Ardıcıllıq
Olan gücümüzdən düzgün istifadə etmək üçün
çox düşünüb baş sındırmaq gərək deyil. Bizim əvəzimizə də
düşünüblər, özü də min illər boyunca. Ömrümüz uzunu nələr
etməli olacağımızı anamız, nənəmiz laylaları ilə
qulaqlarımıza pıçıldayıb, oxuduğumuz kitablar, yazılar
dönə-dönə bizi başa salmağa çalışıb, gördüklərimiz isə
keçmişdən miras qalan vəsiyyətlərin, nəsihətlərin
doğruluğunu hər gün təsdiq edib. Yaşamaq haqqında saysız-hesabsız
nəzəriyyələr əlimizin altında ola-ola yenilərini yaratmağa
çalışırıq. Təzə yolların tapılmağı bəzən heç ömrümüz
bahasına da başa gəlmir. Elə ideyalar var, min-min
insanlar ona qurban gedib, ancaq heç kəs ondan
yararlanmayıb. İnsanlıq xoşbəxt olmaq üçün həmişə asan
vasitələrə can atır. Ancaq neyləyəsən ki, ora gedən yol
ömrümüz qədər uzun və çətindir. Biz uşaqlığımızı bir ilə
keçə bilmədiyimiz kimi, ağıllı, həqiqət tərəfdarlığını da
asanca qəbul etmirik.
Tarix boyunca əcdadlarımız tərəfindən yaradılan həyat
proqramlarının, «izm»lərin hamısında tərəfgirlik var. Hər
proqram onu təklif edənin və onun ətrafındakıların
tərəfini saxlayır. Bunlara qabaq olan insanlığın sınaqdan
çıxmış ümumi əxlaqi fikirləri ta qədimdən indiyədək hər
əsrdə dönə-dönə təkrar olunub. Hər əsrdə insanlar ya
fəlsəfi, ya da dini baxımdan kamilliyə çağırılıb. Ancaq
hər əsrdə kamillik məqamına barmaqla sayıla biləcək
adamlar çatıblar. Onlar da o qədər az olublar ki,
həlledici rol oynamayıblar. Həm də onları istədikləri kimi
başa düşməyiblər. Axı, kamilliyin öz dili var:
Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilər ancaq.
Bu «quş dili»ni öyrənmək üçün zamanca, yaşca xeyli yol
getməliyik. Hərdən düşünürsən ki, görəsən, cəmiyyəti,
yaxud onu yaradan ayrı-ayrı adamları kamilləşdirmək
mümkündürmü? Axı, müdriklər əsrlər boyunca insanlığın
xilasını bunda görüblər. Əgər xilas olmaq yolunu
tapmışıqsa, onda nə gözləyirik?
Bizim əsrimizdə kamillik haqqında az danışılsa da, mənəvi
zənginlik mühitinin (min bir adda kitablar, ədəbiyyatın,
incəsənətin saysız-hesabsız qolları, texniki üstünlüklər,
kompüter çeşidləri və s. və s.) yaradılmasına çalışmaq elə
bu deməkdir. Lakin bu zənginliyin adamlara bədbəxtlik
gətirən üzü də var. Bu zənginlik içərisində məqsədini,
yolunu aydınlaşdırmaq çətindir. Çaşbaş qalmaq qorxusu
adamı qıpıq eləyir. Çox vaxt adamlar məqsədini, məramını
nəinki başqaları, hətta özü üçün izah edib aydın kəlmələrə
çevirə bilmir. Bəzən «Neyçün cahana gəldim?!»
çaşbaşlığında ilişib qalırıq. Elə olur ki, insan özünə
baxıb ağır vəziyyətini düşünəndə xeyli bədbəxt olduğunu
fikirləşir. Lakin o, fərd yox, insan nəslinin bir üzvü
kimi keçmişlə gələcək arasında körpü, ötürücü olduğunu
düşünəndə toxdayır. Kamil insan təkcə uşaqlığını,
gəncliyini deyil, bəşəriyyətin milyon illər keçdiyi yolu
özünün keçmişi hesab eləyir. O, gələcəyə özünün yox,
hamının gələcəyi kimi baxır. Belə olanda insan öz tarixi
vəzifəsini yerinə yetirməyə çalışır.
Öz başına gələnlərdən ibrət dərsi götürmək asandır. Əsl
ibrət dərsi odur ki, sən onu başqalarının həyatından
götürəsən. Sən dostunun, tanışının, haqqında eşitdiklərini
həyatının qabarıq tərəflərini özünə görk edəndə, onların
naqis cəhətlərindən çəkinəndə insanlıq yoluna çıxmış
olursan. Belə olanda sən min il əvvəl yaranmış xeyirxah
bir ideyanın təəssübünü çəkə bilərsən. Başının üstündəki
adamın deyil, min yaşlı bir müdrikin dediyini yerinə
yetirməyə çalışırsan. Kiminsə dediklərinə kor-koranə əməl
etmək çox asandır, müdriklərin vəsiyyətlərinə əməl etmək
çətindən çətin. Adamların əksəriyyəti asan yolla gedirlər.
Onlar yaxşı yeyib-içməyə, dəbdəbəyə, bəzək-düzəyə can atıb,
özlərinin dediyi kimi «dünyadan kam almağa» çalışırlar.
Guya, dünyadan doymaq olar. Əlbəttə, müdriklər də dünyadan
«ləzzət aparmağa» çağırırlar. Ancaq onların ləzzəti ilə
dünyadan kam almaq üçün özünü oda-közə vuranların kef-damağı
arasında böyük fərq var. İnsan bu fərqi ayırd edib ona
əməl etməyincə qayğısı çox olacaq.
Mənə elə gəlir ki, bədənimiz həmişə ruhumuza yük olub.
Bədən dincəlməyi sevir, ruh isə həmişə harasa can atır.
Bədən, necə deyərlər, çox vaxt ruhu gözəl səfərlərdən
saxlayır. Ruhun bədənə güzəşt edib, onu özbaşına buraxması
dəhşətdir. Biz bədənimizin nazı ilə oynayıb, düşündüyümüz
xeyirxah əməlləri yerinə yetirməyə ləngiyəndə özümüzə
xəyanət edirik. Biz nə qədər gözəl işlərə başlayıb onları
yarımçıq qoymuşuq. Əslində məzmununa görə bütün işlər
əbədidir. Xeyirxahlıq da əbədi olmalıdır. İnsanlar
xeyirxah işlər arasında fasilə verəndə tarazlıq pozulur.
Bir müstəbidin axırına çıxan insanlıq nəfəs dərmək üçün
Şəri özbaşına buraxan kimi, başqa bir müstəbid yetişib
meydana gəlir. İnsan xeyirxah əməllərində ardıcıl,
sabitqədəm olmalıdır. Bir xeyirxah insanın ömrü başa
çatanda onun yerinə başqası olmalıdır.
Keçmişi idealizə edən gözəl rəvayətlərə, nağıllara,
əfsanələrə aldanıb insanların haçansa küll halında xoşbəxt
yaşadığına inanmıram. Əgər hasansa dünyada hamı xoşbəxt
olsaydı, bu gün saysız-hesabsız bədbəxtlərlə rastlaşmazdıq.
«Qızıl dövr»lər kimlərinsə məqsədinə xidmət edir.
Dövlətlərin qızıl dövrü olsa da, xalqların qızıl dövrü
olmayıb. Məddahların yalanını başa düşmək çətin deyil.
Ümumiyyətlə, biz qəribə məxluquq. Keçmişin haqsızlıqlarına
qəzəblənirik, əyər-əskiklərinə gülürük, yaxşı cəhətlərinə
isə laqeydik. Əgər biz haqsızlıqları tənqid ediriksə, niyə
haqqın tərəfində durub onu davam etdirmirik? Bunları desək
də, həvəsdən düşməyə dəyməz. Dünyada xeyirxahlıqları ilə
sabitqədəm, ardıcıl adamlar var. Ardıcıllıq kamillik
əlamətidir.
Yenə də gəlib beş-on adamın üstündə dayandıq. Dünyanı
düzəltmək fikrində olanların sayı nə qədər də azdır? Hər
gün nə qədər adam «Dünyanı mən düzəldən deyiləm ki…» asan
yoluna üz tutub öz mövqeyindən əl çəkir. Bir rəvayət
yadıma düşdü. Yəqin bu rəvayəti uyduran adam da öz
mövqeyindən əl çəkib, ardıcıl olmağın çətinliyinə
dözməyərək çoxluğun tərəfinə keçmişlərdəndir:
«Deyirlər, bir gün Bəxt tanrısı başının dəstəsilə öz
məqamında əyləşib bəxt paylayırmış. Xəbər gətirirlər ki,
iki gənc oğlan bəxt diləməyə gəlib. Bəxt tanrısı birinci
gənci hüzuruna çağırtdırıb onu dindirir.
Birinci gənc deyir:
– İstəyirəm elə bəxtim olsun ki, bütün ağıllı adamlar məni
tanısın, onların arasında seçilim.
Əyanlar gəncin bu sözlərini eşidib biri-birinə baxırlar. «Bu
gənc ağlı ilə dünyanı fəth edəcək!» deyirlər. Amma Bəxt
tanrısı qaşqabağını töküb gəncin diləyini yerinə
yetirəcəyini deyir.
İkinci gənc Bəxt tanrısının hüzuruna gəlib deyir:
– Ey Bəxt tanrısı, diləyim budur ki, bütün axmaqlar
arasında ad çıxarım, onlar məni barmaqla göstərsinlər.
Əyanlar bu qəribə arzulu oğlanı ələ salıb gülürlər. Bəxt
tanrısı isə məmnun-məmnun oğlanın istəyinə çatacağını
deyir, onu yola salır. Bəxt tanrısının hərəkətlərindən
təəccüblənən əyanlar ondan soruşurlar:
– Ey Bəxt tanrısı, niyə birinci gəncin ağıllı arzusuna
dodaq büzdün, ikinci oğlanın axmaq istəyindən razı qaldın?
Bəxt tanrısı cavab verir:
– Çünki, birinci gəncə yazığım gəldi. O yazıq ağllı
adamlar arasında hörmət qazanmaq istəyir. Bilmir ki, hər
kənddə, hər şəhərdə bir və yaxud bir neçə ağıllı adam var.
Onların da gücü heç nəyə çatmır. Elə adamların hörmətini
qazanmaqla neyləmək olar? Buna görə də onun ağılsız arzusu
məni məyus etdi. Ancaq ikinci gənc mənə ağıllı göründü.
Çünki, dünya axmaqla doludur. O gənc böyük uğurlar
qazanacaq, milyonlara başçılıq edəcək!»
Xeyirxah mövqeyindən əl çəkməyənlər, ardıcıl olmaqları ilə
kiçik qələbələr qazanırlar. İnsanlığı yaşadan həmin kiçik
qələbələrdir. Dünyada hər ölkənin öz siyasəti var. Biz
ölkələrin hər beş-on ildən bir siyasətini, ardıcıllığını
dəyişən bir dünyada yaşayırıq.
1991
***
Gücümüz çatmırsa…
Hər kəs başqalarından özünə qarşı qayğı, xeyirxahlıq umur.
Ancaq nə hamının bir adama həmişə canıyananlıq etməyə gücü
çatır, nə də bir nəfər başqalarına daim əl tuta bilir.
Adam heç özü özünü hər işdə yarıtmaq gücündə deyil.
Görkəmli bir adam baxımsızlıq ucundan dünyadan köçəndə,
qiymətli bir şey əlimizdən gedəndə təəssüflənirik. «Qədrini
bilmədik!», «Onu qorumadıq!» deyirik. Hələ mən eşitməmişəm
ki, deyən olsun: «Biz onu qoruya bilməzdik, gücümüz
çatmazdı!». Bu, əslində döşünə döyüb özündən razı olmaqdır.
Guya biz istədiyimizi edə bilərik. Özümüzü yalnız yüngülcə
danlayırıq ki, nəyisə qorumaqda başısoyuqluq eləmişik.
Əgər əlimizdən birdəfəlik gedənlər bizi ayıldırsa, onda
niyə baxımsızlıq içində yarımcan yaşayan gərəkli adamların
köməyinə getmirik?! Niyə əlimizdə olan şeylərin qədrini
bilmirik?! Yəni doğrudanmı bunlara gücümüz çatar? Məgər
qayğı gözləyən azdır? Hara gedirsən, kiminlə görüşürsən,
kiçikdən-böyüyə qədər hər şeydə, hamının qayğıya
ehtiyacını görürsən. Bəşəriyyət gecə-gündüz qayğı «istehsal»
edir. Ancaq bu cəhətdən dəhşət qıtlıqdır. Neyləyək ki,
ehtiyaclıların hamısı bir vaxtda yaşayırlar.
Kimi dindirsən, xeyirxahlığından dəm vura bilər. Çoxları
yerinə yetirdikləri adi insani borclarına xeyirxahlıq adı
qoyurlar. Mən nə qədər adamın dilindən eşitmişəm, deyib: «Mən
heç kəsə pislik eləməmişəm!». İstəyirəm onlardan soruşum (indi
soruşuram): Kiməsə pislik eləməliydin ki…?!
İnsan öz qabında nə olduğunu biləndə daha güclü görünür.
Gücümüzdən artıq iş görməyə çalışanda məğlub oluruq.
Xeyirxahlıq imkana görə olmalıdır.
Niyə boynumuza almırıq ki, hətta hər gün gördüyümüz
adamların hamısı ilə eyni həvəslə qarşılaşmağa gücümüz
azlıq edir. Mən tanışlarıma deyirəm ki, hər dəfə sizə eyni
diqqətlə yanaşmayanda fikir verməyin. Axı, mənim canımda o
qədər can yoxdur. Elə sizi də özüm kimi görürəm.
Neçə il əvvəl müdrik bir qocanın qonşuluğunda yaşamalı
oldum. O, həmişə özünü başqalarına mane olmaqdan qoruyardu.
Kiməsə əl tutmaq imkanı olmasa da, özü də təmənnasız
keçinərdi. Hərdən küçədə rastlaşardıq. Hal-əhval tutmazdıq.
Elə bil, düşünürdü ki, nə mən onu cavanlaşdıranam, nə
başının ağrısını azaldanam, nə də o mənim işlərimi irəli
aparandı. (Doğrudan biz öz dost-tanışlarımızla həddindən
artıq hal-əhval tuturuq, keflərini soruşuruq. Çox vaxt
hadisənin, sevincin, dərdin, kefin tarixçəsini öyrənməkdən
başqa heç nəyə nail olmuruq. «Necəsən?» sualına «Sağ ol,
yaxşıyam!» cavabını verənlər öz yüklərini özləri çəkmək
istəyənlərdir.) Yəqin ona elə gəlirdi ki, qonşu kimi
xüsusi nidalı salam verməyə ehtiyac yoxdu. Mən istəyirdim
ki, qonşuluq münasibətimi bildirim. Bəlkə elə buna görə də
üz-üzə gələndə həmişə məni qabaqlayıb beş-altı addımlıqdan,
«Deməliyəm ki, salam!» deyib, cavab almaq üçün addımlarını
yavaşıtmadan sovuşub gedərdi. Arada quru cavab verməkdən
artıq yer qalmazdı. Əvvəllər o qocaya adamyovuşmaz kimi
baxırdım. Lakin onun müdrik görkəmi yavaş-yavaş məni bu
fikrə gətirdi ki, salam allahın salamıdır və onu insan
kimi hamı bir-birinə verməyə borcludursa, xüsusi
canfəşanlığa nə ehtiyac?
Əgər mənəvi və fiziki gücümüzün məhdudluqlar içərisində
olduğunu boynumuza alsaq, göylə getməsək, özündən
razılığımızı yerə qoysaq, biri-birimizə daha çox gərək
olarıq.
Bəla onda başlayır ki, başqalarından fikrimizdə
tutduqlarımızı umuruq. Qarşımızdakının hansı halda, ömrün
hansı məqamında olduğuna fikir vermirik. Hətta, çox vaxt
insan münasibətlərinə belə yanaşma ağlımıza gəlmir.
Özümüzü qarşımızdakının yerinə qoyanda, onun sevincini,
dərdini başa düşməyə çalışanda ürəyimiz qızır, gözəl
insani hisslərimiz oyanır. Gəlin yadımıza salaq ki, biz
ancaq başqalarının taleyini dərindən düşünəndə xeyirxah
olmuşuq.
Həmişə demişik: «İnsan güclüdür!» Ancaq gücün həddi
aşılanda başlanan gücsüzlükdən az danışmışıq. İnsan nələrə
gücü çatdığını gözünün altına almalıdır. Bəşəriyyətin
gücsüzlüyü onun ayrı-ayrı nəfərlərdən ibarət olmasında,
gücü birləşməsindədir. İnsanların fikir birliyini yaratmaq
heç vaxt mümkün olmayıb, heç olmayacaq da. Ancaq bundan
qorxmaq da lazım deyil. Bu, o qədər də qorxulu fikir deyil.
İnsanlıq milyon illər belə yaşayıbsa, milyon il sonraya da,
ümid etmək olar. Hərdən mənə elə gəlir ki, dünyanın
düzələcəyi xəyalilə deyil, «Dünya elə belə olmalıdır!»
fikrinə söykənəndə daha güclü oluruq. Dünyanı necə
düzəltmək haqqında çaşbaş düşüncələrlə yaşamaqdansa,
tarixin gedişatına yön vermək daha faydalıdır.
İnsan həmişə vaxta uduzub. Vaxtla ayaqlaşmaq müşkül işdir.
Çünki, vaxt yorulmadan eyni yüksək sürətlə gedir. Ancaq
biz, çox baxanda gözümüz, çox yeriyəndə dizimiz,
ayaqlarımız, çox düşünəndə başımız, çox işləyəndə bütün
bədənimiz ağrıyır. Bu gününü unudub keçmişində gözü
qalanlar və gələcəyə can atanlar daha artıq gücsüzdürlər.
Keçmiş dalınca göz qalmaq üçün deyil, öyrənməkdən ötrüdür.
Gələcək-bugündən qaçmaq üçün sığınacaq deyil, indinin
davamıdır. Biz düşüncəmizlə bunların (keçmişin, indinin və
gələcəyin) hansında çox yaşayırıqsa, o dövrün adamıyıq.
1991
***
Qarışıq zəmanə
Müharibələr, çeşidli çəkişmələr,
iqtisadi-siyasi böhranlar insan xarakterinin min bir
tərəfini açır. Təsadüfi deyil ki, insan münasibətlərini
dərindən və genişliyi ilə göstərən möhtəşəm bədii əsərlər
ya tarixi çarpışmalar vaxtında yaranır, ya da haçan
yazılmasından asılı olmayaraq həmin dövrlərdən bəhs edir.
Çünki, müharibələr, çəkişmələr insanların rahatlığını,
yuxusunu, varını-yoxunu əlindən alır. İnsan elə hala düşür
ki, taleyindən, arzusundan çox ruzusu, bir qarın çörəyi
haqqında düşünür. Hər şeyi əlindən alınan insan təkcə
daxili enerjisinin, mənəvi zənginliyinin ümidinə qalır.
Belə hallarda insani dəyəri ucuz, heç bir çətinliyə hazır
olmayanların qarşıdurmaları başlayır. Ağıl deyil, yalnız
instinklər iş görür. Adamların çoxu yaşamaq uğrunda
mübarizə adı ilə çalıb-çapmağa, çırpışdırmağa cumurlar.
Dəhşət onda başlayır ki, insan sonuncu sərvətini, yəni
özünü satmağa başlayır. Xəyanət, ikiüzlülük, yalançılıq,
qəddarlıq və bu sözələrə qohum çıxan mənalar peşəyə
çevriləndə İnsan qorxunc olur. Soruşula bilər, xəyanəti,
ikiüzlülüyü, yalançılığı, qəddarlığı alan kimdir, yəni
onlara da müştəri çıxan varmı? Elə birincisi insanın
özü-öz əyriliklərinə müştəri ola bilər. İnsan ona
arxalanana xəyanət edib müvəqqəti olsa da necə deyərlər, «çulunu
sudan çıxardanda» ikiüzlülüklə boynundan məsuliyyəti atıb
yüngülləşəndə, ürəyindəki bədxah fikirləri dilinə
gətirməyib yalan danışanda, tamahı ucbatından qan tökməyə
də hazır olanda şər əməllərə şərik çıxır.
Ta qədimdən bugünə qədər İnsana xeyirxahlıq kimi şər
əməllər də gərək olub. İnsan məqsədinə çatmaqdan ötrü
bədxahlığa da qulluq edib. Yoxsa şər xeyirə əbədi yoldaş
olmazdı ki…Ancaq qanun, müqəddəs kitablar çalışıb ki,
insanlar şər əməldən çəkinsin. Həyatda ən çətini namusla,
vicdanla yaşamaqdır. Namusu, vicdanı atan hər bir adam
maddi ehtiyaclarından yaxasını qurtarır. Ancaq namusluluq,
vicdanlılıq necə şərəfli şeydirsə, ən alçaq adam da
namuslu, vicdanlı görünmək istəyir. Müdriklər məhz insanın
bu yaralı yerindən yapışıb onu saflaşdırmağa çalışırlar.
Xeyir tərəfdarı olmaqdan şər tərəfdarı olmaq qat-qat
asandır, çünki Xeyirin keçilməz mənəvi sərhədləri var. Şər
qarşısına çıxanı süpürüb-təmizləməyə hazırdır. Əslində
bizim dilimizdə «yaşamaq uğrunda mübarizə» kəlamı həmişə
müsbət mənada səslənib. Müdriklər insanları daim yaşamaq
uğrunda mübarizəyə səsləyiblər. İndi kimi dindirsən, bu
çağırışa səs verəcək. Kim yaşamaq istəmir ki?! Elə sirr də
bu mənadadır. Min bir çaları olan bu mənada. Hər kəs «mübarizə»
çağırışınıi öz düşüncələrinə uyğun şəkildə qəbul edir.
Mən yaxın dostlarını aradan götürən bir qanqsterin
qeydlərini oxumuşam. O, dostlarını öldürməyin səbəbini
açıb deyir ki, onların ikisini də çox sevirdim. Ancaq
ikisi də mənim əlimlə o dünyaya getdilər. Çünki,
dəstəmizin ümumi işinə mane olurdular. Qanqster kimi
düşünsək, o haqlıdır, öhdəsinə düşən işi görür, həmin
dediyimiz «həyat uğrunda» mübarizə aparır. İş burasındadır
ki, qanqsterliyi bir kənara qoyub, insan kimi düşünəndə,
onu cəzalandırmaq istəyirik.
Qərb filosofunun fikridir: «Hakimiyyətə hansı yolla
gəlirsən gəl, məqbuldur.» Bu ifadə necəliyindən asılı
olmayaraq hər hansı hakimə haqq qazandırmaq deyilmi? Yaxud,
dilimizin əzbəri olan bu ifadələr: «Qalib haqlıdır!», «Son
söz qələbə çalanındır!»
Əgər ucdantutma hamı güc, zor, üstünlük tərəfdarıdırsa,
qələbəni bunlardan sonra görürsə, məğlub tərəfin halı necə
olacaq? Əgər onun haqqını qorumağa gücü çatmırsa, bəs
ədalətin qeydinə kim qalsın?
Mənə elə gəlir ki, əsrlər boyunca qalib tərəflərin yazdığı
tarix kitabları insanlara fəlakətdən başqa bir şey
gətirməyib. Tarix kitabları keçmişimsizi bizə təhrif
edilmiş şəkildə öyrədir. Əgər insan keçmişdən qəzəblənirsə,
yaxud qalib babaları tərəfində yazılmış dünəni ilə öyünüb
azğınlaşırsa, özü özünə qənim çıxır. Əgər bu xalqın
qəhrəmanı başqa xalqın qəddar düşmənidirsə, (istənilən
qədər belə qəhrəman adı çəkmək olar) deməli, insanlıq öz
içində qarşıdurmaları bəsələməklə məşğuldur. Bir xalqın
sevinc, qələbə bayramı başqa xalqın matəminə çevrilməsinin
dəhşətini təsəvvür edin. Dövr dəyişəndə, ehtiraslar
qızışanda, məqsədlər toqquşanda müdriklərin, fikir
adamlarının da yazısı, danışığı sərtləşir.
On dördüncü yüzilliyin şairi Qazi Bürhanəddin bir beyt:
Gözümdən axan yaşlara tufan necə bənzər,
Ürəkdən olan qanlara ümman necə bənzər.
Adətən bənzədilən bənzənəndən kiçik, zəif olur. Həmişə
gözdən axan yaşın gurluğunu və kəsilməzliyini (dərdin
böyüklüyü) təsəvvürünü yaratmaqdan ötrü leysana (tufana),
ürək qanına ümmana bənzətmişik. Ancaq bu beytdə hər şey
əksinədir. İnsanın göz yaşı təbiətinkini keçir. O,
təbiətdən güclü hönkürür. İnsan aləmin bir parçası olduğu
halda, təbiətin haldan-hala düşməsi insanın yanında yalan
olur.
İki əsr sonra on altıncı yüzillikdə Füzuli yazırdı:
Müxalif dövrdən gülgün şərabı qanə
dəgşirdim,
Sürudun cəngü udun naləvi əfqanə dəgşirdim.
Zəmanənin qarışıqlığı ucbatından şair gül
rəngli al şərabı qana, cəng və udun səsini, nalə və haraya
dəyişdirir. Yəni qırmızı rəngdən söhbət gedəndə şərab
yerinə qan yadına düşür. Cəng və ud səsi əvəzinə nalə və
haraya qulaq asır.
Bizim də zəmanəmiz qarışıqdır. Deyəsən, yavaş-yavaş
yolumuzu azırıq, özümüzü itiririk. Yalnız mənən güclü
olanlar dövrün sınağına davam gətirə biləcəklər.
1991 |