. Burada uzaqbaşı iki
saat, iki saat yarımdan artıq vaxt itirməməyi düşünürdüm.
Yayın sonu olduğu üçün istilər bir qədər sınmışdı. Amma
hələ də günortalar nəfəs almaq olmurdu. Ona görə də günün
əyilməyini gözləyəcəkdim. Dostum məni kiçik bir restoranın
yaşıl həyətinə gətirmişdi. Ağac kölgəsindəki stolun
başında əyləşib ordan – burdan söhbət edirdik. Bu vaxt
dostum bizdən azacıq aralıda qoyulmuş stola yaxınlaşan iki
nəfərin biriylə salamlaşdı və astaca mənə dedi:
– Dön o hündür kişiyə bax, sənə onun haqqında bəzi şeylər
danışacağam.
Dostumun dediyi kimi kişinin boyu çox uzundu. Arıq adamdı,
yaşı yetmişi keçərdi. Macal tapıb üz cizgilərini tam görə
bilməsəm də, onun sifətinin profili yadımda qaldı.
Profildən yay kepkasının dimdiyi, xırda burnu, irəli
çıxmış çənəsi görünürdü. Məncə onun geyimini təsvir etməyə
ehtiyac yoxdur, başqa paltarda da onu görə bilərsiniz.
Dostum dedi:
– Bu kişini yadında saxla, bir gün o, sənin də qapını döyə
bilər.
Onun dediklərindən bir şey anlamadığımı görən dostum
söhbətinə davam etdi:
– Bilirəm qəribə adamlar haqqında olan söhbətlərin,
maraqlı əhvalatların ölüsüsən. Bu kişinin əsl adı
Niyazdır, burada hamı ona "Şər Nizi" deyir.
Gülümsədim. Dostum yerini rahatlayıb dilləndi:
– Niyaz uşaqlıqdan indiyəcən həmişə bu balaca şəhərdə
yaşayıb. Beş-altı yaşından atadan yetim qalıb. Anası çox
davakar, qarayaxa bir qadınmış, bir neçə il bundan əvvəl
ölüb. Arvadın adı "Kübra" imiş, dalda hamı ona "Kobra"
deyirmiş. Evləri lap köhnədən şəhər bazarının
arxasındadır. Atasından ona heç nə qalmadığı üçün və
məktəbdə xadimə işləyən anası ilə çox kasıb yaşadıqlarına
görə uşaqlıqda Niyazın günü bazarda sülənməkdə keçib.
Niyaz elədiklərini danışmaqdan utanan adam deyil. Hərdən
özü də özünə "Şər Nizi" deyir. O, mənə danışıb ki, on
bir-on iki yaşı olanda bir dəfə onu bazarda meyvə oğurluğu
üstə meyvəsatanlardan biri döyür. Onun qıy-qışqırığına
bazarın sahə milisi Lazım özünü yetirir və zərərçəkənlə
onu döyəni milis məntəqəsinə aparır. Sahə milisi içəridə
meyvəsatanı xuliqanlıqda ittiham etməyə başlayır və işi
böyüdüb onun haqqında cinayət işi başladacağını eşitdirir.
Meyvəsatan nə qədər günahı Niyazın üstünə yıxmaq istəsə
də, xeyri olmur. İzahat yazmaqdan ötrü qələm-kağız ortaya
gələndə kişi əllərini yuxarı qaldırır. Müqəssir ilişdiyini
görüb, bağışlanmasından ötrü yalvarmağa başlayır. Sonra
sahə milisiylə meyvəsatan arasındakı xısınlaşmadan balaca
Niyaz bir şey anlamır. Nəhayət sahə milisi meyvəsatanı özü
dediyi kimi «cərimə edib» irişə-irişə yola salır və həmin
«cərimədən» Niyazın cibinə şax bir onluq basır. Hətta
bazarın ağzındakı çayxanadan bir çaynik çay gətirdir və
Niyazın stəkanına xoruzquyruğu çayı özü süzüb əlini onun
kürəyinə vuraraq deyir:
– Nizi bala, rahatca çayını iç. Nə qədər ki, Lazım əmin bu
bazarda uçaskovudur, bir köpəyoğlunu lülüşünə alma. Kefin
nə istəyir, onu da elə. Sən kişi oğlansan!
Sahə milisi papirosunu tüstülədə-tüstülədə Niyazın anasını
bir qeyrətli-namuslu qadın kimi o ki var tərifləyir…
Dostum Şaiq söhbətinin bu yerində pıqqıldayıb güldü:
– Bu əhvalatı Şər Nizi təxminən bir ay bundan qabaq mənə
danışıb. Söhbətin bu hissəsində o, deyirdi:
– İndiki ağlımnan düşünürəm ki, o vaxt uçaskovu Lazım
anamın qeyrətindən – namusundan dəm vuranda tamam
boşboğazlıq edirmiş. Çünki, anam namusunu qorumaqdan ötrü
xüsusi səy göstərmirdi, sadəcə heç kəs qorxusundan ürək
eləyib ona yaxın düşmək istəmirdi. Neynirdilər o qancığı…
Dostum Şaiq əllərimi çənəmə söykəyib huş-guşla ona qulaq
asdığımı görüb dedi:
– Sən yeməyini ye, söhbətim uzundu.
– Yeyirəm- deyib əlimi süfrəyə uzatdım.
– Hə- dostum söhbətinə davam etdi – uçaskovu Lazım Niyazı
qapıdan ötürəndə onun qulağına pıçıldayır:
– Apar pulu ver anana, sabah yox, birisigün bu vaxt
gələrsən yanıma, səninlə işim olacaq.
Niyaz niyə sabah yox, məhz birisigün gəlməyin mənasını
yekələndən sonra başa düşür. Uçaskovu Lazım demək
istəyirmiş ki, işin ağını çıxartmaq olmaz.
Niyaz şellənə-şellənə gəlir anasının yanına. Döyüldüyünü
anasına deyəndə Kübra doğrudan da kobra kimi başını
uzandığı dəmir çarpayıdan qaldırıb oğluna baxır. Oğlu
bilir ki, bu dəqiqə anası tumanının balağını çırmayıb
cumacaq onu döyənin üstünə. Odur ki, tezcənə deyir:
– Ana, uçaskovu Lazım əmi məni döyənin sıxıb suyunu
çıxartdı.
Kübranın gözlərindən çınqı çıxır:
– Döyülən ki sənsən!
Niyaz cibindən şax onluğu çıxarıb anasına uzadır:
– Bu pulu Lazım əmi verdi.
Arvad onluğu görüb yumşalır və pulu xışıldada-xışıldada
soruşur:
– Lazım hansıdır, o gombul, qırmızısifət kişi?
Niyaz bic-bic gülür:
– Hə…
Arvad daha dinməsə də, Niyaz hiss edir ki, o, oğlundan
razı qalıb.
Niyaz Lazımın sözündən çıxmır, birisigün alverin şıdırığı
vaxtı bazara girir, ancaq birbaşa uçaskovunun yanına
getmir. On-on beş gün əvvəl çırpışdırdığı bir camış
böyrəyi üstə ona solaxay şillə ilişdirmiş qəssab Babaşın
dükanının qarşısında əllərini belinə qoyub forslu-forslu
dayanır və qəssaba tərs-tərs baxır. Qəssab Niyaza
çımxırır:
– Müştərilərin gələn vaxtıdır , dükanın qabağını kəsmə,
itil burdan!
Niyaz himə bənd imiş kimi xoruzlanır:
– Harda duraram özüm bilərəm, dədənin bazarıdır? Çox elə
səndən ət alan var, hamı bilir ki, dana əti adına balağ
ətini itələyirsən camaata.
Qəssab piştaxtanın arxasından çıxıb Niyaza sarı
götürüləndə uçaskovu Lazım peyda olur. Niyaz onun
zəhmindən və gözünü ağartmasından qorxub aradan çıxır.
Ancaq bazarın çölündə bir qədər hərlənib-fırlanandan sonra
həmin gün uçaskovu Lazımın yanına getməli olduğunun
vacibliyini düşünüb, onun kabinetinin yerləşdiyi binaya üz
tutur. Niyaz uçaskovunun qapısını döyüb içəri girəndə
orada tamam başqa Lazımı görür. Uçaskovu Lazım dönüb olur
«Lazım əmi».
– Lazım əmi, – Niyaz dillənir…
Uçaskovu Lazım onun sözünü ağzında qoyur:
– Nizi, bala, yaxşı-yaxşı yadında saxla: hər adama ilişmə,
başın ağrıyar. Qəssab Babaş pis oğlan deyil, özün
görəcəksən. Günortaya qədər bazarda hərlən (Yəni gör kimə
ilişə bilirsən), günortadan sonra gedərsən onun yanına,
ədəblə salam verərsən, o da sənin könlünü görəcək.
O gün Niyaz günortayacan üç-dörd dəfə cəhd eləsə də, özünü
döydürə bilmir. Axşamüstü qəssab Babaşın yanına gedir,
uçaskovu Lazımın öyrətdiyi kimi ədəblə salam verir, hətta
qəssabın kefini də soruşur.
Qəssab Babaş qan ləkələri qurumuş kağız bükülüsünü ona
uzadıb deyir:
– Malın qara ciyərinin yaxşı yerindəndir. Yarım kilodan
artıqdır. Apar ananla yavanlıq elə.
Evdə anası Niyazı gülərüzlə qarşılayır. Axşam ana-bala
ciyər qovurması yeyirlər. Ertəsi gün Niyaz uçaskovu
Lazımın yanına gələndə Lazım əmi ona deyir:
– Bazarda bir nəfər çox yağlanıb, onun yağını əritmək
lazımdır. İndi mən düşüb bazarı gəzəcəyəm. Sən də gendən
mənə göz qoy! Hansı satıcının qarşısında ayaq saxlayıb
əlimi cibimə salsam, bil ki, dediyim odur.
Uçaskovu Lazım yandırdığı papirosuna dəm verib Niyazın
saçını sığallayır:
– Onun böyür-başına hərlən, elə elə ki, sənə acıqlı bir
söz desin. O saat onun yeddi arxa dönənini söy-yamanla.
Dalısıynan işin yoxdu. Kişiliyi çatır, qoy sənə əl
qaldırsın?! Bu dəfə sənə yaxşı pul verəcəyəm. Get, işində
ol!
Niyaz işini bilib adamını tanıyandan sonra hücuma keçir.
Əvvəlcə hərifin satdığı kişmişdən ovuclayıb tum kimi
bir-bir ağzına ata-ata piştaxtanın qabağında var-gəl
etməyə başlayır. Satıcının ona baş qoşmadığını görüb daha
da həyasızlaşır. Qoz kisəsindən bir neçə qoz götürüb yerə
atır və balaca toplarla oynayırmış kimi ayağı ilə qozların
hərəsini bir yana vurur.
Sataşılan özündən çıxır. Söyüşmə başlanır. O, Niyazı
söyür, Niyaz ona ağzına gələni deyir, axırda qızışan
meyvəsatan Niyazı ayağının altına salır, vur ki vurasan.
Harayçılar birtəhər Niyazı onun əlindən alırlar.
Ağzı-burnu qanamış Niyaz nə qədər ətrafa baxırsa, uçaskovu
Lazımı görə bilmir.
Anasından və uçaskovu Lazımdan başqa üstünə getməli bir
adamı olmayan Niyaz ağlaya-ağlaya evə gəlir.
Anası onu görüncə vay-şivən qoparır:
– De görüm, kim döyüb səni, Nizi, kim?
Niyaz zarıya-zarıya cavab verir:
– Mən bilmirəm, ana, Lazım əmi bilir.
Uçaskovu Lazımın adını eşidən Kübranın köpü yatır. Oğlunun
özünü qəsdən döydürdüyünü başa düşüb su dalınca gedir və
qayıdıb bir əlilə aftafadan su töküb o biri əlilə Niyazın
üzünün qanını yuyur. Sonra uşağı çarpayıya uzadır, ancaq
Niyazın sızıltısı kəsmir.
Kübra oğlunun çox döyüldüyünü görüb oturduğu yerdə
əllərini dizinə çırpıb və «Qarabaxt yetim balam!», «Allah
səni niyə bu günə qoydu?» deyə-deyə hönkürür.
Niyaz anasına təskinlik verir:
– Ana, ağlama, Lazım əmi deyirdi bu dəfə sənə çox pul
verəcəm.
Elə bu vaxt uçaskovu Lazım Niyazigilin qapısını döyüb
içəri girir. Onu görən ana-bala ürəklənir.
Kübra yarıgiley, yarışikayət dillənir:
– Ay Lazım qardaş, gör bu yetimi nə hala salıblar? Al qan
içində idi. Balamın qanını öz əllərimlə yumuşam.
Döyülməkdən üzü-gözü, bədəni qançır olub.
Uçaskovu Lazım fışıldayır:
– Məni rəis çağırmışdı. Bazarda olmadığımı görüb uşağı
döyüblər. Ürəyinə salma , Kübra bacı, bu saat gedib o
oğraşın boğazını üzəcəyəm.
O, Niyazın köynəyini yuxarı çırmayıb diqqətlə onun
bədəninin qaralmış, sıyrılmış yerlərini gözdən keçirir,
uşağın şişmiş üzünü əliylə yoxlayır və dərin xəsarət
almadığına əmin olandan sonra deyir:
– Kübra bacı, heç narahat olma, mən görüb-götürmüş adamam,
Nizi balada qorxulu bir şey yoxdur. İndi gedib o düdüyün
dərsini verərəm. Axşamüstü də gəlib uşağa baş çəkəcəyəm.
Doğrudan da axşamüstü uçaskovu Lazım gəlib çıxır və irəli
çıxmış qarnının üstündə tuta-tuta gətirdiyi dolu sarı
kağız torbanı Kübraya uzadır. Kübra torbanı mətbəxə qoyub
qayıdanda uçaskovu Lazımı Niyazın başını sığallayan,
oğlunu isə əlində tutduğu qırmızı onluqları səliqə ilə
üst-üstə qoyub çinləyən görür.
Bu əhvalatdan sonra Niyazın döyülməkdən gözü qorxur.
Çünki, təpik dəymiş böyrü xeyli müddət ağrıyır. Anası da
ona bərk-bərk tapşırır:
– Bala, o qırmızısifət porsuq nə deyir desin, quyruq ələ
verib özünü çox döydürmə. Bir şillə vurulan kimi aradan
çıx.
Onsuzda bazarda daha Niyaza baş qoşan olmur. Rayon
yeridir, bir hadisə olan kimi hamı xəbər tutur. Niyazın
işləkləri aləmə bəlli olandan sonra kimdi ona yaxın
düşən?! Amma onun adına ayama qoşulur: «Şər Nizi»
Şər Nizidən xeyir gəlməsə də , uçaskovu Lazım arada
bir-iki dəfə onun başını sığallayıb cibinə üçdən-beşdən
dürtür. Uşaqsa bazarda başını girləməkdə davam edir. Onun
xatasından yaxa qurtarmaq üçün biri Şər Nizinin qılığına
girir, biri ona xırda-para pay verib canını qurtarır,
başqası bu vələduzinanı söyməklə hirsini soyudur, bir
ayrısı anasının üstünə şikayətə gedir… əlqərəz heç kəsin
ona çırtması dəymir.
Həmin ilin yayında qazanc yiyəsi olmaqdan ötrü ora-bura
vurnuxan Şər Nizi bazarda alver etmək fikrinə düşür.
Ürəyindən keçəni anasına bildirəndə anası «Hələ uşaqsan!»
deyib onun ağzından vurur. Ancaq oğlunun qırsaqqız olub əl
çəkmədiyini görəndə yumşalır və oğluna deyir:
– A bala, axı təkcə mənim razı olmağımla iş bitmir.
Əlimizdə bir qəpik mayamız yoxdur. Puldan ötrü kimin
üstünə gedək?
Kübra bir neçə gün baş sındırdıqdan sonra oğlunu səhər
erkən rayon mərkəzindən beş-altı kilometr aralı kənddə
yaşayan qoca dayısının üstünə göndərir.
Kübranın dayısı bacısının törəməsinin fikrini öyrənən kimi
bağını ona göstərib dillənir:
– Həyətdə meyvələri quşlar basıb yeyir. Bir özüməm, bir də
qarım. Əlimdən tutan yoxdur. Döşünə döyən oğulsansa, yığ
bu mer-meyvəni, çək bazara. Həm sən bir şey qazan, həm də
bizə «görüm-baxım» elə. Arabam da var, uzunqulağım da.
Arabanı qoşaram uzunqulağa, verərəm sənin ixtiyarına.
Qocanın sözlərini eşidən Niyazın uçmağa qanadı olmur. Tez
bağdan meyvə yığmağa girişir. İki səbət, üç-dörd yeşik,
beş-altı torba meyvə yığılınca, araba uzunqulağa qoşulunca
və yük yerbəyer edilincə axşamüstü olur. Şər Nizi anasının
dayısı ilə süfrəyə əyləşir, qarnını bərkitdikdən sonra
arabaya atılıb uzunqulağı çubuqlaya-çubuqlaya yola düşür.
Şər Nizi araba sürməyin çəmini az-maz bilirmiş, çünki o
zamanlar yolda-izdə at arabası, eşşək arabası çox olardı.
Hətta bir dəfə o, mindiyi arabada yüyəni əlində tutub atı
qamçı ilə dəhmərləmişdi də.
Doğru deyirlərmiş ki, eşşəyi sürmək atı sürməkdən
çətindir. Yolun tən yarısında axşamın düşdüyünü görən Şər
Nizi əlindəki söyüd çubuğu ilə uzunqulağın tənbəl yerişinə
haram qatmaqdan ötrü onun belindən zol çıxartmağa
başlayır. Eşşək ki eşşək, çala-çuxura düşəndə nə təhər
təntiyirsə, arabanı aşırır və uşaq qalır arabanın altında.
Təkərləri havada fırlanan araba Şər Nizini düşdüyü yerdə
torpağa sıxmasa da o, heç cür arabanın altından çıxa
bilmir. Bədbəxt oğlu nə qədər hay-haray salırsa,
ağlayıb-sıtqayırsa, səsinə səs verən olmur. Getdikcə
sıxlaşan qaranlıq onu vahimələndirir. Çaqqallar ulaşmağa
başlayanda yazığın lap bağrı yarılır. Canının hayında olan
zərəydidə zarıya-zarıya yolun gələn və gedən tərəfinə
baxa-baxa göydən Allahın bir zənbil endirəcəyini gözləyir.
Arabanı qaytarıb təkərləri üstə qoya bilməyəcəyini gözünün
altına alan uzunqulaqsa peşiman-peşiman susur.
Birdən uzaqda görünən maşın işığı Şər Nizinin ağlını
üstünə gətirir. O, ürəklənib maşının yaxınlaşmasını
gözləyir. Araba düz torpaq yolun üstündə aşdığına görə
maşındakı mütləq onu görməli idi.
Yaxınlaşıb dayanan maşının işığı çevrilmiş arabanın taxta
barmaqlıqları arasından baxan Şər Nizinin ağlamsınan üzünə
vurur. «Qaz-51»in kabinəsindən düşən iki kişi arabaya sarı
gəlir və səs eşidirlər:
– Ay əmi, ay dayı, kömək edin, araba aşıb altında
qalmışam.
İşıq kişilərin arxasından düşdüyünə görə onların üzünü
ayırd etmək çətinmiş.
Kişilərdən biri dörd-beş metr aralıda çömbəlib zəndlə
arabanın altına baxdıqdan sonra ayağa durur və yoldaşına
deyir:
– Qancıq Kübranın oğlu Şər Nizidir. Gəl, gedək, qoy bu
bicbala burda qalıb qurda-quşa yem olsun. Allah yaxşı
bilir neynir.
Kişilər cəld maşına minirlər. Sürücü maşını necə
tərpədirsə, maşının banında hürkmüş balaqların böyürtüsü
eşidilir. Möhkəm qaz verilmiş maşının səsi Şər Nizinin
qıy-qışqırığını eşidilməz edir.
O, danışan kişini səsindən tanıyır – bu, qəssab Babaş
imiş.
Dostum Şaiq nəfəsini dərib gülə-gülə dedi:
– Əcəb səni qonaq elədim. İmkan vermirəm, yeməyini rahat
yeyəsən.
– Bu istidə yemək olur ki? - mən dilləndim.
O, içib boşaltdığım bokala yenidən soyuq mineral su ilə
süzə-süzə danışdığı əhvalatı bitirdi:
– Əlbəttə, həmən gecə Şər Nizi qurd-quşa yem olmur,
qəzadan canını qurtarır. Amma, həlləm-qəlləm işlərindən bu
gün də əl çəkməyib.
Mən dostuma söz atdım:
– Yəqin o, arabir sənin də işinə yarayır.
Dostumla aramız açıq olduğuna görə o, həqiqəti gizlətmədi:
– Xəbərin istisini xəbərçilər gətirir.
Mən eyhamı anladım və saata baxdım.
– Artıq getmək vaxtıdır, - dedim.
Dostum Şaiq ilə ayrılandan təxminən üç həftə sonra bir
əhvalat baş verdi.
İdarəmizdə iş təzəcə başlamışdı. Giriş qapısındakı polis
telefonla xəbər verdi ki, bir qoca kişi təcili mənimlə
görüşmək istəyir, guya dövlət əhəmiyyətli mühüm bir xəbər
verəcək mənə. Mühüm xəbərin bizim işlə bağlı olduğunu
düşünüb, qocanın yanıma buraxılmasını tapşırdım.
Qoca qapımdan içəri girən kimi dərhal onu tanıdım. Bu, Şər
Nizi idi.
Salamlaşdıqdan sonra mən ona əyləşməyi təklif etdim. O,
oturmadı. Vəzifəli adamların qəbullarında çox olmaqdan
sürtülmüş adam kimi özünü tam sərbəst aparan Şər Nizi ani
olaraq mənə zənn ilə baxdı, sonra isə kabineti gözdən
keçirib ərklə dedi:
– Əvvəlcədən bilmək istəyirəm : Mən sözümü siz müəllimə
deyəcəyəm, yoxsa divara?
Onun qabaqdangəlmişlik eləməyi məni açmadı, hətta xətrimə
dəydi:
– Siz sözünüzü deyin, yerinə çatacaq.
Buzumun əriməməyi onun şaxını sındırdı. O, irişdi:
– Adım Niyazdır. Şaiq müəllimdən sizə salam var.
Laqeyd-laqeyd cavab verdim:
– Əleyküməssalam!
O:
– Düzü, məndə dövlət əhəmiyyətli heç bir mühüm xəbər-filan
yoxdur. Şaiq müəllimin dostu olduğunuzu bildiyim üçün
gəldim ki, sizdən bir az cibxərcliyi alım, – dedi.
Onu sancdım:
- Hesab edin ki, sözünüzü divara demisiniz.
O, bir az da sərbəstləşdi və yenə də irişə-irişə:
- Beş-on manata görə xahiş edirəm mənimlə acı danışmayın.
Şər Nizinin ovcuna tez nə isə basıb başımdan rədd eləmək
istədim, hətta əlimi cibimə də saldım. Ancaq sürtüyün
istəyinə belə asanca çatması məni fikrimdən daşındırdı.
- Başqa sözünüz yoxdursa, gedə bilərsiniz - dedim.
O, halını pozmadan qapıya üz tutdu və əlini qapının
dəstəyinə atanda çevrilib dilləndi:
- Mənə cibxərcliyi vermirsiniz verməyin. Onsuzda gedib
sizin adınızdan Şaiq müəllimdən bir şey qopardacağam.
Şər Nizi qapıdan çıxdı. Telefonun dəstəyinə əl atdım.
İstədim Şaiqə zəng
edib əhvalatı ona danışam, ancaq bunun yersiz olduğunu,
dostumun onu məndən yaxşı tanıdığını düşünüb dəstəyi
yerinə qoydum.
***
Ölümlə zarafat
Biz Praqa hava limanından Bakıya uçan Çex hava yollarına
məxsus təyyarəyə minəndə artıq Əmirin tini taraz idi. O,
stüardessalara kompliment deyə-deyə yerini axtarırdı.
Stüardessalardan biri qabağa düşüb bələdçilik edərək onu
yerində oturtdu. Özünün dediyi kimi Parisdən Praqaya
uçanda Bakıdan götürdüyü sonuncu arağı təyyarədə vurmağa
başlamış, Praqa aeroportunun kafesində isə arağı çaxıra,
konyakı viskiyə qarışdırmışdı.
Əmir təyyarədə məndən qabaqda, Rüstəmlə yanaşı oturmuşdu
və ona Nobel qardaşları haqda yazdığı və ingilis dilində
çap olunmuş sənədli romanından danışırdı. Hətta deyirdi
ki, əsərini Nobel mükafatına təqdim edib və komissiyada
birinci turdan keçib. Ancaq Nobel mükafatını adama
asanlıqla vermirlər. Proses bəzən iyirmi il çəkir.
Əvvəlcədən heç nə demək olmaz. Nobel mükafatı komitəsi
sürpriz etməyi xoşlayır. Onun danışdıqlarını ətrafdakılar
aydın eşidirdi. O, XIX əsrin sonu, XX əsrin əvvələrində
Bakı neftinin hesabına milyonlara yiyələnmiş norveçli
Nobel qardaşları barədə kinossenarisinə film çəkmək üçün
sponsor axtardığını bildirirdi.
– Rüstəm, – Əmir deyirdi – Avropa oxucusuna yol tapmaq
üçün onu maraqlandıran mövzuda yazmaq lazımdır. Mən Nobel
qardaşlarından yazmasaydım və yəhudi mühitinə çıxmasaydım
(Nobellər yəhudi kökənlidir), kim idi mənim romanımı
ingiliscəyə çevirib kitab buraxdıran? Hansı xarici
nəşriyyat mənim kitabımı çap etməyi boynuna götürərdi? Heç
biri! Bu romanım iki il qabaq Londonda on min tirajla çap
olunub, satılır. O vaxtdan heç yerdə işləmirəm, bu kitabın
hesabına yaşayıram. Qardaşım, Rüstəm, sən nə qədər «Şaman
duası» (Rüstəmin şerlər kitabının adı) yazsan, buralara
(biz hələ Avropadaydıq) gəlib çıxmayacaqsan, samballı
qonorar üzü görməyəcəksən.
Rüstəm Əmirin dediklərini cavabsız qoymadı:
– Əmir, mənimki «Şaman duası»dır. Qurd öz ölkəsində ac
qalmaz!
Təyyarəmiz havaya qalxıb rahat uçmağa başladıqda
stüardessalar sərnişinlərə axşam yeməyi gətirdilər. Əmir
yeməyə girişməzdən əvvəl əl çantasını eşələyib bir şüşə
viski çıxartdı. O, viski şüşəsinin ağzını açıb
stüardessaların bir azdan gətirəcəkləri çay və ya kofe
üçün qoyduğu fincanı ağzına qədər doldurduqdan sonra
yanında və ətrafında oturan bizlərə də viski təklif etdi.
Mən içmək istəmədiyimi bildirdim. Rüstəmin qan təzyiqinin
olduğunu dörd gündü ki, yol yoldaşlarımızın hamısı
bilirdi. Dəstəmizdə olanlardan Qafar, Paşa, bir də Sabir
müəllim fincanlarını Əmirə uzatdılar. Əmir onların
hərəsinə azacıq içki süzdü. Özləri belə istədilər.
Sabir müəllimin yanında oturmuş müğənni İlhamə xanım
stüardessaya şərab sifariş vermişdi. Digər səfər
yoldaşımız biznesmen və xeyriyyəçi Akif qızı ilə üç sıra
arxada əyləşmişdi, başları söhbətə bərk qarışmışdı, bizdən
xəbərləri yox idi. Bizdən olan o birilər Demokratik
Azərbaycan Konqresinin Bakı təmsilçisi Xəzər, gənc
siyasətçi Niyaməddin, Sabir müəllimin qardaşı oğlu Anar və
başqaları lap arxa cərgələrdə səpələnmişdilər, əl çatan
yerdə deyildilər. Biz üç gün Parisdə vaxtilə Avropa
İttifaqının fəaliyyətə başladığı binada dünyanın çox
yerindən gəlmiş soydaşlarımızla və xarici qonaqlarla birgə
1946-cı ildə Güney Azərbaycanında baş verən Milli azadlıq
hərəkatına həsr olunmuş simpozium keçirmişdik.
Simpoziumda iştirak edənlər az-çox tanınan adamlardı və
hamımız iclaslarda çıxış edib ürəyimizi boşaltmışdıq.
Vətənpərvər şair Sabir müəllimin, istiqlal, azadlıq
yolunda zindanlar, sürgünlər görmüş, dönməz, həyatda adi
görünsə də, tribunaya çıxanda qızmış şirə dönən, danışanda
ağzından od tökülən, hazırda İsveçdə mühacirətdə yaşayan
Əjdər bəyin coşqun nitqlərinə qulaq asmışdıq. Nə
səbəbdənsə Fransadakı səfirimiz simpoziumun heç bir
iclasına gəlməsə də, Gürcüstanın bu ölkədə səfiri olan
xanım iclaslardan birinə təşrif buyurmuş və çıxış edərək
Güney Azərbaycanın istiqlalı ideyasını bəyəndiyini
bildirmiş və bizdən alqış qazanmışdı. Vətəndaş
duyğularımız təzələnmişdi. Hətta İlhamə xanım çıxışından
sonra vətən haqda həzin bir mahnı oxuyub salondakıları
(Simpoziuma dəvət olunmuş Fransa senatının üzvü də bizə
qoşulmuşdu. Hərçənd ki, o, milli maraqlarımızla, xüsusilə
ermənilərin işğal etdiyi Qarabağla bağlı bütün məsələlərə
ilıq münasibət bildirəndə deyirdi: «Bu mənim şəxsi
mövqeyimdir, Fransa senatının mövqeyi deyil.» Fransa
senatı bizim barəmizdə nə fikirləşirdi, onu demirdi.)
kövrəltmişdi.
Əmir viskini başına çəkəndən sonra üzünü İlhamə xanıma
tutub dedi:
– İlhamə xanım, gərək bizimlə əllicə qram viski içəydiniz.
Göyün yeddinci qatında viski vurmağın ləzzəti başqadır.
İlhamə xanım ona tərs-tərs baxıb cavab verdi:
– Əmir, sərxoşluğun heç, ayıqlığın da bir şey deyil.
Gülüşdük. Elə bu anda təyyarəmizdən dəhşətli səs çıxdı. Bu
səs ani oldu, təxminən üç-dörd, yaxud beş-altı saniyə.
Vahimə içində biri-birimizə baxdıq. Bir az sonra təyyarə
yenə də əvvəlki sakit, adi səsilə uçurdu. Başqalarını
bilmirəm, amma mənim içimdə bir nigarançılıq başladı.
Çünki, bu vaxta qədər uçduğum təyyarələrin səsinin bayaqkı
kimi dəyişdiyinin şahidi olmamışdım.
Uçuş heyətindən bir nəfər kişi əlində fənər salona daxil
oldu. Yəqin təyyarənin mühəndisi idi. Onun arxasınca
stüardessa gəlirdi. Onlar iti addımlarla yeriyərək salonun
ortasında, Əmirin oturduğu yerin yanında ayaqaltı örtüyü
aralayıb lükü açdılar və fənərlə nəyisə gözdən keçirməyə
başladılar. Mühəndis hesab etdiyim kişi əyilib əlilə
nələrisə yoxladı, deyəsən baş tapmayıb dikəldi və başını
bulayıb lükün qapağını örtdü. Sonra stüardessa ilə bərabər
necə iti addımlarla gəlmişdilərsə, eləcə də salonu tərk
etdilər.
Əmirin səsi gəldi:
– Deyəsən, işimiz fırıqdır. Bir vaxt təyyarədən Xəzər
dənizinə kürü qutuları necə yağmışdısa, biz də indi
təyyarədən eləcə yerə töküləcəyik. (Bakıda doxsanıncı
illərdə belə bir hadisə olub; qaçaqmalçılıq yolu ilə kürü
aparan yük təyyarəsini təhlükəsizlik xidmətinin işçiləri
yerə endirməyə məcbur edərkən təyyarədəkilər kürü qutuları
yığılmış yeşikləri Xəzər dənizinə tökməklə xilas
olmuşdular. Bu barədə Bakıda xeyli söz-söhbət getmişdi)
İlhamə xanımın səsi titrədi:
– Əmir, nəhs gətirmə!
Əmirin zarafat etdiyini, yaxud ciddi danışdığını ayırd
etmək olmurdu. Şəxsən mən onu sərxoş saydığım üçün
nisbətən toxdaq idim.
Əmir bir az da hündürdən:
– Niyə nəhs gətirirəm, görmədiniz pilot (mənim mühəndis
bildiyim) başını bulayıb getdi?! O, stüardessaya yavaşca
«Radar itib» dedi.
Paşa onun qələtini tutmağa çalışdı:
– Əmir, sən çex dilini bilirsən? Onlar öz dillərində
danışırdılar.
Əmir inadından əl çəkmədi:
– A qardaş, «radar» yəqin çex dilində də radardır də.
Pilotun dilindən «Radar» sözünü eşitdim. Yəqin radar itib.
Bəlkə də indi hara uçduğumuz məlum deyil.
Təyyarə bir qanadı üstə əyilib düzələndə Əmirdən başqa
hamı qorxudan sarısını udub oturacağa qısıldı. Bu vaxt
salona bayaqkı iki nəfərlə yanaşı nisbətən yaşlı pilot da
daxil olub Əmirin yanındakı lükə yaxınlaşdılar. Mühəndis
hesab etdiyim kişi yenə də lükün qapağını qaldırdı və
əlindəki fənəri yandırıb içəri işıq tutdu. Yaşlı pilot
əyilib diqqətlə xeyli içəri baxdı. Hər üçünün həyəcanı
aydın hiss olunurdu.
Onlar lükün qapağını örtüb tələm-tələsik gedəndə Əmir
ayağa durub təzə versiya irəli sürdü:
– Deyəsən, təyyarənin motorunun biri dayanıb. Bir motorun
ümidinə qalmışıq.
Əmir sərxoşluqdan ayılmamışdı, müvazinətini güclə
saxlayırdı.
Salonda əvvəlcə çex, sonra ingilis dilində bildiriş
səsləndi. Akifin səfər boyu bizə dilmanclıq edən
dilli-dilavər qızı bildirişi ingiliscədən tərcümə etdi:
– Təyyarəmiz texniki nasazlığa görə və yol uzaq olduğu
üçün risk etməyib Praqaya qayıdır. Qırx dəqiqədən sonra
Praqa hava limanına enəcəyik.
Görünür, bayaq təyyarəmizin qanadı əyiləndə geri
dönürmüşük.
Əmir iblissayağı irişə-irişə üzünü Rüstəmə tutub dedi:
– Rüstəm, bir azdan sonra sənin şaman ruhun Allahın
dərgahına qovuşacaq. İndi biz Allaha daha yaxınıq.
Arxadan Rüstəmin üzünün bir tərəfini görürdüm, rəngi tamam
qaçmışdı. Əmirə cavab verəcək halı yox idi. Artıq hamı
həyəcanlanmışdı, bircə Akifin qızından başqa. O, şıltaqlıq
edir, yerində donub qalmış atasına atmacalar atırdı. Nə
qədər onun sərbəstliyinə, şıltaqlığına qoşulmaq istəsəm də
olmurdu, fikrim təyyarənin səsində idi. Bu səsin
dəyişəcəyindən qorxurdum. Ürəyimdə özümü asıb-kəsirdim:
– «Axı, Bakıda səhərüzü aeroporta gələndə Allah sənə
səfərinin uğursuz keçəcəyini əyan eləmişdi. Axı, ay
Allahın key bəndəsi, aeroportda xidməti avtomobilindən
düşəndə görmədin ki, maşının dörd təkərinin dördü də
buraxıb? Düzdür, səbəbini bildim, sürücü avtomobili ikinci
mərtəbənin giriş qapısına sürmək əvəzinə çaşıb birinci
mərtəbənin qabağına sürmüşdü. Sonra maşını geriyə verib
yolu dəyişəndə asfaltdakı əks istiqaməti qadağan edən
dişlər təkərləri deşmişdi. Bəyəm bu təsadüf idi? Məgər
sənin iyirmi il sükan arxasında yal ağartmış sürücün
yolunu su yoluna döndərdiyi aeroportun
girintisini-çıxıntısını bilmirdi? İndi göyün üzündə nasaz
təyyarənin içində ətəyindən yapışdığımız o gözəgörünməz
kişi səni necə agah eləməliydi? Cənabi-Cəbraili sənin
hüzuruna göndərməliydimi? Yoxsa, Xızır peyğəmbər
qənşərində peyda olub əlindən tuta-tuta səni xarabana
qaytarmalıydı? Avtomobilin yerə yatmış təkərlərini görəndə
əvvəlcə ürəyinə xal düşmüşdü. Bu nəhs əlamət həyatın boyu
həmişə təhlükəqabağı sənə olan xəbərdarlıqlardan biri
deyildimi? Qabaqlar da haçan belə xəbərdarlıqları
qulaqardına vurmuşdun, başın bəla çəkməmişdimi? Axı, ay
tərs müsəlman, niyə sən həmişə iynə ulduzundan keçməyə can
atırsan? Özünü inandırırsan ki, ən müşkül çətinlikdən də
çıxış yolu var. Dörd yırtılmış təkəri görəndə niyə beyninə
geydirməyə çalışırdın ki, hələ çıxış yolu tam bağlanmayıb,
beşinci, ehtiyat təkəri yerindədir. Bax, elə indi də
yan-böyründəkilər kəlmeyi-şəhadətini oxuduqları vaxtda
beşinci, avtomobilin baqajındakı ehtiyat təkərdən yapışıb
hər an baş verə biləcək qəzadan qurtulmaq ümidindəsən.
Bu anda İlhamə xanım ağlamsına-ağlamsına üzünü gah mənə,
gah Paşaya tutub deyir:
– Evimiz yıxılıb! Balalarımız yetim qalacaq!
Sonra o, boğulub oturmuş Sabir müəllimə sarı baxır:
– Ay Sabir müəllim, nə dayanmışıq, heç olmasa, gəlin
vəsiyyətimizi eləyək.
Sabir müəllim mat-mat ona baxıb cavab verir:
– Ay İlhamə xanım, vəsiyyətimizi kimə eləyək?! Ölsək,
hamımız öləcəyik də…
İlhamə nə dediyini indi anlayır və əllərilə başını tutub
yerində oturur.
Paşa həkim olduğu üçün özü ilə ehtiyat götürdüyü
dərmanlardan qan təzyiqi qalxmış Rüstəmə, ürəyi sıxılan
Qafara, halsızlaşmış İlhamə xanıma, qarşısında oturmuş bir
çexə paylayır.
Artıq üç stüardessa arada gəzib əllərindəki padnoslara
düzülmüş plastik stəkanlarda ehtiyacı olan sərnişinlərə su
paylayırlar.
Su paylayan stüardessalardan biri qorxudan ayaq üstə ölüb.
Tərs kimi sərnişinlərdən kimsə onu düşdüyümüz vəziyyətlə
bağlı sorğu-suala tutur. Stüardessa gülümsəməyə çalışsa
da, dodaqlarını yana aça bilmir, sanki, üzü donub. Güclə
rabitəsiz, ümidli sözlər deyir, lakin aydınca görünür ki,
dediyinə özü də inanmır.
Akifin qızı vahimə içində su paylamaqda davam edən
stüardessanı lağa qoyur:
– Bu yazığın dünəndən qırxı çıxıb ki…
Prezident Apartında işləyən Qafar Akifi səsləyir:
– Akif müəllim, bəlkə telefonu açıb (uçuş qaydalarına
uyğun olaraq mobil telefonlarmızı bağlamışdıq) Azərbaycan
hökümətini məsələdən xəbərdar edək?!
Arxada bizimkilərdən kimsə dillənir:
– İndi Bakıda gecə saat 1-dir. Gecənin bu vaxtı Azərbaycan
höküməti işləyir?
Akifin qızı şıltaqcasına rişxənd edir:
– Müxalifətçilərə çatsa, bu sözləri qəzetlərinin manşetinə
(Bu qız qəzetçilikdən də xəbərdarmış) çıxaracaqlar.
Sabir müəllim araya şuxluq qatmaq istəyir:
– Yazıq Ayaz müəllim («Ədəbiyyat qəzeti»nin baş redaktoru)
bu qədər şairin (Sabir müəllimqarışıq dəstəmizdə beş şair
var) hər birinə nekroloq versə, qəzetində başqa yazıya yer
qalmayacaq.
Heç kəsin dodağı qaçmır.
Bir gözüm saatdadır. Saatın əqrəbindən daş asılıb, irəli
getmir. Başımı qatmaqdan ötrü bir şey haqda düşünmək
istəsəm də, düşüncəmin başlamağı ilə qırılmağı bir olur.
Görünür, təhlükə qarşısında qorxudan insanın düşüncə
dairəsi daralır.
Əmir içkidən xumarlanıb bərk yuxuya gedib. Ona həsəd
aparmaq olar. İndi ölüm qorxusu ona yaddır. Bəlkə də ölüm
qorxusu ölməkdən daha dəhşətlidir. Əmirin ruhu necə də
sakitdir. Allah ona son dəqiqələrini təmkinlə və ləyaqətlə
qarşılamağa necə də vasitə tapıb. Bəlkə də Əmir buna
layiqdir. Qələm yoldaşı kimi gendən-genə biri-birimizi
tanısaq da, onunla ilk dəfədir yoldaşlıq edirəm. Cəmi
bircə dəfə aramızda münasibət olub. O, zaman ondan xoşum
gəlmişdi. Həmən vaxt Əmir mənə zəng edib neft haqda
çəkdiyi sənədli filmin CD-sini bizim idarəyə satmaq
istədiyini bildirdi. İnandırmağa çalışdı ki, bu CD-ləri
xarici qonaqlara hədiyyə vermək onlar üçün təbərrik kimi
bir şeydir. Guya başqa təşkilatlar bu CD-ləri göydə
götürürlər, CD-nin birini 15 ABŞ dollarına satırdı və
məndən xahiş edirdi ki, əli aşağıdır, 30 ədəd CD götürüm.
Mən idarələrə kitablar, siyasi portretlər, büstlər,
kassetlər və başqa şeylər satanları çox gördüyümə görə
Əmirin malını tərifləməsinə ciddi baxmadım və dilləndim:
– Əmir, on CD götürərik.
O, ərklə dedi:
– Əlində bu boyda zırıltı səlahiyyət var, (şişirtməyə
bax!) səninçün 30 CD nədir ki? Hamısını götürütdür də…
– Əmir, – dedim – bir şərtlə 30 CD-ni götürüb sənə 450
dollar verdirəcəyəm.
O:
– Hansı şərtlə?! – tələsik soruşdu.
Dedim:
– İmkansız qələm yoldaşlarımızdan yardım üçün idarəmizə
müraciət edən az deyil. Onlardan hansı gəlsə, deyəcəm ki,
bu ayın xums və zəkat pullarını Əmir qamarlayıb.
Əmir dərhal yumşaldı:
– Yox, qardaş, yox, elə on CD alsanız, bəsimdir. Mən elə
kəmfürsətlik eləyə bilmərəm.
Təyyarənin səsi xırıldayır. Salonda narahatlıq və
nigarançılıqla dolu ovqat təzələnir.
Sabir müəllim yan-yörəsindəkilərin fikrini yayındırmağa
uğursuz cəhd edir:
– Rüstəm, Paşa, Əjdər, (Əmir hələ ayılmayıb) mən öləndə
dəfnimdə, vida mərasimində nə deyəcəksinizsə, indi deyin,
eşidim.
Rüstəmin qırışığı açılmır, (Burada icazə versəydilər,
bayaqdan o, ən azı yarım qutu siqaret çəkmişdi. Nə siqaret
sümürməyin yeriydi?!) susur. Paşa Sabir müəllimin
yarızarafat, yarıciddi dediyi sözləri sanki eşitmir,
çantasındakı dərmanları bir-bir gözdən keçirir.
Mənsə özümü o yerə qoymuram:
– Sabir müəllim, mən sizin haqqınızda yalnız sağlıq deyə
bilərəm.
Təyyarəmiz silkələnir və narahat uçmaqda davam edir.
İlhamə xanım əllərini yuxarı qaldırıb Allaha yalvarır:
– Ay Allah, səndən ömür istəmirəm, möhlət istəyirəm. Məni
o bircə balama bağışla!
O, geri qanrılıb salona göz gəzdirəndə deyəsən, Akiflə
göz-gözə gəlir: - Akif, - deyir – dünən səni acıladım,
bağışla! (Dünən axşam Parisdə, türklərin restoranında
qonaqlıq vaxtı onların sözü çəp gəlmişdi,
ağızlaşmışdılar.)
Akif başını tərpətsə də, qırışığı açılmır.
Qafar İlhamə xanımın duasından narazı qalır:
– Ay İlhamə xanım, Allah sizi bizdən ayırıb bağışlaya
bilməyəcək, hamımızın yerinə dua edin, bəlkə qurban
olduğumuz uzunsaçlının səsini eşitdi.
Rüstəm əzvay-əzvay dillənir:
– Buna baxın, (Əmiri göstərir) bəxtəvər oğlu nə arxayın
yatıb?! Niyə də arxayın yatmasın, əsərini Nobel mükafatına
təqdim edib, ölümündən sonra olsa da, Nobel mükafatı
alacaq. Nobellər özləri haqqa yazılan əsərə mükafat
verməyəcəklər?
O, ani pauza verib yenidən deyinir:
– Adil Mirseyid elə düz eləyir Parisə gəlmir. Mənə deyən
lazımdır ki, ay axmaq, sənin Parisdə nə itin azıb?!
Rüstəmin dediyini Paşa ilə ikimiz anlayırıq. Dünən
axşamüstə üçümüz Eyfel qülləsindən enəndən sonra Sena
çayının üstündəki körpüdə dayanıb çaya baxanda dilləndim:
– Adil Mirseyid bir şerində yazır: «Oturmuşam Parisdə,
Senanın sahilində ayaqlarımı sallamışam suya».
Rüstəmlə Paşa şaqqanaq çəkib güldülər. Paşa dedi:
– Ay Adil, (guya Adil yanımızda idi) Parisdə Senanın
sahili çaydan yeddi-səkkiz metr hündürdədir, betonla
düzəldilib. Belə hündürlükdən ayaqlarını suya necə
sallayırsan? Heç ayaqların suya çatar?
Damağından siqareti əskik olmayan Rüstəm növbəti
siqaretini yandırdı və siqaretinə bir qullab vurub dedi:
– Görməyib yazanda belə olur də…
Stüardessalar salona daxil olub üstündə «Exit» yazılmış
çıxış qapılarının qabağını yoxlayırlar. Çıxışa mane olan
bir şey gözə dəymədiyini bir daha (onlar ikinci dəfədir bu
baxışı keçirirlər) yəqinləşdirib salondan çəkilirlər.
Mikrofon açılır, səs:
Hörmətli sərnişinlər! Təyyarəmiz Praqa hava limanına
enməyə hazırlaşır. Kəmərləri bağlayın. Narahat olmayın!
Hava limanında təcili yardım, yanğınsöndürən maşınları tam
hazır vəziyyətdədir. Allah sizi (pauza) və bizi qorusun!
(Bu mətn Akifin qızının tərcüməsidir.)
Salonda həyəcan artır. Mən ölüm ağrısının necə olacağı
barədə düşünməyə başlayıram. İlahi, ölüm yenə də qəfil
kəsdirmişdi başımın (başımızın) üstünü. Birinci dəfə
deyildi ölümlə üz-üzə gəlirdim. Körpəliyimdə tez-tez
xəstələnirmişəm. Hətta, atam-anam məndən əllərini büsbütün
üzüblərmiş. Neçə dəfə üzümü qibləyə çevirib gözlərimi
sığamağa hazır dayanıblar. Ancaq görünür, kəndirim
kəsilməyibmiş. Uşaqlıqda yolla qaçarkən arxadan gələn
maşının siqnal səsindən diksinib geri baxanda ayağım
ilişdiyindən yıxılmağım və QAZ-51-in düz üstümdə dayandığı
dünənki kimi yadımda idi. İki qabaq təkərin arasında
qaldığımdan mənə xətər toxunmamışdı. Həyəcan içində
maşının kabinəsindən düşüb məni QAZ-51-in altından dartıb
çıxardan, sappasağ olduğumu görəndə qulağımın dibinə bir
şillə ilişdirən və «Evimi yıxmışdın, ay it balası!» deyən
sürücü sevincək maşını tərpədib aradan çıxmışdı.
Bir dəfə də doqquz, ya on yaşım olanda, yay vaxtı
axşamüstü baxçamızda göy otun üstündə uzanmışdım. Sərin
mehdən xumarlanıb yuxuya getmişəmmiş. Birdən sinəmdə
ağırlıq hiss etdim. Gözümü açmağımla əmimin qışqırtısını
eşitməyim bir oldu. Sinəmin üstündə qıvrılıb yatmış ilan
asta-asta sürünüb otların arası ilə məndən uzaqlaşanda
əmim yerdən götürdüyü daşla onun başını əzdi. Ayağa
durdum. Ağlamsına-ağlamsına «Əmi, ilana dəymə!» desəm də,
artıq gecdi. İlanın başının üstündə dayanıb ağlayanda əmim
qorxudan gözümün qorasını axıtdığımı düşünüb: « - Yaxşı
bəsdi, belə ağciyər olma!» – dedi.
Gözümün yaşını silə-silə dilləndim:
– Əmi, onu nahaq öldürdün…
Əmim böyük bir iş görmüş adam kimi öyündü:
– İlanı görənə də, görüb öldürməyənə də lənət!
Dodaqlarım titrədi:
– Axı, o yaxşı ilan idi, məni çalmadı.
Əmim yenə məsəl çəkdi:
– İlanın ağına da lənət, qarasına da.
Uşaqlıq elədim:
– Axı, bu ilanın rəngi nə ağdır, nə də qara…
Əmim hövsələdən çıxdı:
– Ölmək istəyirdin, yaramaz? Boşboğazlıq eləmə!
Əmim gedib həyətin o başından bel gətirdi. O, yeri qazıb
ilanı basdıranda mısmırığımı sallayıb ona çəpəki baxdığımı
görüb dedi:
– İlanı vaxtında hürkütdüm. Əgər ilan səni çalsaydı, onu
yox, səni basdırmalı olacaqdıq.
Avtomobil qəzasına çox düşmüşəm, ancaq hər dəfə hadisə göz
qırpımında baş verdiyinə görə bir an sonra öləcəyim barədə
düşünməyə macal tapmamışam. Lakin, indi son anlarımı
yaşadığım haqda düşünməyə bir neçə dəqiqəm vardı. Neçə
dəqiqə çəkəcəyi bilinməyən bu dar macalda ən birinci ölüm
qorxusunu dəf etməyə çalışacaqdım. Ölüm gəlməmiş ölüm
qorxusundan ölmək istəmirdim. Mən həyatım boyu hər bir
işdə, mübarizədə, oyunda axıra qədər duruş gətirməyə
çalışmışam. Necə ki, bilyardda rəqibimə 1:7 hesabı ilə
uduzduğum halda əlim oyundan soyumayıb, inadımla rəqibimi
təəccübləndirmişəm, çaşdırmışam, gözbağlayıcı kimi onu
ovsunlayıb udmuşam, həyatda da çox vaxt son anda bəxt
üzümə gülüb. Bir dəfə yenə ilan ağzından çıxıb oyunu
aparanda oyunçu yoldaşlarımdan biri dedi ki, dostum, sən
yaxşı oynamaq hesabına deyil, bəxtin gücünə udursan. Onda
kiyə söykənib gülmüşdüm: «A zalım, tək indi yox, qırx
ildir mən qabiliyyətimin yox e, bəxtimin hesabına
yaşayıram.»
İndi qorxudan keçmişdi, bəxtimin gücünü sınamaq qalırdı.
Lap çoxdan köhnə iş yerimdə xiromantiya ilə dərindən
məşğul olan iş yoldaşım Eldar ovcumun içindəki xətlərə
uzun-uzadı baxandan sonra demişdi ki, qardaşım, özünü yol
qəzalarından qoru, səfərə çıxmaq həmişə sənin üçün
təhlükəlidir.
O vaxtdan sonra illər boyu yaxın-uzaq səfərlərə çıxmazdan
qabaq həmişə Eldarın dediklərini xatırlamışdım. Bu səfərdə
isə nədənsə onun dedikləri indi yadıma düşmüşdü. Mən
haçansa dostumun dediklərinin bir gün çin çıxacağını
gözümün altına almışdım. Ömrümün son anlarında
dişimi-dişimə sıxıb özümü tox tutmalıydım. Ancaq belə ucuz
ölümlə həyatdan, insanlardan ayrılmaq istəmirdim.
Təyyarəmiz yenidən titrəyir. Adam uçunanda necə olursa,
təyyarəmiz də həmin vəziyyətdədir.
Salonun arxa oturacaqlarında oturanlardan kimsə qışqırıb
özündən gedir. Stüardessalardan biri ona sarı qaçır. Məlum
olur ki, özündən gedən cavan fransızdır. O, tək deyilmiş,
iki yoldaşı öz aralarında nəsə danışa-danışa özündən
gedəni ayıltmağa cəhd edirlər.
Sabir müəllim üzünü bizə tutub sanki onu vahimələndirən
fikirləri qorxutmaq üçün səs çıxardır:
– Allah rəhmət eləsin!
Özümdən ixtiyarsız dillənirəm:
– Amin!
İlhamə xanım üzünü turşudub nəsə deyir. Amma səsi batdığı
üçün dediyi eşidilmir.
Təyyarəmiz bir qədər özünə gəlir. Pəncərədən çölə baxıram.
Buludun içində uçuruq. Həm gecənin qaranlığı, həm də bulud
aşağını görməyə mane olur.
Akifin qızı şux səslə atasına deyir: (Deyəsən, bu qız
qorxu hissindən məhrumdur.)
– Papa, Praqa aeroportunda görüb bəyəndiyim gümüş
boyunbağını mənə almadın. Bax, təyyarəmiz mənim xətrimə
geri qayıtdı. Söz ver ki, təyyarədən enib aeroporta girən
kimi həmin boyunbağını mənim üçün alacaqsan.
Akif başını tərpədib dərhal razılaşır. Kim razılaşmaz ki?
Yenə saata baxıram. Praqaya qayıdacağımız haqda elandan
qırx üç dəqiqə keçir. Bayaq qırx dəqiqəyə çatacağımızı
demişdilər.
Pəncərədən boylanıram. Yenə gecənin qaranlığı və buludlar.
Buludların arasında nə çox uçuruq?! Buludların seyrək yeri
yoxdurmu, aşağını görək? Əgər Praqaya çatırıqsa,
şəhərətrafı yaşayış məntəqələrinin işıqları gözə
dəyməlidir. Bulud boşluqlarına düşərək titrəyən
təyyarəmizin gücənməsi hövsələmi daha da daraldır.
Gözlərimi yumub kresloya söykənirəm. Təyyarə endiyinə görə
qulaqlarım tutulub, ağır eşidir. Xilasımız üçün məndən
asılı heç nə yoxdur. Məni ən çox incidən budur.
Enmə zolağında təyyarəmizin təkərləri yerə dəyəndə hamı əl
çalır. Dikəlib gözlərimi açıram. Xaricilərdən kimsə ucadan
dillənir:
– Qoyun təyyarə dayansın, sonra əl çalarıq, (Akifin qızı
dərhal tərcümə edir) hələ tezdir.
Ürəyimdə səsin yiyəsini yamanlayıram: «Bu bayquş nə deyir
e?! Yəqin nəsə bilir?! Yəni partlayış ola bilər? Bəlkə
də…»
Hava maşını yavaşıyıb dayanır. Sürəkli əl çalırıq.
Stüardessalar sağ-salamat yerə enməyimiz münasibətilə bizi
təbrik edir. Bayaq hamıdan çox qorxan stüardessa, indi
hamıdan artıq sevinir.
Təyyarənin mühəndisi hesab etdiyim kişi yanımızdan
keçərkən Akif ondan soruşur:
– Göydə nə olmuşdu? (Qızı tərcümə edir)
Kişi gülümsəyir və gedə-gedə cavab verir:
– Təyyarəmizin şıltaqlığı tutmuşdu, ölümlə zarafat edirdi.
Uçuş kəmərimizi açıb ayağa qalxırıq. Rüstəm hələ də yuxuda
olan Əmiri dümsükləyib ayıldır. Əmir əsnəyə-əsnəyə
yan-yörəsinə baxıb uçuş kəmərini açır və deyir:
– Allaha şükür, sağ-salamat gəlib Bakıya çatdıq!
Ürəkdən gülüşürük. Rüstəmin səsi eşidilir:
– Nə Bakı, ay Nobel müəllim? Əzrayılın əlindən qurtulub
təzədən Praqaya qayıtmışıq.
Əmir Rüstəmin sözlərini zarafat sayır. Biz yanaşı
təyyarədən düşüb dəmir tuneli keçib limana daxil olanda
Əmir deyilənə inanır. Onun rəngi boğulur. Yol yoldaşımız
olan beş gənc xarici «No Air» deyə-deyə bizdən ayrılıb
səfərdən imtina edir. Biz növbəti təyyarəni gözləmək üçün
xüsusi salonda yerləşdirilirik. Əmir su istəyir, heç kəsdə
su yoxdur. Qafar elə bu Praqa aeroportunun mağazasından
alıb kimin üçünsə hədiyyə apardığı çaxırlardan birini açıb
Əmirə uzadır. Əmir şüşəni başına çəkib çaxırın yarısını
içdikdən sonra bir az sakitləşir. Rüstəm siqaret çəkməyə,
Sabir müəllim «Uçaqda özümü yaddan çıxartmışdım, qardaşım
oğlunun halına yanırdım. Onu dartıb bu səfərə gətirdiyimə
peşmandım.» deyib hava almağa gedir. Oturacaqda yanımda
əyləşən İlhamə xanım məndən soruşur:
– Samalyotda sakit oturmuşdun. Qorxmurdun?
Mən qımışıram:
– İlhamə xanım, adam döyüləm, nöş qorxmurdum.
Sözüm İlhamə xanımın ürəyinə sarı yağ kimi yayılır və
etiraf edir:
– Qorxu hələ də canımdan çıxmayıb.
Akif dilli-dilavər qızının istəyini yerinə yetirməkdən
ötrü onun üçün gümüş boyunbağı almaq istəsə də, nə onu, nə
də qızını polislər kənara buraxmır. Çünki, biz bir azdan
havaya qalxmalıydıq. Akifin qızı polisləri yumşaltmağa
çalışsa da, dediyini yeridə bilmir.
– Qızım, – Akif qızına deyir – Bakıda sənə ondan da
yaxşısını alaram.
Gözləmə salonunun pəncərəsindən bayaq uçduğumuz təyyarə
görünürdü. Əlbəttə, heç birimiz təzədən bu təyyarəyə
minmək fikrində deyilik.
Xəzər ətrafındakılara neçə il əvvəl təyyarədə uçarkən
başına gəlmiş əhvalatı danışır. Əli cibində var-gəl edən
gənc siyasətçi Niyaməddin narahat görünür. Axı, hələ səfər
bitməyib, yenidən təyyarəyə minəcəyik.
Qafar İlhamə xanıma yanaşıb ona söz atır:
– İlhamə xanım, ölsəydiniz («Ölsəydik» demir), mətbuatda
sizinlə çəkişən xanımlar yaman sevinəcəkdi.
İlhamə xanım cavab verir:
– Ölsəydik də, («Ölsəydim» demir) vətən, millət yolunda
öləcəkdik. (Amma, heç təyyarədə belə danışmırdı) Allahıma
qurban olum, qoymadı düşmənlərim sevinsin. Bayaq təyyarədə
qurban demişəm. Sağ-salamat Bakıya çataq, Mir Mövsüm
ağanın üstündə qurban kəsdirəcəyəm.
İki saatdan sonra başqa təyyarəyə minib Bakıya uçuruq.
Dörd saat beş dəqiqəlik uçuş boyu narahatlıq məni tərk
etmir. Təyyarədən enəndə düşünürdüm ki, başıma gələn
hadisəni kimə danışsam, az-maz heyrətlənsə də, o qədər
təsirlənməyəcək, çünki, hadisə başlasa da, bitməmişdi.
Nasaz təyyarəmiz sağ-salamat yerə enmişdi, biz ölməmişdik.
İnsanlar faciəli sonluqla bitməyən hadisələri tez
unudurlar.
18.12.05 – 02.01.06
***
Qatillə görüş İnstitutda müəllimliyə başladığım ildi. Yaşca
tələbələrimdən çox da böyük olmadığımdan
qaynayıb-qarışmışdıq, mənə əməlli- başlı ərkləri vardı.
İndi danışacağım əhvalat başladığı gün seminar dərsi
apardığım üçüncü kurs qruplarından biri son imtahanını
verirdi. Mən imtahanı götürən Qabil müəllimin assistenti
idim. İmtahanı başa çatdırırdıq. İçəri sonuncu tələbə
girdi. Bu, çox gözəgəlimli qız olan Rəna idi. O, həmişə
son dəblə geyinən, özünü sərbəst aparan, kefi istəyəndə
dərsə gələn, şıltaq, bəslənmiş bir qızdı. Mən onun
dilavər, sözü birbaşa deyən qız olduğunu bilirdim. Amma
seminarlara az-az gəldiyinə görə onu o qədər də yaxından
tanıya bilməmişdim. Bildiyim bu idi ki, Rənanın dərs
oxumaqla arası yoxdu. Daha doğrusu, mənim dərs dediyim
fənn üzrə çox mövzuya baş qoşmasa da, bildiyini yaxşı
bilirdi.
Qabil müəllim başını kağızdan qaldırıb qələmi əlində
oynada-oynada Rənadan soruşdu:
– Sən də imtahan verməyə gəlmisən?
Qız soyuqqanlı halda cavab verdi:
– Bəli! - O, gözlərini süzdürərək sərbəstcə sumkasını
qabaq partanın üstünə qoydu, üzünü Qabil müəllimə tutub
sözünə davam etdi: – Bilet çəkə bilərəm?
Qabil müəllim bir az da ciddiləşib farağat vəziyyəti aldı:
– Mən səni heç tanımıram. Bəlkə mənim dərslərimə
girməmisən? Bu dəqiqə aydınlaşdırarıq, – deyə Qabil
müəllim tələbələrin dərsə davamiyyətini qeyd etdiyi
dəftəri açıb vərəqləməyə başladı.
Rəna aman vermədi:
– Zəhmət çəkib dəftər-kitab açmağa dəyməz. Mən vur-tut
bir-iki dəfə sizin mühazirələrdə iştirak etmişəm.
Qabil müəllim tələbənin qırmızılığından təəccübləndi:
– Niyə?
– Çünki sizin dərslərinizdə darıxırdım.
Qabil müəllim hövlləndi. Hədəqədən çıxıb bərəlmiş
gözlərini qıza zilləyərək soruşdu:
– Mənim mühazirələrimdə səni darıxdıran nə idi?
Rəna əvvəlki tonda:
– Siz maraqsız danışırsınız, – dedi.
Qabil müəllim özündən çıxdı:
– Ay qız, başından yekə danışma!
Rəna heç nə olmayıbmış kimi gülə-gülə dilləndi:
– Qabil müəllim, siz istəyirsiniz ki, yalan danışım?
Düşündüyümü deyirəm də.
Qabil müəllim ilişmişdi. Hiss edirdim ki, o cavab tapmağa
çətinlik çəkir. Sanki vaxt qazanmaq üçün mızıldandı:
– Yox, istəmirəm yalançı olasan.
Qız şıltaqcasına diliuzunluq elədi:
– Heç siz istəsəniz də mən yalançı olmaram.
Qabil müəllim qıza dil çatdıra bilməyəcəyini görüb susdu.
Mən gərginliyi yumşaltmaq istədim və dedim:
– Rəna, bəlkə bilet çəkəsən?
Rəna bileti çəkib sumkasını qoyduğu partada oturdu. O,
yerini rahatlayıb biletdəki sualları gözdən keçirdikdən
sonra mənim gözlərimin içinə dik baxaraq dilləndi:
– Üç sualdan ikisini bilmirəm, yəqin üçüncüsünü də
danışmağa dəyməz.
Əlinə fürsət düşən Qabil müəllimin Rənadan hayıf almaq
üçün gözləri alacalandı:
– İndi sənə «2» yazarıq, ağlın başına gələr.
Rəna laqeyd-laqeyd: – Mənim ağlım başımdan çıxmayıb ki,
geri də qayıda! – dedi.
Qabil müəllim yenə də qızışdı:
– Təkrar imtahanlarda da sənə «2»dən artıq qiymət
yazmayacağam!
Bütün bu baş verənlər gözəlçənin eyninə deyildi. Qabil
müəllimin dedikləri, necə deyərlər, onun halına təfavüt
eləmirdi. Rənanın dili dinc durmadı:
– Tapşırarlar, 2-nin üstünə 2 də qoyarsınız.
Qabil müəllim coşdu:
– Yazsam, barmaqlarım quruyar, yazmayacağam!
Rəna öcəşməyində davam etdi:
– Onda başqa barmaqlar mənə qiymət yazar.
– Səni institutdan qovduracam! – Qabil müəllim coşdu.
Rəna geri durana oxşamırdı:
– Qovdura bilirsiniz qovdurun, institutdan çıxmaq ölüm
deyil ki…
Özümü saxlaya bilmədim:
– Rəna, bəsdir! Axı belə olmaz!
O, dediyini dedi:
– Rasim müəllim, Qabil müəllim bilsin ki, o, pis adamdır,
tələbələr onu sevmir. Dalınca bircə xoş söz deyən yoxdur.
Amma, siz yaxşı adamsınız.
Rənanın məni Qabil müəllimə qarşı qoymağı pərtlik yarada
bilərdi. Ona görə də: «Qabil müəllim, icazənizlə Rəna
bayırda gözləsin, mənim təklikdə sizə sözüm var!» dedim.
Qabil müəllim dinəcək halda deyildi. Onun susduğunu görüb,
başımın işarəsi ilə Rənaya otaqdan çıxmağı buyurdum.
Rəna qiymət kitabçasını stolumuzun üstünə qoyub otaqdan
çıxdı. Araya sükut çökdü. Qabil müəllim dirsəklərini stola
söykəyib, əllərini başına dayaq edərək fikrə getmişdi.
Stolun üstündəki kağız-kuğuzu səliqəyə salmağa başladım.
Açığı, Rənanın dedikləri mənim ürəyimdən tikan çıxarırdı,
çünki doğrudan da tələbələr Qabil müəllimə mehr sala
bilməmişdilər. Mən müəllim yoldaşımın hirsini soyutmaqdan
ötrü ürəyimdə bir təsəlli cümləsi qurmağa çalışırdım.
İstəyirdim gərginliyi tezcənə aradan götürüm. Ancaq, fərli
bir xilasedici cümlə qura bilmədiyimi görüb, ağlıma gələn
ilk təklifi dedim:
– Qabil müəllim, bu qız başımızı ağrıdacaq. Bilmirik
kimdir, nəçidir, kimə arxayındır. Bəlkə ona qiymət yazaq,
rədd olub getsin.
Qabil müəllim dərin bir ah çəkib dilləndi:
– Rasim müəllim, səni başa düşürəm, subay oğlansan, bu
qıza rəğbətin olduğunu gərək mənə qabaqcadan deyəydin.
Niyə qoyursan o, mənim əsəblərimlə oynasın. Neçə ilin
müəllimiyəm, hələ beləsinə rast gəlməmişəm, məndən sənə
əmanət-məbadə bu qıza uyasan. Başını bəlaya salarsan.
Boğazım qurumuşdu. Rəna ilə doğrudan da heç bir xüsusi
əlaqəm yox idi. Yalnız seminardan-seminara onun üzünü
görürdüm. Onun sözü şax, adamın üzünə dediyini bilsəm də,
bugün müşahidə etdiyim cəsarətindən xəbərsizdim.
Qabil müəllim Rənanın zaçot kitabçasını qənşərimə
sürüşdürüb dedi:
– Mən bu qıza qiymət yaza bilmərəm, kefin nə istəyir ona
yaz, qiymət kitabçasını özünə qaytar. Gözüm onu görməsin.
Mən tələm-tələsik : «Üç yazıram!» dedim və qələmi əlimə
götürdüm.
Qabil müəllim:
– Yox, Rəna 2+2 istəyir, sənin xətrinə qoy o deyən olsun.
Amma, dediklərimi qulaqlarında sırğa elə, o qız sənlik
deyil.
Qabil müəllimi günahsız olduğuma inandıra bilməyəcəyimi
gözümün altına alıb imtahan vərəqinə və şıltaq tələbənin
qiymət kitabçasına istər-istəməz «4» (yaxşı) yazaraq ayağa
durdum. Qızı təzədən içəri çağırmaq yersizdi. Ona görə də
özüm qapını açıb çölə çıxdım. Rəna bir qədər kənarda
gəzişirdi. O, məni görüb dayandı. Mən qiymət kitabçasını
ona uzadıb dedim:
– Qabil müəllim pis adam deyilmiş, sənə «4» yazdı.
Rəna gülə-gülə cavab verdi:
– O mənə «2»dən artıq heç nə verməzdi. «4»ü sən (Rəna
bir-iki dəfə məni belə çağırmışdı) yazmısan. Ona görə də
sənə kefin harada istəsə, orada yaxşı bir qonaqlıq boyun
oluram.
Utana-utana:
– Sağ ol, mənə qonaqlıq lazım deyil! – cavabını verdim.
Rəna dilləndi:
– Yaxşı, yaxşı, fors eləmə!
İlahi, bu qız necə də adamı fəth edirdi! Onun ağzını
açması ilə əllərini yuxarı qaldırmağın bir olurdu. Bəlkə
bu ona görə belə idi ki, Rənanın gözəlliyinə biganə qalmaq
mümkün deyildi. Guya çıxış yolu tapıb cavab verdim:
– Səni xərcə salmaq istəmirəm!
Rəna məni başdan-ayağa süzərək «hm» eləyib rişxəndlə
güldü.
Məni lap əl-ayaq basdı. Necə də olsa, Rəna tələbəmdi. Axı,
mən niyə vəziyyəti öz xeyrimə dəyişə bilmirdim. Ən azı
müəllimlik səlahiyyətimdən istifadə edə bilərdim.
– Rəna! – bir qədər sərt dilləndim.
Sanki o, nə düşündüyümü bilirmiş kimi əsl aktrisa mimikası
ilə guya çəkinə-çəkinə sözümü ağzımda qoydu:
– Bəli, müəllim!
O fikrimi tutmuşdu, indi də mənimlə başqa cür məzələnməyə
keçirdi. Yumşalmaqdan başqa çarə yoxdu.
– Gəl sağollaşaq, Rəna! – dedim.
Yenidən onun şıltaqlığı tutdu.
O:
– Subay müəllim, bilirəm heç vaxt mənim kimi qızla
evlənməzsən, – dedi.
Mən ildırım sürətilə cavab verdim:
- Sabah bazar günüdür, gəl görüşək, sənə sözüm olacaq!
Rəna təəccüblənməyib: – Şəhərin harasında? Nə vaxt? – deyə
dilləndi.
Geri çəkilmək olmazdı, dedim:
- Sabah saat 12-də, Azadlıq prospekti ilə İnqilab
küçəsinin kəsişməsində, əyri binanın qarşısındakı
dayanacaqda. (Bakının bu məşhur prospekt və küçəsini kim
tanımır?)
Rəna dik-dik soruşdu:
- Ordan hara gedəcəyik, müəllim?
Mən birbaşa cavab verdim:
- Evə. Heç kəs əl-ayağımıza dolaşmayacaq.
Rəna dərhal başını tərpətməklə razılığını bildirdi və
əlavə etdi:
- Yaxşı tort bişirməyim var. Səninçün tort bişirib
gətirəcəyəm!
Sonra o, «Sabaha qədər!» deyib getdi.
Bazar günü səhər erkən oyanıb mənzilimdə yır-yığışa
başladım. Mən Rəna ilə görüşəcəyim dayanacağın arxasındakı
bayaq adını çəkdiyim əyri binanın üçüncü mərtəbəsində
birotaqlı mənzildə tək yaşayırdım. Bazar evimizdən uzaqda
deyildi. Yüngülvarı bazarlıq elədim. Özümü, üst-başımı
qaydaya salandan sonra saat 12-ni, görüş vaxtını gözləmək
qalırdı.
Elə əvvəllər də kimisə, nəyisə gözləmə vaxtını ömrün əsas
vaxtı saymamışam. Belə bir-iki saatlar, beş-on dəqiqələr
ömrün vaxt qırıntılarıdır. Bu vaxt qırıntıları zamanı əlin
heç nəyə yatmır, bir gözün saatda qalır, bilmirsən həmən
vaxtı necə yaşayasan.
Vaxtından tez, on ikiyə iyirmi dəqiqə qalmış, yəni bu
iyirmi dəqiqəni necə və harada keçirməyin elə bir fərqi
olmadığına görə binadan düşüb dayanacağın həndəvərinə
gəldim. Xeyli var-gəl edəndən sonra saat 12 tamam oldu.
Ürəyim buz kimiydi, inanırdım ki, Rəna mütləq gələcək. O,
sözündə bütöv qıza oxşayırdı. Ancaq gözləmə saatı
uzanırdı. Qərar vermişdim ki, nə qədər geciksə də, onu
gözləyəcəyəm. Deyəsən yavaş-yavaş Rənaya vurulurdum. Onun
davranışına, dediklərinə haqq qazandırırdım. Özümü
inandırırdım ki, o, Qabil müəllimə haqq eləyib. Qabil
müəllimə o da azdı. Hər adamı bir gün məhşər ayağına çəkən
tapılmalıdır də. Müəllim də imtahanı intiqama çevirər?!
Zalım oğlunun üzündə bir gilə nur yoxdur.
Dayanacağın qarşısında dayanan taksi məni fikirdən ayırdı.
Taksidən təxminən 16-17 yaşında bir oğlan düşüb düz mənə
sarı gəldi. Əlində kağız bağlama vardı. O, mənə çatıb
soruşdu:
- Bağışlayın, Rasim müəllim sizsiniz?
Ürəyim düşdü. Bildim ki, bu oğlanı Rəna göndərib.
- Hə, – dilucu cavab verdim.
Oğlan dilləndi:
- Mən Rənanın bibisi oğluyam. O, bu gün səhər anamla vacib
bir işdən ötrü Moskvaya uçdu. Gedəndə mənə tapşırdı ki,
özü bişirdiyi bu tortu sizə çatdırım. O, elə təsvir
eləmişdi ki, görən kimi sizi tanıdım. Bu bağlama sizindir,
götürün!
Mən etiraz edə bilmədim, Rənanın sovqatı olduğu üçün
bağlamanı götürdüm və nədənsə ərköyün qızın vacib iş
dalınca getdiyinə inandım.
Rəna elə qız idi ki, olduğu yerdə mütləq canlanma
yaradırdı. Tələbə yoldaşları tez-tez ondan nəsə
danışırdılar. Hər dəfə dərsə gələndə ya geyim-keçimi, ya
danışığı-davranışı, ya kiminləsə sözləşməsi, ya da başqa
səbəbdən söhbətlərin mövzusuna çevrilirdi. Bu söhbətlərdən
bəzisi mənə də gəlib çatırdı. Eşitmişdim ki, Rəna
uşaqlıqdan bibisinin yanında yaşayır. Bibisi haqqında
deyirdilər ki, o, yaraşıqlı, xanım-xatın, geniş əlaqələri
olan bir qadındır.
İki ay Rənanı görməyəcəkdim. Xasiyyətimi bilirəm, məndə
onun telefon nömrəsi olsaydı, bəlkə də özümü saxlamayıb,
bircə dəfə də olsa, ona zəng edəcəkdim. Rənadansa zəng
gözləmək əbəsdi, ən azı ona görə ki, tətildə Bakıda
olmayacaqdım.
Bir neçə gün Rəna üçün darıxdığımdan özümə yer tapa
bilmirdim. Hara gedirdimsə, harda olurdumsa, bir gözüm onu
axtarırdı. Onun barəsində soruşmağa ürək qızdırdığım bir
adam da yoxdu. Sonra yavaş-yavaş özümü ələ aldım, Rəna
haqqında soyuqqanlılıqla düşündüm. Başqa çarə yoxdu,
sentyabrda dərslərin başlamağın gözləməliydim.
Düzü, sentyabrın ilk günündə instituta ürəyimdə Rəna ilə
danışa- danışa getdim. Dərs başlamazdan əvvəl tələbələrin
arasında onu görməyə çalışsam da, Rəna gözümə dəymədi. İlk
dərs günündə Rənanı tələbə yoldaşlarından soruşmaq,
düşündüm ki, yaxşı düşməz.
İkinci dərsdən sonrakı tənəffüsdə dekanlığa daxil olanda
Qabil müəllimlə üz-üzə gəldim. Onunla çox mehriban
görüşdüm. Kefimin yuxarı olmağı Qabil müəllimə qəribə
gəlmişdi. O, təəccüblə mənə baxırdı. Düşündüm ki, yəqin
Rənanın imtahan məsələsindən sonra onun hələ də mənə qarşı
hirsi soyumayıb.
Ərklə: – Qabil müəllim, o da bir işdi oldu, siz
dünyagörmüş adamsınız, belə şeyləri çox görmüsünüz. Ancaq
inanın, imtahandan qabaq Rəna ilə görüşüb sizə qarşı qurğu
qurmamışdıq. – dedim.
Qabil müəllim qoluma girib məni foyedəki pəncərələrdən
birinin qabağına gətirdi. O, quru-quru soruşdu:
– Xəbərin yoxdu?
Təəccüblə cavab verdim:
– Nədən?
– Bir həftə bundan əvvəl Rənanı öldürüblər.
– Necə? – Tüklərim biz-biz oldu.
Qabil müəllim sözünə davam etdi:
– İyunun 27-də, biz Rənadan imtahan götürən günün səhərisi
onu bibisilə birgə həbs ediblər.
– İmtahandan bir gün sonra? – deyə soruşdum.
– Bəli! – Qabil müəllim Rənanın həbsolunma tarixini bir
daha dəqiqləşdirdi.
İçimdə sanki nəsə qırıldı. Deməli, həmən gün əyri binanın
qarşısında mən Rənanı gözləyəndə artıq o, həbs edilibmiş.
Bibisi oğlunun Rənanın onun anası ilə vacib işdən ötrü
Moskvaya uçması xəbəri yalanmış. Bəlkə də oğlanın işin
içindən xəbəri yoxmuş.
Qabil müəllim boğazını arıtlayıb dedi:
– Sən demə, Rənanın bibisi oğrularla əl imiş. O, əlaqə
yaradıb ayaq açdığı varlı ailələrin evlərini sonradan
oğrulara nişan verirmiş.
Təəccübdən matım-qutum qurumuşdu. Zorla – «Demək belə…» -
deyib udqundum.
Qabil müəllim hələ sözünü qurtarmamışdı. O dedi:
– Biz Rənadan imtahan götürən gündən təxminən bir həftə
əvvəl Bakıda bir oğru dəstəsi ələ keçibmiş. İstintaq
zamanı dindirilən oğrulardan kimsə Rənanın bibisini satır.
Yəqin istintaq vaxtı Rənanın adı çəkilibmiş, yoxsa hər
ikisini Baş polis idarəsinə çağırıb həbs etməzdilər.
Barmağımı dişlədim, demək polislər Rəna ilə bibisini öz
evlərindən aparmadığından mənə tort gətirən oğlanın
məsələdən xəbəri yoxmuş.
– Hə, – Qabil müəllim dilləndi, – Rənanın 17 yaşında bir
bibisi oğlu var, deyilənə görə təmiz oğlandır…
Az qaldım Qabil müəllimin dediyini təsdiq edim, ancaq bu,
Rənanın hətta ailəsini də tanıdığımı bildirmək demək
olardı.
Qabil müəllim fikrini tamamlamağa çalışdı:
– Həmin oğlan anası ilə Rənanın tutulduğundan iki gün
sonra xəbər tutur. O, üç-dörd dəfə polis şöbəsinə
gedib-gələndən sonra anasıgillə görüş ala bilir. Anasının
və bibisi qızının həbs olunmasından şoka düşən oğlan görüş
otağında qəfildən sıçrayıb bıçaqla anasını vurmaq istərkən
Rəna araya girir və bıçaq qızın düz ürəyinə saplanır. Elə
oradaca Rəna canını tapşırır.
Sonradan istintaqın gedişində məlum olur ki, Rənanın heç
bir günahı yoxmuş. Yalnız evi aparılan bəzi varlı
adamlargildə bibisiylə qonaq olduğu üçün ondan
şübhələniblərmiş.
Qabil müəllim ani pauza verib son sözünü dedi:
– Rəna ipə-sapa yatmayan qız olsaydı da, onun əyriliyinə
heç mən də inanmazdım. Yazıq qız…
Qabil müəllimdən ayrılandan sonra xeyli müddət Rənanın
bibisi oğlunu xatırlamağa çalışdım. Ancaq görüşdüyümüz gün
fikrim-zikrim Rənanın yanında olduğuna görə oğlanın üz
cizgilərinə ötəri baxmışdım. Bu səbəbdən də heç cür onu
gözümün qabağına gətirə bilmədim. Yəqin haçansa Rənanın
qatili ilə üz-üzə gəlsəm, onu tanımaram.
2006
***
Fa…
Həmişə kəsədən getmək olmur, bu hekayəyə bir balaca
təfərrüatla başlamaq istəyirəm. Axşamüstü idi. Bakının
Qoşa qala qapısının qabağından maşınla dənizə sarı enəndə
tıxaca düşmüşdüm. Avtomobillər iki sırada birayaq-birayaq
irəliləyirdi. Mənim maşınım yolun sağ tərəfini tutub
getmək istəyirdi. Haçandan-haçana təxminən iyirmi metr
irəliləyib «Dolce Vita» restoranının qabağına çatdım. Bu
vaxt restoranın önündə dayanmış bir fahişə – uzağı on
səkkiz-on doqquz yaşı olardı – qarşıdakı «Mersedes»in açıq
pəncərəsindən sürücüyə girişib, onunla sövdələşməyə
başladı. Avtomobil karvanı yenidən hərəkətə gələndə bizim
sıranın qabağını ləçərin birinə ilişmiş «Mersedes»
kəsmişdi. Onsuz da tıxacda hövsələm daralmışdı, beş addım
irəliləmək də qənimət idi. Ona görə də özümə yol açmaq
üçün siqnal verdim, xeyri olmadı. Özümdən çıxıb qışqırdım:
– Açıl başımızdan, ay fa…
Sonuncu sözüm boğazımda qaldı. Həmən anda fahişə mənə sarı
baxıb üzünə tökülmüş saçlarını əliylə geri atdı və
gülə-gülə işarə etdi ki, ona bircə dəqiqə aman verim.
Qadın mənə çox tanış gəlmişdi, ona görə də bir anlıq özümü
itirmişdim, ancaq onun iri gözlərinin, şux qara saçlarının
kimə aid olduğunu xatırlaya bilmirdim. Yaddaşımı
ələk-vələk etməyəsə macal yoxdu. Arxadakı avtomobillərin
sükanı arxasında əyləşmiş Bakının cinqursaq sürücülərinin
etiraz dolu siqnalları eşidilməyə başladı. «Mersedes»
sahibi ona ürcah olan cananla söhbətinə davam etməkdən
ötrü avtomobili səkiyə çıxardıb bizə yol verdi. Mən xeyli
irəliləyib tini buruldum və onlardan aralandım. Tıxacdan
çıxandan sonra yenə də tanış gəldiyi üçün «fahişə» deməyə
dilim gəlməyən qadın (kor-kor, gör-gör, bu qız düz yolun
yolçusu deyildi) haqqında düşünməyə başladım. Görünür,
yaddaşım korsalmışdı, bir yana çıxa bilmirdim.
Aradan iki həftə keçərdi, ya keçməzdi, köhnə «Pasaj»
bazarının yanından keçirdim. Bazarla üzbəüz tikilmiş yeni
hündürmərtəbəli binanı görəndə neçə gündən bəri tanımağa
çalışdığım qadının kimliyi yadıma düşdü. Düz on bir il
qabaq bu binanın yerində XX əsrin ikinci onilliyinin
sonunda Azərbaycan sovetləşərkən məhşur olmuş Əli Bayramov
adına toxuculuq fabrikinin xarabalığı dururdu. Bu fabrik
əvvəllər Bakı milyonerlərindən birinin olmuşdu.
1994-cü ildə həmin fabrikin ikinci mərtəbəsinin bir
tərəfində mənim işlədiyim kiçik firma, qarşı tərəfdə isə
altı nəfərlik qaçqın ailəsi sığınacaq tapmışdı. Firmamız
yerləşdiyi otaqların birinci mərtəbəsinin yan-yörəsini
bərkidib müvəqqəti anbar düzəltmişdi. Bu anbara İrandan
alınıb Rusiyaya satılan ton-ton tomat bankaları yığılardı.
Bir də görürdün iri furqon qoşulmuş «Kamaz» arxasını
anbarın küçəyə açılan qapısının ağzına verib yük
boşaltmağa başladı. Səkidən yolu kəsilən piyadalar
deyinə-deyinə «Kamaz»ın qarşısındakı dar keçiddən keçməyə
məcbur olurdular. Anbara yığılmış mallar iki-üç gün sonra
başqa bir iri maşina yüklənib Bakı-Rostov yoluna çıxırdı.
Firmanın sahibi – yəni bizim müdirimiz Mirzə iki metrə
yaxın boyu olan otuz altı yaşında nəhəng bir adam idi,
hələ subaydı. Koramal kimi fısıldayırdı. Həmişə
yerli-yersiz gah sağ, gah da sol əlini irəli çıxmış
qarnına sürtüb qarşısındakına deyirdi: «Bunu (yəni
qarnını) heç cür əridə bilmirəm, ət deyil, mazoldur,
mazol».
Firmamızın elə böyük işi yoxdu, tomat alqı-satqısı,
vəssalam. Mirzə müəllim (onu belə çağırırdıq) firmanın
fəaliyyətini genişləndirməkdən ötrü çabalasa da, iş qurmaq
istəyən müxtəlif adamlarla görüşüb saatlarla çənə vursa
da, bəzən yanındakını çərlədənəcən telefondan asılıb qalsa
da, ortaya bir şey çıxmırdı.
Sovet hökümətinin yıxılmağı, aranın qarışmağı, işsizlərin
sayının-hesabının itməsi bir parça çörək ümidilə hamını
xırda alverə sarı dartırdı. Biznesə can atan, ancaq
ticarətdən başı çıxmayan adamlar yüksək faizlə sələmə pul
verən sələmçilərin, bankirlərlə əlbir olan dəllalların,
fırıldaqçıların dişinə yem olmuşdular. Mayanı batırıb
ziyana düşənlər, sələmin altından çıxa bilməyənlər evini,
varını-yoxunu satıb küçələrə düşürdülər.
Mirzə müəllimin kabineti həmişə tüstü-duman içində olardı,
iri külqabısında siqaret kötükləri qalaqlanardı. Hərdən o,
dolu külqabını əlinə götürüb qapıdan çölə çıxar və zibili
aşağı - xarabalığa tökərək (bizdə zibilqabı yoxdu, həm
biz, həm də qaçqın ailəsi çıxarımızı üstən aşağı
əndərirdik) deyinərdi: «Alver eləmirik ey, söz alıb söz
satırıq!».
Müdirimizin dörd-beş işçisindən biri əsl adı Nailə olsa
da, «Nara» çağırılan sarışın, nərmə-nazik, iyirmi
beş-iyirmi altı yaşında, yastı-yastı danışığı ilə daha çox
yadda qalan katibəsi idi. Nara təkcə katibə deyildi, çox
işə baxırdı; gah Mirzə müəllimin adından tapşırıq verərdi,
gah mənə qoşulub şəhər gömrükxanasına gedərdi ki, (orada
onun yaxın tanışı işləyirdi) gələn malların gömrükdən
keçirilməsinə kömək etsin, hərdən beş addımlığımızda olan
bazardan müdir üçün meyvə almağa qaçardı, hərdən də
müdirlə baş-başa verib firmanın işçilərini, gələcək
işlərini eninə-uzununa müzakirə edərdi. Mirzə müəllimin
Naraya bağlılığının bir səbəbi də həftədə iki-üç dəfə iş
vaxtı elə kabinetdəcə özünü onun ixtiyarına verməsiydi.
Elə ki, müdir Naranı kabinetinə salıb qapını arxadan
bağlayırdı, vəssalam, hamımız bilirdik ki, ən azı iki
saatlığa müdirin adını tutmaq olmaz, Mirzə müəllim özü
demişkən «dincəlir».
Həmən iki saatda Nara Mirzə müəllimin nəhəng bədənini –
ayaq barmaqlarından tutmuş başına – qulaqlarınacan
dərindən ovuşdurardı. Nara Mirzə müəllimin sevər yerlərini
əzbər bilirdi. Əsl masajçılar da Mirzə müəllimi onun kimi
rahat edə bilməzdilər. Onların arasındakı bağlılığın daha
hansı dərinliklərə getdiyini deyə bilmərəm, ancaq bir şey
göz qabağındaydı - bizim müdir arvadbaz deyildi. Buna
baxmayaraq, bağlı qapı arxasında cavan qadının öz yaşına
uyğun kişini təkcə başdan-ayağacan ovuşdurmaqla işini
bitirməsinə az-az adam inanırdı.
Bir dəfə Mirzə müəllimin qohumu kənddən onu görməyə
gəlmişdi. İşin tərsliyindən qonaq gəlməmişdən onca dəqiqə
qabaq müdir «dincəlməyə» başlamışdı. Qonaq Mirzə müəllimi
soruşanda işçilərdən biri cavab verdi ki, müdir dincəlir.
İş vaxtı dincəlməyin nə demək olduğunu anlamayan qohum
xeyli təəccüblə bizə baxdı və fikirləşdi ki, yəqin uzağı
on-on beş dəqiqəyə Mirzə müəllimi görəcək. Oturub gözləyən
bu adam təxminən saat yarımdan sonra içəridə qadının da
olduğunu biləndə (Nara qapını açıb mənə pul uzatmışdı ki,
müdirin siqareti qurtarıb - müdirin masaj vaxtı siqaret
çəkməyi də vardı - get, siqaret al gətir) ayağa durub
hirslə müdirimizin ünvanına «Oğraş!» deyib getmişdi.
Dincəlib qurtarandan sonra qəzəbli qohumu barədə ona xəbər
veriləndə Mirzə müəllim bizim təsvirimizdə qonağın
kimliyini müəyyənləşdirib siqaretinə dərin qullab vuraraq
bir anlıq fikrə qərq olmuşdu. Ancaq bizim müdir hər hansı
işdə çox da dərinə getməyi xoşlamadığından gülümsəyib
«Oğraş zəmanəmizdi!» deməklə məsələni bitmiş hesab
etmişdi.
Firmamız iş sarıdan axsayırdısa, deməli, heç mənim də elə
bir yönlü məşğuliyyətim yoxdu, elə-belə arada-bərədə
fırlanırdım. Günümün çoxusu firmada keçirdi,
gəlib-gedənlərə tamaşa edirdim, çürük söhbətləri, şit
zarafatları dinləməli olurdum.
Bayaq dedim ki, qarşı tərəfdə qaçqın ailəsi sığınacaq
tapmışdı. Onlar qarabağlıydılar. Ailə nənədən, ata-anadan
və üç qız uşağından ibarətdi. Evin kişisi səhər gedib
axşam gələrdi, yəqin ki, hardasa işləyirdi. Ailənin böyük
qızının səkkiz, ortancılının beş, kiçiyinin üç yaşı vardı.
Qarı (evin kişisinin anası) gözə çox dəyməzdi. Qadınınsa
başı qarışıq olardı; böyük ailənin təmizliyi, biş-düşü,
bazarlığı onun öhdəsindəydi. Üç bacı tez-tez həyətdə
görünərdi, sakitcə biri-birilə oynayardılar. Gözünü kənddə
açmış böyük qız ev işlərində anasına kömək edərdi.
Fabrikin birinci mərtəbəsindəki xarabalığın ortasından
sağa burulduqda dalda yerdə köhnədən qalmış krantda
qab-qacaq yuyardı, balaca vedrədə evə su gətirərdi. Evin
su ilə bağlı bütün işləri o krantın başında görülərdi.
Firmanın işçiləri də bu krantın suyundan istifadə edərdi.
Hətta isti vaxtlarda sərinlənməkdən ötrü burada şappaşap
əl-üzümüzə su çalardıq. Bəzən bazara gələn adamlardan
kimsə alçaq hasardan atılıb bir tində peşov edər, sonra
əllərini bizim krantda yuyub gedərdi. Nə qədər belə
adamlara mane olmaq istəsək də, xeyri olmurdu. Kim idi
kranta qarovul çəkən?
Mirzə müəllim hərdən bu qaçqın ailəsinə iki-üç tomat
bankası pay göndərərdi. Mən görməmişdim, deyirdilər arada
əli yaxşı gətirəndə onlara pul yardımı da edir.
Bir gün Mirzə müəllimi dincəldəndən sonra Nara sabunqabını
götürüb krantda əllərini yumaqdan ötrü ofisdən çıxdı.
Aradan heç üçcə dəqiqə keçməmişdi, dəhşətli qışqırıq səsi
içəridəkiləri diksindirdi. Hamımız həyətə cumduq. Mirzə
müəllim də dalımızca gəldi. Qaçqın ailəsinin səkkiz yaşlı
böyük qızı Naranın qucağında dayanmadan qışqırırdı,
isteriya içində idi. Səsə qızın nənəsi, anası və bacıları
da çıxdı. Nara qızı qucağından yerə qoydu. Qızın iri
gözləri daha da böyümüşdü, dəhşətli qorxduğu aydınca
görünürdü. Hər tərəfdən «Nolub? Nolub?» soruşsaq da, qız
qışqırmaqda davam edirdi. Mən qızın havalanacağını düşünüb
irəli atıldım və uşağın qorxuluğunu götürməkdən ötrü
qəfildən ona bir şillə ilişdirdim. Həmin anda hamı
təəccüblə mənə baxsa da, məqsədimi dərhal anladılar. Qız
doğrudan da şillənin ağrısından özünü hiss etdi və dili
açıldı:
– Krantın yanında məni bir kişi yerə yıxıb boğurdu.
Qızın nənəsi və anası necə qıyya çəkdilər, ilahi!
– Ay Allah, niyə bizi bu günə qoydun? Sənə neyləmişik?
– Ay Allah, belə də zülm olar?
Tüklərim biz-biz oldu, hamımız özümüzü itirmişdik. Nənə
ilə ana ağlaya-ağlaya qızı evə apardılar, içəri keçib
qapını örtsələr də, bir an sonra onların səsi zilə çıxdı,
yəqin qız daha nəsə demişdi.
Nara dilləndi:
– İndicə pilləkənlə mən birinci mərtəbəyə enəndə qarşıma
bir kişi çıxdı, şalvarının belini bağlaya-bağlaya yanımdan
ötdü. Otuz beş-qırx yaşı olardı, əzik-üzük geyimi vardı,
saçı daranmamışdı, sarışın idi. Üzünə diqqətlə baxmadım.
Ağlıma nə gələrdi ki, seksual manyakdır, elə bildim bazar
adamlarındandır, su başına gəlib.
Mirzə müəllim bərk kişiləndi:
– Nara, düş yanıma, bu saat o alçağı tapıb tikə-tikə
doğrayacam! (Mirzə müəllim qabaqlar adam bıçaqlamaq üstə
türmədə yatmışdı.)
Biz müdirimizin başçılığı ilə qeyri-müəyyən yürüşə
hazırlaşdığımız vaxt bazarın sahə polisi (onu yaxşı
tanıyırdıq, hərdən Mirzə müəllimin yanına gəlib ondan
beşdən-üçdən qopardardı) peyda oldu və səsə-küyə gəldiyini
dedi. Mirzə müəllimlə Nara hadisə barədə tələsik onu
məlumatlandırdı. Hamımız küçəyə çıxdıq, hərə bir tərəfə
dağılışıb Naranın söylədiyi əlamətlərə əsasən günahkarı
axtarmağa başladıq. Şəxsən mən bazarın içərisindəki,
ətrafındakı adamları dörd gözlə nəzərdən keçirirdim. Amma
fikrimdə fotorobotunu düzəltdiyim adama rast gəlmədim.
Təxminən yarım saatdan sonra geri qayıdanda sahə polisini,
Mirzə müəllimi, Naranı və o biri işçiləri həyətdə gördüm.
Hərənin ağzından bir avaz gəlirdi.
Sahə polisi bu işi belə qoymayacağını, Mirzə müəllim
gec-tez hərlənib buralara gələcək manyakı tapacağını
deyirdi. Nara isə məsələni axıra qədər öyrənməyi, qızı
həkimə aparıb qızlığının pozulub-pozulmadığını yoxlamağı
təklif edirdi. Qaçqın ailəsinin ağlaşması kəsilməmişdi.
Naranın təklifi Mirzə müəllimin və sahə polisinin ağlına
batdı. Onlar ikilikdə nəsə pıçıldaşıb, Naranı qaçqın
ailəsilə danışığa göndərdilər. Mən belə başa düşdüm ki,
sahə polisi qaçqın ailəsini sakitləşdirmək, işinə nöqsan
tutulmasın deyə onun ərazisində baş vermiş cinayət
hadisəsini ört-basdır etmək istəyir.
Nara qaçqın ailəsini tez ovundura bildi. O, qaçqın
ailəsigildən çıxanda qızın əlindən tutmuşdu, uşağın anası
da onların dalınca gəlirdi. Onlar Mirzə müəllimi gəzdirən |