Yazıçı Namiq Abdullayevin axırı
(hekayə-portret)
Hər dəfə maşınla fantast yazıçı Namiq Abdullayevin dəfn
olunduğu Siyəzəndən keçəndə fikrimə gəlirdi ki, yoldan
burulub onun qəbrinə baş çəkim. Nəsə ürək eləmirdim.
Onunla bağlı sonuncu xatirəm ola biləcək həmən ziyarət
məsələsini ehtiyatda saxlayırdım. Ancaq bu yazını yazmağa
girişəndə özümü inandırdım ki, daha xatirə ehtiyatı
saxlamağın yeri deyil. Getdim və Namiq müəllimin qara
mərmərdən enli başdaşını, iri sinədaşını, başdaşı üzərində
cavanlaşdırılmış şəklini, hasara alınmış qəbrini görəndə
düşündüm ki, onun heç vaxt belə rahat, xudmani yeri
olmayıb. Mərhumun qəbrinin üstünü çox təmtəraqlı
götürmüşdülər. Başdaşının arxasında qalaktika cizgiləri
vardı. Bu, onun fantast yazıçı olduğuna işarə idi. Amma
yazıçılığı barədə heç yerdə bir söz yazılmamışdı. Sinədaşı
elə iri və ağır idi ki, qiyamət günündə də Namiq müəllim
onun altından çıxa bilməzdi. Rəhmətlik dostum hara, bu
dəbdəbə hara?! O, heç vaxt belə təqdim olunmağı
arzulamazdı. İnsanlar öləndən sonra da onu başa
düşməmişdilər.
Əvvəllər bu kişini gendən tanısam da, Namiq müəllimlə
dostluğumuzun binası onda qoyuldu ki, mən 1988-ci ilin
avqustunda Yazıçıların Şüvəlandakı yaradıcılıq evində
işləməyə başladım. Qısa müddətdə ədəbi qəhrəmanları Yer
sakinləri olub paralel planetlərdə yaşayan insanlarla
dostluq edən, işbirliyi yapan, sevişən, keçmişə və
gələcəyə gedib-gələ bilən, beyinəqoşulmalarla yuxularda
istəklisilə görüşən, xəyalında uşaq doğub böyüdən, olmayan
övladının məişət qayğıları ilə özünü oda-közə vuran, su
pərilərilə pıçıldaşan, divlərlə nəfəs-nəfəsə dayanan,
ağacda meyvə əvəzinə çörək bitirən, çalışanda böyüyüb
pəhləvanlaşan, işsiz qalanda barmaqca kiçilən adamlardan
yazmış bir yazıçı ilə dost olmuşdum.
Həmin vaxt o, altmış bir yaşının içindəydi və möhkəm
darıxırdı. Gündüzlər bir yana, yuxusuzluq ona güc
gəldiyindən gecələr də yuxusu ərşə çəkilirdi. Ev dərdi
çəkirdi, qadın həsrətində idi, uşaqlarından ötrü burnunun
ucu göynəyirdi, öz mühitini axtarırdı. Qarovulçular
zarafatla deyirdi ki, gecələr işıqlar sönəndən sonra Namiq
müəllimin siqaretinin işığında həyət-bacanı güdürük. Onun
siqareti sübhə qədər közərirdi. Sonralar bir dəfə necə
oldusa soruşdum: «Namiq müəllim, təklik nədir?» «Təklik–vəhşilikdir!»
– dedi.
Yazıçıların Yaradıcılıq evinin iki korpusu vardı – biri
ötən əsrin otuzuncu illərində 26 Bakı komissarlarından
olan Məşədi Əzizbəyovun yüksək rütbəli hərbçi oğlundan
miras qalmış ikimərtəbəli mülk, o biri Heydər Əliyevin
xüsusi göstərişilə tikilib 1981-ci ildə istifadəyə
verilmiş yeddi mərtəbəli bina. Yaradıcılıq evinin inzibati
binası köhnə korpusun böyründə idi. Demək istəyirəm ki, iş
vaxtımda Namiq müəllimlə qonşuydum.
Evsiz-eşiksiz Namiq müəllim köhnə, təmirə böyük ehtiyacı
olan ikimərtəbəli mülkün ikinci mərtəbəsinin həyətə baxan
bir mənzilində təm-tək yaşayırdı. Bu baxımsız mülkün
hamamı ümumi olduğundan burada heç kəs qərar tutmurdu.
Yalnız yay aylarında Mərdəkanda və Şüvəlanda istirahət
etməyə yer tapa bilməyən təsadüfi adamlar bu mülkdəki
otaqların ucuz qiymətinə şirnikib özlərini bura təpirdilər.
Lakin bir-iki gecə taxtabitilərlə vuruşduqdan sonra qonşu
pansionatlarda özlərinə yer eləyib, köhnə korpusdan
canlarını qurtarırdılar. Hamı gəlib-gedirdi, bircə Namiq
müəllim buranın daimi sakini idi.
Namiq müəllim artıq yorulmuşdu, əli qələmdən soyumuşdu.
Bəzən içki xumarlığından («zapoy»dan) günlərlə ayıla
bilməyəndə yarıyuxulu-yarıyuxulu deyərdi: «Yazacağam,
aydınlığa çıxan kimi yazacağam. Özü də yazdığım sanballı
bir şey olacaq, mövzu başımdadır, qalır bircə onu kağıza
köçürmək.» Ancaq mən görürdüm ki, o, özünə təsəlli verir,
heç nə yaza bilməyəcək, artıq təpərdən düşüb.
Azərbaycan televiziyasının uşaq proqramı üçün ayda bir
dəfə yazdığı balaca ssenarini ondan qopardınca bizimki
bizə dəyirdi. Biz deyəndə üç nəfəri nəzərdə tuturam:
Televiziyanın uşaq proqramları redaksiyasının baş
redaktoru Kamran İbrahimovu, televiziyada ştatdankənar
müxbir kimi çalışsa da, daimi iş yeri bizim idarə olan
Qorxmaz Şıxəlioğlunu və özümü.
Hər ayın axırına yaxın Qorxmaz tez-tez baş vurduğu
televiziyadan lo xəbər gətirirdi ki, Kamran müəllim
ssenarini istəyir. Çox vaxt xəbər yiyəsinə mənim yanımda
çatdırılırdı, çünki Namiq müəllim hər iki-üç saatdan bir
kabinetimdə çaya qonaq olurdu. Xəbəri eşidən kimi o,
əvvəlcə özündən çıxırdı: «Yox, uşaq verilişi üçün
ssenari-zad yazan deyiləm, nə qədər ayı, keçi, it, pişik,
tülkü haqqında əhvalat uydurarlar?! Bezmişəm! Həvəsdir-bəsdir!
Qorxmaz, sən Kamrana mənim adımdan de ki, Namiq
Abdullayevə ümid olmasın, özünə başqa müəllif tapsın.»
Namiq müəllim qırımımızdan ona haqq qazandırmayacağımızı
duyub siqaretə cumurdu. O, yandırdığı siqareti sümürüb
qurtarandan sonra Qorxmaz dodaqlarını marçıldadıb qırmızı-qırmızı
dillənirdi:
– Namiq müəllim, ssenari yazılmazsa, qonorar da olmayacaq!
Namiq müəllimin yeganə qazanc yeri hər ay qonorar kimi
televiziyadan aldığı iki yüz manat idi. «Qonorar» adı
eşidən kimi o, duruxurdu və yenidən siqaretə dəm verib
kövrək-kövrək deyirdi:
– Bilirəm, Kamran o iki yüz manata görə hər ay mənə
ssenari yazdırır. İstəmir mən ac qalım. Bəyəm ssenari
yazan azdır?! – sonra qəti şəkildə əlavə edirdi: – Yaxşı,
Qorxmaz, Kamrana çatdır ki, iki gündən sonra ssenari onun
stolunun üstündə olacaq.
Sonralar da hərdən Namiq müəllimin qəti danışıqlarını
eşitdim, ancaq onun dediyini eləməyə heyi qalmamışdı. Bir
dəfə mənim yanımda Qorxmaz ona dedi:
– Namiq müəllim, özünü düzəldə bilərsən, hayıf, iradən bir
az zəifdir.
Namiq müəllimin cavabına fikir verin:
– İradəm zəif olsaydı, dərd yarıydı, o məndə heç yoxdur.
Namiq müəllim sözünə vaxtında əməl edə bilməyəndə Kamran
müəllimin mənə zəngləri başlayırdı. Çox çək-çevirdən,
təkiddən sonra Namiq müəllim bir saatın içində dörd-beş
səhifəlik ssenarini candərdi yazıb qoltuğuna vurar və «Kamran
müəllim» deyib şəhərə gedərdi.
Aradan illər keçəndən sonra bir sirri açım: Bəzən Namiq
müəllim yazı sarıdan sifarişçini yarıtmayanda Kamran
İbrahimov onun əvəzinə müəllifin köhnə ssenariləri
əsasında yeni bir şey quraşdırıb əziz dostunu qonorardan
məhrum olmağa qoymurdu. Namiq müəllimin yaddaşı
korlandığına görə haqq-hesabı dolaşdırırdı. Elə bilirdi ki,
öz halal haqqını alır.
O, Yazıçılar İttifaqının üzvlüyünə təzəcə keçirilmişdi.
Təlimata görə ildə bir dəfə Yaradıcılıq evinə güzəştli
yollayış ala bilərdi. 24 günlük yollayışın tam qiyməti
qarşısında köhnə korpusun qiyməti nisbətən ucuz olsa da, o,
buna il boyu duruş gətirə bilməzdi. Bəs Namiq müəllim
Yaradıcılıq evində hansı hesaba məskən salmışdı?
Ədəbiyyat Fondunun sədri uzun müddət partiya, dövlət
sistemində çalışmış, ehtiyatlı, suyu üfürə-üfürə içən Adil
Hacıyevin qulağını o-bu doldururdu ki, Namiq Abdullayevi
Yaradıcılıq evindən rədd eləyin. Görünür, Namiq müəllim
tör-töküş görkəmilə baş idarəmizdə sözü keçən kimlərinsə
xoşuna gəlmirdi. Və direktorumuz Əli Həsənovu görən gözü
olmadığına görə sədr Yaradıcılıq evilə bağlı ən adi
kəmkəsirləri şişirdirdi.
Adil Hacıyev bir gün məni kabinetinə çağırıb dedi:
– Deyirlər işgüzar oğlansan, ancaq bərkə-boşa düşməmisən,
özünü yersiz dilə-dişə salırsan. Müdirinlə birləşib nə
yapışmısınız o düşgün, avara N.Abdullayevin (o, qeydiyyat
dəftərinə baxandan sonra belə dedi, görünür, kağızda Namiq
müəllimin adının baş hərfini qeyd etmişdi) ətəyindən. Əli
dinc durmayan ağzıgöyçəyin biri götürüb yazar qəzetə-məzetə,
gəl indi cavab ver. Qarışıq zamandır, mənə lazımdırmı
özümü təmizə çıxartmaqdan ötrü dəridən-qabıqdan çıxam?
İl-on iki ay Yaradıcılıq evində lövbər salmaq olmaz axı…
Günü sabahdan onu itirirsiniz oradan.
Bir anda evsiz-eşiksiz Namiq müəllimin küçəyə atılmasını
təsəvvür edib, birbaşa onun müdafiəsinin yersiz olduğunu
anladığımdan udquna-udquna dilləndim:
– Adil müəllim, Namiq Abdullayevin putyovkasının (yollayışının)
vaxtına hələ var.
O, sərt-sərt mənə baxdı və son sözünü dedi:
– Bir gün də artıq saxlamayın! Gedə bilərsən!
Bu xəbərdarlıqdan sonra işimizi möhkəm tutmalıydıq.
Direktorla məsləhətləşib bu qərara gəldik ki, məsələni
Namiq müəllimə deməyək və xərcinin altına girməklə ucuz
başa gəlsin deyə illik güzəştlərindən istifadə etməyən
qələm dostlarımızın adına yollayış alıb onu burada
saxlayaq. Təxminən bir il Namiq müəllim başqa yazıçıların
(Qəşəm İsabəylinin, Adil Cəmilin, Ağalar Mirzənin, Əli
Əmirlinin və s.) adına yazılmış yollayışlarla yanımızda
yaşadı.
Belə-belə işlərə görə Namiq müəllim təklif, tələb və
iradlarımı hərdən nəzərə alırdı.
Altmışından təzəcə ayrılmış həmən vaxtın Namiq
Abdullayevini bir balaca təsvir edim: o, orta boylu, qarnı
qabağa çıxmış, başının ortası dazlaşmış, tosqun bir adamdı.
Çəkisi səhv etmirəmsə, yüz iyirmini haqlamışdı. Arada bir
az da kökəldi. Deyəndə ki, Namiq müəllim əndazəni aşırsan,
pəhrizə keç, cavabı belə olardı:
– Pəhrizə bir ətək pul lazımdır, mən lütün biriyəm.
Soyuq bir qış günündə onu həyətdə pencəkdə görüb soruşdum
ki, niyə plaşını geyməmisən? «Kökəlmişəm, plaşım əynimə
gəlmir» demək əvəzinə o, gülə-gülə dilləndi:
– Plaşım balacalaşıb.
Sir-sifətdən yaraşıqlı olmasa da, çox yapışıqlı və nurlu
üzü vardı. Qanışirin adam olduğuna görə azacıq insanlıq
duyğusu olan hər kəsə asanca isinişə bilirdi. O qədər sadə
və iddiasız idi ki, uşaqdan-böyüyə hamı onunla «sən»lə
danışırdı. Hərdən deyərdi: «Başqaları mənsəbi, malı-pulu
ilə özünü dartıb gəzir, mən də sadəliyimlə fors eləyirəm.»
Yaşımız arasında otuz illik fərq olmasına baxmayaraq çox
vaxt özümüzü yaşıd kimi aparırdıq. Ümumiyyətlə, o, hamının
yaşıdı ola bilən adamdı. Arada sözümüz çəp gəldiyinə görə
şərt qoymuşduq, küsəndən bir saat sonra hər ikimizin
barışmaq hüququmuz vardı. Bu bir saat bitən kimi yenidən
dostlaşırdıq.
Ayaqlarında çoxdanın ağrısı qalsa da, yeriyəndə elə bil
külək nəsə iri bir şeyi diyirlədə-diyirlədə gətirirdi.
Yaradıcılıq evinin ocaqçısı Kamil, Namiq müəllimin
gəldiyini uzaqdan görüb deyərdi: «Namiq müəllim tam
sürətlə gəlir!» Doğrudan da o, həmişə tam sürətlə
yeriyirdi. O, iti danışırdı, tək-tük adam onun birinci
cümləsini tuta bilərdi. Çoxları üçün o, bütün söhbətlərə
ikinci cümlədən başlardı.
Onu tanıyanların yaxşı yadında olar, Namiq Abdullayev
özünə baxan deyildi. Əksər vaxtlarda onu üzü-başı tüklü,
kirin-pasın içində görmək olardı. Əyninə geydiyi əzik-üzük
paltarları mövsümə uyğun gəlməzdi. Qışı nazik plaşda və
yay ayaqqabısında keçirən Namiq müəllim, yayda yun şalvar
da geyinərdi.
Bir dəfə şaxtalı havada Namiq müəllimə rast gələn şair
Vaqif Bəhmənli qələm dostunun başıaçıq olduğunu görüb
soruşur:
– Namiq müəllim, belə soyuqda başın üşümür?!
Namiq müəllim ona tərs-tərs baxıb cavab verir:
– Nöş üşümür, adam döyüləm?!
Şəklindən bir suyu Namiq Abdullayevə oxşayan rus şairi
Krılov da deyilənə görə çox pinti imiş. Bir dəfə qraf
dostu onu malikanəsində təşkil etdiyi maskarada dəvət
edəndə şair soruşur:
– Necə maska taxım ki, məclisdə məni tanımasınlar?
Qraf araları açıq olduğu üçün dostuna ərklə deyir:
– Narahat olma, təmiz və səliqəli geyinsən, səni heç kəs
tanımayacaq.
Mən sonralar Namiq müəllimi bir dəfə doğrudan da
tanımayacaqdım. Əhvalat, səhv etmirəmsə, 1989-cu ilin
payızında baş vermişdi. Namiq müəllimin babat qazancının
olduğunu, lakin əyin-başına fikir vermədiyini görüb
özlüyümdə qərara aldım ki, növbəti qonorarını pal-paltara
verməyə məcbur edim onu.
Kimsə soruşa bilər: «Sən kimsən ki, başqasının işinə
qarışasan?!» Cavab verirəm: «Onun işinə qarışılmasaydı, o,
yaşaya bilməzdi. Öz ümidinə qalsaydı, onu çoxdan qurd-quş
yemişdi. Ona görə də bu dostumun hər hansı işini
aşırmaqdan ötrü mütləq kimsə qabağa düşməliydi. İçkidən
başqa hər şeyə pulu qızırqanan və «Bu araq zəhrimar ucuz
olanda da ona pul çatdırmırdım!» deyən Namiq müəllimi
növbəti qonorarını alanda darta-darta Mərdəkandakı bir
geyim mağazasına apardım. Onsuz da o dar günü üçün dala
pul atan deyildi. Deyərdi ki, bircə kəfən pulumun olmasını
istərdim, ancaq ürəyimə damıb, kəfən pulum düzələn kimi
öləcəyəm.
Ona kostyum, köynək, qalstuk, (hey deyərdi ki, mənə beret
al, başıma beretdən başqa heç nə qoya bilmirəm. O illərdə
zəhrimar beret qəhətə çıxmışdı. Ora-bura baxsam da, ölən
gününə qədər ona beret tapılmadı.) ayaqqabı, corab və bəzi
xırda-mırda şeylər alıb geri qayıdanda yolüstü
bərbərxanada üzünə-başına da əl gəzdirilməsinə razı saldım.
Təzə korpusda Namiq müəllimi itələyib hamama salandan
təxminən saat yarım sonra o, I mərtəbədəki foyedə peyda
olanda heyrətdən hamının gözü kəlləsinə çıxdı. Namiq
müəllim çox əzəmətli görünürdü. Amma qarşıdan gələn iki
gün bəs elədi ki, o, zahiri əzəmətini itirsin. İki gün
sonra həmişə onun otağını yığışdıran və güzəşt edib qəpik-quruşa
paltarlarını yuyub-ütüləyən Əminə arvadın səsini eşitdim:
«Bu kişinin köhnəsiynən təzəsi bilinmir.»
Namiq müəllim deyirdi ki, uşaqlıqda gedib küllükdə, sucaq
yerdə eşələnməyim üstə anam məni hər gün danlayardı.
İndiki kimi yadımdadır, yay günlərinin birində çöldən evə
dönərkən o, həyətimizdə qabağıma çıxıb üstümə qışqırdı:
– Ay əfəl, yer-göy od tutub yanır, düzüdünya qupqurudur,
sən yenə harda üst–başını palçığa batırıb gəlmisən?!
Anam məni qardaşımdan da, bacımdan da çox istəyirdi. Bəlkə
bu ona görəymiş ki, mən ürəkkeçməliydim. Sarı rəng məni
vururdu. Ərinmiş yağ doldurulmuş bankanın sarısına
baxa-baxa Günəşə birləşirdim və ürəkkeçməm tuturdu. Anam
qorxurdu ki, tezliklə öləcəyəm.
Onun bir söhbətini də xatırladım:
«Dəqiq yadımda deyil, təxminən beş yaşım olanda kitabı
sərbəst oxuyurdum. Müəllim işləyən atamın bundan xəbəri
yoxmuş. Bir dəfə atam «Nağıllar» kitabını oxuduğumu görüb,
anama tərs-tərs baxmaqla soruşdu:
– Uşaq doğrudan oxuya bilir, yoxsa sən nağılı ona
əzbərlətmisən?
Anam qürurla gülümsündü:
– Ona hərfləri mən öyrətmişəm, kitabı sərbəst oxuyur.
Atam səsini daha da sərtləşdirdi:
– Mən vunderkindi neynirəm?! Mənə kişi lazımdır.
«Vunderkind» sözü beynimə mıxlandı. Aradan illər keçəndən
sonra onun mənasını öyrənəndə düşündüm ki, bəyəm
vunderkinddən kişi çıxmaz?!»
Hə, harda qaldım?..
Doqquz yaşlı Namiqin atası 1937-ci ildə tutulandan sonra
ondan bircə məktub gəlir. Həmin məktubda ata başqa
uşaqlarının deyil, yalnız Namiqin adını çəkib arvadına
tapşırırdı ki, bu mağmın balamdan muğayat ol, onun
gələcəyindən nigaranam.
Atanın gümanları doğru çıxdı, ömrü boyu kimlərinsə Namiq
Abdullayevin üstündə gözü olmalıydı. Hərdən söhbət düşəndə
çox adamlar ona etdiyi yaxşılıqlardan danışırlar. Biri
deyir, neçə gün onu evimdə qonaq saxlamışam, başqası
paltarını yudurtduğundan söz açır, digəri ona hansısa
yataqxanada müvəqqəti yer düzəltdiyini yada salır, bir
ayrısı onun əlyazmalarını qaydaya salıb nəşriyyata
verdiyini deyir. Onu «Yemək-içməyə qonaq etdim.»
deyənlərinsə sayı-hesabı yoxdur. Hamısı da düz deyir. Onun
boynunda çoxlarının haqqı var və əlimi ürəyimin üstünə
qoyub hər kəsin haqqını ona halal etdiyini əminliklə deyə
bilirəm. Nə qədər vasvası adam tanıyıram, Namiq müəllimlə
vaxtilə əl görüşməyə çimçəşsə də, onun çayxana
söhbətlərindən doymadığını indi səmimiyyətlə etiraf edir.
Namiq müəllim təklikdən qorxurdu, həmişə özünə qulaq
yoldaşı axtarırdı. Amma elə bir adam tapılmırdı ki, daima
onun yanında olsun. Bu səbəbdən də Namiq müəllimi
Yaradıcılıq evinə gəlmiş tanış və tanımadığı müxtəlif
adamlara yanaşan görürdüm. Sözütutan adamı tapmaq isə
müşkül işdi.
Əksər yaradıcı adamlardan tam fərqli olaraq Namiq
müəllimin arxivi qalmayıb. Nəinki arxivi, hətta demək olar
ki, onun ortaya çıxarılası heç nəyi yoxdur. Haçansa
Qorxmaz Şıxəlioğlu demişdi ki, Namiq müəllimin bütün
sənədləri, əlyazmaları Kamran İbrahimovdadır. Bir gün
Kamran müəllimlə görüşdüm. Sən demə, onun da boxçası
boşmuş. O, mənə vaxtilə Namiq müəllimin uşaq verilişləri
üçün yazdığı bir neçə ssenarisinin əlyazmasını, onunla
çəkdirdiyi şəkli və yazıçının son müsahibəsi çap olunmuş
bir qəzeti gətirmişdi. Kamran müəllim kövrələ-kövrələ
dostu ilə bağlı yaddaşında qalan ən adi xatirələrini də
mənə danışdı.
Namiq Ələkbər oğlu Abdullayev 1928-ci ilin yazında Xızının
Darzarat kəndində anadan olmuşdu. 37-ci ildə yetim qalan
Namiq atasının nəyin güdazına getdiyini ölənəcən bilmədi.
1957-ci ildə repressiya qurbanlarına bəraət veriləndə
bircə onu öyrənmişdi ki, sərt və ötkəm adam kimi
xatırladığı atasını həbs olunandan ikicə ay sonra
güllələmişdilər.
«Tuthatut» dövrünün qorxusu balaca Namiqin sümüyünə
işləmişdi, söhbət düşəndə deyərdi:
– Məni qorxaqlığa və cəsarətsizliyə görə heç kəs qınamasın.
Çünki qorxu, gözüqıpıqlıq bir zaman anamı, qardaşımı,
bacımı və məni ölümün ağzından alıb. «Xalq düşməni»nin
oğlu necə başını dik tutub döşünə döyə bilərdi? Rəhmətlik
babam atam tutulandan bir müddət sonra anamı guya öz
ərizəsilə ərindən boşatdırdı. Yoxsa, anamı da atamın
dalınca apara bilərdilər. Anam boşandığı gündəki kimi
dərdli görünməmişdi. O gecə yorğanı başıma çəkib anamın
hıçqırıqlarına qulaq asırdım. Onun qırıq-qırıq dedikləri
sözbəsöz yadımdadır: «Ələkbər, ay Ələkbər, Allahın altında
kaş indi harda olduğunu bileydim. Kaş bircə barmaq kağız
yazıb sənə ötürmək olaydı. Vallah, səndən üzdə boşanmışam,
ürəyim sənin yanındadır. İnanma dövlətin o sovxa kağız-kuğuzuna.
Neynim, belə məsləhət oldu. Canımdan qorxmuram, səndən
sonra nəyimə lazımdır bu can?! Ancaq tifillərini başsız
qoya bilmirəm, onlardan sənin iyin gəlir. Təki sən qayıt
gəl! Qapımızdan girən kimi görəcəksən dediklərim doğrudur.»
Müharibə yatandan sonra Namiqgilin ailəsi Siyəzənə köçür.
Siyəzəndə neft tapıldığına görə ətraf kəndlərdən
mədənlərdə işləməyə gəlirdilər. Əllinci ilin əvvəllərində
Namiq Abdullayev Xarici dillər institutunu «İngilis dili»
ixtisası üzrə bitirib Siyəzəndə müəllimliyə başlayır və
bir qızı sevir…
Günlərin bir günü səhər-səhər Namiq müəllim kabinetimin
qapısını açıb içəri girən kimi həyəcanla dedi:
– Gecəni səhərə qədər gözümə yuxu getməyib. Axır ki,
tapdım… Bədbəxt olmağımın səbəbini deyirəm. Elə bədbəxt
olmalıydım, oldum da. Mənə hələ bu da azdır! Gərək öləndə
də yalquzaq kimi ulaya-ulaya öləm. Başqa adım yoxdur, mən
alçağam, alçaq!
Mat-mat Namiq müəllimə baxırdım, donub qalmışdım,
danışmağa söz tapmırdım. O, damağına qoyduğu siqareti
yandırıb bir-iki qullab vurandan sonra sözünə davam etdi:
– İlk dəfə sevdiyim qız bilmirəm indi ölüb, ya qalıb.
Qarayanız bir qız idi. Ürəkdən bağlanmışdım ona. O da
meylini mənə salmışdı. Hətta bir müddətdən sonra
nişanlandıq. Toyumuza bir həftə qalanda o, mənə dedi:
– Namiq, görürəm çox ürəyi təmiz oğlansan, səndən nəyisə
gizlətmək günahdır. İstəyirəm sənə bir sirr açım.
Qızın bu sözlərini eşidən kimi elə bil başıma daş düşdü.
Dizlərimə dəhşətli ağrı gəldi. Aradan az qalır qırx il
keçsin, hələ də o ağrı dizlərimdədir. Həftə səkkiz, mən
doqquz tutması tutur. Dedim: «Açma o sirri, lazım deyil,
açma!» Yazıq qız nə hala düşdü? Nə qədər ağlayıb-sıtqısa
da, yumşalmadım. Hətta dedi ki, inanmırsan, dur, bu saat
qızlığımı yoxla! Susa da bilərdim, ancaq istədim hər şeyi
biləsən. Onu biləsən ki, vur-tut bircə dəfə bir oğlanla
görüşə getmişəm. Elə həmən görüşdə o oğlana nifrət edib
ondan uzaqlaşmışam. İnsafın olsun, axı, hardan biləydim ki,
dünyada sən varsan. Bilsəydim, oturub gözləyərdim. Axı,
mən də hamı kimi xoşbəxt olmaq istəmişəm. Axı, mən də
kimisə sevib onun görüşünə getməliydim, necə ki, bir gün
sənin görüşünə gəlmişəm.
Mən nişanımı qaytaran gün qız özünü zəhərlədi, ancaq
həkimlər onu ölməyə qoymadılar.
Namiq müəllim qənşərindəki çaydan bir qurtum alıb,
siqareti siqaretə caladı və gözləri bir nöqtəyə zilləndi.
Yalnız «prima»sına yanıqlı-yanıqlı qullab vuranda
gözlərini qırpırdı. O, ah çəkib yenidən dilləndi:
– Hərdən o qızı yuxumda görürəm. Axırıncı dəfə necə
görmüşəmsə, elə. Bəzən də onun yaşa dolmuş, dəyişmiş,
qadınlaşmış görkəmi gözümün qabağına gəlir, bircə üzünü
ayrı cür təsəvvür edə bilmirəm.
Təxminən iyirmi il bundan qabaq keçmiş nişanlımla görüşmək
ehtirası baş qaldırdı məndə. Soraqlaşıb onun harada
yaşadığını öyrəndim. O, ailəsilə Bakıda, ümumi həyətli bir
evdə məskən salmışdı. Onların qapısına yaxınlaşanda mənim
gəlişimi gözləyirmiş kimi həyətdən bir arvad çıxıb
qabağımı kəsdi. Qəribəydi, bu qadın məni tanış adam kimi
dindirib dedi:
– Niyə gəlmisən? Bu nə vaxtın gəlişidir? Onu təzədən
bədbəxt eləmək istəyirsən? Üç uşağın anasını ərindən
boşatdırıb alacaqsan?! Sən allah, ona yazığın gəlsin, necə
gəlmisən, elə də çıx get!
Yerimdə quruyub qaldım, məni əcəl təri basdı. Yer-göy
başıma fırlandı. Handan-hana özümü toplayıb ayılanda qadın
yoxa çıxmışdı. Bu qadın kim idi? Məni hardan tanıyırdı?
Heç üzünü də əməlli-başlı görə bilmədim. Bəlkə bu qadın
bir zaman mənim sevdiyim qızdı? Yəni həyat onu bu qədər
tanınmaz hala salmışdı? Yox! Yox! Hələ də özümü inandırmaq
istəyirəm ki, o, başqa bir qadındı, tamam başqa bir qadın.
Bəlkə də qadın deyildi, alarvadı idi.
Ötən əsrin yetmişinci illərində Namiq Abdullayev «İt» adlı
bir hekayə yazıbmış. O, bir neçə qəzet, jurnal
redaksiyasının qapısını döysə də, hekayəni çap etdirə
bilmir. O, vaxtlar mətbu orqanlar belə əsərləri yaxına
qoymurdular. Hekayədə bizim cəmiyyətdə insana bəzən itcə
qiymət qoyulmamasından danışılırdı. Namiq müəllim həm
saxlanclı-tutuşlu adam olmadığından, həm də kirayənişin
kimi tez-tez yerini dəyişdiyindən hekayənin əlyazmasını
itirir. Ancaq o, «İt» haqqında bəzi qələm dostlarına
danışdığı üçün hekayənin sorağı yayılmışdı.
Yaradıcılıq evində Namiq müəllim əlyazması olmayan «İt»in
adını çəkib deyərdi ki, ikicə saatın içərisində bu
hekayəni təzədən yaza bilərəm, özü də əvvəlki variantından
on qat yaxşı. Lakin, o, nəyi gözləyirdi, bilmirdim. Şair
Məmməd İsmayıl «Gənclik» jurnalının baş redaktoru olarkən
Namiq müəllimdən «İt» hekayəsini yenidən yazmağı xahiş
etmişdi. Hətta qələm dostunu şirnikdirmək məqsədilə
qabaqcadan qonorarını ödəməklə onunla müqavilə də
bağlamışdı. Müəllif müqaviləyə qol çəkib qonorarı aldı,
lakin «İt» hekayəsini yenidən yazıb təhvil verə bilmədi.
Bu hekayəni təəssüf ki, mən də sizə danışa bilməyəcəm.
Çünki həmən hekayədən söz düşəndə dostum bu əsərin özünü
yox, onun arxasında duran əhvalatdan danışmışdı.
Namiq Abdullayevi gözümün önünə gətirirəm və onun danışıq
üslubuna uyğunlaşdırmaqla yaddaşımı qurdalayıram. Elə
hesab edin ki, yazıçı deyir:
– Pencəyimi götürüb evdən birdəfəlik çıxmışdım. Gecə saat
10-a qalırdı. Çöldə hava xoş idi. Bəlkə də getməyə yer
tapmaq olardı, ancaq indi heç kəsin qapısını döyməyəcəkdim,
tək qalmaq istəyirdim. İnsan öz ağrı-acılarına bir gün
təklikdə yiyə durmalıdır.
Piyada dənizin qırağına tərəf enməyə başladım. Yol boyu
fikirləşirdim ki, görəsən inadımdan dönməyəcəyəm? Evdən
çıxanda qapının açarını da cibimdən götürüb döşəməyə
tolazlamışdım ki, bir də bu mənzilin qapısını açmaq
imkanım olmasın. Allaha yalvarırdım mənə dözüm versin.
Özümü ağır-ağır yeriməyə məcbur edirdim ki, sahilə gec
çatım. Döyükə-döyükə ətrafa boylanırdım. Həyəcanımı,
sevincimi başqalarından gizlədə bilmədiyimə görə tanış-bilişlərdən
kiminsə qənşərimə çıxıb məni sorğu-suala tutacağından
qorxurdum. Nə danışasan, axı? Qırx yeddi illik canı məndən
alıb təzəsini verməyəcəklərdi ki?..
Bakının dənizi həmişə adama «gəl-gəl» deyir, illah da
gecələr. Amma bu dəfə sahildə özümü çağırılmamış qonaq
kimi hiss edirdim. Bəlkə dəniz kimi, haçan və necə
qarşılamağı özü hamıdan yaxşı bilir?
Boş oturacaqların birində əyləşdim. Gözümün qarşısında
dəniz olduğu üçün ona baxırdım. Dağ olsaydı, dağa
baxacaqdım, divar olsaydı divara. Nə fərqi?! İndi
düşündüklərimə «düşüncə» adı qoymaq olmazdı. Düşüncə odur
ki, gözünün qabağında olanlardan başqa şeylər haqda da
fikirləşə biləsən. Hirsim, həyəcanım getdikcə kütləşirdi.
Bayaqdan yol boyu düşünürdüm ki, bir tərəfdə oturub bütün
keçmişimi əməlli-başlı götür-qoy edəcəyəm. Ancaq xatirələr
sürətlə biri-birini beynimdən qovurdu.
O qədər fikirli olmuşam, bir də gördüm ki, artıq gecədən
keçib, park boşalıb. Bir az mürgüləmək olardı. Təzəcə
gözümü yummuşdum ki, hiss etdim kimsə məni dümsükləyir.
Gözümü açanda qarşımda iki milis gördüm. Allah bilir, indi
onlar məni nə hesab edirdilər.
– Parkda gecələmək olmaz, icazə verilmir! – deyə
milislərdən biri üstdən aşağı mənə baxa-baxa amiranə səslə
dilləndi:
– Axı, mən heç kəsə mane olmuram – dedim.
– Mane olursan!
– Kimə?
– Bizə!
Onlar haqlıydılar, parkda səfillərdən, yurdsuz-yuvasız
içki düşkünlərindən, dilənçilərindən başqa kim gecələyərdi?
Başıma gələni onlara danışsaydım, inanacaqdılarmı?
Tənbəl-tənbəl ayağa durdum, milislərə yersiz «Sağ olun!»
deyib ayaqlarımı işə saldım. Birdən gözlərim o biri
oturacağın altında mışıl-mışıl yatmış arıq itə sataşdı. İt
ona heç kəsin toxunmayacağından arxayın olmuş kimi dərin
yuxuya getmişdi. Fikrimə gəldi ki, it olsaydım, indi məni
yuxudan eləyən olmayacaqdı. Həmin anda it olmaq istədim.
Ancaq it ola bilməsəm də, o gündən sonra mənim it həyatım
başladı. Mən azdırılmış it idim…
Namiq müəllimin özü görəsi işlərini heç kəs onun əvəzinə
görmək istəmədi sonrakı illərdə. Bu kişiyə onun nazı ilə
oynayan dağ ürəkli qadın lazımdı. Amma belə qadın deyəsən
yer üzündə yoxdu. Vardısa da, Namiq müəllim onu, o da
Namiq müəllimi tanımırdı. O, ailədə ər yox, uşaq ola
bilərdi. Ərköyün, şıltaq, həmişə nəvazişə, sığala, öyüd-nəsihətə
ehtiyacı olan ömürlük uşaq. Onu nəzarətsiz buraxmaq
olmazdı.
1990-cı ilin ortalarında Yazıçılar birliyinin Namiq
müəllimə birotaqlı sığınacaq verməsi ürəyimizdən tikan
çıxartdı. Nəhayət onun qapısını özü açıb-bağlayacağı
balaca küməsi olacaqdı. Özü də qanad açıb uçurdu. Ancaq
həm o, həm də biz tələsib sevincək olmuşuqmuş. Bu mənzil
Namiq müəllimi daha da bədbəxt edəcəkmiş. Təzə mühit,
həyətin tanımadığı adamları, gözdən-könüldən uzaq xəlvət
guşə ömrünün böyük hissəsini qarışqa yuvası kimi qaynayan,
gur, dost-tanışla dolu Televiziyada işləmiş, Yaradıcılıq
evində iki il mehriban üzlərlə əhatə olunmuş, nəhayət,
həmişə tənhalıqdan qaçmış Namiq müəllim üçün baş aça
bilmədiyi qaranlıq dünyaya bənzəyirdi. İçərisi tabuta
oxşayan bu mənzilin xəfəsi, miskin görkəmi Namiq müəllimin
vur-tut ikicə il sonra axırına çıxacaqdı.
İstər qadın olsun, istər kişi, o qədər ikinci, hətta
üçüncü dəfə özünə yeni həyat quran insanlara rast gəlmişik
ki… Namiq müəllim bu adamların heç birindən deyildi. O,
kövrək, tez sınan idi, dönüklüyə duruş gətirə bilməzdi.
Beş-altı il bundan qabaq şair Oqtay Hacımusalı mənə zəng
edib bildirdi ki, gələn həftə Natəvan klubunda Namiq
Abdullayevin xatirə gecəsi keçiriləcək, gəlib yazıçı
haqqında xatirələrinizi söyləsəniz, yerinə düşər.
Namiq Abdullayevi bu yazıda necə təsvir edirəmsə, həmən
tədbirdə də onun haqqında ən səmimi xatirələrimi dilə
gətirdim. Namiq müəllim o qədər təbii, o qədər zəngin
koloritli və maraqlı tip idi ki, aramızda olmadığına görə
güzəştə gedib onun ölçülü-biçili, ütülü, nümunəvi
tərcümeyi-halını uydurmaq bu insanın ruhunu lənətləmək
kimi bir şeydi.
Lakin mənim çıxışım bu yığıncaqda iştirak və çıxış edən,
ilk dəfə üzünü gördüyüm, ötkəm duruşlu, sərt danışıqlı,
ahıl xanımın qətiyyən xoşuna gəlmədi. Bu xanım Namiq
müəllimin keçmiş arvadıymış. O, həm çıxışında, həm də
tədbirdən sonra başılovlu mənim bayaq danışdıqlarıma
kəskin iradını bildirdi və mərhum haqqında «nesenzurnı»
kəlmələrimə görə məni acıladı.
Namiq müəllimin dirisini öz arşınına tən gətirə bilməyən
bu zavallı onun ölüsünü dəyişmək istəyirdi. Ona üzə tutula
biləsi mərhum ər, ata, yazıçı Namiq Abdullayev lazım idi.
Lakin bu xanımın arzuladığı Namiq Abdullayev nə olmuşdu,
nə də olacaqdı. Sən demə, keçmiş ərinin xatirə gecəsini də
özü təşkil etdiribmiş. O, qabaqdangəlmişlik etdiyi
çıxışında yaxın zamanlarda yazıçı Namiq Abdullayevin
əsərlərinin tam külliyatını çap etdirəcəyini, onun geniş
təbliği ilə məşğul olacağını dönə-dönə desə də, aradan
xeyli vaxt keçməsinə baxmayaraq ortada heç nə yoxdur.
Namiq müəllim tez-tez ölümdən danışırdı və deyirdi ki, iki
dəfə Əzrayılı görüb – bir uşaqlıqda, bir də inişil.
Kənddə böyük həyətləri varmış, hər tərəfi ağaclıqmış. Qış
axşamlarının birində balaca Namiq həyətin ətəyindəki
ayaqyoluna getməkdən qorxub özünü ağacların arasına verir.
İşini qurtarıb başını qaldıranda azacıq aralıda ağappaq
geyimli, hündürboylu, adama oxşayan əcaib bir məxluq görür
və dabanına tüpürüb evə qaçır. Rəngi qaçmış halda
gördüyünü sobanın yanında oturub özünü istiyə verən
nənəsinə danışanda arvad əllərini dizinə çırpıb deyir:
– Vay, Bağır kişi öldü!
Nənəsi qara şalını başına örtüb qonşuluqda çoxdan döşənmiş
Bağır kişinin evinə sarı üz tutur və bir hovurdan sonra
hay düşür ki, yataq xəstəsi keçinib.
İkinci dəfə Əzrayıl Namiq müəllimin kirayədə yaşadığı
daxmaya gəlibmiş. Gözlərinə yuxu getməyən yazıçı işığı
söndürüb çarpayıya uzanıbmış. Pəncərədən otağa ayın işığı
düşürmüş. Birdən daxmanın küncündə adamşəkilli, parlaq
tüklü, cəzbedici bir şey peyda olur. O, özünü itirmədən
yerindən dik atılıb işığı yandırır. Onun Əzrayıl hesab
etdiyi varlıq qeybə çəkilir. Namiq müəllim küçəyə çıxıb
siqaretə dəm verir. Bir azdan canına elə üşütmə gəlir ki…
Handan-hana özünə gəlib düşünür: «Bəlkə Əzrayılı görməyi
çox arzuladığım üçün o, daxmama qonaq gəlmişdi? Nahaq onu
ürkütdüm.»
Namiq müəllim tez-tez deyirdi ki, bizim nəslin kişiləri
altmışı ötmür, görəsən niyə mənim ömrüm belə uzandı?! O,
ölməkdən qorxmurdu, ölməməkdən qorxurdu. Təsəlli tapırdı
ki, nə yaxşı İsgəndər Zülqərneyn zülmətdə dirilik suyunu
tapmayıb, yoxsa, əbədi bədbəxt olardı. İlahi, insanın
ölümsüzlüyü necə dəhşətdir! Təsəvvür elə, qurdla qiyamətə
qalırsan, illər keçir, yaşıdların, arvadın, uşaqların,
nəvələrin, dostların, tanışların hamısı ölüb gedir və sən
axırda mürdəşirə, qəbirqazana aftafa tutursan.
Vaxtilə Namiq müəllimin mənə danışdığı bir rəvayəti sizə
də söyləyirəm:
«Deyirlər qədim zamanlarda insanları azad, xoşbəxt və
firavan yaşayan cənnət kimi bir ölkə olub. Bu məmləkətdə
heç kəs biri-birinin xətrinə dəyməzmiş, hamı «can» deyib,
«can» eşidərmiş. Günlərin bir günü ağsaqqallar yığışıb
Allaha yalvarırlar ki, ey yeri-göyü yaradan, sən bizə hər
şey; otlu-sulu, bərəkətli torpaq bəxş eləmisən, ruzimiz
başımızdan aşır, insan xasiyyətlərindən ancaq işgüzarlığı,
qayğıkeşliyi, mehribanlığı, gülərüzlülüyü bizə göndərmisən.
Heç insafdırmı ki, belə mələk xislətli insanlar dünyadan
köçsün?! Ölkəmizin adamlarını əbədi elə, qoy heç kəs
ölməsin.
Gözəgörünməzdən bir nida gəlir ki, ey məndən əbədilik uman
insanlar, yaşayın, sizə ölümsüzlük göndərdim. Ölkənin
adamları xoş xəbəri eşidib sevincək olurlar, atılıb-düşürlər.
On-on beş günlük kef-damaqdan sonra məmləkətin varağı
çevrilir. Daha heç kəs işə can yandırmır, qazanc dalınca
getmir, onsuz da kimsə acından ölməyəcəkdi ki… Uzaq səfərə
gedənin dalınca su atıb ağlamırlar, onsuz da yolçu
səfərdən sağ-salamat qayıdacaqdı. Xəstələrə baxan tapılmır,
onsuz da Əzrayıl onlara baş qoşmayacaqdı. Sevgililər
görüşməyə tələsmir, dünyanın axırı deyildi ki… Getdikcə
hamı biri-birindən soyuyur. Sən demə, ölkəyə xeyir-bərəkəti,
insanlara sevgini gətirən ölüm qorxusu imiş.
Ağsaqqallar əl-ayağa düşürlər, bir yerə yığışıb Allahı
çağırdılar və peşmançılıqlarını bildirirlər. Tövbə qapısı
həmişə açıq olan ucaların ucası öz bəndələrinin günahından
keçib onlara yenidən ölüm bağışlayır.»
Namiq müəllim xəstə idi, alkoqol xəstəsi. Özü xəstəliyinə
həkimlərdən də yaxşı diaqnoz qoyurdu. Deyirdi: adamlar
tanıyırıq ki, ömrü boyu hər gün, günaşırı şüşə-şüşə araq-çaxır
içir, amma heç vaxt alkaşa, yəni günlərlə içib sərxoş
yatan içki düşkününə çevrilmirlər. Məşhur artist Sidqi
Ruhullanın qırx yaşına qədər dilinə içki dəyməyibmiş. O,
bircə dəfə arağın dadına baxmaqla badəpərəst olur.
Hərdən Namiq müəllimə qoşulub bir balaca araq içəndə o,
mənimlə göz-gözə baxıb loğmanlıq edirdi:
– Sənin bədənin içki götürmür, fikir vermişəm içəndə meyid
rəngi alırsan. O şeydən ki, ləzzət aparmırsan, ondan gen
gəz! Amma mən içəndə xoşbəxt oluram, xəyalımda
istədiklərimə qovuşuram. İndi içki hətta mənim üçün qadını
da əvəz edir.
Bir dəfə hardansa kefikök qayıtmışdı.
– Yenə içmisən? – onu danışdırmaq istədim.
– Bir az. – dedi.
– Nə qədər?
– Qədərini bilmirəm, iki nəfərlə çaxırlamışıq. Badə əhli
arağın qramını hesablayır, çaxırın yox.
Zarafatla soruşdum ki, bu vaxta qədər içkiyə verdiklərini
pula çevirsək, nə qədər eləyər? Cavabında o, mənə məsəl
çəkdi: «Altmışıncı illərin əvvəllərində iş
yoldaşlarımızdan biri şair Əliağa Vahiddən radio üçün
müsahibə götürmüşdü. Həmin müsahibənin o zaman efirə
getməyən məqamı yadımda qalıb.
Jurnalist Əliağa Vahiddən soruşurdu:
– Vahid əmi, heç bu vaxta qədər qəzəllərinizdən itib-eləyəni
olub?
Əliağa Vahid belə cavab verirdi:
– Əlbəttə! Vaxt olub ki, kimsə qəzəl sifariş verib, mən də
yazmışam. O, mənim cibimə xərclik qoyub, mən də qəzəli ona
bağışlımışam. Mən xərcliyi istədiyim kimi sərf eləmişəm, o
da qəzəli.»
Namiq müəllim demək istəyirdi ki, kimə nə var mən necə
yaşayıram?!
Araq-çaxır olmayanda Namiq müəllim içkisiz yaşaya bilirdi,
heç bu barədə danışmırdı da.
1988-ci ilin payızında uğuldayan Azadlıq meydanından
oturaq mitinq dağıldıqdan sonra hökumət mağazalardan
içkini tamamilə yığışdırdı. Qorbaçovun iki il qabaq
başladığı alkoqolizmlə mübarizə Bakıda daha da gücləndi.
Xeyli müddət Namiq müəllimin dilinə spirtli içki dəymədi.
O, gecə-gündüz kitab oxuyurdu və oxuduqlarının
əksəriyyətini mənə, başqalarına danışırdı. Hətta özünü
iki-üç hekayə yazmağa da hazırlayırdı. Son dərəcə maraqlı
həmsöhbət olan Namiq müəllimin ağzından dürr tökülürdü.
Aradan təxminən üç ay keçərdi, ya keçməzdi, Yaradıcılıq
evində anbardar işləyən şüvəlanlı Yaqub ad günündə
haradansa iki araq tapıb gətirmişdi və süfrə açıb Namiq
müəllimqarışıq bizə qonaqlıq verirdi. Araq qədəhlərə
süzüləndə bir gözüm Namiq müəllimdə idi. İlahi, onun
gözləri necə də alacalanmışdı, dili-dodağı əsirdi. Yalnız
dolu badəsini əlilə sığallayanda üzünü təbəssüm bürüdü.
Artıq neçə ay qabaq ayrıldığı həmdəminə qovuşmağına bir
sağlıqlıq vaxt qalmışdı. Sağlıq isə bitmirdi. Uzun və
maraqsız tost deyən həmsüfrəmiz Namiq müəllimin əhədini
kəsirdi. Birdən nə baş versə yaxşıdır? Sağlığın başa
çatmasını gözləməyə hövsələsi çatmayan Namiq müəllim
badəni götürüb qəfildən başına çəkdi. Artıq mənim üçün
təəccüblü heç nə yox idi, mən dostumu başa düşürdüm. Bir
də məndən ötrü onun içib-içməməyi maraqlı deyildi. Mən bir
içki düşkününü yox, zəngin təxəyyülü, maraqlı kitabları
olan yazıçını müşahidə edirdim. Hər içki düşkünü maraqlı
deyil, ancaq hansısa içidolu insan həm də içkinin bazı ola
bilər.
O, zarafatla deyirdi ki, içməyəndə məzmunumu itirirəm.
Doğrusu, araq şüşəsinə, çaxır küpünə girdiyi günlərdə
ondan yaddaqalan bir şey eşitmədim. Əksinə o, xumarlıqdan
aydınlığa çıxanda kefimizi açırdı.
Bir dəfə səhər-səhər Namiq müəllim Yaradıcılıq evinin
həyətində saçları çalağan yuvası kimi dağınıq, üzütüklü,
kefsiz, süst halda durmuşdu. Elə bil ilıq yaz günəşinin
ona dəxli yoxdu, üzündən-gözündən qaramat yağırdı. Həyətdə
fəhlələr maşınla bağçanın otunu biçirdilər. Ətrafı biçilən
otun gözəl qoxusu bürümüşdü.
Bu vaxt onun xoşu gəlməyən, üzünü qırxaraq yuyunub səliqə
ilə saçını daramış, əynində təzə idman kostyumu olan
alababat (istedadsız qələm adamları Namiq müəllimin gözünə
ilan-qurbağa kimi görünürdü) bir yazıçı ona yaxınlaşıb
salam verdi və dedi:
– Namiq müəllim, gör biçilən otun ətri adamı necə də bihuş
eləyir. Otların şehi doğrudan da mirvari dənəsinə oxşayır.
Adam lap cavanlaşır.
Namiq müəllim əzvay-əzvay dilləndi:
– Birincisi, otların ətri adamı bihuş eləmir. İkincisi,
otların şehi mirvari dənəsinə qətiyyən oxşamır. Üçüncüsü
də, adam heç cavanlaşmır.
Namiq müəllim yumşaq, üzüyola, ünsiyyətli adam olsa da,
hərdən yüngül, saxta adamların şit sözlərinə,
hərəkətlərinə dözməyib partlayırdı. Nadir hallarda
qəzəblənən bu adamın hirsli vaxtı qabağında dayanmaq
çətindi, həmin anlarda heç nə onun gözündə olmurdu, o ki,
axırını düşünənlərdən deyildi.
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistandan qaçqın
düşən soydaşlarımızdan bir neçəsinin ailəsini Yaradıcılıq
evində yerləşdirdik. Aradan on-on beş gün keçəndən sonra
burada bir oğlan uşağı doğuldu. O zaman hələ canımız odlu
idi, gözümüz açılmamışdı, başımız daşdan-daşa dəyməmişdi,
xam xəyallarla yaşayırdıq, hamımıza elə gəlirdi ki,
tezliklə işlər qaydasına düşəcək, qaçqınlar bugün-sabah öz
ev-eşiklərinə qayıdacaqlar.
Yaradıcılıq evindəki qaçqınlara ürək-dirək verməkdən ötrü
yeni doğulan oğlan uşağının adqoydusuna həmən vaxtlarda
daha da məhşurlaşan, adı dillərdən düşməyən şair Bəxtiyar
Vahabzadəni dəvət etdik. Bəxtiyar Vahabzadə ərinməyib
çağırışımıza gəldi, öz adını uşağa qoymaqla onun bələyinin
üstünə diri bir yüzlük də atdı və dedi ki, arzum budur
gələn il bu uşağın bir yaşını doğma ocağında birgə qeyd
edək.
Qarşıdakı yeddi-səkkiz ay ərzində qaçqınlar Ermənistandakı
evlərini Bakıda yaşayan ermənilərlə dəyişib şəhərə
köçdülər.
Günlərin bir günü gördük ki, həmən körpənin babasının
başçılığı ilə 25-30 nəfərlik qohum-əqrabası tökülüb
gəldilər. Və Bəxtiyar Vahabzadənin bugün mütləq onları
arayıb-axtaracağı ümidilə qonaqlar yeməkxanamızda süfrə
tədarükü görməyə başladılar. Bir il əvvəlki arzusu çin
olmayan, işi-gücü başından aşan ustadımız bəlkə də yeni
bir soydaşımızın dünyaya gəlməsindən başqa heç bir
əlamətdarlığı olmayan bu hadisənin tarixini çoxdan
unutmuşdu.
Yeməklər bişib süfrəyə düzüləndən sonra şairin gəlib
çıxmamasından qonaqlar məyus olsalar da, məclis başlandı.
Bu adamları necə başa salaydın ki, o boyda şairi bir-iki
saatın içərisində tapıb bura gətirmək onların düşündükləri
qədər də asan məsələ deyil.
Ad günü süfrəsinin başında bizimlə bərabər Namiq müəllim
də əyləşmişdi və o, bizim təqdimatımızla bir növ B.Vahabzadəni
əvəz edirdi. Qaçqınların əksəriyyəti Namiq müəllimi
tanımadığına görə onun bazburutdu görkəminə baxıb
sağlıqlarını ona müraciətlə başlayırdılar. Namiq müəllim
bir kəlmə də danışmayıb başını tərpətməklə məclisin
axarına yön verirdi. Bu onu daha da sirli edirdi.
Gələnlərdən biri boşboğaz idi, bütün sağlıqlara əlavə
edirdi. O, hər dəfə Namiq müəllimə sarı boylanaraq «Sağlığa
əlavəm var!» deyib ayağa duranda Namiq müəllimin rəngi
boğulurdu. Çürükçünün sicilləmə danışığı bizi də
hövsələdən çıxardırdı.
Nəhayət məclis başa çatdı. Qonaqlar bir-bir bizimlə və
Namiq müəllimlə görüşüb ayrılırdı. Bayaq adını çəkdiyim,
bütün sağlıqlara qəmiş olan adam şəstlə Namiq müəllimə əl
uzadıb, onunla görüşmək istəyəndə bayaqdan hirsini udan
söz ustası qarşısındakının əlini havada qoyub ona dedi:
– Bağışlayın, mən sizə bir-iki kəlmə söz demək istəyirəm!
Həmən adam məclisdə fəal iştirakına görə «Sağ ol!»
eşidəcəyini düşünüb sinəsini qabağa verdi:
– Buyurun!
Namiq müəllim hər sözün arasında ani pauza verə-verə dedi:
– Siz çox naqqal, boşboğaz, heyvərə və mənasız adamsınız!
Ağzınızı açsanız, siyahını bir az da uzadacağam!
Onlar tez anlaşdılar, kişi ağzını açmadı, Namiq müəllim də
siyahını uzatmadı.
Sonralar buna oxşar bir əhvalat da baş verdi.
Bir dəfə Yaradıcılıq evində Namiq müəllim yenə də məclisi
qızışdırıbmış:
– Qədim yunan alimi Siseron çox kasıb, cır-cındır içində
yaşayırmış. Elmdən, sənətdən başqa heç nədə gözü yoxmuş.
Günlərin bir günü onun yaşadığı şəhərin ən gözəl fahişəsi
Siseronu evində təşkil etdiyi kef məclisinə çağırır və
tayı-bərabəri olmayan nərmənazik qızını müşaiyət etməyi
ona tapşırır…
Bu yerdə Namiq müəllim söhbətini kəsib deyir:
– Gör fahişə öz millətinin alimini necə yüksək
qiymətləndirib?!
Namiq müəllim danışdığından özü də təsirlənmiş kimi xeyli
pauza verir. Söhbətə qulaq asanlardan biri, sadəlövh cavan
oğlan intizar içində soruşur:
– Namiq müəllim, bəs sonra nə olur?
Namiq müəllim təəccüblə cavab verir:
– Nə sonra?
– Alimlə qızın məsələsi.
Namiq müəllim özündən çıxır:
– Xəncərin var?
Oğlan çaşbaş qalır:
– Yox!
– Tapançan var?
– Xəncər, tapança nəyinə lazımdır?
Namiq müəllim bir az da qızışır:
– Lazımdır! Xəncərin varsa, sox qarnıma! Tapançan varsa,
təpəmə bir güllə çax, ölüm qurtarım sənin kimilərin
əlindən. Sonra nə olmalıdırsa, o da olur. Məsələ alimin
sayılmağındadır.
Bu söhbət qarovulçu otağında olmuşdu. Sözümün canı var,
bir payız səhəri Namiq müəllim iş otağıma girib salam
verər-verməz dedi:
– Kaçalka da (yerdən su çıxaran qurğu) xarab oldu.
Dostumun fikrini başa düşmədim. Kaçalkanın dayanmasının
ona nə dəxli vardı? Elə-belə: – Düzələr! – dedim.
Namiq müəllim az qala yalvara-yalvara sözünü tamamladı:
– Sən allah tez düzəldin, imkan varsa, günü bu gün onu işə
salın! Gecələr onun çax-çuxu mənə həyan olur. Heç olmasa,
hənirdir də…
Həmən günlərdə binamızın növbə ilə işləyən üç
qarovulçusundan biri bərk xəstələnmişdi, onu əvəz edəcək
adam axtarırdıq. Beynimə düşdü ki, elə Namiq müəllimi
fərdi müqavilə ilə fəhlə kimi müvəqqəti işə götürək, onsuz
da gecələri oyaq qalır, üç gündənbir bir sutka işə çıxar,
həm beş-on manat maaş alar, həm də başı qarışar.
Təklifimə o, dərhal razı oldu, direktor Əli Həsənov da
Namiq Abdullayevin bu işinə pəl vurmadı.
Namiq müəllimin iri çay termosunu yanına qoyaraq bala-bala
çaydan vurub, siqaret qutusunu boşaltdığı növbə günlərində
onun otağı gur olardı. Yaradıcılıq evində dincələn
yazıçılar, ziyalılar onun başına yığışıb, bəzən gecə saat
ikiyəcən, üçəcən qarovulçunun maraqlı söhbətlərinə qulaq
asırdılar. Namiq müəllimə də elə bu lazımdı. Daha içki də
onun yadından çıxmışdı. Təxminən iki ay belə davam etdi.
Sonra soyuqlar düşdü. Xəstə qarovulçu sağalıb işinə çıxdı,
Yaradıcılıq evində dincələnlər seyrəldi.
Yay mövsümündə idarəmizdə iş həcmi çoxaldığına görə
müqavilə ilə müvəqqəti işçilər götürərdik. Payıza dönəndə
müvəqqəti işçiləri saxlamağa əmək haqqı fondumuz imkan
vermədiyindən onları işdən azad edirdik. Bir gün Namiq
müəllimə səbəbini başa salıb bildirdim ki, ərizə yazıb
işdən çıxmalıdır, başqa yolumuz yoxdur. O, bu məsələni çox
ağır qarşıladı, qaşqabağını sallayıb getdi. İşin
axırınacan gözə dəymədi. Ertəsi gün qapımı açıb dedi:
– Sən mənə bir gün də vaxt ver, istəyirəm elə ərizə yazım
ki, heç olmasa, ürəyim boşalsın.
Mən gülümsədim:
– Xətrin necə istəyir, elə də elə.
Yaman yerdə axşamlamışdıq. Yuxarıdan burada artıq işçi
saxlamağa heç cür qol qoymazdılar. Özü də kimi, kimi,
Namiq Abdullayevi. Ancaq onda məni ərizənin gecikməyi
deyil, necə yazılacağı maraqlandırırdı.
Namiq müəllim güc qoyub istədiyi ərizəni yaza bilmədi.
Axırda gəlib dedi:
– Axı necə yazım ki, xahiş edirəm məni işdən azad edin və
tək qoyun? Sən mənim adımdan kiməsə ərizə yazdır, imza
ataram.
Namiq müəllimin inadkarlığı, ayağını yerə dirəməyi də
vardı. Amma təkəm-seyrək, düşəndən-düşənə…
Namiq Abdullayev ştatdankənar müəllif olsa da, Teleradio
Komitəsinin binasına daxil olmaq üçün buraxılış vərəqəsi
yox imiş. Lakin idarənin bütün kollektivi, növbətçi
polislər onu tanıdığından heç bir çətinlik çəkmirmiş.
Bir gün o, içəri keçmək istəyəndə buraya yeni təyin
edilmiş növbətçi polis qarşısını kəsir. Namiq müəllim nə
illah eləyir, xeyri olmur. Hətta özündən çıxıb «Mən iyirmi
yeddi il, səkkiz ay, dörd gündür ki, bu qapıdan girib-çıxıram!»
desə də, sonralar «Kürən polis» adlandırdığı adam onun
dediklərinə məhəl qoymur. Axırda redaksiya müdirlərindən
birinin birdəfəlik sifariş kağızı ilə içəri buraxılır. İş
bununla bitmir. Tərslikdən hər dəfə kürən polis adda-budda
köhnə oylağına gələn Namiq müəllimə ilişir və əvvəlki
hadisə təkrarlanır. O, üç-dörd yol incidiləndən sonra
məcbur olub altı aylıq müddəti olan müvəqqəti buraxılış
vərəqəsi alır. Lakin buraxılış vərəqəsini cibində gəzdirsə
də, növbəti gəlişlərində daha kürənə rast gəlmir.
Aradan təxminən iki ay keçəndən sonra metroda gedərkən
qəzet oxumaqdan başını qaldıran Namiq müəllim görür ki,
həmin kürən polis qarşısında oturub onu marıtdayır. O,
cəld ayağa qalxır və cibindən buraxılış vərəqəsini
çıxardaraq qəniminin üzünə tutub deyir:
– Buyurun, baxın, bu da mənim vəsiqəm!
Polis üzünü turşudub cavab verir:
– Nəyimə lazımdır sizin vəsiqəniz?
– Yox, lazımdır, baxın!
– Mən indi başqa yerdə işləyirəm.
Namiq müəllim dediyindən dönmür:
– Bu vəsiqəyə baxın, bilin ki, sizi aldatmırdım…
Namiq müəllim hərdən qadın nəvazişinin həsrətini çəkirdi.
Bir az da çılpaq desəm, könlü qadın istəyirdi. Deyirdi ki,
gərək kişinin bədəninin bütün üzvləri eyni vaxtda qocalsın.
Əgər özünü kişi kimi fəal hiss edirsənsə, qoca görkəmin
istəyini dilə gətirməyə mane olursa, bu dəhşətdir.
«Bir səhər obaşdan kişi yanında yatan qadının hənirtisinə
yuxudan ayılır. Qadın yataqdan durub vanna otağına keçir.
Yarıyuxulu kişi mələfənin üzərində qadının bədən izlərini
görür, hətta yataqda xoş ətir də duyur. Hava soyuq
olduğundan ləzzətlə yorğana bürünüb ehtirasla qadını
gözləməyə başlayır. Ancaq gözlədiyi gəlib çıxmır. Axırda
kişi yerindən durub qadının dalınca gedir. Vanna otağında
onu tapmır. İşığı sönmüş mətbəxdə də heç kəs yoxdur. Bəlkə
qadın çölə çıxıb? Kişi əlini qapının dəstəyinə atanda
yuxudan tam ayılır. Qapı içəridən bağlıdır. Axı, içəridə
başqa kim ola bilərdi?! O ki, tək yaşayırdı.»
Bu əhvalatdakı Namiq müəllimdir. Qadınsız yaşayan kişinin
belə illüziyaları olmalı idi.
Namiq müəllim yaşından artıq qocalsa da… Başımda onunla
bağlı əhvalatlar sıraya düzülüb…
1980-ci ildə yazıçının «Gecələr uzanaydı» adlı fantastik
hekayələr kitabı çıxandan iki-üç həftə sonra bir tələbə
qız oxuduğu kitabın təsirilə onun iş yerinə zəng vurub
müəlliflə görüşmək istədiyini bildirir. Onlar yazıçının iş
yerinin qarşısına görüş təyin edirlər. Görüş yerində o,
üzünü görmədiyi qızı uzaqdan tanıyır, çünki oxucunun
əlində öz kitabını görübmüş. Müəllif qıza yaxınlaşıb salam
verir. Qız ona yad adam kimi baxır.
Yazıçı dillənir:
– Məni siz çağırmısınız?
Qız tələsik cavab verir:
– Yox, mən sizi tanımıram.
Yazıçı gülümsəyir:
– Əlinizdəki kitab da, görüşə çağırdığınız yazıçı da mənəm!
– Ola bilməz! – qız duruxur və birbaşa mətləbə keçir. –
Axı, bu kitabın müəllifi cavan olmalıydı. Siz yaşda adam
çılğın məhəbbət səhnələrini necə yarada bilər?
Məsələ aydınlaşır. Qız kitabın cavan hesab etdiyi
müəllifinə qiyabi vurulubmuş. Yazıçı köksünü ötürüb
dillənir:
– Qızım, mən qocalsam da, hələ sevgi öpüşlərinin dadı
damağımdan getməyib.
Qız özünü ələ alıb deyir:
– Xahiş edirəm, bu kitaba avtoqraf yazın!
Bütün kişilər kimi Namiq müəllim də qadınsız yarımcandı. O,
hərdən qadın arzulamaqla bütövləşməyə çalışırdı. Amma
qadın sarıdan onun bəxti kor idi.
Yaradıcılıq evində Namiq müəllimlə üzbəüz otaqda tək
yaşayan kişi ona qonaq gəlmiş məşuqəsi ilə gecə yemək-içməkdən
qayıdır. Sonradan həmən qadının Namiq müəllimə, Namiq
müəllimin də mənə danışdığına görə sərxoşluqdan ayaqüstə
dura bilməyən kişi otağa qədəm basan kimi tirtap yatağına
uzanıb dərin yuxuya gedir. Qadın soyunub yerinə girir,
ancaq nə qədər o üz bu üzə çevrikirsə də, gözünə yuxu
getmir. Gecədən keçmiş o, yataqdan qalxıb paltarını
geyinir və havasını dəyişmək üçün balkona çıxır. Balkonda
isə həmişəki yerində, həmişəki stulunda oturub həmişəki
kimi yanıqlı-yanıqlı siqaret dartan Namiq müəllim bitib.
Əvvəlcə qoca kişi saydığı Namiq müəllimlə söhbətə başlayan
xanım sonradan illərdən bəri axtardığı kişini tapmış adam
kimi hayıl-mayıl olur. Gecənin tənhalığında həm hal əhli,
həm də yarısərxoş füsünkar qadınla üz-üzə dayanan Namiq
müəllimin ilhamı fontan vurur, onsuz da söhbətcilliyi ilə
tanınan bu kişi necə şirin danışırsa, xanım az qalır özünü
ona təslim etsin. Ancaq Namiq müəllim erkəyi qarşıdakı
otaqda dünyadan xəbərsiz xor-xor yatan xanımın Ay işığında
olduğundan da gözəl görünən üzünə, çiyinlərinə, sinəsinə,
baldırlarına ehtirasla baxmaqla kifayətlənir.
Sübhün saf, bakirə havasında qüsl edib təmizə çıxmış xanım
sidq-ürəkdən Namiq müəllimə söz verir ki, bu yaxınlarda
məhz onunla xoşbəxt bir gecə yaşamaqdan ötrü Yaradıcılıq
evinə gələcək.
Ertəsi gün Namiq müəllim arağın deyil – o gecə dilinə içki
dəyməyibmiş – gecənin sərxoşluğundan gec ayıldı. O,
günorta yeməyinə xumar-xumar ətrafa baxa-baxa gedirdi.
Nahardan sonra iş yerimə gəlib gecə başına gələnləri yerli-yataqlı
mənə danışıb dedi:
– Görəsən o qadın yanıma gələcəkmi?! Etibarsız adama
oxşamırdı.
Bu hadisədən təxminən iki həftə keçmişdi, avqustun
axırları idi. Axşamüstü qapıçı mənə xəbər verdi ki, bir
qadın gəlib, Namiq müəllimi soruşur, ancaq o, günortadan
qapıdan çıxandı, geri qayıtmayıb. Bəlkə siz onun yerini
biləsiniz?
Bu, Namiq müəllimin dediyi qadın olacaqdı. Onu ayrı kim
soruşasıydı?! Namiq müəllimə həzin bir gecə bağışlamış və
bu subay kişini daha bir gecə xoşbəxt etməkdən ötrü onun
yanına gəlmiş qadına hələ-həlbət xəbər yolladım ki, «Gözləsin,
Namiq müəllim harada olsa, indilərdə gələr.»
Dünyanın qəribə, görkəzmə işləri varmış, ayda, ayyarımda
bircə dəfə beş-altı saatlığa Bakıya, Televiziyaya dəyib
qayıdan, pulu olanda tez-tez, olmayanda hərdənbir iyirmi
dəqiqəliyə araq almaqdan ötrü mağazaya baş vurub geri
dönən Namiq müəllim yoxa çıxmışdı. İllərlə həsrətində
olduğu, bəzən yad planetdən gələcəyinə inandığı qadınsa
səbirsizliklə onun yolunu gözləyirdi.
Mən həyətdə gəzişə-gəzişə uzaqdan göz qoyub oturacaqda
əyləşmiş xanımın tez-tez saata baxdığını gördükcə
darıxırdım və dodaqaltı Namiq müəllimin qarasınca
deyinirdim. Xanım şübhəsiz, dostumun bir neçə gün əvvəl
heyranlıqla mənə təsvir etdiyi qadındı. İş günü bitməsəydi,
Televiziyaya, Kamran müəllimə zəng edib bugün Namiq
müəllimi görüb-görməməsi barədə onun «hə-yox»unu
öyrənərdim. İndi əlim heç yerə çatmırdı.
Qadın gecə saat ona işləmiş heç kəsə bir söz demədən çıxıb
getdi. Namiq müəllim ertəsi gün səhər Yaradıcılıq evinə
qayıdıb məndən xəbəri eşidəndə itə döndü. Məlum oldu ki, o,
dünən günortadan sonra həmişə getdiyi mağazada yazıçı Əli
Səmədliyə rast gəlib və qələm dostu zorrama onu dartıb
bağına aparıb, gecəni birgə keçirdiblər.
Namiq müəllimin onda dedikləri indiki kimi yadımdadır: «Mənim
günümə bax, qismətimə çıxan sonuncu qadın burada saatlarla
məni gözləyir, orda da Əli qulağımı dəng edib deyir ki,
Namiq, haqqında xatirə yazmışam, sən öləndən sonra çap
etdirəcəyəm.»
Sonralar Namiq müəllim həmən qadının yolunu çox gözləsə də,
(O, həyətdən bayıra çıxmırdı, hətta mağazadan nəsə almağa
da xahiş-minnətlə cavan uşaqlardan kimisə göndərirdi)
qadından xəbər çıxmadı.
Yaradıcılıq evində buna oxşar başqa bir hadisə də olmuşdu.
Qorxmaz Şıxəlioğlu danışırdı ki, payız vaxtı, kövrək
axşamların birində Yaradıcılıq evinin həyətindəki göbələyə
oxşar yeməkxanada Namiq müəllim, mən, Donetskdən gəlmiş ər-arvad
– dördümüz xudmani məclis qurmuşduq. Fantast dostumuz
kosmik fəza, ulduzlar, yadplanetlilər, uçan boşqablar,
zaman, olmuşlar, olacaqlar barədəki söhbətlərilə hamımızı
ovsunlamışdı. Özümüzü çəkisizlikdə hiss edirdik. Sanki,
istəsəydik boyumuzu, əlimizi-qolumuzu uzada bilərdik,
qanadlanıb arzuladığımız yerə qonardıq. Xoşbəxtlikdən
uçunurduq.
Gecə, məclis dağılana yaxın o, sevgi və qadın haqda elə
ilahi sözlər pıçıldadı ki, biz ayağa duranda ərlə arvad
hərəsi bir yandan Namiq müəllimin qoluna girdi. Biz
şərqlilər üçün belə şeyi danışmaq ədəbdən-əxlaqdan kənar
olsa da, həqiqət naminə söhbətdən və şərabdan məst olan
ərin dostumuza etdiyi təklifi səsləndirməkdən çəkinmirəm.
Ər yaşıdı olan cavan arvadını Namiq müəllimə göstərib dedi:
– O velikiy çelovek, yesli maya jena soqlasna, vozmite
yeyo na noç, naslajdaytes! (Ey böyük insan, əgər arvadımın
könlüncədirsə, aparın, gecəni onunla kef eləyin!)
Namiq müəllim özünü eşitməzliyə vurub araya başqa söhbət
qatdı.
Əlinin qələmdən soyumağı da onun hövsələsini daraldırdı.
Bəzən özünü nəsə yazmağa məcbur edirdi, ancaq ortaya yönlü
bir şey çıxmayanda, bilmirdi neyləsin. Yazı-pozu ilə bağlı
uğursuz cəhdlərinin birindən sonra deyirdi:
– Uşaqlıqda görmüşəm, barsız meyvə ağacını qorxudardılar
ki, bəhər versin. Bundan ötrü kimsə qəfil həmən ağacın
üstünə cumub ağacı baltalardı. Yaxud da ağacı məftillə
sıxıb boğardılar. Qorxudulan tut ağacının qışda bar
gətirdiyinin şahidiyəm. O, ağac kimi məni də qorxutmaq
lazımdır ki, bəlkə əlim bir işə yata. Hansısa kitabda
oxumuşam, bir Amerika alimi hesablayıb ki, indi yaşayan
hər kəsin əmələ gəlməsində bəşəriyyət yaranandan bəri
təxminən yeddi milyard adam iştirak edib. Deməli, hər
birimiz yeddi milyardın nəticəsiyik, o qədər adamın
əvəzinə nəfəs alırıq, yaşayırıq, nəhəng çoxluğu təmsil
edirik. Ağlı başında olan adam bu məsuliyyəti dərk
etməlidir…
Namiq Abdullayevin də tozanaq qaldıran vaxtları olub. Öz
işindən bezən, peşəsini atıb neft buruqlarında fəhləlik
etmək istəyən siyəzənli müəllimin birdən-birə bəxt üzünə
gülür. O zaman «Uşaqgəncnəşr»in baş redaktoru işləyən,
indi yaxşı tanıdığımız qocaman jurnalist Hacı Hacıyev
mətbuatda fantastik hekayələri ilə görünən, həmən
nəşriyyatda təzəcə ilk kitabını buraxdırmış gənc yazıçını
Bakıya işləməyə dəvət edir. Fantastın həyatında ciddi bir
dəyişiklik baş verir. Ancaq onun ayağı Hacı Hacıyevə
düşmür, tezliklə baş redaktoru vəzifəsindən çıxarırlar.
Təbii ki, vurulmuş adamın adamı sayılan Namiq Abdullayevin
də mitili işdən bayıra atılır. Aradan ikicə ay keçməmiş,
yenidən möcüzə baş verir, Hacı Hacıyevi Televiziya və
Radio verilişləri komitəsində yüksək vəzifəyə təyin
edirlər. Bu, həm də N.Abdullayevin işə düzəlməsi deməkdi.
O, televiziyada qısa müddətdə iti qələmi və işgüzarlığı
ilə seçilir. İşdə sürətlə qabağa gedir, redaktor, sonra
şöbə müdiri olur, hətta «partbilet» sahibinə çevrilir.
Ancaq o, hansı vəzifədə olur olsun, azadlığını,
sərbəstliyini saxlamağa çalışırdı. İclaslara demək olar
ki, girmirdi. Bəzi həqiqətləri dilinə gətirə bilməsə də,
yalan-palanla da arası yoxdu. Hərdən sözü şax üzə desə də,
susmağı da bacarırdı.
Hazırladığı «Odlar diyarı» verilişi səs salmışdı. Bu
veriliş ona o zamanlar adı-sanı olan «Qızıl qələm»
mükafatını qazandırmışdı. Bir sözlə o, öz işindəydi.
Namiq müəllim nitqi qüsurlu olduğu üçün efirə çıxmırdı.
Ancaq bir dəfə Komitənin rəhbərliyi «Odlar diyarı»
verilişinin əsas yaradıcısını efirdə görmək istəyir və
qəhrəmanımız bir verilişin sonunda 7 dəqiqə tamaşaçılardan
gələn məktubları təhlil edir.
Ertəsi gün Komitənin sədr müavini, şair Nəbi Xəzrinin
rəhbərliyilə keçirilən çaparaqda (letuçkada) «Odlar
diyarı»ndan söz düşəndə kimsə deyir: «Mən verilişdə Namiq
Abdullayevin danışığından heç nə başa düşmədim.»
Nəbi Xəzri qınaq yiyəsini çaparağa çağırtdırıb ondan
soruşur:
– Burada deyirlər ki, axşam efirə gedən verilişdəki
çıxışın başa düşülmürmüş.
Namiq Abdullayev həmişəki adamdır. O, boynuna alır:
– Düz deyirlər, Nəbi müəllim, axşam verilişə özüm də
baxdım, çıxışımdan bir şey anlamadım, nitqim aydın
deyildi.
Hamı gülüşür. Nəbi Xəzri əlilə yer göstərib, Namiq
Abdullayevə «Otur!» işarəsi verir. Ayaqüstəki adam
narazı-narazı dillənir:
– Nəbi müəllim, iclasda bağrım çatlayır, icazə verin,
gedim.
Nə Nəbi Xəzri, nə də iclasdakılar onun bu sözlərindən
incimirlər, bilirlər ki, bu, yekəxanalıq, hoqqabazlıq
deyil, adi insan xasiyyətidir.
İndi kimi inandırasan ki, ömrünün axır illərində ortada
qalan, düşkünləşən bu adam sovet hökumətinin kəshakəs
vaxtında Televiziyada Tədris proqramları redaksiyasının
baş redaktoru kimi sayılıb-seçilən bir vəzifədə çalışıb.
On ilin içində ədəbi-ictimai mühitdə tanınan, partapart
kitablarını nəşr etdirən, pyesləri teatrlarda oynanılan
Namiq Abdullayev ailəsinin dağılmağı ilə sınır. Tənha
qalan yazıçının əli işdən soyuyur. Rəhbərlikdən,
yan-böyürdən başına nə qədər ağıl qoysalar da, xeyri
olmur, ərizə yazıb vəzifəsindən gedir. Sıraviliyi qəbul
edən işçinin elə bir vaxtı gəlib çatır ki, o, əvvəlcə
hərdənbir, sonralar günlərlə işə çıxmır.
Televiziyada Namiq müəllimin bir badə dostu vardı –
rejissor Kərim Kərimov. Əslən bakılı olan bu rejissordan
kim haçan soruşsaydı «Kərim, saat neçədir?» o, belə cavab
verərdi: «Vaxtdır, qədeş!». Bu cavabın mənası bu idi ki,
ceyran südü gillətməyin saata nə dəxli var?! Namiq müəllim
də badə dostu kimi vaxtı vecinə almadan yaşamağa başlayır.
Bu isə dəhşətdir.
O, növbəti kitabının qonorarını alandan sonra itmək
qərarına gəlir və kirayəlik yeni mənzil tapıb hamıdan
gizlənir. İş yoldaşları tanış-bilişdən soraqlaşsalar da,
onu «gördüm» deyən olmur.
Və günlərin bir günü Komitə sədrinin adına şəhərin hansısa
milis idarəsindən Ayıltma məntəqəsinə düşmüş Namiq
Abdullayevin sovet ziyalısına yaraşmayan tüfeyli
hərəkətləri barədə yazılı məlumat daxil olur. İndikilər
belə yazılı məlumatın öldürücü gücünü dərk edə bilməzlər.
O zamanlar belə məsələlərə görə adamı bərk incidirdilər.
Rəhbərlik yerli həmkarlar təşkilatının iclasında onun
işdən çıxmaq məsələsini gündəliyə qoymağa məcbur olur. Bəs
necə? Şikayət məktubuna görülmüş tədbir barədə cavab
getməlidir.
Komitənin sədri Elşad Quliyevdən tutmuş aşağı işçilərə
kimi heç kəs ömründə rəqiblik etməyi bacarmayan,
yaradıcılıqdan özgə iddiası olmayan Namiq Abdullayevin
işdən çıxarılmasını istəməsə də, başqa çıxış yolu yoxdur.
Sonralar Namiq müəllim danışırdı ki, həmən iclasda məni
möhkəm tərifləyirdilər. Axırda sədr Elşad Quliyev dedi:
– Namiq müəllim, bax, içimənqarışıq bu iclasdakıların
hamısı bir yerdə tək sənin qədər bilmirik. Niyə bizi çətin
vəziyyətdə qoyursan?
Namiq müəllim də qayıdır ki, ay Elşad müəllim, bilik
başqadır, ağıl başqa, görünür ağlım çatışmır.
Namiq müəllim işdən çıxarılsa da, televiziyada
ştatdankənar işçi kimi çalışmasına icazə verilir. Qonorar
ümidinə qalan yazıçı hər gün vaxtında işə gəlib-getməyə
başlayır. Ona tapşırılan veriliş ssenarilərini günə gün
gətirib təhvil verir. Sədr deyirmiş: «İşdən çıxarılandan
sonra bu kişi əməlli-başlı düzəlib, bilsəydik bunu çoxdan
vəzifəsindən aralayardıq, adımızı da biabır eləməzdi.»
Əslində Namiq müəllimi məsuliyyət hissi deyil,
kollektivdən uzaqlaşmaq qorxusu işə gətirirdi. Adı işdə
olanda onun qorxusu yoxdu, ağlına gətirə bilmirdi ki,
illərlə isinişdiyi adamlar haçansa onu ata bilərlər.
O zaman Namiq Abdullayevin elə vaxtları idi ki, su üzündə
yelkənsiz gəmiyə bənzəyirdi. Artıq onun aydın fikri,
məqsədi yox idi. Səhər evdən çıxanda hara gedəcəyi, hansı
marşrutla hərəkət edəcəyi bəlli deyildi. Tutaq ki, şəhərdə
qarşısına çıxan tanış-bilişlərdən kim istəsəydi, onu
yanına salıb getdiyi yerə apara bilərdi.
Bir dəfə günorta vaxtı qabaqlar Namiq müəllimlə
Televiziyada eyni redaksiyada çalışmış Əbülfət Misiroğlu
Komitənin həyətində ona rast gəlir. Onlar hal-əhval
tutduqdan sonra Ə.Misiroğlu keçmiş iş yoldaşını evinə
nahara dəvət edir. Namiq müəllim ona qoşulur. Ev yiyəsi
qonağın süfrəsini bol etməkdən ötrü yolüstü meyvə-tərəvəz
dükanına baş çəkməli olur. Ə.Misiroğlu mer-meyvədən,
tərəvəzdən lazımınca yükünü tutanda məlum olur ki,
aldıqlarına pulu çatmır. Təbiətcə diribaş adam olan
Ə.Misiroğlu Namiq müəllimi satıcının yanında girov qalmağa
razı salıb dillənir: « – Qardaş, on dəqiqəyə bu taksiçiyə
pul verib dalınca göndərirəm. Süfrəni açdırıb səni
gözləyəcəyəm. Yubanma, tez gəl!»
Aclıq necə güc gəlirsə, Ə.Misiroğlu evə çatandan sonra
borcunu və girov Namiq müəllimi unudur. O, nahar edib bir
qədər dincəlmək üçün divana uzanan kimi xumarlanıb yuxuya
gedir. Təxminən bir saatdan sonra hövlank yuxudan ayılıb
işə gecikdiyini görən Ə.Misiroğlu tələm-tələsik üst-başını
düzəldərək evdən çıxır və özünü işə çatdırır. O, axşam
işdən qayıdanda oturduğu marşrut taksisinin pəncərəsindən
gözü günorta alış-veriş etdiyi meyvə-tərəvəz dükanına
sataşır və Namiq müəllimi dükanın qabağında görəndə ürəyi
düşür. Tez marşrut taksini saxlatdırıb yerə atılır və
üzünə üz tutaraq dükana yaxınlaşır. Çox dil-ağız edəndən
sonra onu sakitcə dinləyən girov dillənir:
– Əbülfət, bu dükançı səndən qanacaqlı və maraqlı adam
imiş. Onunla söhbətimiz yaxşı tutdu. O, hətta girovu
nahara da qonaq etdi. Məni bura mismarlayıb saxlayan yox
idi, ancaq oturub gözləyirdim ki, görüm haçan yadına
düşəcəyəm.
Bəli, Namiq müəllim xoşu gəldiyi, ürək qızdırdığı adamın
yanında lap əsir qalmağa da razı idi.
Dağılmaqda olan SSRİ hökümətinin xarabalıqları altında
qalanlardan biri də Namiq müəllimdi. Kommunist rejiminin
çökməsi üçün süvər yer kimi seçilən, 88-ci ildən başlayraq
getdikcə qızışan Qarabağ hadisələri onun da sıxıb suyunu
çıxardırdı. Xaos, qarışıqlıq içində kimdi Namiq Abdullayev
kimiləri yada salan? Ömrünün çoxusu gedib azı qalmış,
gücdən düşmüş, bir həsir, bir məmmədnəsir, sabahından
nagüman, evsiz-eşiksiz, hökümətə olan altmış illik
ümidləri puça çıxmış insan necə ola bilərdi ki?!
Bakıda hakimiyyət davası başlamışdı. Özbaşınalıq,
qarşıdurma aləmi bürüyürdü. Ürəkaçan bir şey yoxdu.
Namiq müəllimin dediyidir:
– İndi də təzələr yağlı vədlər verib millətin başını
piyləyir. Ancaq mənə bu vədlərdən nağd bir kasa isti,
ləzzətli bozbaş daha sərfəlidir.
Doxsanıncı ilin yanvar qırğını Namiq müəllimin lap axırına
çıxdı. Hamı kimi mənim də başım hadisələrə qarışdığından
20 yanvar şəhidlərinin dəfnindən beş gün sonra işə gedəndə
gördüm ki, Yaradıcılıq evinin giriş qapısında hərbi post
qurulub. Sənədimi göstərsəm də, məni çox çək-çevirə salıb
içəri buraxdılar. Həyətdə heç kəs gözümə dəymədiyinə görə
Namiq müəllimin yanına tələsdim. Görəsən o, burada idi?
Onun qapısını döyəndə içəridən səs gəldi:
– Zaxodite!
Yəqin o, elə bilmişdi ki, gələn hərbçilərdəndir. Qapını
açıb içəri girəndə Namiq müəllimin gözlərinə işıq gəldi.
O, çarpayısının üstündə oturub siqaret çəkirdi. Dostumun
danışdığından məlum oldu ki, Yazıçıların Yaradıcılıq evinə
sovet hərbçiləri yanvarın 22-si gecəsi doldurulub.
Qəribə mənzərə idi: yüz iyirmi nəfərlik təzə korpusda iki
yüzdən artıq hərbçi, köhnə korpusda isə tək Namiq müəllim.
Həmin günlərdə xalqımız Sovet Ordusu qarşısında necə
gücsüz idisə, Namiq müəllim də buradakı hərbçilərin
qabağında elə aciz qalmışdı.
Namiq müəllim stolun üstündəki iri, qara çantasını
göstərib dedi:
– Şələ-şüləmi yığışdırmışam, buradan gedirəm.
Onun verəcəyi cavabı qabaqcadan bilsəm də, dilim dinc
durmadı, soruşdum:
– Hara?
O, çiyinlərini çəkdi:
– Heç özüm də bilmirəm. Haram var, hara gedəm?! Ancaq
mütləq buradan rədd olub uzaqlaşmalıyam. Dünən axşam
yeməkxanada bir podpolkovnik məni təhqir etdi.
Namiq müəllim siqaretinin kötüyünü külqabıya basıb
söndürdü və növbəti siqaretini yandırdı. Ona sual vermək
lazım deyildi, onsuz da özü danışacaqdı:
– İki gün əvvəl tanış olduğum bir polkovnik məni axşam
yeməyinə dəvət etmişdi. Onunla yeməkxanaya daxil olanda
polkovniki qəfil telefona çağırdılar. O, hər gün əyləşdiyi
stolu mənə göstərib dedi ki, siz orada oturun, indicə
gəlirəm.
Stolun başında bir podpolkovnik əyləşmişdi, yemək yeyirdi.
Ona «Priyatnoqo appetita!» (Nuş olsun!) deyib təzəcə
yanımı yerə basmışdım ki, podpolkovnik çeynədiyini udaraq
kinli-kinli başını qaldırıb məni zəhərlədi:
– Yesli tı ne poyavilsya bı, yeşyo priyatneye bıla bı.
(Əgər sən gəlməsəydin, daha artıq nuş olardı.)
Namiq müəllim ayağa duraraq çantasını götürüb gedərgəlməzə
yollanırmış kimi qapıdan çıxdı. Daha onu burada saxlamaq
bizlik deyildi…
Şair Məmməd İsmayıl Televiziyada birgə işlədiyi vaxtlarda
Namiq Abdullayevin ona etdiyi hansısa yaxşılığı unutmurdu
və fürsət tapan kimi dostuna əl tutmağa çalışırdı.
Namiq müəllimin sonuncu elmi-kütləvi janrda yazılmış
«Piyada vəzirə çevrilir» kitabının ideyasını verən və
həmən əsəri 1987-ci ildə direktoru olduğu nəşriyyatda nəşr
edən də o idi.
1992-ci ilin mayında Məmməd İsmayıl Teleradio Komitəsinin
sədri kimi fəaliyyətə başlayanda yenə Namiq Abdullayevi
yada salır, hətta onu işə də götürür. Ancaq Namiq müəllim
onun üçün geniş imkanlar açıldığı bir vaxtda zəmanə ilə
ayaqlaşa bilmir, ayaqlarının ağrısı ara vermədiyi üçün
günü-gündən geri gedir. İndi hesablayıram, görürəm o zaman
onun beşcə ay ömrü qalıbmış. Altmış beş yaşının içində
olan yazıçı yenidən özünə çəkilir.
Qorxmaz Şıxəlioğlu danışırdı ki, həmən günlərdə məhrəm
münasibətimizi bildiklərindən televiziyada rəhbərlikdən
mənə tapşırdılar ki, get gör Namiq müəllim niyə işə
çıxmır? Dostumla görüşməyə fürsət tapmışdım. Onun
mənzilinin qapısını xeyli döyəndən sonra qapını açdı və
axşam içdiyi içkinin verdiyi başağrısından üzünü
turşuda-turşuda mənə key-key baxıb durdu.
– Salam, Namiq müəllim, necəsiniz? – deyə quru-quru
soruşdum.
Namiq müəllim salamımı almadan cavab verdi:
– Qorxmaz, o geydirmə sözləri yığışdır! Pulun varsa, get
mənə araq al gətir, başım partlayır.
Daha Namiq müəllim çox vaxt içimizdəkiləri gizlədən,
yetənə dilucu, candərdi dediyimiz «Salam!» «Əleykəssalam!»
«Necəsən?» «Yaxşıyam!» sözlərinə içi çürük qoz kimi
baxırdı.
Araqları gətirib ona verəndə Namiq müəllim dedi:
– Get, rəhbərliyə çatdır ki, içməklə məşğulam. Sabah da,
birigün də işə çıxmayacağam, altdakı gün işdəyəm!
İstedadlı jurnalist Müsəllim Həsənovun «Yeni fikir»
qəzetinin 1991-ci il 1 may tarixli sayında N.Abdullayevdən
Qarabağ küçəsindəki mənzilində götürdüyü müsahibənin sonu
belə bitirdi:
«– Bir sual da verim. Amma xahiş edirəm, inciməyin. Bu
tənha gününüz üçün, ömrünüzün belə olmasında təqsiri kimdə
görürsünüz?
– Özümdə! Yalnız özümdə… Ölmək istəyirəm… Elə istəyirəm
ki…
– Əksinə, bütün adamlar yaşamaq istəyirlər…
– Yaşayın, yaşayın bu idbar həyatda… yaşayın…»
1992-ci il oktyabrın 22-də axşamüstü qara xəbər gəldi ki,
Namiq Abdullayev ölüb. Mən başılovlu özümü onun yaşadığı
mənzilə çatdırdım. Ətrafda heç kəs gözə dəymirdi, lələ
köçüb yurdu qalmışdı. Onun mənzilinin çöl qapısından iri
qıfıl asılmışdı – qapısı bağlı qalmaq bu imiş. Qonşulardan
biri mənə yaxınlaşıb bildirdi ki, Namiq müəllim bugün
səhər küçədə ağac altındakı oturacaqda əyləşdiyi yerdəcə
yıxılıb keçinib. Onun yıxıldığını görən həyət uşaqlarından
biri tez qaçıb atasına xəbər verib. Sonra meyidi soyumamış
mərhumun təxminən iki il bundan qabaq aldığı mənzilə ilk
dəfə qadın əli dəyib. Həyətin bir neçə qadını yığışıb
mənzili, həyət-bacanı sahmana salıblar, ölünün yerini
rahatlayandan sonra qohumlarına xəbər veriblər. Mən özümü
ora yetirəndən təxminən iki saat qabaq cənazəni Siyəzənə
aparmışdılar.
Rəhmətlik həmişə deyərdi ki, tez-tez gəl mənə baş çək,
birdən düşüb ölərəm, xəbər tutanım olmaz.
Heç olmasa ayda azı bir-iki yol ona baş çəkməyim vardı.
Namiq müəllimin ən böyük sevinci qapısının açılmağıydı.
Yanına gedəndə çox vaxt onu astanada dayanıb siqaret çəkən
görürdüm. Məni görən kimi gözləri gülürdü. Deyirdi ki,
ürəyimə dammışdı indicə kimsə gələcək, ona görə qapıya
çıxdım.
Bu kişinin Allah yanında hörməti varmış, ona görə də ölümü
yüngül oldu, bir gün də yorğan-döşəyə düşmədi. O, təm-tək
yaşadığı mənzildə gözləri sığanmadan canını tapşırsaydı,
ruhu bizdən incik düşərdi. Şükür, yaxşı qurtardıq!
Mən dostumun yasına getmədim. Axı, kimin üstünə gedəydim?
Amma bu barədə bir şeir yazdım və onunla belə vidalaşdım:
Hüzn çadırın
yelkən açırdı.
Yasına gələnlərin hamısı
sağlığında səndən qaçırdı.
Biz yaşamaq dəlisiydik,
sağlıq dostuyduq.
İşini bilmişdin,
Mənə demədən
qəfil ölmüşdün.
Qohum-qardaş
axır ki, başına yığışıb
aparmışdılar cənazəni
qırx il getmədiyin kəndinə.
Həmişə gələrdim indinə.
Yasına gəlmədim,
Ovsuna gəlmədim.
Bircə şərtlə gələrdim,
bilsəydim oturmusan,
məclisinin başında.
Bir kimsəyə baxmadan
ehsanından yeyirsən.
Arabir də lələşinə göz vurub,
xəlvət-xəlvət yüz vurub
sən özün-özünə rəhmət deyirsən.
2007
***
Rafiq Tağı ki, Rafiq
Tağı…
(hekayə-portret)
Necə deyə bilərəm ki, Rafiq Tağı ilə mənimki tutmur?!
Zarafat deyil, yalançılar sözü olmasın, bu günəcən onunla
bir ton çörək kəsmişik, xeyirdə-şərdə yanaşı oturmuşuq,
yol yoldaşı olmuşuq, ərklə bir-birimizin yazdıqlarını
eninə-uzununa isladıb çırpmışıq, kalan mübahisələr
eləmişik… Bəzən bir-iki saatlıq, bəzən bir-iki günlük
aramız sərniyib, bir-birimizə yanpörtü baxmışıq. Sonra
təzədən isinişmişik, necə deyərlər, çəkişib bərkişmişik.
Amma, bütün bunlar o demək deyil ki, onun qələmindən tam
sığortalanmışam. Rafiq bəydir, bir də gördün beyni qızdı,
siyasətçidən tutmuş ədəbiyyat adamlarına qədər neçələri
kimi mənim də pişiyimi ağaca dırmaşdırdı.
Rafiq Tağıdan qoruna bilməkdən ötrü gərək işi yaş olan hər
bir kəs onu yaxşı tanısın və bu «naüzibillah» adamdan min
ağac uzaq olmağın fənnini öyrənsin. Mənim canıma cəfa
basıb bu sicilləməni yazmaqda bir məqsədim də gələcək
«zərərdidə»ləri bəzi incə mətləblərdən duyuq salmaqdır.
Rafiq Tağının bağladığı vedrələrin (adam dolamaqda, yetənə
yetib, yetmədiyinə vedrə, özü də əməlli səs çıxartsın
deyə, kauçuk yox ha, alüminium vedrə bağlamaqda dəf
mütəxəssis olan güləş Murad Köhnəqala yada düşür)
danqıltısını çox eşitmişik. O, yaxasından yapışdığının
leşini sürüməmiş əl çəkən deyil. Əndrəbadi bənzətmə olsa
da, necə ki, killer aradan götürmək istədiyinin cəmdəyinə
üç-dörd güllə boşaltdıqdan sonra onun gicgahına bir
«kontrolnu» sıxır, Rafiq bəy də qəzetdə-məzetdə qabağına
qatıb qovduğunun nəfəsini qaraltmayınca köpü yatmaz. O,
axıracan gedənlərdəndir.
Yetmişinci-səksəninci illərdə ədəbi mühitdə çoxları həcvgu
şair Şamxal Rüstəmin biədəb qələmindən tük salardı. Şamxal
balaca dara-bara eləyən qələm dostlarından girinə keçənin
məzələnə-məzələnə abrını ətəyinə büküb, xoruzunu qoltuğuna
verərdi. Amma, indi Şamxal Rüstəm koroğluluğunu yerə
qoyub, dişləri tökülmüş qoca yalquzağa oxşayır, daha heç
kəs ondan qorxmur.
Bir an Şamxal Rüstəmi xatırlatsa da, Rafiq Tağı şəbədə
qoşmaq sənətində bambaşqa qələm sahibidir.
Baş aparıb Rafiq Tağıdan yazıramsa, gərək lap başdan
başlayam. Yəni, onun özünə görə olmayan arıq-uruq canının
təsvirindən. Bu da halva deyil. Əvvəla, ona görə ki, Rafiq
Tağının orda-burda (qəzetdə, jurnalda, kitabda) şəklini
görənlər həyatda onunla min dəfə üz-üzə gəlsələr, nişan
verən olmasa, qətiyyən bu əzvay yazıçını tanımazlar. Rafiq
bəy böyüklü-kiçikli ədib bacı-qardaşlarından çox-çox
fərqli olaraq, məsələn, Nizami, Məhsəti, Nəsimi, Füzuli,
Vaqif, Saib Təbrizi (bunların portretini rəssam təxəyyülü
yaratsa da), canım sizə desin, Axundov, Bakıxanov, Üzeyir
bəy, Mirzə Cəlil, Sabir, Hadi kimi bircə şəklilə tanınır.
Sanki, onun ayrı şəkli-zadı yoxdur. O, qismət olsa,
ədəbiyyat müntəxabatlarında yer tutacaq «qəşəng şəkil»
məsələsini həll eləyib. Rafiq (qızışdım, «bəy» əlavəsi
yaddan çıxdı) bu məşhur şəklində cılız, ordubatıq olsa da,
xeyli cavandır, hətta bazburutdu görünür. Dəstgaha baxın:
qara kostyum, ağ koynək, ciddi qalstuk, münasib sağanaqlı
eynək, ədibanə fors, geniş alın, hələ yerində möhkəm qərar
tutmuş gur şəvə saçlar, nikbinliyə meylli dodaqlar,
sanballı bığ və bütün bunları özündə cəmləşdirən onun
«ilham vəziyyəti»ndəki anı.
Rafiq bəy bu şəkli redaksiyalara, nəşriyyatlara,
mətbəələrə verib-almaqdan yorulmur. Bu şəkil artıq ona
qanı qaynayan və onu burunlayan bütün qəzet
redaksiyalarının kompüterlərində həkk olunub. Onun heç bir
oxşarı olmayan yek şəkli bütün çap olunan yazılarının
parovozudur. (Təzəlikcə Rafiq Tağı ilə oturan yerdə,
köhnələrin dililə desək, «şiklimi atdırmışam». Gələcəkdə
onun tutmacası tutub mənə ilişib-eləsə, həmin «şikli» uzun
şəkilaltı sözlə qəzetlərin birində yapdırıb, onu
təkşəkilli klassiklərin cərgəsindən aşırdacağam, bunu
bilsin.)
Bu tək şəkil Rafiq bəyin pozitiv şəklidir. O, indiki
görünüşünü yəqin özünün neqativi sayır. Necə ki, «Pozitiv.
Neqativ» kitabının üz qabığında bu şəkillə yanaşı,
indisinə işarə ilə həmən şəklin neqativini də verib.
Hətta, eyni adlı bir hekayə də yazıb.
Çoxbilmişlərdən biri mənə dirsək göstərib deyə bilər:
«Rafiq Tağının «Düşmənimin xatirinə» kitabındakı şəkli
başqadır». Mən də onun sözünü ağzında qoyub deyərəm:
«Həmən şəkil Rafiq bəyin məşhur şəklindən çox-çox qabaq
çəkilib, onda dostum hardan bilərdi, vaxt gələcək
gözəl-göyçək bir şəkli meydana çıxacaq, əlinin içini
iyləməmişdi ki…»
İndi də Rafiq bəyin mənim onunla tanışlığımın yaşıdı,
bəlkə də böyüyü olan qara, köhnə vaxtların kiçik
çamadanına oxşayan yumşaq dərili «diplomat» çantası haqda
bir neçə kəlmə. Bu qara «diplomat»dan nələr çıxmır?!
Əlyazması, kitablar, qələm, uşaqlara «snikers», tonometr,
yanında fonendoskop, birdəfəlik şprislər, cürbəcür
«medikament»lər (axı, o, həkimdir), buzlu toyuq, mandarin
torbası, bir cüt banan və sair və ilaxır. Son on-on beş
ildə iri bir qarışıq mallar mağazasının malı girib-çıxıb
bu «diplomat»a. Bu «diplomat» Rafiq bəyin yük yeridir,
yəni heç vaxt maşını olmadığından «baqajnik»idir. Mistik
duyğular oyadan, ilin dörd fəslində aramızda dolaşan bu
dördkünc maddi kölgəni (qara sevdalı mistika aşiqi Adil
Mirseyidin Rafiq bəyin «diplomat»ına bir düzüm şer həsr
etməməsi məni təəccübləndirir) bir neçə dəfə əlimə alıb,
gözəyarı çəkisini yoxlamışam, dolu vaxtı 5-7 kilo
ağırlığında olur. Adı çəkilən çantanın uzaqbaşı 8 kiloqram
yük tutumu var.
Bu «baqajnik»lə bağlı bizim…
Paho… Qapımızın zəngi çalındı. Qələmi vərəqə çırpıb
yerimdən dik qalxıram və dodaqaltı deyinə-deyinə candərdi
qapıya sarı gedirəm. Görəsən, hansı mərdümazardır əlimin
üstünə gələn?
…Hə, gəldim. «On üçüncü qabırğa»nı, qohumbalanı birtəhər
(41 dəqiqəyə) başdan elədim.
İlan-qurbağa yazıma baxıram: «Bu «baqajnik»lə bizim…
(kələfin ucunu tapdım) ailənin də xüsusi bir xatirəsi var.
Səhv etmirəmsə, ötən əsrin doxsan dördüncü ilinin axırına
yaxın aylardan biri idi. Bakıda ərzaq qıtlığı hökm
sürürdü. Xalqı xoşbəxt eləməyə girişən «Vahidbank»
əmanətçilərə verdiyi aylıq bank faizini otuza qaldırmışdı.
Tüğyan edən inflyasiyadan yaxşı pul qıran «Vahidbank»
mağazalar şəbəkəsində aylıq faizlər əvəzinə əmanətçilərə
talonla verdiyi ərzağı od qiymətinə fırıldadırdı.
Rafiq Tağı da «Vahidbank»a pul qoyubmuş. Nə qədər? Bunu
bilmirəm. Hər halda Rafiq bəy kimi lütün birinin bankda
sanballı əmanəti ola bilməzdi. Qərəz, günlərin bir günü o,
axşamüstü bizə zəng çaldı və bildirdi ki, yarım saata
sizdə olacağam. Düz yarım saatdan sonra Rafiq bəy özünü
yetirdi və bizə qardaş köməyi gətirdiyini deyib bayaqdan
haqqında naqqallıq elədiyim qara «diplomat»ını şəstlə
açdı. «Diplomat»a səliqə ilə yerləşdirdiyi makaron, pesok
(şəkər tozu), qreçka (qarabaşaq yarması) torbalarını,
sıx-sıx kağıza bükülmüş yarımkiloluq (çox olmazdı) kərə
yağı, «squşonka»nı (qatılaşdırılmış südü), xırda doğranmış
«rafinad» qənd qutusunu, buzlu «Doux» toyuğunu ərklə
stolun üstünə düzdü.
Həmin anda Rafiq bəyin işıqlı üzü projektor kimi göz
qamaşdırırdı. O, böyük bir işi başa çatdırmış adam kimi
rahat və xoşbəxt görünürdü.
Rafiq bəyin qara dərili (Rədd olsun irqçilik!) «diplomat»ı
milli iqtisadiyyatımız, səhiyyəmiz və ədəbiyyatımız
qarşısında özünə görə xidmətləri olan hörmətə layiq bir
zaddır. (Sitatın sonu.)
İlin dörd fəslində Rafiq Tağını «diplomat»sız görməzsən.
Yayın cırhacırı… Qısaqol ağ köynəkdə Rafiq bəy küçəni
keçir. Əlindəki də əlində. Yəqin, iki işin (O, iki yerdə
həkimlik edir.) birindən qayıdır.
İkinci görünüş: Payızın mısmırığını sallayan vaxtı… Əyninə
yaxası düyməli bozarmış qara jaket geymiş qələmə (yəni içi
içindən keçən) və qələm dostum dayanacaqda 10 nömrəli
trolleybusu gözləyir.
«Trolleybus» dedim, yadıma bir əhvalat düşdü. Rafiq bəy
(«bəy» sözü sizi qıcıqlandırmasın, o, bu sözü bütün
tanış-bilişinə yaraşdıra bilir) ekstremal yazıları ilə
iqtidarla çiling-ağac oynayan vaxtlarda şair Əlisəmid Kür
onun qarşısını kəsib həm əllə, həm də dillə deyir:
– Rafiq, (soruşacaqsınız, bəs Əlisəmidin «bəy»i harda
qaldı? Mən də sizə deyəcəyəm, Əlisəmidə olar), yığışdır o
cəncəl yazıları, trolleybusla-tramvayla gedib-gələn
adamsan, cangüdənin zadın da yox, sənin qanını
şoruldatmağa nə var…
Rafiq bəyin cavabına fikir verin:
– Yamyamlar (adamyeyənlər) ölkəsində yaşayırıq?!
«Yamyamlar» sözündən qaşınma tutub üz-gözü əyilən Əlisəmid
Kür siqaretinə od vurub sarı Tula samovarı kimi
pıqqıldaya-pıqqıldaya ondan aralanır.
Doğrudan da, trolleybus-tramvay Rafiq Tağının sevimli və
əlverişli nəqliyyat vasitələridir. Bakımızın meri
Abutalıbovun Rafiq bəygilin evinin yanından keçən tramvay
xəttini sökdürdüyünü görəndə tramvaycıl dostumu
düşünə-düşünə ürəyimdən qara qanlar axırdı.
Qapıları şaraq-şuraq açılıb-örtülən, trolleybusdan fərqli
buynuzlarının tokdan çıxması ilə mənzil başına çatmaqda
adamı dəngül-düngül «podvadit» eləyən, özü demişkən, «içi
azadlıq havalı», babuşkalarla zəngin Bakı tramvayları
Rafiq bəyə illərlə çaşqa-loşqa olduğu moskvalı
dost-tanışlarını xatırlamaqda araçılıq eləyirdi. Eh…
Dalağım sancıb, deyəsən, Bakıda tramvay xətlərinin bir
ucdan sökülməsinə məhz Rafiq Tağı baisdir. Axı, Bakıda
ondan çox tramvaydan istifadə edən yoxdur. (Elə yaxşı
eləyirlər, iqtidara az sataşsın.) Hayıf o xətlərdən! Necə
də bir başıpozuq sərnişinin diliuzunluğunun güdazına
getdi…
Üçüncü mənzərə: Başında qara kepka, əynində təzəcə aldığı
qəhvəyi gödəkçə (keçən qış nimdaş paltosunun dalından
dəyib) Axundov kitabxanasının pilləkənləri ilə yuxarı
qalxır, ağır «baqajnik»i də özü ilə. Rafiq Tağının bütün
əlyazmaları «diplomat»ında dəm alıb çıxıb, ən azı Axundov
kitabxanasından evlərinə qədər olan məsafə boyu. Çünki, o,
Moskvadan Bakıya köçəndən sonra iş otağı kimi məhz bu
kitabxananın iri oxu zallarını seçib və yazdıqlarının
hamısını burda yazıb. (Moskvada yazdıqları «Leninka»nın
yadigarıdır.) Elə buna görə də bu möhtəşəm bilik sarayına
ən çox ayaq döyən oxucu və yazıçı kimi gələcəkdə heykəli
olmasa da, Axundov kitabxanası kimi mötəbər bir binanın
harasındasa onun balaca, ucuzvari büstünün qoyulmasına
indidən razıyam.
Dördüncü qarşılaşma: Xeyrə-şərə və qalan bütün tədbirlərə
ütülü-mütülü geyib getdiyi qara kostyumu əynində olan
Rafiq bəy, tutalım, Bakı İncəsənət Mərkəzinin sərgi
salonundan çıxır. Mərkəzdə rəssam Yusif Mirzənin norveçli
səyyah Tur Heyerdalın xatirəsinə həsr etdiyi sərgisi
açılıb. Deməli, Rafiq bəy dostumuz Yusifin ona bağışladığı
bahalı kağızda çap olunmuş «buklet»i indicə «diplomat»ına
qoyub, işlənməkdən köhnələn və yaxşı bağlanmayan qapağını
yerinə oturtduqdan sonra onun yeyilmiş cəftəsini güclə
yerinə dürtüb.
Bir gün eşitsəniz ki, qələm dostumun «diplomat»ından odlu
silah, məsələn, pistolet, Kalaşnikov avtomatı (Sökülməsə,
çətin yerləşər), qumbara çıxıb, matınız-qutunuz qurumasın.
Özümdən heç nə uydurmuram, Rafiq bəy bu barədə ağzından
«utka» buraxıb.
Onun «İki Tağıyev İlqar» hekayəsi çap olunandan sonra
mətbuatda və «klassik» AXCP-çilərin yığıncaqlarında böyük
səs-küy, vur-çatdasın başladı. (Rəhmətlik Əbülfəz Elçibəy
barədə yazılan nataraz cümlələrə görə.) «Klassiklər»lə
möhkəm dartışan vaxtlarda bir gecə Rafiq bəygilə zəng edən
gənc səsinin cır və qəzəbli yerinə salıb ev yiyəsinə
bəyanat verir: «AXCP «klassiklər» qanadının gənclər
təşkilatı səni («sizi» yox ha) qətlə yetirmək barədə
yekdil qərar qəbul edib».
Rafiq bəy cin atına minmir?! Və dərhal əks hücuma keçir:
«Get, öz qanaddaşlarına de ki, çox o yan-bu yan
eləməsinlər, tüpürərəm hər şeyə, evimi satıb verərəm
partladıcı maddələrə (Vurhavurda bunun danışığının
səliqəsinə baxın!), gətirib sizin bütün cəbhəçilərinizi
binaqarışıq partladıb yerlə-yeksan edərəm!»
Mən Rafiq bəyin tünd xasiyyətinə bələdəm, eləyər, eləyər.
Xırdalasaq, görün bu bircə cümlədə onun kimliyini göstərən
nə qədər incə məqamlar gizlənib.
«Evimi sataram» - yəni, silah –sursata pulum yoxdur, yəni,
bərk ayaqda borc pula, onun-bunun hesabına iş görüb özümü
abırdan salmaram, yəni, öz külüm də AXCP əhlilə göyə
sovrulandan sonra oğul-uşaq miras borclarımın xəcalətini
çəkməz və nəhayət, yenə də yəni, mən də mənəm.
Hə, yeri düşmüşkən, onu da deyim ki, Rafiq bəy
haqq-hesabda düzlüyə son dərəcə qail adamdır. Borc pul
alıb dalına keçən qələm sahiblərindən və başqalarından
deyil.
Rafiq Tağı, doğrudan da, haçansa şərəf naminə terrorçuluğa
əl atmaq üçün evini satsa, aldığı «limonka»ları mütləq
«diplomat»ına yığacaq. Onun «baqajnik»inə üç sıra, beş-beş
düzsək, düz on beş «limonka» yerləşər.
Yaxşı ki, cəbhəçilərin «klassik» qanadı çox dirənmədi.
Yoxsa, Rafiq bəyin əlindən xata çıxacaqdı.
Düzdür, uzun çək-çevirdən sonra «ANS»-də onun dilindən
«Üzr istəyirəm!» qopartdılar. Ancaq, gözünə döndüyüm
günahkar, «klassiklər»dən deyil, üzrü Elçibəyin ruhundan
dilədiyini bildirdi.
Onun vur-tut ikicə yolu vardı: ya qarşı tərəfdən üzr
istəmək, ya da terrorist olmaq. (ABŞ-ın qulağına
qurğuşun!) Yaxşı ki, o, terrorist olmadı, elə bircə bin
Laden yazıçımız çatışmırdı.
Yazıçı Anarın bu mövzuda Rafiq bəyə atmacasını da yada
salaq. Qulağımla eşitdim, Anar müəllim Yazıçılar
Birliyinin «Natəvan» klubundakı yığıncağında Birliyin bu
ərköyün üzvünə üz tutub dedi: «Elçibəyin şərəfini qoruyan
təşkilat vardı, ona görə mərhumun ruhundan üzr istədin,
amma Mirzə Cəlilin arxasında duran dılğır bir qurum
olmadığı üçün onun incik ruhundan (Rafiq Tağı bir
yazısında xərifləyib Mirzə Cəlili «ədəbi kollaborasionist»
adlandırmışdı) üzr istəmək yadına düşmədi».
Aradan xeyli müddət keçib, hələ də Rafiq bəy Anarın bu
sərrast ittihamına yönlü və yaxud yönsüz bir cavab
verməyib.
Qələmi yerə qoyuram, köhnə vaxtlarda dediyimiz kimi, burda
bir «perekur».
Əşşi, postmodernizm yançısı Həmid Herisçilə hardan bizə
ürcah oldu? Modernizmi keçdik ki?! Hayıf deyildi,
fikirlərimizi qələmimizin iynəyə bənzəyən ucu ilə sapa
muncuq kimi düzə-düzə gedirdik. İndi dəbdə olmaq üçün
gərək oxucuya xəbərdarlıq-zad eləmədən qəfil gedişlər
edəsən, gözbağlaycıfason fokslar göstərəsən.
Daha iş işdən keçib. Həmid də özümüzünküdür, onun
postmodernist qıdıqlamaları Rafiq Tağının «ilham atlarının
mehtəri» adlandırdığı (Nə qansız adamdır bu R.Tağı?!)
Vaqif Yusifli haqqında yazdıqlarının yanında toya-bayrama
getməlidir.
Qərəz, postmodernizm kirvənin də könlünü aldıq.
Valı çevirib, havanı dəyişək.
Deyəsən, Allah Rafiq Tağını yaxşısını-pisini saf-çürük
eləyənlərindən biri kimi yaradıb. Rafiq bəy gücsüz, yazıq,
imkansız, bədbəxt, mağmın və bu seriyadan olan adamların
həm dostu, həm də sözçüsüdür. Onun üçün, məsələn, il boyu
səhərdən axşamacan «Azərbaycan» nəşriyyatının
yan-yörəsində gicəllənən İlyas Ərnəfəs hər hansı
ətli-canlı kişi, incə-mincə, xanım-xatın qadın millət
vəkilindən çox-çox maraqlı tip və bədii obyektdir. O, bir
ayağı o dünyada olan, huşu getmiş, haqqı tapdanan qocaya
görə istənilən yekə adamı güdaza verməyə hazırdır. Onun
demokratiyasında zərrəcə güzəşt yoxdur. Cəmiyyətdə
problemlər yaradan obyektiv səbəbləri sadalayanda Rafiq
bəy döyükə-döyükə sənə baxsa da, danışdıqlarının axırda
beş qəpiklik qiyməti olmur.
Ay nə bilim, təzəcə qazandığımız dövlət müstəqilliyi,
keçid dövrünün əngəlləri, Qarabağ müharibəsi, qaçqınlar,
superdövlətlərin siyasi məngənəsində sıxılmağımız,
iqtisadi gerilik – Rafiq bəyin demokratiya şüuru bunları
nəzərə almır. Onun nəzərində demokratiya demokratiyadır,
vəssalam!
Bayaq təxminən belə dedim ki, Rafiq Tağının tənqidi
yırtıcı tənqiddir. Tənqidçi Vaqif Yusiflidən sitat
gətirək: «Yazıçılar, özünüzü Rafiq Tağıdan qoruyun!»
Zırıltı kəlamdır. Bu sözü elə-belə adam desəydi, fikir
verməzdik, ancaq, avtoritetin sözündən sonra, indi Rafiq
Tağını görəndə şəkkə düşürsən. Hətta, hərdən onun
kamikadze kimi şübhəli davranışından ürəyin düşür. Allah,
özün saxla!
Bilirsiniz ki, dozasına görə tənqidlər müxtəlif cür olur.
Rafiq bəy bu məsələdə zəhər tuluğudur və onun saçmaları
tənqidin sonuncu, öldürücü stadiyasıdır. Qabaqlar elektrik
dirəklərində xəbərdarlıq lövhəsi asılardı və onun ruscadan
tərcüməsi beləydi: «Əl vurma, öldürər!» Bax, Rafiq bəy də
hərdən həmin elektrik dirəklərindən birinə dönür.
Onun yaşıdları gözlərini açıb ədəbiyyatda (elə siyasətdə
də) ötəri, miyana, elə-belə, «xala xətrin qalmasın»
tənqidlər görüblər. Uzun-uzadı tərifdən sonra cüzi,
nəsihətvari iradlar eşidiblər. Məsələn, rəhmətlik Mirzə
İbrahimov tanınmış dövlət adamını bacardığı qədər
geninə-boluna öyəndən sonra deyir: Əziz yoldaş… icazə
verin, bir az da sizi tənqid edim… Pauza. Rəyasət
Heyətinin tən ortasında oturmuş həmən əziz yoldaş arif
olduğu üçün ona məlum, lakin başqalarına naməlum üslubda
tərifin qabağında xeyli təmkinli və toxdaq görünür. İclas
iştirakçılarının isə gözləri bərəlir. Necə? Tənqid? Baho,
deyəsən, hörmətli Mirzə müəllim çaşıb.
Bu dəm Mirzə müəllimin yastı səsi yenidən eşidilir:
– Əziz yoldaş… Siz çox işləyirsiniz, özünüzü yorursunuz,
səhhətinizlə lazımi qədər məşğul olmursunuz. Xahiş edirəm,
hərdən istirahət edin, sağlamlığınızın qeydinə qalın, siz
xalqa çox lazımsınız.
Və salondakılar, elə Mirzə müəllimin özü də zəif, seçmə
tütün doldurulmuş qəlyanın saçaq-saçaq tüstüsünə oxşayan
rahathülqum bir nəfəs alır… Əla! Fantan! Neynədi əəə Mirzə
müəllim!
İndi adamlar qazdan ayıqdır, belə tənqidlər yerimir.
Obyektiv, bütöv tənqidlər olmasa da, fısqırıq öcəşmələr,
«Dartma, yaxam cırıldı!» notları üstə boğuşmalar baş alıb
gedir. Ancaq, motivindən və keyfiyyətindən asılı
olmayaraq, finişə çatan tənqid lap azdır.
Niyə ədəbi, ictimai-siyasi tənqidlərdə müəyyən hədd
gözlənilir?! Hə, bax, indi sarı simə toxunmalı olacağam.
Deyək ki, bir məşhur müxalifət nümayəndəsi başqa bir
tanınmış iqtidar yetkilisini, əski və sürtük ifadə ilə
desək, tənqid atəşinə tutur. Deyir, deyir, deyir… gəlib
bir sərhəd ki var, ora çatanda dayanıb dəvə kimi xıxır.
Yaxşı bilir ki, daha həddi aşmaq olmaz. Axı bundan o yana
ikisi də eyni cür qələt qarışdırırlar. Bir az da
aydınlaşdırıram; yığıb altını doldurmaq ehtirası, araçı,
işdüzəldən kimi gecələr səlahiyyətli adamların qəbul
otaqlarında üz-üzə gəlmələri, dəbdəbəli yaşam tərzini
qazanmaqdan ötrü nəyə desən razı olmaları, kef, bazlıq
məsələləri onları bir-birinin yanında boğaz eləyir. Belə
məqamda onlar, dəllallar kimi razılaşma yolu ilə susurlar.
Rafiq bəyin yeyib-içdiyini zəhərə döndərən, şəkildən-şəklə
düşən belələridir.
Son on ildə Rafiq Tağıdan çoxlarının ağzı yanıb.
Vaxt vardı o, bütün müxalifət qəzetlərinin ən dəbdə olan
yazarı-yazıçısı idi. «Rafiq bəy, orda oturma, burda otur!»
Bir oyun durğuzurdular, gəl görəsən. Ambisiyalılar hamısı
rəqibinin əleyhinə ondan bəhrələnmək istəyirdi. Ancaq,
qoltuğuna qarpız verdiklərini sonradan peşman eləmək Rafiq
Tağının köhnə ibnəsidir. Rafiq bəy «Qırmızı dastan» kimi
yazıları yazanda müxalifət camaatının əziz-bircəsinə
çevrilmişdi. Onu «bəh-bəh»lə, xahiş-minnətlə partiyaya
qəbul eləmişdilər, hətta əlüstü, sorğu-sualsız Siyasi
Şuranın üzvü seçmişdilər. Elə ki, «Göy dastan» ortaya
çıxdı, ondan soyudular, o, öz həmfikirlərini tənqid edəndə
isə «əqidə» dostlarının əlləri yanlarına düşdü. Daha sonra
yazdıqlarının bəhrəsi bu oldu ki, bütün müxalifətdə duran
partiyalı qəzetlər ona əyri-əyri baxmağa başladılar və
müxalifət Rafiq bəyin pisini vurdu. Axırda Rafiq bəyin
gözündə müxalifət, müxalifətin gözündə Rafiq Tağı çürük
çıxdı.
Artıq Rafiq Tağı müxalifətçilər üçün arzuolunmaz şəxsdir.
Daha hər hansı bir müxalifət rəhbərinin nəyinə lazımdır
«boşboğaz»ın birisini özünə yaxın buraxıb, olsun pis kişi.
İndi həmin adamların onun haqda fikri məlumdur: «Rafiq
Tağı vızqırdacaq!»
Daha Rafiq Tağı bütün siyasi təşkilatlardan gen gəzir,
bitərəfdir. Ancaq o, bitərəf kimi yenə də şərəşür,
ipə-sapa yatmazdır.
Bu yazıçı siyasətçilərin başına gətirdiyi oyunu indi də
yazıçıların başına gətirir. O heç vaxt oxu atıb, yayını
gizlətmir. Ümumi giley-güzar edib «Ad çəkmək istəmirəm»
ifadəsini qətiyyən işlətmir, düznəquludur.
Bayaq başqa cür demişdim, indi də bakılılar demişkən,
alayı cür deyirəm: dili şirin, qələmi acı olan Rafiq
Tağıdan çoxlarının xoşu gəlmir, nəinki xoşu gəlmir, hətta
zəndeyi-zəhləsi gedir. Bunlar adi adamlar olsaydı, dərd
yarı idi. İllət burasındadır ki, həmən adamların əksəri
bərkgedən tanınmışlar, Telman Orucovun sözü olmasın (lap
olsun!), «qoliaf»lardır. Amma, insaf da yaxşı şeydir,
gərək onu da deyək ki, meydangirliyindən və «lotuluğ»undan
qalmayan bu «yaramaz»ın Zəlimxan Yaqub kimi bir məzhəbə
qulluq eləyənlərdən heç vaxt solaxay yazısı olmayıb,
olmayacaq da. Onun işi nala-muxa vuranlarladır.
Rafiq bəy qayğıkeş və «kəllə» həkimliyinə, adam içində
ipək xasiyyətinə (dostumuz Paşa Qəlbinur kimi), yumşaq,
lirik-psixoloji hekayələrinə görə böyük hörmət sahibi ola
bilərdi, amma…
Amma, hayıf ki, onun buynuzu da var. Bir də gördün
qəfildən kimisə götürdü buynuzuna.
Bir neçə müddət bundan əvvəl yenə onun beyninin qurdu
tərpəndi.
Hər il uzunmüddətli Əylis səfərinə çıxıb oradan «dərs
gətirməyə» (Əbdürrəhim bəyi də yad edək!) gedən
şirin-şəkər Əkrəm Əylisli bu il də döş oğlan kimi Bakıya
qayıdanda Rafiq bəy onu burunlayıb qəzetdə haylı-haraylı
qələm dostuna papaq atdı: «Əkrəm Əylisli ictimai rəylə
gizlənpaç oynayır». Yəni o, nahaq yerə Əylisə
gedib-gəlməyini dilə-dişə salıb fors eləyir. Kiminsə öz
kəndində lövbər salmağı nə matah şeymiş?
Əkrəm Əylisli Rafiq Tağının bu atmacasını eyninə almadı.
Çünki Rafiq bəy haqqında mötəbər sözünü o, bildir, ya
inişil deyib: «…Dostum Rafiq Tağı da orijinal görünməyin
köhnə bazıdır, ixtisaslı həvəskarıdır». (Yəni Rafiqin
dediklərinə bir qoz).
Rafiq Tağının çoxlarında olmayan bir yaxşı xüsusiyyəti
var. O, haqlı oldu-olmadı, qaraladığı adamdan vur-tut
bircə dəfə, amma karlı yazır. Məsələn, mən inanmıram ki,
bu zəqqumçu «kişünas» (rəvayətə görə, elmi işi «ki»
bağlayıcısından olduğu üçün mərhum dostu Vidadi Məmmədov
bir zaman Kamil Vəliyevə zarafatla «kişünas» deyirmiş. Bu
xəbər Rafiq bəyə indi çatıbmış kimi o, «kişünas»ı mənfur
mənada ortaya ataraq, Kamil Vəli Nərimanoğlunu «Dədə
Qorqud» kannibalı (düdəmə sözləri hardan tapır ey bu?!)
adlandırıb və əlbəttə, kişinin xətrinə dəyib) Kamil Vəli
Nərimanoğludan haçansa dübarə nəsə yazacaq. Hətta
gələcəkdə Kamil müəllim yazılarında və teleçıxışlarında
onu sancsa da… necə ki, indi belə eləyir.
(Bir-biri haqda yorulmadan, usanmadan «çevir tatı-vur
tatı» döyənək, horra yazılar yazan qələm düşmənlərini heç
cür anlaya bilmirəm. Deyək ki, cavanların beyni qandır,
anlamırlar, bəs, bu ağsaqqallara nə xəbərdir?!)
Rafiq Tağı ilə mübahisələrim barədə…
Onun Qərblə Şərqi müqayisə edən və ikincini ayağa verən
yarıfəlsəfi, yarıbədii yazısını (Qərəz janr deyil!)
qəzetdə oxuyaraq dostumun xeyli subyektiv fikirlərindən
incik düşüb ona zəng edirəm və iradlarımı bildirərək moizə
oxuyuram:
– Ay Rafiq bəy, Şərq barədə belə qəzəbli, ümumi yazılar
yazma, axı, Şərq geniş anlayışdır, sənin dediyin kimi,
«şər mənbəyi» deyil. Uzaq Şərqdən tutmuş Orta, Yaxın Şərqə
qədər bir məsafə birləşir bu adda. Sən bütöv Şərqin
incəliklərini harda və nə zaman öyrənmisən? Bu mövzuda
konkret faktların yoxdur, axı?! Elə Qərbi də qavramaq,
onun nədə üstün olduğunu fəhm etmək hələm-hələm asan
deyil.
Yaxud ona deyirəm: Ay qardaş, sənin nə işin var Mirzə
Cəlillə?! M.F.Axundov Füzuliyə «zəif şair» deyib nə
qazandı, sən o boyda kişiyə atmaca atıb nə irəli düşəsən?
Niyə həlləm-qəlləm işlərimizin, korafəhm əməllərimizin
acığını o rəhmətliklərdən çıxırsan? Onlar yazdıqlarını
geri götürəsi deyil ki…
Kimə deyirsən?! Rafiq Tağı nəinki bircə cümləsindən, heç
nöqtə-vergülündən keçməz. Heç kəs bilmir, mən bilirəm,
yaddan çıxıb mətnə düşməmiş bir nöqtəli vergülə görə
qəzetin məsul katibinə evindən zəng vurub düzəliş
olunmasını xahiş edən bu vasvası qələm adamı sonradan
ürəyi durmayıb iki marşrut dəyişərək, «Rezonans» qəzetinin
redaksiyasına gəlib və nöqtəli vergülü mətndə yerinə
qoyaraq rahat nəfəs alıb.
Bir tərəfdən baxanda düz eləyib. Yaddan çıxan nöqtəli
vergül məsul katibin çox vecinədir? Bir də bizdə belə
xırda-mırda şeyləri qıdan kimdir?
Rafiq bəydən başqa kimdir səhər qəzetdə şerini oxuyarkən
«uzaq yerin prozektorlarından qorxuram» misrasında
çoxbilmiş kimi prozektor (patoloq-anatom, çölləmə
desək-meyityaran) sözünü guya düzəldib «projektor» şəklinə
salan korrektorla çənə-boğaz edən?! Yenə Rafiq bəy!
Başqa bir telefon söhbətimiz:
Mən: Rafiq bəy, sən dünənki qəzetdə olan yazında nahaq
yerə «Tanrı türkü qorusun!» deyiminə qulp qoyursan.
Onun köndələn cavabı: Bəs Tanrı başqa xalqların başına daş
salsın?
Mən: Əvvəla, türkün Tanrısının səlahiyyətlərini ərəblər
doqquzuncu əsrdə alıb veriblər Allaha. Biz indi Allahın
«yurisdiksiya»sındayıq. Noolar, Tanrı qeyri-qanuni şəkildə
türkü qoruya bilir, qorusun. Qoy Allah bizqarışıq cəmi
müsəlmanları hifz etsin, Boq özününküləri oxranyat eləsin,
büt bütpərəstlərə yiyə dursun, Krişna hinduların «Rama,
Rama…» dualarını əlindən almasın, ingiliscə qart-qurt
danışanlardan tutmuş köklü-köməcli ingilislərə qədər
hamısı bir-birinə «God bless you!» (Allah səni qorusun!)
desin və sair.
O: Sən məsələni ora-bura yozma, «Tanrı türkü qorusun!»
şovinist ifadədəir.
Mən: Nə şovinizm, bu, bir türk alqışıdır.
O: Biz belə şüarla cılızlaşırıq!
Mən: Sən bu ifadəyə etirazınla ağzıgöyçəklərə dil
verirsən, öz milli mənsubiyyətinə şübhə yaradırsan.
O: Onlar Azərbaycanın xəritəsini və kimin harada
məskunlaşmasını bilməyən yelbeyinlərdir.
Mən: Sən qaşınmayan yerdən qan çıxardansan.
O, doğulduğu Masallıdakı Xoççobanlı kəndinin ləhcəsilə son
akkordu vurur:
– Sən düz demersən!
Dediyindən ürəyi soyumur, öz üslubunda kürəyimdən zol
çıxardır: «Bizim iqtidar nümayəndəsindən bundan artıq nə
gözləyəsən?!» Hə, aldım payımı… Nə yaxşı ki, şifahi…
Şifahi xəbərdarlıqla yazılı töhmət arasında nə fərq
olduğunu yaxşı bilirsiniz. Rafiq Tağının qələm kəsəri
şifahi danışığının kəsərindən xeyli artıqdır. Ümumiyyətlə,
o, adi vaxtlarda dinləməyə daha artıq üstünlük verir. Düz
də eləyir, deyəcəkləri onsuz da ona bəllidir, amma,
eşidəcəklərini isə bilməyə bilər.
Bir dəfə də o, kiminsə barəsində xoş sözlər deyəndə dilim
dinc durmadı, söz atdım:
– Rafiq bəy, sənin şifahi nitqinə etibar yoxdur, sən adam
haqda sözünün «məmmədqulu»sunu qələm-kağızla deyirsən.
Dostum qımışdı:
– Bu fikri Baba Vəziroğlu da mənə deyib.
Rafiq bəy naqolay yazısı ilə hər hansı qəzetin
bağlanmasının, fəaliyyətinin dayandırılmasının, çapının
zəbt olunmasının və yaxud redaktorunun istefasının
səbəbkarı ola bilər.
Uzağa niyə gedirəm, 1994-cü ilin yayında baş redaktoru
olduğum «Quruluş» qəzetinin ilk sayında Rafiq Tağının
hekayəsini çap etdiyim üçün təsisçinin məndən üzü döndü.
Onunla düz gəlməməyimə başqa səbəblər olsa da, təsisçi
«gic-gici» hekayəni əlində bayraq (soyuq silah mənasında)
eləyib üstümə düşdü və mən ixtiyar sahibinə «əleykim»
deyib, həmin qəzetdən o gedən getdim.
«Vətəndaş həmrəyliyi» qəzetinin işinin xeyli dayanması
Rafiq Tağının hekayəsinin ucbatından olmayıbmı?!
Axır zamanlarda qəzet redaktorları onun çapa gedəcək
yazılarını bittə-bittə oxuyurlar. Başqa əlac yoxdur, bu
xatalı adamdan gərək özünü gözləyəsən.
«Ədalət»in baş yazarı Aqil Abbas kompüterin qabağında
kəmali-ədəblə oturub sabahkı nömrədə çap olunası
hekayəsinin korrektura səhvlərini düzəldən Rafiq Tağıya
deyir:
– Rafiq bəy, işim çoxdur, bu yazını diqqətlə oxuya
bilməmişəm, sənə etibar edib (kimə, kimə, Rafiq Tağıya?!)
çapa verirəm, bax, mənimçün «əmma» çıxartma ha.
Rafiq Tağı dillənir:
– Aqil bəy, narahat olmayın, (o, hamı ilə «siz»lə danışır,
hətta hərdən qəsdən «sən»ə keçsə də, tez özünü düzəldib
«siz»i bərpa edir. O, bir dəfə ikimizin də dostu,
telejurnalist Qorxmaz Şıxalıoğluna deyirmiş: Əjdərlə
söhbətə əvvəlcə «siz»lə başlayıram. Elə ki, ara qızışır,
«sən»ləri yağdırıram onun cəmdəyinə və «sən» deyə
bilmədiyim bütün rəsmi adamların acığını çıxıram ondan.)
bu, hekayədir, o biri (yəni vayqanlı) yazılardan deyil.
Yazıçılar arasında ən söyüşcül, ağzının qaytanı olmayan
Aqil Abbas coşur:
– Sən elə hekayədə də adamın anasını sssss…
Bəlkə də ömrü boyu dilinə söyüş gətirməyən Rafiq bəyin bu
anda Mahatma Qandinin sifətinə oxşayan, çöhrəsini və
hədəqədən çıxmış gözlərini görən Aqil Abbasın dili paravoz
kimi tormoz verib sürütdənir və o, biədəb söz əvəzinə
başqa kəlmə işlətməyə məcbur olur:
– … ağladırsan!
Vaxt olub ki, Rafiq bəyin bəzi hərəkətlərindən baş
açmamışam.
Bir neçə il bundan qabaq Aşura günü Rafiq bəy iş yerimə
gəlib dedi: «Bu gün niyyətlərin qəbul olan günüdür, gəl
Təzəpir məscidinə gedib nəzir paylayaq!». Onun qaraniyyət
adam olmadığını bildiyimə görə, qoşalaşıb məscidə getdik.
Dilənçilərə bir qədər nəzir paylayandan sonra rəfiqim
Rafiqin təkidilə basırıqda İmam Hüseyn müsibəti çəkə-çəkə
məscidin həyətinə təpildik. Bir neçə yerdə halaylanmış
saqqallı cavanlar haray-həşirlə zəncir vururdular. Bir
dövrəyə girdik. Mən həm saqqallı cavanların yeknəsəq
hərəkətlərindən tez usandığımdan, həm də işə tələsdiyimdən
Rafiq bəyin qulağına pıçıldadım ki, bəsdir, gedək.
O, sıxıla-sıxıla dedi:
– Sən işdəsən, get, mən hələ bir az burada qalmaq
istəyirəm.
Mən ondan ayrılıb yenə də tünlüyü yara-yara məscidin həyət
darvazasına doğru hərəkət etdim. Darvazaya çatanda geri
qanrılıb Rafiq bəy tərəfə boylandım və gözlərimə
inanmadım: Rafiq bəy bayaq durduğu yerdə «Şah Hüseyn! Vay
Hüseyn!» deyənlərə dəm tutub şıdırğı sinəzənlik edirdi.
Mən yerimdə quruyub onun nə qədər novruzəlicəsinə və
ürəkdən sinə vurduğuna heyrətlə baxırdım. Bu görkəzmə
adamın səmimi müsəlmanlığı da varmış. Birdən onun gözü
mənə sataşdı, dərhal çaşdı və enib-qalxan əli sinəsində
quruyub asta-asta aşağı düşdü.
Mən bir andaca qeybə çəkilmək istədim və ildırım sürətilə
dönüb məscidin həyətindən çıxan axına qoşuldum. Daha geri
baxmadım və onun «oğurluğ»unu tutduğuma görə it kimi
peşman oldum.
Rafiq Tağının «oğurluğ»unu heç vaxt üzünə vurmasam da,
indi onun xarakter cizgilərini zənginləşdirmək istəyim
mənə güc gəldi. Həmişə sivilizasiya haqda alabəzək
ibarələr fırladan, Kirxada Amerika saksafonçusu Con
Ferqussonun konsertini ötürməyən, ancaq plovu hələ də beş
barmağının beşilə də yeyən qələm dostumu hərtərəfli
tanıtmağa çalışmağım kimləri yorursa, zəhmət çəkib bu
yazının gerisini oxumasın, incimərəm.
Rafiq bəyin məşhur şəklinə baxıram, yenə yadıma onunla
bağlı başqa bir əhvalat düşür.
Yanılmıramsa, 2000-ci ilin 20 Yanvar günü Rafiq bəylə
Şəhidlər Xiyabanını ziyarət edib çıxanda o, dedi:
«Bəxtiyar Vahabzadə (B.Vahabzadə onun haqqında hansısa
qəzetdə təzəcə isti sözlər yazmışdı.) «Kaspar»da yatır,
gedək ona baş çəkək!».
Biz xəstəxanaya getdik, şairin yatdığı palatanı asanlıqla
tapıb qapını döydük. İçəridən səs gəldi:
– Buyurun!
Qapını açıb içəri keçdik, «Buyurun!» deyən şairin köhnə
dostu həkim Nurəddin Rzayev imiş.
Bizi görən Bəxtiyar Vahabzadə çarpayıdan dikəlib oturdu.
Onların təkidilə Rafiq bəy tək boş stulda əyləşdi. Mən də
yanımı çarpayının qırağına qoydum. Şairlə yüngülcə
hal-əhval tutduq. O, zorla «Yaxşıyam!» desə də, canını
dişinə tutub oturmuşdu, danışmağa heyi qalmamışdı.
İki həkim (Nurəddin doxturla Rafiq doxtur) Bəxtiyar
müəllimin prostat vəzisində olan xəstəliklə bağlı
pıçıldaşmağa başladılar. Köhnə kişilərə məxsus böyük-kiçik
yanında ədəb göstərmək ustadı şair ağrıdan qıvrılsa da,
özünü saxlayıb çarpayıya uzanmırdı. Rafiq bəyin başı
söhbətə bərk qarışdığından onu görmürdü.
Bu dəqiqə Bəxtiyar müəllimə ən böyük hörmətin onu rahat
buraxmaq olduğunu duydum və gözlənilmədən yerimdən qalxıb
dedim:
– Bəxtiyar müəllim, yastığınız yüngül olsun! Biz gedək!
Rafiq bəy üzə düşüb ayağa qalxdı. Şair bizə ürəkdən «Çox
sağ olun, zəhmət çəkmisiniz!» dedi.
Nədənsə, mənə elə gəldi ki, o, bizim gəlişimizdən çox
gedişimizə sevindi. Neynəsin, can ağrıyanda heç kim adamın
gözündə olmur.
Rafiq bəy yanıma düşüb mənimlə qapıdan çıxdı. Ona görə
belə deyirəm ki, qapıdan çıxanda dostumun qırımı xoşuma
gəlmədi. Binadan on-on beş addım aralanan kimi Rafiq bəy
qoparağımı götürdü:
– Sən çox sərtsən. Sözümü ağzımda qoydun. Nurəddin Rzayevə
bir-iki söz deyəcəkdim.
O, gülümsədiyimi görüb susdu. Yəqin düşündü ki, bu
gülümsəməkdə bir hikmət var. Həm də, deyəsən, verəcəyim
cavabdan çəkinib, dərinə getmədi.
Rafiq bəyin hər il bir günü iluzunu yerdə qalan bütün
günlərindən, özü demişkən, səmərəli və mənalı olur. O gün
dostum inzivaya çəkilib daha çox düşünməyə, daha çox
yazmağa və oxumağa çalışır. Heç bir dəvət onun saqqızını
oğurlaya bilməz. İlin mənalı və səmərəli gününə çevrilən
həmin gün Rafiq bəyin ad günüdür - 5 avqust.
Yeniyetmə çağlarında gələcəyin bu «şipitilni» yazıçısı
özünə söz verib ki, ömrünün axırına qədər ad günlərini
bütün başqa günlərindən daha səmərəli və mənalı keçirəcək.
Deməli, o, hələ də sözünün ağasıdır.
Rafiq Tağının 1991-ci ildə çap olunmuş «Düşmənimin
xatirinə» kitabına ön söz yazan yazıçı Elçin təxminən belə
deyib ki, on beş ildir Rafiqlə dostluq edirəm, onun
dostluğunda konyunktura görməmişəm. Elçin müəllimin 91-dən
bəri Rafiq bəydən yana fikrinin dəyişib-dəyişmədiyini
bilmirəm. Ancaq işin üst-üstə düşməyinə baxın, mən də
həmən 91-ci ildən Rafiq bəylə tez-tez oturub-dururam, bu
günəcən onun dostluğunda konyunktura əlamətlərinin
görünmədiyi barədə bütün konyunkturşiklərə arayış verə
bilərəm.
Qabaqlar yazdıqlarına görə hərdən Rafiq bəyə acığım
tutardı. İndisə, onun yazılı saçmalarını görəndə başımı
bulayıb, qımışa-qımışa onun heç vaxt düzəlməyəcəyini
gözümün altına alıb, öz-özümə deyirəm:
– Rafiq Tağı ki, Rafiq Tağı…
2004
***
Kür Əlisəmid
(hekayə-portret)
Ağıllısı dəli kimi,
dəlisi ağıllı kimi,
millətim hey!
Ə.Kür
Nəşə çəkib çox da ki, beynimi qurutmuşam,
elə bilmə, əzizim, mən səni unutmuşam.
Bir meyxanadan
Əsərinin qəhrəmanına əl qaldırma!
Müəllif
İndi şair Əlisəmid Kürdən yazmaq elə də sərfəli bir iş
deyil. Çünki, son illərdə o, özünü xeyli adamın gözündən
salıb, olub heç nə.
Heç şair də qulaq kəsər? «Qulaq kəsmək» deyəndə fikriniz
kiminsə kimə kəf gəlməyinə, atmağına getməsin ey, söhbət
həqiqi qulağa təcavüzdən gedir. Özü də kimin-kimin, şair
dostunun. Hərçənd ki, bu, Əlisəmidin versiyasıdır.
Zərərçəkən tərəfin dediyinə görə, Əlisəmid A-nın qulağını
kəsməyib, dişləyib qopardıb.
Haqqında danışılan bədbəxt qulaq dibindən üzülməyib, onun
üst tərəfinə, təxminən beşdən iki hissəsinə qəsd edilib.
Yaxud, belə demək olar: «qulaq» sözünün «qu»su qoparılıb,
«lağ»ı yerində qalıb. Sözümün «məmmədqulu»su budur ki,
Əlisəmid qulaq kəsməyi qoçaqlıq hesab edirsə, deməli o,
bir əməliyyat üzrə qəhrəmanlıq normativinin yalnız beşdə
ikisinə əməl eləyib. Qulaqkəsənlər arasında o, uzaqbaşı
ortadan axıra qədər olan yerlərdən birini tuta bilər.
Nəticə eyni olsa da, kəsməklə dişləməyin mənası
bambaşqadır. Ortada şərəf məsələsi var. Əlisəmid hadisədən
dərhal sonra A-nın qulağının kəsiyini qanlı-qanlı kağıza
büküb cibinə dürtərək (Yaddaş məni öldürəcək - vaxtilə
rəssam Van Qoq qulağını kəsib çiçək əvəzinə sevgilisinə
aparmışdı). Yasamaldan şəhərə enib. O, həmin günün
günortasına qədər şair dostunun bir qırıq bədən üzvünü
«A-nın qulağını kəsdim!» deyib şəhadət üçün başqa qələm
yoldaşlarına göstərib, ürəyi soyuyandan sonra həmin
əşyayi-dəlillə özünü polis idarəsinə təslim edib.
Bayaq «şair dostunun» ifadəsini elə-belə işlətmədim. Vaxt
vardı, Əlisəmid gələcəkdə bıçaqlayacağı A ilə cur idi.
Onlar Baksovetdən mənzil alanda biri-birini qonşu
seçmişdi. Mən bilən, aralarında hətta kirvəlik məsələsi də
vardı. Bir gün sizdə, bir gün bizdə yeyib-içirdilər, qoşa
gedib, qoşa gəlirdilər.
Əlisəmidin «Kentavr» kitabının Yazıçılar Birliyinin
«Natəvan» klubunda təqdimatı keçiriləndə mən məclis
aparıcısından canfəşanlıqla söz alıb şair haqqında ən isti
və ən məhrəm «nitq irad edən» A idi. Onun dedikləri
yadımda qalmasa da, amma çıxışının havasını yaxşı
xatırlayıram. A-nın sözündən belə çıxırdı ki, Əlisəmiddən
yoxdur.
Əlisəmidin Yasamaldakı dördotaqlı təzə mənzilinin (indi
Əlisəmid o mənzildə yaşamır. Çünki Əlisəmidli, A-lı
xatirələrlə dolu həmin mənzil artıq başqasına satılıb.)
«evgördüsü»nə yığışmış qələm adamları arasında qonşusu
A-nın yeri Səlyan idi. (Biz tərəfdə kimin yeri rahatdısa
deyir: «Yerim Səlyandır!»).
A Əlisəmidin cinayətini ona bağışlamadı və istintaq
müddətində orda-burda açıq-açığına bildirirdi ki, bu işdən
keçən deyiləm, o vicdansız beş yaşlı oğlumun ağlaya-ağlaya
dediyi «Əmi, atamı öldürmə!» sözlərinə də məhəl qoymayıb
bıçaqla üstümə cumdu.
Zərərçəkənin danışdığına görə hadisə belə olmuşdu: səhər
Əlisəmid onun mənzilinin qapısının zəngini basır. Həm
qonşu, həm də dost kimi Əlisəmid hər gün bu qapını
döydüyündən, A-nın xanımı heç nədən şübhələnmədən onu
içəri buraxır. Əlisəmid ayağını astanadan içəri qoyan kimi
qəzetə büküb götürdüyü bıçağın örtüyünü açıb tullayaraq
yuxudan təzəcə durmuş A-nın üstünə atılır. Görünür, onun
A-nı öldürmək məqsədi olmayıb, yoxsa bədənin istənilən
yerinə bıçaq yeritmək qulaq kəsmək kimi çətin və incə bir
işi yerinə yetirməkdən min dəfə asandır. A-nın konkret
müqaviməti, yəni digər bədən üzvlərini müdafiəsiz qoyub
yalnız qulaqlarını qoruması, evin xanımının araya girməsi,
uşağın qıy-qışqırığı və bunların fonunda təcavüzkarın bir
balaca özünü itirməsi qəsdçini məsələni tez çürütməyə
tələsdirib. Tələsik iş də yarımçıq olur.
Cinayətin əsil səbəbi, Əlisəmidin lotuluğunun mənası bu
günəcən açılmayıb. O, müttəhim kürsüsünə anlaqsız kimi
çıxmışdı. A da axırda günahı keçmiş qonşusunun və dostunun
dəliliyində gördü.
Əlisəmid türməyə düşmədi, çünki dəli çıxmışdı. Dostları
Akif Kərimovun, Aşıq Pənahın oğlunun, daha kimlərin
köməyilə dəlilik kağızı alan şairi Maştağa dəlixanasında
cinayət törətmiş dəlilərə qatdılar. Bununla Əlisəmid böyük
bir ütüdən qurtardı.
Sözü qoyub, sözə keçim, Əlisəmid dəlixanaya düşəndən sonra
Həmid Herişçi qəzetdə çap etdirdiyi bir yazısında onu
«Dəlisəmid» adlandırmışdı.
Əlisəmid dəlixanadan çıxandan sonra gəlib yapışır Həmid
Herişçinin yaxasından ki, düdük, o nə sözdür işlətmisən
yazında?! Həmid bərk ilişdiyini görüb zarafata keçir:
– Sən ağıllı çıxdın, olmasın Dəlisəmid, olsun Dəlihəmid.
Belə cavaba Əlisəmid nəinki qane olandır, hətta qonaqlıq
da verəndir. Çünki, türmənin oğru qanunlarına görə hərif
yek kəlmədə pas eləmişdi və razborkaya (məsələnin ayırd
olunmasına) ehtiyac qalmamışdı.
Əlisəmid A-ya qədər yaxşı gəlirdi. Bu sözü o mənada
deyirəm ki, qabaqlar onun heç bir dava-dalaşı bıçaqlaşma
ilə bitməmişdi. Yan-böyürü bilir ki, əvvəl də Əlisəmid bir
dəfə türmədə yatıb, amma başqa iş üstə. Düzdür, ötən əsrin
səksəninci illərinin sonunda ölkədə azadlıq hərəkatı
başlananda neçələri kimi Əlisəmid də adam içində «Biz də
onda (yəni qadağalar dövründə) getdik!» deyib istədi
dissidentliyinə görə türməyə düşdüyünü dilə-ağıza salsın,
ancaq keçmədi. Çünki o, bir neçə il əvvəl Xarkovda nə üstə
türmədə yatdığını artıq çoxlarına danışmışdı.
Əlisəmid dəliqanlı, coşqun, kür, kəmhövsələ adamdır, bir
yerdə duruş gətirə bilmir. Kür çayı kür, yəni dəlisov
olduğu üçün «Kür» təxəllüsü Əlisəmidin boyuna-buxununa
biçilib. Dava-dalaş – onun yaraşığıdır. Əlisəmid dililə
yox, həm də əlilə danışan şairdir. Bir dəfə məclisdə
yazıçı Seyran Səxavət dedi ki, Əlisəmid Koroğlunun
dəlilərindəndir. Həmin məclisdə bu fikri Vaqif Bayatlı
başqa cür fırlatdı: «O ki, deyirlər ha ağıllı
fikirləşincə, dəli vurdu çayı keçdi, bax, həmin ağıllı
bilmirəm kimdir, ancaq o dəli Əlisəmiddir, çay da Araz
çayı.»
Ədəbi mühitdə çoxları Əlisəmiddən gen gəzir, A-nın
məsələsindən sonra hətta ondan qorxurlar. Olmadı elə, oldu
belə, bir də gördün onun beyninin qurdu tərpəndi, bıçağı
yortdu böyrünə. Fəhmim məni aldatmırsa, Əlisəmid cibində
bıçaq gəzdirmir, amma çoxları düşünür ki, ondan nə desən
çıxar. Çünki, doğrudan da ilk baxışda o,
oturuşundan-duruşundan şər-xata adama oxşayır.
Şair dostum «Kentavr» kitabının üz qabığında özünü
kentavra - adam başlı ata oxşadıb. Əfsanəvi at-adam olan
kentavr keçmişdə bilmirəm, amma indi gözə görünsə, vahimə
yaradar. Lakin, şirdən, pələngdən, kobradan qorxmayan
adamlar, təlimçilər, ovsunçular tapıldığı kimi kentavra da
mehr salanlar varmış.
Onu tək görmək çətindir, həmişə yanında yançısı olur. Bu
yançı nə təhər Əlisəmidin sehrinə düşürsə, uzun müddət
ondan ayrıla bilmir. Bunun bir səbəbi odur ki, Əlisəmid,
dostu Tofiq Qaraqayanın sözü ilə desək, təkə kimi
qabağadüşəndir, işdüzəldəndir, tikəsini yarıböləndir.
Təkcə onu deyim ki, bir neçə qələm dostu məhz onun
zirəkliyi hesabına Baksovetdən mənzil qopardıb.
Tofiq Qaraqayanın adını çəkdim, bu həmin mübarək şəxsdir
ki, bir zaman Əlisəmid onunla gəzərdi. Əlisəmid Tofiqi
günüsü sayırdı. Bilmirəm Əlisəmid «Günü» ayamasını haradan
tapıb şair dostunun belinə yükləmişdi, çox vaxt dostunu
«Günü» deyə çağırırdı. Tofiq də Əlisəmidə ad tapmışdı:
«Canavar».
«Canavar»la «Günü»nü ədəbi mühitin adamları həmişə bir
yerdə görərdi. Gah bu onun, gah da o, bunun kölgəsinə
çevrilərdi. Yazıçılar Birliyinin mərtəbələrində,
jurnal-qəzet redaksiyalarında, çayxanalarda, kafelərdə
onları qoşa, pilləkən, keçid dar olanda isə dal-qabaq
addımlayan görərdik. Tez-tez sahman rayonlara qonaq
gedərdilər. İndinin özündə də ədəbi mühitdə dolaşan adam
mütləq hər gün Əlisəmid və onun yazıçı ekiztayına rast
gəlməlidir. Baxmayaraq ki, o, «Yol»un baş redaktorluğundan
sonra heç bir ədəbi orqanda işləməyib.
Əlisəmid Tofiqdən aralanıb (deyəsən hansısa haqq-hesab
üstə pozuluşmuşdular.) fotoqraf Şahinə qoşuldu. Fotoqraf
Şahinin it ilindən qalma köhnə bir fotoaparatı vardı,
həmişə boynundan asdığı qara çantasında olardı. Kişinin
oğlu guya Əlisəmidin böyründə balalarına çörək qazanırdı.
Əlisəmid hansı qapını döyürdüsə, onun yançısı fotoqraf
Şahin mütləq tanış olduğu adamın şəklini çəkməliydi. Tutaq
ki, şair təzə çıxan şeir kitabını kiməsə verib ondan
muştuluq, şirinlik, nə bilim Yafəs Türksəs demişkən, nəmər
alanda fotoqraf Şahinin fotoaparatı çırıkkaçırıq
işləyirdi. Ancaq Əlisəmidin mənə boyun aldığına görə,
Şahin hələ bir adamın şəklini çıxardıb yiyəsinə verməyib,
işi hoqqabazlıqdır.
Bir ara Əlisəmid Murad Köhnəqala ilə oturub-durdu. Daha
doğrusu, Əlisəmidə «oturub» sözü yaraşmadığına görə elə
təkcə «durdu» sözü ilə də kifayətlənmək mümkündür.
(Aralarından su da keçməyən vaxtlarda Murad bir gecə
Əlisəmidgildə qonaq qalası olur. Səhər yuxudan oyanıb
hamamda üzünü qırxmaq istəyən qonaq ətrafa göz gəzdirib
görür ki, güzgü yoxdur. Əlisəmidi səsləyir:
– Səmid, (bəzən dostları onu belə çağırır.) bir güzgü
qırığı ver, üzümü qırxım.
Əlisəmid cavab verir:
– Mən güzgüsüz də keçinirəm, üzümü əzbər bilirəm).
Muradın sözüdür: «Bakıda Əlisəmid Kürdən çox piyada gəzən
yoxdur». Axırda Murad Əlisəmidlə ayaqlaşa bilmədi, biri
yorğa yeriyən, biri astagəl, ayrıldılar. Ancaq ayrılmazdan
əvvəl onlar qəribə bir sövdaya düşdülər. Bilmirəm,
indikilərin dililə desək, bu layihə hansının idi.
Günlərin bir günü səhər vaxtı (Səhərdirsə, sabahınız
xeyir!) Əlisəmid iş yerimə gəlib qonaq-qara üçün, yəni həm
də ondan ötrü siyirtmənin gözündə saxladığım qutudan bir
siqaret götürüb alışdırdı və dərin qullab vurandan sonra
köks ötürüb dedi:
– Əji, (məni ondan başqa belə çağıran olmayıb) qapıları
döyməkdən yorulmuşam. Daha yaş da o yaş deyil. İstəyirəm
bir işin qulpundan yapışım.
– Hansı işin? – maraqla soruşdum.
– İstəyirəm – o dedi – Muradla Təzə bazarın yanındakı
«Badi-kubə» kafesini kirayəyə götürüb işlədəm. (Onun
xarakterinin bir cizgisini də görün: O heç vaxt «işlədək»
deməz. Çünki, rəhbərliyi şəriklikdən üstün tutur. Əlisəmid
kiminlə, yaxud kimlərlə gəzibsə, həmişə dəstəbaşı olub.)
Bu bazar günü axşam saat altıda dost-tanışı yığıb açılış
etmək fikrindəyəm. Sən də gələrsən.
Şair dostumun qulpundan yapışmaq istədiyi iş mənə gülməli
göründü. Düşündüm ki, Əlisəmid – Murad hara, ticarət hara?
Amma, üstünü vurmadım.
Əlisəmidin çağırışına getməmək olmazdı, sonra mütləq
umu-küsü eləyəcəkdi, ona görə də deyilən vaxtda özümü
«Badi-Kubə»yə çatdırdım. Məni qapıda Əlisəmid özü
qarşıladı, hallı idi, yaxşıca vurmuşdu. O üzümdən, bu
üzümdən marça-març öpüb mənə içəri keçməyi buyurdu. Hətta
kövrəlib ağlamsındı da, guya uzun həsrətdən sonra ən böyük
arzusuna çatmışdı. Əslən Salyandan olan yazıçı-jurnalist
Mailə Muradxanlı bir dəfə dedi ki, səlyanlı (şifahi dildə
«Səlyan» deyirik) kişilər yaşa dolandan sonra kövrək
olurlar, göz yaşları sanki ovuclarının içindədir. Səlyanlı
Əlisəmidi isə yaşa dolmamışdan qabaqlar da ürəyiyuxa
görmüşəm. Araq içdisə, hər hansı bir səbəbdən mütləq
dodaqlarını əsdirib gözlərindən bir-iki damcı yaş
çıxardacaq.
Kafenin ortasında stollar birləşdirilib xudmani süfrə
açılmışdı. Süfrədə nə yox idi? Rus arağından, Neftçala
kürüsündən və balığından, Hövsan soğanından, Zirə
xiyarından, pomidorundan tutmuş Xırdalan pivəsinəcən.
Qonaqlar yığışandan sonra süfrənin başında oturmuş şair
Sabir Rüstəmxanlı ayağa duraraq məclisi açıb Əlisəmidin
təzə işinə xeyir-dua verdi. (Yenə də Murad Köhnəqalanın
adı çəkilmədi, yəqin ki, Sabir müəllimin şərikdən xəbəri
yoxdu, Əlisəmid hər şeyi öz adına çıxmışdı.) O, cəmiyyətin
şairdən qəhrəmanlıq, şəhidlik umması, onun şəxsi həyatına
laqeyd qalması, ziyalıların öz qiymətini almaması, zamanla
ayaqlaşmağın vacibliyi və s. məsələlərlə bağlı danışıb
sağlıq deyəndən sonra keflilikdən güclə ayaq üstə duran
Əlisəmidə baxıb əlavə etdi:
– Əlisəmid, bu işin himini araqla qoydun, sənə çətin
olacaq.
Sabir Rüstəmxanlının zənni ikicə günün içində düz çıxdı.
Mən məclisdə axıra qədər oturmamışdım. O gecə səhərə qədər
«Badi-kubə»də «ley-pey» olur. Ertəsi gün axşam ayılıb iş
yerinə gələn Əlisəmidə və şəriki Murada bildirirlər ki,
kafenin elektrik sərfindən iki min dollara yaxın borcu
var. Əlisəmidlə Murad borc qaytarandır?! Ay-hay, ölmüşdü
Xankişi… Beləliklə, biznesin ilk zərbəsi iki şairin
sinəsindən itələyib onları köhnə mühitlərinə qaytarır.
Əlisəmid tək gəzə bilməz, bağrı çatlar. Ən azı ondan ötrü
ki, ona yol yoldaşı, hər gün görüşməyə bir kimsə və
nəhayət, sağlıq deyib badəni toqquşdurmağa hal əhli
lazımdır. O, dəlixanadan-türmədən qayıdandan sonra Mübariz
Məsimoğlu ilə tapışdı. Aradan neçə il keçsə də, onlar bir
yerdədirlər. Düzü, son illərdə başım işə qarışdığına görə
onlardan ara-sıra xəbər tuturam. Eşitdiyimə görə, əsas
mərələri keçmiş qoburnat, indiki, filarmoniya bağının
çayxanasıdır. Əlisəmid keçmiş curları ilə hansı fəaliyyət
növü ilə məşğul idisə, Mübarizlə də həmin həyat tərzini
yaşayır.
Əlisəmidin görkəzmə işləri çoxdur. Məsələn, az adam bilir
ki, onun arağı içib sonra yonma araq stəkanını dişləyib
çeynəməyi var. Tanımayan adam onun bu hoqqasını görəndə
bağrı yarılır, amma mənim kimi onu tanıyanlar Əlisəmidin
həngamələrinə öyrəncəlidir.
İlk dəfə Xarkovda iş alıb türməyə düşən gün kameraya daxil
olanda onun başına bir əhvalat gəlir. İçəridəkilər pivə
içirmiş. Bir nəfər yonma stəkana pivə süzüb Əlisəmidin
qənşərinə qoyur. Əlisəmid ətrafa baxanda görür ki, başda
şöngümüş pəzəvəng bir dustağın gözləri onu yeyir. Hamı
stəkanda pivə içdiyi halda, bu adamın iri parçda pivə
içməyindən Əlisəmidin dalağı sancır ki, gözlərini ona
zilləyən yekəpər içərinin bərkgedənidir və sınayıcı vəhşi
nəzərilə birinci gündən onun gözünü qırmaq istəyir.
Türməyə girməzdən əvvəl Əlisəmidin qulağı çalıbmış ki,
gərək türmədə ilk gündən özünü göstərəsən, yoxsa batdın,
axıracan qapazaltı olacaqsan.
Əlisəmid asta-asta pivəsini içirmiş və arabir oğrun-oğrun
baxırmış ki, görsün rəqibi neynir. Bu zındıq oğlu zındıq
gözlərini ondan çəkmirmiş ki, çəkmirmiş. Axırda Əlisəmid
ona «xox» gəlmək fikrinə düşür. O, köhnə şakərini işə
salıb, qəfildən əlindəki boş yonma stəkandan bir diş
götürüb çeynəyə-çeynəyə qızmış aslan kimi pəzəvəngin
üstünə hücrəyir. Pəzəvəng təmkinini pozmadan qarşısındakı
boş yarımlitrlik pivə parçını götürüb at ağzı ilə dişləyir
və ən dadlı tikəni çeynəyirmiş kimi şüşəni gəvələməyə
başlayır. Əlisəmid hesabını götürür və dala verir, olur
birdəfəlik parçda yox, yonma iki- yüzqramlıq stəkanda pivə
içənlərdən biri.
Başqası olsaydı, bu əhvalatın axırını öz xeyrinə
dəyişərdi. Ay nə bilim, divə kəllə atdım, yaxud ona birini
ilişdirdim və s. Əlisəmid kəllə atan olsa da, etmədiyini
«Etdim!» deməz, başına gələnlərin hamısnı olduğu kimi
boynuna alandır. Bax, onun ürəyimə yatan cəhətlərindən
biri budur.
Dəngül-düngül Əlisəmiddən yazan bəzi qələm dostlarımız
kimi mən də onun tərifini ala dağa qaldıra bilərəm. Elə
bilirsiniz bacarmaram?! Allaha şükür, yaşadığım mühitdən
mən boğazdanyuxarı danışmağı da öyrənmişəm, boğazdanaşağı
danışmağı da. Amma çox yaxşı bilirəm ki, Əlisəmidə belə
şeylər keçmir. Ona görə də qələmin başını buraxmışam.
Əlisəmid dişinə yem olan adamın qənimidir. Onunla bir
yerdə olanda bilsə ki, sənə gücü çatır, qanın getdi. Bu
sözləri elə-belə demirəm, 1990-cı il dekabrın 26-dan
1991-ci il aprelin 15-nə qədər, 3 ay, 21 gün Əlisəmidlə
bir yerdə işləmişəm. Bir otaqda, başda o, ayaqda mən,
üz-üzə otururduq. O zaman həmin idarənin, Bədii
Ədəbiyyatın Təbliği bürosunun direktoru Hafiz Əli idi.
Hafiz Əli kimi ağırxasiyyətli, sərt, inzibatçı bir adamla
işləmək dəmdəməki, cırtqoz, kəmhövsələ, nəinki Təbliğat
Bürosunun çat-çat olmuş, rəngi bozarmış dörd divarının
arasına, hətta yerə-göyə sığmayan Əlisəmid üçün necə
məşəqqətli və cansıxıcı iş olduğunu anlamayana nə
deyəsən?! Hafiz Əlinin Əlisəmiddən acığı gəlirdi. Həmişə
ehtiyat edirdi ki, gözü-başı qaynayan bu dikbaş onu yıxıb
yerinə keçəcək. Hətta bir dəfə hansısa məclisdə biri
Əlisəmidə tanışlıq verib Hafiz Əlinin qohumu olduğunu
bildirəndə gözünə döndüyüm Kür yekə-yekə cavab verib ki,
hə, o, bizim işçimizdir. (Direktorumuz yox ha, işçimiz)
Hafiz Əli kimi suyu üfürə-üfürə içən adam işçisinin bu
itaətsizliyini necə həzm etsin? Beləsinin ipinin üstünə
odun yığmaq olar? Bir də gördün verdi səni güdaza.
Əlisəmid rəhbərinin yanında etibarını tam itirdiyinə görə
direktor onu gözdən qoymurdu, hər addımını izləyirdi.
Əlisəmid də bu nəzarəti açıq-aşkar duyduğuna görə möhkəm
darıxırdı, az qalırdı bağrı çatlasın. Qəfəsdəki yalquzaq
kimi balaca iş otağımızda deyinə-deyinə var-gəl edirdi.
Belə vaxtlarda yalquzaqdan onun vur-tut bircə fərqi vardı:
o da siqareti-siqaretə calamağı. Ən dəhşətlisi bu idi ki,
direktor onun çox siqaret çəkməyinə də deyinirdi və
Əlisəmid altdan-altdan özünə təzə iş axtarırdı. Onsuz da
90-cı il yanvar qırğınından sonra cəmiyyət o qədər
siyasiləşmişdi ki, ədəbiyyata maraq dəqiqəbədəqiqə
azalırdı. Daha bizim idarəyə pul köçürdüb şairləri,
yazıçıları görüşə çağırmırdılar, qəpiksiz-filansız
siyasətlə məşğul olanları dəvət edirdilər. Hafiz Əli öz
kreslosundan bərk-bərk yapışsa da, belə perspektivsiz iş
Əlisəmidin nəyinə lazımdı?
İşçi kimi Əlisəmiddən bəhs etmək o qədər də maraqlı deyil.
Onunla işlədiyim üç ay yarımda həmişə bu insanın fikrini
dağınıq gördüm, işdə əli heç nəyə yatmırdı. Yalnız
dostları gələndə fikri cəm olurdu, kefi durulurdu.
(Tofiq Qaraqaya hər gün Təbliğat Bürosuna gəlib dostuna
baş çəkirdi. Son zamanlar o, tez-tez İçərişəhərdə yaşayan
Əlisəmidə təklif edirdi ki, gəl, səhərlər dəniz qırağında
qaçaq, siqareti, içkini ataq, bədənimizi möhkəmləndirək.
Hər dəfə iş yoldaşım bu təklifdən sonra üzünü turşudub
susurdu və siqaretə cumurdu. Günlərin bir günü Tofiq yenə
öz təklifini səsləndirəndə Əlisəmid partladı:
– Günü, bəsdir də! Atam xəstə, anam xəstə, qardaşımın biri
türmədədir, biri dəlixanada, özüm də arvadımdan təzə
ayrılmışam. Tanış-bilişin biri görüb deməz ki, ay alçaq,
hansı gününə qaçırsan?!).
Bütün sənət adamları kimi onu da şöhrət azarına tutulmuş
gördüm. Güc çatmayan xeyirxahlıq illüziyası, özündən
zəiflərə əl tutmaq xülyası şöhrətpərəstliyin bir
əlamətidir. Neyləməli, hər yaradıcı adamın nəsə bir, bəzən
bir neçə kəm-kəsiri olur.
Əlisəmid bəzən gülünc xeyirxah roluna girir. Bir misal
çəkəcəyəm: Soyuq və tutqun qış günü idi. İş otağımız qışa
bütün güzəştləri edib onu içəri buraxmışdı. Təsəvvür edin:
tavandan damır, «otopleniye» deyilən sovxa işləmir,
pəncərənin dəlmə-deşiyindən külək sovrulur, içəridə
çöldəki hava temperaturu və ən dəhşətlisi, Hafiz Əli iş
yerində yüzcə qram da araq içməyə qoymur. (Əlisəmid bu
vaxta qədər harada işləyibsə, orada hərdən yüz gillətməyə
imkan olub). Hər ikimizin soyuqdan dişi-dişinə dəyir.
Səbrsizliklə gözləyirik ki, iş günümüz başa çatsın. Bu
vaxt qapıda qaçqın, başdanxarab, Əlisəmidi tanıyan
qrafoman Kərim Nalə görünür. Əlisəmidin ona ərki varmış,
bic-bic qımışır və soruşur:
– Maygülü, bu şaxtalı havada nə sülənirsən?
– Əlisəmid, – Kərim Nalə dillənir – qaranlıqda qalmışam,
evdəki lampıçkaların (lampaların) hamısı yanıb. Lampıçka
axtarıram.
– Bura lampıçka dükanıdır?
– Sənə umud olub gəldim, şair!
Əlisəmidə ümid eləyirlərsə, şair (belə çağırılanda xoşu
gəlir) mütləq hərəkətə gəlməlidir və gəlir də. O,
stullardan birini ayağının altına qoyaraq yazı stolunun
üstünə çıxıb patrondan yeganə lampanı açır və şəstlə Kərim
Naləyə uzadır. Kərim Nalə Əlisəmidlə məni işıqsız qoymağa
razı olub lampanı alır və dil-ağız eləyə-eləyə bizdən
ayrılır. Mən dinmirəm, niyə pis oğlan olum? Bir lampa nə
olan şeydir?
İndicə direktorun içəriyə girib otağı işıqsız görə
biləcəyi xofu Əlisəmidi diksindirir. O, «İndicə gəlirəm!»
deyib otaqdan çıxır. Təxminən on dəqiqədən sonra böyük
qənimətlə geri qayıdır. Bizim Bədii Ədəbiyyatı Təbliğ
bürosu, «Azərbaycan», «Ulduz», «Qobustan», «Literaturnı
Azərbaycan» jurnalları, «Ədəbiyyat fondu» və Karantin
idarəsi yerləşən «Bakı soveti» metrosunun qabağındakı
Mirzəbəyovun binasının V mərtəbəsinin dəhlizindən dörd
lampa açıb gətirib. O, lampalardan üçünü stolun
siyirtməsinə qoyub, birini bayaqkı üsulla patrona
bağlayır. Otağımız yenidən işıqlanır.
Mən özümü saxlaya bilmirəm:
– Bir lampa bəsimiz idi də.
O, siqaretini alışdırıb həmişəki kimi dərin qullab vuraraq
müdriklik edir:
– İndi işıqsız qalan çox kərimnalələr var. Bir də gördün
biri azıb gəldi.
Baş aparıram:
– Hamam suyu ilə dost tutursan?
O, gülümsəyir:
– Təki dostun çox olsun!
Bu vaxt qapı döyülür.
– Deyəsən, bir dost da gəldi, Əlisəmid! – deyirəm.
– Qapı dalında durma, kimsənsə, gəl! – Əlisəmid səsini
qaldırır.
Qapı açılır, qonaq nabələd adama oxşayır. O, döyükə-döyükə
bizə baxıb soruşur:
– Ağalar, İsrafil ağa buralarda oturey?
Danışığından qonağın güneyli olduğu dərhal bilinir. Hələ o
vaxtlardır ki, sərhədlər təzə açılıb, İrandan, Türkiyədən
gələn adamları görən kimi hövllənirik. Onlara sevgimizi
izhar etməkdən ötrü əldən-ayaqdan gedirik. Sonralar
görməmişlik, (doğrudan da görməmişdik də) eyforiya
dövrümüz keçəcək, insanın elə hər yerdə insan olduğuna bir
daha inanacayıq, hətta bir çox güneyli soydaşlarımızı
görəndə üzümüzü yana çevirəcəyik. Nə isə…
Qayıdaq yenə həmən vaxta, Əlisəmidlə mənim güneyli qonağı
qarşıladığımız günə.
Qonaq beş-on kəlmə danışan kimi məlum oldu ki, o, Ərdəbil
ətrafı kəndlərin birindən Bakıya iş axtarmağa gəlib,
bənnalığı bacarır. Bu anda ötən əsrin əvvəlləri haqda
oxuduqlarım yadıma düşdü. O zaman İrandan Bakıya ya
tacirlər gələrdi, ya da hamballar. Neft mədənlərində də
iranlı fəhlələrlə hambal kimi davranırdılar. Aradan
səksən-doxsan il keçmişdi, tarix əclafcasına təkrar
olunurdu. Yəqin ki, Əlisəmid də təxminən mənim
düşündüklərimi fikrindən keçirirdi. O, güneyli
qardaşımızın halına bərk acıdığından cibindən bir qırmızı
sovet onluğu çıxardıb ərklə qonağın döş cibinə basdı.
Ürəyi soyumadı, qeyrət vaxtının yetişdiyini duyub məni də
tasa düşməyə çağırdı:
– Əjdər, sən də əziz qonağımıza bir onluq ver, qardaş dar
gündə qardaşa əl tutmalıdır.
Mən də Əlisəmid kimi daxilən şeşələnib əlimi cibimə atdım
və pullarımdan bir onluq ayırıb qonağın Əlisəmid kəşf edən
cibinə qoydum.
Mirzə Cəlil demişkən, keçəl-küçəl, burnu fırtıqlı,
bitli-birəli qardaşımız gedəndən sonra Əlisəmid siqaret
alışdırıb dartdı və ayıldı. Deyəsən onun kövrək duyğuları
əldən verdiyi sonuncu pulu ilə getmişdi. O, deyinməyə
başladı:
– Harda dədəsindən-nənəsindən küsən var, gərək gəlib mənə
ürcah ola. Onca manat pulum qalmışdı, onu da bu oğraş
apardı.
Sonra o, üzünü mənə tutdu:
– Səndə pul var, on manat mənə borc ver! Görək başımıza nə
gəlir. (O zaman Əlisəmid tez-tez qonşu «Qobustan»
jurnalında işləyən şair Tofiq Abdindən xırda borclar alıb
adını onun borc dəftərinə yazdırardı.)
Məndən on manatı qopardandan sonra Əlisəmidin kefi
kökəldi. Təki onun əlində pul olsun. Bu pul azdır-çoxdur,
borcdur, əmanətdir, dəxli yoxdur, mütləq həmin gün son
qəpiyinəcən xərclənməlidir. Sonrası?! Eh, məyər o,
sonrasını düşünəndir?!
Əlisəmid pul tapmaqda qoçaqdır, zalım balası pulun iyini
bilir. Əlisəmidlə çox oturub-durmuşlardan biri – Adil
Mirseyid danışırdı ki, bir dəfə mən, Aydın Uluxanlı və
Əlisəmid içmək istəyirdik, ancaq pulumuz yoxdu.
«Azərnəşr»in qabağında xeyli dayansaq da, ərk ediləsi bir
tanışa rast gəlmədik. Birdən Əlisəmid itdi. Aradan on-on
beş dəqiqə keçərdi, ya keçməzdi, yanımızda bir taksi
saxladı. Taksinin arxa oturacağında əyləşmiş Əlisəmid
əlində tutduğu iki iyirmibeşliyi pəncərədən çıxardıb
dililə «Heyvagülü» çalmağa başladı. Bizim üzümüzə işıq
gəldi, tez maşına təpildik. Yeməkxanada oturub bir şüşə
arağı gillədəndən sonra ondan pulu hardan tapdığını
soruşduq. Məlum oldu ki, qardaşımız yüzmanatlıq təzə dəri
çantasını hansısa mağazanın sahibinə yarı qiymətə satıb.
Təki məclis qurmağa imkan olsun. Əlisəmid belə
Əlisəmiddir.
İki ildən artıq Maştağa dəlixanasında yatmağa məhkum
edilən Kürün yanına Vaqif Bayatlının, Adil Mirseyidin,
başqa dostlarının getdiyini eşitmişdim. Hətta Adil gecə
dostu ilə bir çarpayıda baş-ayaq yatması barədə mətbuatda
yazmışdı. Ancaq nə qədər yaxın olsaq da, mən onu bir dəfə
də yoluxmadım. Elə buna görə də o, dəlixanadan çıxandan
dərhal sonra mənim dönüklüyümün səbəbini öyrənməkdən ötrü
boğazıma çökdü. İş yerimin qabağında qucaqlaşıb, öpüşüb,
görüşüb iyləşəndən sonra birinci kəlməsi bu oldu:
– Səni çox gözlədim, nöş yanıma gəlmədin?
Quru-quru dilləndim:
– On il də yatsaydın, yanına gəlməzdim.
– Bıy?! Nöşün ki?! – O, əsl səlyanlı kimi təəccübləndi. –
Akifə görə?
– Yox!
– Bəs…
– Eşidəndə ki, hadisədən bir az qabaq ikinci arvadından da
ayrılmısan, səndən zəndeyi-zəhləm getdi. İki arvadı
başsız, dörd uşağı yetim qoymusan.
Qırmızı danışığımdan Əlisəmidin dili tutuldu. Möhkəm
ilişmişdi. Onu hər hansı məsələdə «neprav» (haqsız)
çıxartmaq elə də asan məsələ deyil. Yarasının közü
qopardılan, uşaqlarından iki il gen düşən anadangəlmə
kövrək şairə indi gəl tamaşa elə! Əlisəmid leysanı
başlamışdı…
Handan-hana dostumu sakitləşdirdim və taksiyə mindirib
Salyana – anası ilə görüşə yola saldım. Onu da deyim ki,
o, bərkə düşəndə Salyana, köhnə dostlarının yanına
qaçandır.
Heç nədən çəkinmədən sözü üzə şax deyən, ürəyindəki
dilində olan, işi düşdüyü adamın qapısın ərklə döyən,
inadkar, ərincəklikdən min ağac uzaq Əlisəmidin daha hansı
özəlliklərini dilə gətirmək olar? Hövsələnizi basın,
deyə-deyə gəlirəm.
Onun küyə getməyi də var. 1990-cı ildə Bakıda 20 yanvar
qırğınından sonra cəmiyyətin başqa təbəqələri kimi bir
dəstə yazıçı da SSRİ Yazıçılar İttifaqının və Kommunist
partiyasının üzvlüyündən çıxmaq barədə məsələ qaldırır. Bu
çağırışa qoşulmaq üçün digər yazıçılara zəng edənlərdən
biri də Bədii Ədəbiyyatı Təbliğ bürosunun əməkdaşı şair
Əlisəmid Kür olur. Və o, yekə yerdən yapışıb Sovet
hökümətinin hər üzünü görmüş, ayıq, tükü-tükdən seçən
yazıçı Mirzə İbrahimovun evinə zəng vurur. Dəstəyi yazıçı
özü qaldırır:
– Bəli!
Əlisəmid onu salamlayıb özünü nişan verir:
– Mirzə müəllim! Sizi narahat edən şair Əlisəmiddir, Bədii
Ədəbiyyatı Təbliğ bürosunun əməkdaşı.
Belə səksəkəli vaxtda zəng edənin məhrəm yerdən olması
Mirzə müəllimə xoş gəlir:
– Eşidirəm, oğlum!
Əlisəmid yazıçını məsələdən agah edir.
NKVD, KQB xofu canından çıxmayan, neçə dəfə gözdən
salınmış, incidilmiş Mirzə müəllim necə şübhəyə düşməsin?
Bəlkə onu sınağa çəkirlər?! Bəlkə ona qarşı təxribat
törətmək istəyirlər?! Hər halda ehtiyatlı olmaq gərəkdir.
O, yenidən soruşur:
– Üzr istəyirəm, kimdir dediniz?
Şairin hövsələsi daralır:
– Əlisəmid!
Mirzə müəllim:
– Əlisafir?! Yox, mən belə yazıçı tanımıram! – deyib
dəstəyi asır.
Qocaman sənətkar, ictimai xadim provokatordan canını
qurtarıb rahat nəfəs alır, havalı şair isə köhnənin
kommunistini ürkütdüyünə görə şellənir. Birinə nəticə
lazımdır, birinə məzəli situasiya.
Əlisəmidin tez-tez danışdığı bir əhvalat: «Bir dəfə Vidadi
Məmmədov, mən və iki-üç yazıçı çayxanada oturub çay
içirik. Birdən fantast yazıçı Namiq Abdullayev çayxanada
peyda olub yanımızda əyləşir. Vidadi Məmmədov sadəlövh
Namiq Abdullayevin zəif damarını tutub deyir:
– Namiq müəllim, bayaqdan burda müzakirə gedir. Atışıb pul
yığmışıq, yeyib-içmək istəyirik, ancaq bir qərara gələ
bilmirik nə alaq. Araq, konyak, yoxsa çaxır?
Namiq Abdullayevin gözləri alacalanır, dili-dodağı əsir və
o, tələsik dillənir:
– Vidadi, nə fərqi var, içki olsun də…
Vidadi ciddiləşir:
– Namiq müəllim, özünüzü ələ alın, «Yeyib-içmək» adı
eşidən kimi ifraz etdiyiniz mədə şirəsini geri qaytarın,
zarafat edirdim, pulumuz yoxdur, nə yemək, nə araq, nə
konyak, nə də çaxır olacaq.»
Əlisəmid hər dəfə bu əhvalatı elə şövqlə, elə həvəslə, elə
yerli-yerində danışır ki, sanki danışdığı dünən olub.
Əlisəmid as qumarbaz olmasa da, onun arabir kart sıxmağı
var. Hətta həyatda da hərdən qabaqdangəlmişlik,
çoxbilmişlik eləmək istəyəndə, rəqibinin gözünün odunu
almaqdan ötrü canı-başı özü ilə olmayanda qarşısındakına
xox gəlir: «Get özünə, məndə üç tuzdur!» Əslində o, düz
deyir, onda həmişə üç tuz olur, amma bu tuzların bəzən
biri, bəzən ikisi, bəzən, hətta üçü də saxta olur.
Təsəvvür edin, şıdırğı qumar gedir, oyunçular bir-bir «Mən
pəs!» deyib oyundan çıxır, axıra qalan Azər Əbilbəyli
(yazıçıdır, indi Almaniyada yaşayır) ilə Əlisəmiddir.
Ortada xeyli pul yığılıb. Gözlər alacalanıb, görək kim
kimi yeyəcək?! Əlisəmid özünü əsl qumarbaz kimi göstərir,
ürəkli gedişlər edib pulu artırmaqda davam edir. Azərsə
rəqibinə və ətrafdakılara tox-tox baxıb arxayın-arxayın
bığaltı gülümsəyir. Axırda Azər son gedişini edib
dillənir:
– Əlisəmid, açıl!
Əlisəmid şəstlə üç tuzu stolun üstünə çırpır.
Azərin gözləri kəlləsinə çıxır:
– Axı, məndə də üç tuzdur – o, kartlarını açır. – Bu necə
ola bilər, Əlisəmid?!
Bu vaxt Əlisəmid pulları qamarlayıb cibinə dürtə-dürtə
deyir:
– Bunu özündən soruş, mənim əlim düzdür!
Aldandığını sübut edə bilməyən ölüvay Azərin deyinməkdən
başqa nə çarəsi var?! Günahını Əlisəmidin boynuna qoymaq
olar?!
Şair Sabir Sarvan Əlisəmidin doxsanıncı illərin
əvvələrində «Azərbaycan» nəşriyyatında rəssam Gündüzün (bu
da Almaniyaya köçüb) emalatxanasında baş verən qumar
sərgüzəştləri barədə maraqlı müşahidələrini mənə danışır:
«Əlində az xal olsa da, Əlisəmid hər oyunun sonuna qədər
udmaq şansını əldən vermək istəmir. Bir dəfə qumarda o,
mənimlə axıra qalmışdı. Üz damarlarının titrəməsindən
aydınca oxuyurdum ki, hərif hərbə-zorba gəlir, əli
aşağıdır. Əvvəlcə məni qaçırmaq məqsədilə o:
– Sabir, biz dostuq, ziyanın yarısından qayıtsan yaxşıdır.
– dedi.
Mən möhkəm dayanıb oyunu davam etdirdim.
Əlisəmid bir az geri çəkildi:
– Sabir, dostumsan, səndən keçə bilmirəm, görürəm inad
edirsən, eybi yox, gəl bölüşək.
Mən partladım:
– Əclaf, qumarda nə dostluq? Oyununu oyna!
Rəqibinin saqqalığını görən Əlisəmid daşın qayaya rast
gəldiyini anlayıb dilləndi:
– Yaxşı, bu oyunu sənə güzəşt edirəm, pulları apar! Ancaq,
yerpulumu qoyacaqsan.
Görürsən, o, nəsə qopartmadan adamın yaxasından əl çəkən
deyil.
Bir dəfə də qumar vaxtı Əlisəmid görür ki, stolun altında
iyirmidollarlıq göyərir. Yəqin ki, bu pul buradakılardan
kimsə əlini cibinə salıb-çıxardanda yerə düşüb. O, baş
sındırır, pulu yerdən necə götürsün ki, oyundaşları
görməsin. Belə məsələlər ortaya çıxanda onun beyni iti
işləyir, tez ayağa durub guya ayaqqabısının qopmuş
hissəsini yapışdırmaq məqsədilə yapışqan götürür və
diqqəti cəlb etmədən ayaqqabısının pəncəsini iki yerdən
azacıq yapışqanlayaraq (pul korlanmasın deyə) sivişib
yerində oturur. Növbəti əməliyyat ayaq uzadıb onunla
üz-üzə oturmuş oyunçunun – iş yoldaşımız Kənanın stulunun
altından pulu götürməkdir. Lazım olanda Əlisəmid qolunu və
qıçını dartıb uzada bilir. Odur ki, o, rezinləşmiş qıçını
gərib pulun üstünə şığımaqla əskinası hop götürür.
Kənan əlini cibinə atıb pullarını çıxardanda
iyirmidollarlıq gözünə dəymədiyindən o biri ciblərini
ələk-vələk etməyə başlayır və bu qənaətə gəlir ki, pulu
çırpışdırılıb. O, səs-küy salıb rəqibləri arasından oğrunu
axtarır.
İndicə söyüşmə başlanacağını duyan Əlisəmid oğru ayağını
ayaqqabıdan çıxarır.
Kənan söyüşə keçir: Mənim pulumu kim oğurlayıbsa, onun
var-yoxunu…
Əlisəmid özünü inandırır ki, söyüş ona yox, ayaqqabıya
gedir, ona görə də sudan duru çıxmaq üçün Kənana qoşulur:
– İyirmidollarlıq hansı alçaqdadırsa, bu kişinin pulunu
qaytarsın. Belə namərdlik olmaz. Gəlin, ciblərinizi
çevirək.
Əlisəmid bir ayağı yalın, bir ayağı ayaqqabılı yerindən
qalxıb bütün ciblərini çevirir və özünü təmizə çıxarır.
Yazıq Kənan nə bilsin ki, doğrudan da pul heç kəsdə deyil,
soyunulmuş ayaqqabı tayının altına yapışdırılıb.
Qumar məclisi dağılandan sonra Əlisəmid ayaqqabısının
tayını ayağına keçirdib pulu zay eləməsin deyə həm
asta-asta, həm də taytıya-taytıya «Azərbaycan»
nəşriyyatının binasından aralanır və dalda bir yerdə
üsulluca əskinası ayaqqabısından ayırıb cibişdanına
basır.»
Uşaqlıqda dayısı Əlisəmidə kostyum alıbmış. O, köhnə
paltarını soyunub təzə kostyumu geyinən kimi, əynindən
çıxanları büküb-bükməliyib Kürə qaçır və qoltuğundakını
çaya tolazlayır. Binadan başında qalıb, onun əyninin
dəyişəyi olmaz, təzə paltar alan kimi köhnəsini ya atmalı,
ya da kiməsə bağışlamalıdır. Son illərdə hər dəfə o,
nimdaş paltarını Bakının «qul bazarı» deyilən yerlərinə
yığışan qaçqın işaxtaranlardan birinə verməsə, ürəyi
soyumaz.
Əlisəmid əliaçıqdır, həm də eləsindən ki, onu xəzinə
üstünə qoysan, bir həftədən sonra gəlib görərsən ki,
nəinki xəzinənin içindəkilər tanış-bilişə paylanıb, hətta
xəzinənin yerləşdiyi bina da dostlardan birinin ayağına
keçirilib. Ancaq onun bir eybi də budur ki, elədiyini başa
qaxandır. Təsəvvür edin, o, Adil Mirseyidlə hansısa kafedə
oturub bir şüşə arağı boşaldıb hallanandan sonra cibində
qalan son manatları çıxardıb dostu ilə yarı bölür. Adil
peyğəmbərlərdən birinin görkəmini alıb deyir:
– Sağ ol, əziz dost! Uşaqlarımı da unutmursan, bu axşam
onlara çörək aparacağam. Ancaq səndən bir xahişim var.
– Nə xahiş? – Əlisəmid şeşələnir.
Adil Mirseyid yazıq-yazıq dillənir:
– Mənə qarşı heç vaxt «buynı» (amansız) olma! Axı, biz
qardaşıq.
Əlisəmid özündən çıxır:
– Sənə qarşı necə «buynı» olmayım? Arağı mənim «şot»uma
içirsən, cibinə pulu mən qoyuram, ancaq sən ayılan kimi
məni hərrəməyib Abbas Abdullaya şeir həsr edirsən, Elçinə
açıq məktub yazırsan.
Əlisəmidin əbədi və ədəbi məntiqi budur: onunla
oturub-durursansa, mütləq hər işdə ona qahmar çıxmalısan.
Ancaq onun əksər adamlarda olmayan bir cəhəti yuxarıda
söylədiyim yaramaz xasiyyətinə kölgə salır. O, aldığını da
deyəndir, gizli işi yoxdur, heç kəsin haqqını itirmir.
Yenə də Əlisəmidin Yazıçılar birliyinin «Natəvan» klubunda
keçirdiyimiz yığıncağını xatırlayıram. Yığıncağın axırında
o, çıxışını bitirib bütün məclis iştirakçılarını üst
mərtəbədəki kafedə hazırlanmış banketə dəvət edərək
qulağıma pıçıldayır: «Burdakıların hamısının məclisində
yeyib-içmişəm, ucdantutma hamını qonaqlığa dəvət etməyə
məcburam.» Adətən «Natəvan» klubunda keçirilən görüşdən
sonra səbəbkar özünə yaxın olan beş-altı, on-on beş qələm
dostu ilə yeyib-içməyə gedir. Ancaq bütün iştirakçıların
banketə dəvət edilməsini yalnız ondan görmüşəm. Xırdaçılıq
olsa da, yeri düşmüşkən bir məsələni deyim. Bəzən elələri
tapılır ki, belə banketlərin xətrinə görüşlərə gəlib
görüşü keçirilən adama qabırğa olurlar.
Doxsanıncı illərin sonunda «Natəvan» klubunda ayda iki
dəfə keçirdiyim «Ədəbi klub»un bir görüşünə şair Ağalar
Mirzəni çağırmışdım. Görünür, görüş müəllifin ürəyincə
olmuşdu. Ağalar kimi insanlarla ünsiyyət qurmaqda çətinlik
çəkən, ciddi, qaradinməz adam bu məclisi «yumaq» həvəsinə
düşdü və mənə dedi ki, beş-altı nəfər götürək, gedib
oturaq. Mən bu barədə bir neçə nəfərlə xosunlaşdım və
əlbəttə, marıqda durmuş Əlisəmidə də göz vurub məsələni
anlatdım. O, fikrimi göydə tutdu və yaxınlaşıb yavaşca
soruşdu:
– Hara gedirik?
Mən çiynimi çəkdim və əlavə etdim ki, Xaqani küçəsilə
mərkəzə tərəf gedəcəyik, görək rastımıza hansı kafe çıxır.
Biz beş-altı nəfərlə Xaqani küçəsilə xeyli getdikdən sonra
bir də gördük ki, Əlisəmid arxadan deyinə-deyinə qaçaraq
gəlir. Ondan nə baş verdiyini soruşdum. O, bir az da
coşdu:
– Axmağın biri bayaqdan qəmiş olub ki, Əlisəmid hara
gedirsən? Ona hirslənirəm ki, heç bilirəm hara gedirəm?
Özümü dəstəyə gücnən saldırmışam, sən də qır-saqqız olub
əl çəkmirsən.
Əlisəmid gələndə dörd tərəfdən adamın üstünə gəlir. Onunla
eyni küçədə qarşı-qarşıya addımlayırsansa, mütləq səni
uzaqdan görüb dörd cəhətdən hücuma keçən dörd adama
çevrilib səni dövrəyə alacaq. Əlisəmid sərhəd gömrük
məntəqəsi kimi bir şeydir, rüsum ödəməmiş ondan adlaya
bilməzsən. Başına, bədəninə nisbətdə ayaqları qısa olan bu
adamın (Hafiz Əli onun görkəmini belə ifadə edirdi) öz
ayıqlığından və itiliyindən az bəhrələnməsi həmişə məni
təəccübləndirib. Gendən zirək, diribaş, qıvraq adam təsiri
bağışlayan qəhramanımın qapı-qapı gəzməkdən, dostlarla
yeyib-içməkdən, ona-buna şəbədə qoşmaqdan, ara-sıra şeir
yazmaqdan başqa sanki heç bir məqsədi yoxdur. Elə bil heç
nəyin təəssübünü çəkmir, yaşamaq onun üçün ciddi bir şey
deyil. Altımışına gedən adam müdrikləşməlidir, ancaq heç
nəyi vecinə almır bu. Bir zamanlar «Yol» qəzetini yaxşı
buraxırdı. «Yol» bağlanandan neçə il sonra Əlisəmid bu
qəzetin baş redaktoru kimi fəaliyyətə başlamaq istədi,
ancaq bir-iki nömrəni çıxartmağa gücü çatdı və «Yol»
birdəfəlik qapandı. Daha o, «Yol»la bağlı xatirələrinə
nəsə əlavə etmək iqtidarında deyil. Demə, bircə atımlıq
barıtı varmış elə.
Əlisəmidin rəssamlığı alababat olsa da, çox gözəl
xəttindən danışmağa dəyər, hərfləri muncuq kimi yan-yana
düzür. Onun şeir oxuması, qiraəti həmişə mənə ləzzət
verib. Öz şeirlərini elə məharətlə iliyinə yeridir ki, bir
də görürsən ki, bütün diqqətinlə onu dinləyirsən.
Xasiyyətidir, həmişə təzə şeirini oxuyub qurtarandan sonra
soruşur: «Necədir?» Sən fikrini toplayınca sənin yerinə
özü dillənir: «Yaxşıdır! Yaxşıdır!» Və sən də ovsuna düşüb
onun dediklərini təkrar etməyə məcbur olursan.
Əlisəmid çox maraqlı tipdir, gəldiyi yerə nəfəs (araq və
siqaret qoxulu olsa da) gətirir. Dostu Akif Kərimovun
dediyi kimi: «Əlisəmid məclisi gərginləşdirir». O, bir
məclisdədirsə, mütləq diqqəti cəlb etməli, orada olduğunu
bildirməlidir, yoxsa dinc durmayacaq. Ya ucadan atmaca
atacaq, ya şuluqluq salacaq, ya yerli-yersiz nəyəsə kəskin
etiraz edəcək, ya da nümayişkaranə surətdə qapını çırpıb
məclisi tərk edəcək. Ancaq onun dözülməz bir cəhəti də var
ki, qələti adam içində eləyib üzrü təklikdə istəyəndir.
Məsələn, hansısa iclasda, banketdə kimlərəsə özünü
göstərmək üçün sənin üstünə xoruzlanacaq, sən də abrına
qısılıb onunla ağız-ağıza verməyəcəksən, sonra xəlvətə
salıb boynunu qucaqlayacaq, səni öpə-öpə könlünü alacaq.
Həmin iclasdakılar, yaxud banketdəkilər elə biləcəklər ki,
Əlisəmid sənin arxanı yerə vurdu. Daha bilməyəcəklər ki,
səhnə arxasında nələr baş verir. Şəxsən mənim başıma bir
neçə dəfə belə oyunu gətirib o.
Bu yaxınlarda uzun fasilədən sonra mənə zəng etmişdi,
səbəb «Sənət qəzeti»ndə yanaşı çap olunmağımızdı, bu fakt
məni onun yadına salmışdı. Hal-əhvaldan sonra «Sənin
haqqında bir yazı yazmışam» dedim.
– Nə yazıdır elə? – soruşdu.
– Açmışam sandığı, tökmüşəm pambığı.
– On il ömrüm qalıb, mən öləndən sonra çap elətdirərsən.
– Elə şey yoxdur, bu yazını oxu, sonra kefin istəyəndə
ölərsən.
Danışığının qırımından hiss olunurdu ki, halı tarazdır.
(Badəpərəst, rəhmətlik Məmməd Əkbər həmişə deyərmiş ki,
ayılmaq təhlükəsi var.)
Əlisəmidin şair xəyalı göyün yeddinci qatına qalxmışdı, bu
fani dünya onun vecinə deyildi. Ömrünün son illərində
içkiyə qurşanan, səfil həyat keçirən, düşkünləşmiş və
üzülmüş istedadlı şair Rüfət Zəbioğlu badə yoldaşlarına
deyirmiş:
Mən öləndə qəbrimi butulkavari tikdirin,
Arada durun gəlin, yeyin-için və ……….!
Əlisəmid söyüşçüldür. Əslində o, həmin söyüşləri «Rədd
ol!», «Açıl başımdan!», «Cəhənnəmə ki…» mənalarında
işlədir. İçkidən beyni kütləşəndə, özündən,
dost-tanışlardan, mühitdən baş tapmayanda bundan yaxşı
hansı çıxış yolu ola bilər?!
Sonuncu dəfə keçmiş Torqovı küçəsində Əlisəmidə rast
gələndə o, mənimlə çox soyuq görüşüb forsla dedi:
– Bir nəfərə demisən ki, Əlisəmid zəhləmi töküb, düt
deyincə vurub iş yerimə gəlir, məni abırdan salır.
Mən güzəştə getmədim:
– Səndən bir adama yox, çoxlarına şikayət eləmişəm.
O, təəccübləndi:
– Hə?!
Mən nöqtəni qoydum:
– Hə!!!
Sərt cavabım onu tutmuşdu. O, siqaret yandırıb bir qullab
vurdu, nəsə demək istədi, amma səsinin titrəyəcəyindən
qorxub dillənmədi. Təəssüflə mən «namərd qardaş»ı başdan
ayağa süzüb çıxıb getdi. Məni peşimançılıq bürüdü.
Əlisəmid Kürün bir misrası var:
«Sənin sağlığına içirəm, Allah!»
Ən ucada duran, yaratmaqdan usanmayan, içimizə sevgi
dolduran, günahlarımızı bağışlaya bilən Allahın sağlığına
içən şair heç də haram iş tutmur. Allahın sağlığına yalnız
şairlər içə bilər.
Mən qələm dostlarımın arasında hərdən Əlisəmiddən söz
açanda bəziləri üzünü turşudur, onu az, üzdən
tanıdıqlarına görə söhbətə həvəssiz qoşulurlar. Ancaq elə
ki, söhbəti genişləndirirəm, görürəm, qulaqlar getdikcə
şəklənir, onun haqqında daha çox eşitmək istəyirlər. Nə
qədər dəli-dolu, ipə-sapa yatmayan, haylı-küylü olsa da,
onu yaxından tanıyan adam Əlisəmidə birkərəmlik biganə
qala bilməz. Ən azı hərdən onun şux zarafatlarını,
etiraflarını, qoçu hərəkətlərini xatırlayıb dodağı
qaçmalıdır. Əlqərəz, Əlisəmidin söhbəti uzundur, onu
görsəniz, məndən salam deyin!
2006-cı il, yay
|